“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Hafiz Hacıxalılın şeirləri təqdim edilir.
***
Bu qış da gedəcək, yaz ağacların
Qönçə dodağında dönəcək geri.
Yağışın altında qalacaq hər gün
Bizim sön görüşün xatirə yeri.
Bizim sın görüşün xatirə yeri
Ağlayar, kiriməz yetim uşaqtək.
Deyinər söyüdün salxım telləri,
Bir də o sevənlər haçan gələcək?
Bir də o sevənlər haçan gələcək?
Dünyanı başına götürər bu səs.
O cavan gedənlər qoca gələcək,
Birdən yox olanlar dönəcəkmi bəs?
Birdən yox olanlar nağıla döndü,
Düşdülər dodaqdan-dodağa belə.
Sapanddan atılan daşlar misalı,
İnsan da düşürmüş uzağa belə.
İnsan da düşürmüş uzağa belə,
Yad ola bilirmiş ürək də, can da.
Qovuşdur, İlahi, vaxt varsa hələ
Köhnə sevgiləri təzə ünvanda.
***
Mənim bir dostum var qələm adında,
Sevincim, nisgilim, naləm adında.
Əlimi çörəyə yetirən odur,
Uzağı yaxına gətirən odur.
Mənim ürəyimin əkizi qələm,
Mənim kişi üzüm, ərk üzüm qələm.
Qürurun, mənliyin tək üzü qələm,
Düşməni tanıdıb, dostu sevdirib,
Əlimdə qabardı, alnımda tərdi.
Bilib, ürəyimin dilini bilib,
Susdusa, qayadan, daşdan betərdi.
Çevrəmiz boyunca bu Yer üzünü
Gəzib dolanmadıq sərgərdan, səfil.
Onun mürəkkəbi, mənimsə ömrüm
Bitəcək nə vaxtsa, hardasa qəfil.
Bir şeir, bir nəğmə, lap ikicə söz
Yadigar qalacaq, bəsimdir, bəsim.
Qoşulub güllərə şeir deyəcək,
Özümdən sonra da qələm nəfəsim.
***
Köklənər dəlisov yaz havasına,
Bu qəmli mahnının notu payızdır.
Payızdır ruhumun vətən tərəfi,
Ağacı, yarpağı, otu payızdır.
Yoruldum düşməkdən bərkə-boşa mən,
Bir də çətin çıxam bu yoxuşa mən.
Getmək istəyirəm üzü qışa mən,
Ürəyim deyir ki, otur, payızdır.
Başımı xoş sözlə qatan ömrümün,
Ölümlə göz-gözə yatan ömrümün.
İlləri dördnala çapan ömrümün,
Qamçısı payızdır, atı payızdır.
***
Bizimçün son duracaq,
Uyuduğun məzarlıq.
Sən getdiyin yol isə
Uzun, dibsiz, qaranlıq.
Sən gedəndə anladıq:
Gedənlər geri dönmür.
Ora burdan yaxşıdır?
Gedənin biri dönmür.
Şəkillər buz parçası,
Donuruq bu istidə.
Sən orda darıxırsan,
Biz də yerin üstündə.
Kimi ovudar denən,
Bu qəbir daşı, kimi?
Ana sözü tökülür
Göydən göz yaşı kimi.
***
Salamat qal, Şuşa!
Suyunu, havanı halal elə.
İki gün qoynunda qaldığım yuvanı halal elə.
Daşı güllə yarası almış Şuşam,
30 il xəyala dalmış, xaraba qalmış Şuşam.
Həsrətinə ip keçirib boğazından asan,
Taleyini özü yazan.
Ümidi 30 ildən sonra göyərən
Bu gün də itirdiklərinə göynəyən.
Sevinci bol görməyən,
Kədəri dastan Şuşam.
Özünə yas çadırı qurulan oğullar
Çıxardılar səni yasdan, Şuşam!
***
Günəş şəkli şək, oğlum,
Çünki onun həsrətini çoxları çəkir.
***
Mən ölsəm, bir söz də düşər dilindən,
Mən ölsəm, kimaxı tutar əlindən.
Mən ölsəm, küsərsən aya, günəşə,
Mən ölsəm, düşərsən oda, atəşə.
Mən ölsəm, üç nöqtə, sonunu sən yaz,
Yaz ki, bu qış ölmə, qalsın gələn yaz.
“Ədəbiyyat və incəsənət”
(10.07.2024)