“Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında sizlərə iki gün ardıcıl Adiə Nəzərin yeni şeirlərini təqdim edirik.
SƏNİ XƏYAL EDƏNDƏ...
Səni xəyal edəndə
ulduzlar küsdü məndən,
gecəmi hüzün aldı,
günümü bulud örtdü,
ümidlərim hər dəfə
məğlub oldu, - alışdım.
Qəlbimi açmamağın
bədəlini ödədim.
Bilirəm bu həsrətin
Kökü qədimdən qədim...
Durğun-durğun baxıram,
çarəsizəm, əzizim,
Məni dərin sularda
boğan doğma dənizim..
Ölüm də müqəddəsdir,
Ayrılıq da şərəfli...
Zəncirləmə xətalar
olmayır tək tərəfli...
ƏYRİ ZAMAN İÇİNDƏN DÜZ ÇIXMAQ ÇƏTİN İŞDİR
Əyri zaman içindən düz çıxmaq çətin işdir,
Hamı axına gedir, sahil uzaq görünür,
Doğru qalmaq bu çağda öz-özünlə savaşdır,
Dünən günah sayılan bu gün adiyə dönür.
Haqqın səsi boğulur alqışların içində,
Sözün çəkisi qalmır, susmaqsa ağırlaşır.
Dalğa dalğanı basır, izlər eyni biçimdə,
Vicdanlı, vicdansız kim? – adam özü də çaşır.
Əyri zaman içindən düz çıxmaq çətin işdir,
Qaranlıq yol işığı yorar, kölgə aldadar.
Amma bir düz addım var min əyri utandırar,
Zamanı yox, insanı xilas edən də Odur.
HANI
Bu dünya ötəridir, ötən,
Yolda dayananı hanı?!
Yolçunu yoldan eyləyən,
O atlının kanı hanı?!
Birinə yol, birinə sədd,
Birinə tac, birinə dərd.
Kimə yurd, kimə dərbədər,
Əbədi bir xanı hanı?!
Kim səni tutdu əlində?
Kim qalxıb qaldı belində?
Neçə ad batdı dilində?
Uduzan, udanı hanı?!
Sonda hamı eyni yerdə,
Əməl var: xeyirdə, şərdə,
Dolanıb gələrəm bir də,
Cənnət yolu hanı, hanı?
ƏKS-SƏS
Gedirsənsə pəncərəni açıq qoy,
Divarlara hopan səsin qalmasın.
Yandır şəkilləri, xatirəni sil,
Evimdə heç nəfəsin də qalmasın.
Qır körpünü, yollarını dağıt get,
Ardınca gəlməyə izim olmasın.
Nəyin varsa, nəyin yoxsa yığıb get,
Tutunacaq bir yer – üzüm olmasın.
Susum səndən sonra, lal olsun dilim,
Payızım uzanıb qışa calansın.
Üşüsün ürəyim, titrəsin əlim,
Sevgi də bu dünya kimi yalansa...
Nə vaxtsa qayıdıb gəlsən bu yana,
Soruşma ki, harda idim, hardayam?!
Sən gedəndən bəri bu dar dünyada
Çovğundayam, borandayam, qardayam.
***
Mənə bircə ovuc dua da yetər,
Ad-sanı, şöhrəti sizə verirəm.
Bir loxma halalca çörək bəsimdir,
Süfrəni, neməti sizə verirəm.
Mən taxt istəmədim, tac ummadım ki,
Həsrətin çəkmədim heç yüksək adın.
Bir səmimi ürək yetər də, artar,
İzdihama olmaz heç etimadım.
Nəfsimin oduna köz atmaram mən.
Qəlbimdə kinim yox – yük istəmirəm,
İtirəcəyəmcə könül mülkümü,
Dünyada mal-dövlət, mülk istəmirəm.
Ya bu gün, ya sabah torpaq qucaqlar,
Segili yolunda buz əridirəm.
Alın bu dünyanı, başıza çalın,
“Razıyam” sözünə can çürüdürəm.
İSTƏDİM
Nə para-pul, şan-şöhrət, saray tutdu gözümü,
Nə afərin, nə əhsən, nə də alqış istədim.
Bir səssiz gecə istədim, bir gecə rahat yuxu,
Ulduzlu göy üzü, bir də ömrümə naxış istədim.
Susdu şəhərin küyü, sönüb getdi gur işıq,
Gecənin sükutunda qəlbim mənlə barışıq.
Qurumuş dodağıma, yanmış ruhuma məlhəm,
Göylərdən bağrıma bir damla yağış istədim.
Yalançı təbəssümlər yordu məni hər yanda,
Qəlbim tənha qalmışdı qələbəlik cahanda.
Ağır günüm gələndə arxamda dağ dayansa,
Yaxınımda sınanmış bir dost-tanış istədim.
Boş-boşuna ötüşən günə heyifsiləndim,
Hər yaşanmış anımla böyüdüm, müdrikləşdim.
Nə saxta gənclik eşqi, nə də bəzəkli çöhrə,
Alnımda taleyimdən xoş iz – qırış istədim.
“Ədəbiyyat və incəsənət”
(25.11.2026)


