"Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında bu gün sizləri gənc şair Elvin İlqaroğlu ilə görüşdürürük.
Elvin İlqaroğlu - 19 Yanvar 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. Əslən Gədəbəy rayonunun Cəfərli kəndindəndir. Sumqayıt Dövlət Universitetinin Kompüter Mühəndisliyi fakultəsində təhsil alıb. Mağaza meneceri vəzifəsində çalışır. Şeir yazmağa 2008-ci ildən başlayıb. “Sən qəribə adamsan” şeir kitabının müəllifidir.
MƏN MƏZUM OLDUĞUM İL...
Bu gün günorta vaxtı
Nahar qaldı yarımçıq.
Süfrəyə duz dağıldı.
Nənəmsə yan otaqda
Balaca qardaşıma
Bir nağıl danışırdı.
Çox qəribə nağıldı.
Bu nağılın sonunda
Göydən alma da düşdü,
Düşən almaları da
Ölən adamlar yedi.
Ağlayan adamları,
Gülən adamlar yedi.
Nənəm nağıl danışır,
Bu dünyadan bixəbər
Qardaşımsa yatırdı.
Anam duza qənd atıb
Başımızı qatırdı.
Mən heçnə baş açmadım
Nənəmin nağılından,
Nənəminsə nələrsə
Çıxmırdı ağılından.
Gözü qalıb qapıda
Yol çəkir ay batana.
Dedi bala, ürəyim
Bərk çırpınır atana.
Qəfil döyülən qapı
Səksəndirdi nənəmi.
Xəbəri eşidəndə
Fəryad etdi ucadan:
"Aldılar birdənəmi"
Xəbər gələndən sonra,
Atam əkən üzümün
Tağı pıçıldayırdı.
Anamsa hey ağlayır,
Nənəm dodaq altından
Ağı pıçıldayırdı.
Evdəki hay haraya
Yan otaqda qardaşım
Səssizcə şahid oldu.
Mən məzun olduğum il,
Atam da şəhid oldu.
QAN LƏKƏSİ
Dünya itiribdir məsumluğunu,
Dünyanın əlində qan ləkəsi var.
Anlaya bilmirəm susqunluğunu,
Dünyanın əlində qan ləkəsi var.
Nədir dünyadakı xəbislik belə?
Nədir insandakı xəsislik belə?
Aparmaz ən dərin təmizlik belə,
Dünyanın əlində qan ləkəsi var.
Qıyıldı nə qədər günahsız cana,
Az qalır ürəyim od tutub yana.
Boyanıb təpədən dırnağa qana,
Dünyanın əlində qan ləkəsi var.
Hamı seyr elədi böyük maraqla,
Bir dön keçmişini açıb, varaqla.
Ağla, insanlığa biraz da ağla,
Dünyanın əlində qan ləkəsi var.
İnsanı insana yad eylədilər,
Xoşbəxtlik görəndə dad eylədilər.
Zalımın könlünü şad eylədilər,
Dünyanın əlində qan ləkəsi var.
YERİNDƏDİR
Həsrətlə baxdığım o uca dağlar,
Sinəmə çəkilən dağ yerindədir.
Bir yuxu görmüşəm bu gecə Allah,
Ölənlər yuxuda sağ, yerindədir.
Dünya bir beşikdir, mən isə çağa,
Yelləyib, yelləyib atır qırağa.
Qarışıb ömrümün qarası ağa,
Hələ ki, qaralar ağ yerindədir.
Həyat bu dünyaya olan bağdırsa,
O bağ gün gələndə qopacağdısa.
Əgər sevdiklərin hələ sağdırsa,
Şükr elə qopmayıb bağ, yerindədir
Gah dolub, boşalır bulud qatarı,
Kim verib, kim alır bu ixtiyarı?
Ruhum dolaşsa da özgə diyarı,
Cismimin üstünə yağ, yerindədir.
Qalmasın, dağıdın qaranlıqları,
Axı kim yaradıb viranlıqları?
Görəydim dünyanın bataqlıqları,
Bir güllü, çiçəkli bağ yerindədir.
ÇƏKİR
Çəkir ayağımdan dərdlər geriyə,
Daha eyləmirəm axı tab, çəkir.
Kimisi günaha əyib boynunu,
Kimi hər zikrdə bir savab çəkir.
Kimsəsiz küçədə balaca uşaq,
Acından qıvrılır sızıldayaraq.
Əlində karandaş, əzilmiş varaq,
Üstünə yeməklə dolu qab çəkir.
Pak həyat saxlayıb hədər, içində,
İstədim toxunum kədər içində,
Oyandım yuxudan qan tər içində,
Dedim Allah bilir nə hesab çəkir.
Qismət iki cürdür, xeyir, yada şər,
Seçir ikisindən birini bəşər.
Hərənin payına bir qismət düşər,
Ya xoş gün yaşayır, ya əzab çəkir.
“Ədəbiyyat və incəsənət”
(27.11.2026)


