“Ədəbiyyat və incəsənət” portalının daimi müəlliflərindən olan Təranə Dəmir bu gün şeirləriylə sizin görüşünüzə gəlib.
1.
Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,
Bir bulud atıb özünü qızın ayaqları altına
səma evinin ən üst qatından.
Bir küçə yağışa meydan oxuyur,
Bir ləpir küçəyə.
Bir pəncərə udur buludun göz yaşlarını,
Bir xəyal məktub yazır Tanrıya gecənin adından.
Bir pişik siçan deşiyi axtarır ağzındakı ovunu rahat-rahat aşırmaqçun qaranlıqda.
Bir ağac asılır üzüaşağı ayağından.
Bir qoca nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,
Nəfəsi ilişib qalır havada.
Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa,
Bir sevgi üşüyür kirpiklərinin ucunda.
Bir ana köynək toxuyur əsğər oğluna,
Bir hörümçək tor bağlayır baxışlarında.
Bir gecə səhərə tərəf yeriyir ağır-ağır,
Bir səhər dincini alır gecənin dizi üstə.
Bir köpək gecəyə ulayır , küçəyə ulayır , yağışa, küləyə ulayır.
Bir daş fır-fır fırlanır köpəyin səsi üstə.
Bir damcı işıq damır gecənin yanağına,
Bir oğlan üzük şəkli taxır adsız barmağına.
2.
Qadın gəncliyini divardan asmışdı,
Özü isə otaq-otaq dolaşırdı qocalığın başına.
Hər dolandıqca buğda dənəsi boyda ömründən sürüşüb düşürdü ayağının altına.
Arada başını qaldırıb sakit -sakit divardakı qadına , , çıqqaçıqla vaxt üyüdən rəngi tökülmüş saatına gülümsəyirdi.
Sonra sakitcə barmaqlarını üzünün qırışlarına,
İyirmi ildən qalma günəş ləkələrinə sürtürdü,
Dodağının çatına gülümsəyirdi.
Daha sonra boynunun ardına düyünlədiyi ağappaq saçlarını qapqara ,ilməsi qaçmış yaylığı ilə örtürdü.
Nəfəsi kəsilirdi tənhalıqdan,
Boğurdu divarlar bu səssiz, sədasız , yarımçıq qadını ,
Xəyyallar gözünə batırdı.
Qapını açıb sakitcə havaya çıxırdı
və günə verirdi ayaqlarının yelini ,
Pillələr ardınca daş atırdı.
“Ədəbiyyat və incəsənət”
(01.05.2024)