Günün ədəbiyyat adı - Lope de Veqa Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Orta əsrlər Avropa ədəbiyyatına möhürünü vurmuş yazarlardan biri barədə söz açmaq istəyirəm. Bu gün onun doğum günüdür, 664 illiyidir.

 

Lope de Veqa (tam adı: Lope Félix de Vega Carpio) — İspaniyanın məşhur dramaturqu, şairi və yazıçısıdır. O, İspaniyanın Qızıl əsri adlanan ədəbiyyat və incəsənət dövrünün ən görkəmli nümayəndələrindən biri hesab olunur. Lope de Veqa dünya dramaturgiyasının inkişafında mühüm rol oynayıb. Xüsusilə teatr əsərləri ilə tanınıb və İspan komediyasının əsasını qoyan sənətkarlardan biri kimi qəbul edilir.

Lope de Veqa 25 noyabr 1562-ci ildə Madrid şəhərində anadan olub. O, uşaqlıqdan ədəbiyyata və şeirə böyük maraq göstərib. Hələ gənc yaşlarında şeirlər yazmağa başlayıb və istedadı ilə diqqət çəkib. Onun həyatı çox zəngin və hadisəli olub. Lope de Veqa müxtəlif dövrlərdə hərbi xidmət keçib, şəxsi münasibətlərində çətinliklər yaşayıb və dini fəaliyyətlə də məşğul olub.

1614-cü ildə katolik ruhanisi olub, lakin ədəbi yaradıcılığını davam etdirib. Lope de Veqa 27 avqust 1635-ci ildə Madriddə vəfat edib. Ölümü İspaniyada böyük kədər doğurub. Onun dəfn mərasiminə çoxsaylı insanlar qatılıb. Lope de Veqa son dərəcə məhsuldar yazıçı olub. O, dramaturgiya, poeziya, roman və nəsr sahələrində əsərlər yaradıb.

Müxtəlif mənbələrdə onun 1500-dən çox pyes yazdığı bildirilir. Lakin bu əsərlərin hamısı dövrümüzə gəlib çatmayıb və bəzilərinin müəllifliyi mübahisəlidir. Onun əsərlərində əsasən sevgi, qısqanclıq, şərəf, ədalət, insan ləyaqəti, sosial münasibətlər və hakimiyyət mövzuları əks olunur.

 

Ən məşhur əsərləri

- Fuenteovejuna - Fuentəovehuna

- El perro del hortelano - Bağbanın iti

- El caballero de Olmedo - Olmedo cəngavəri

- Peribáñez y el comendador de Ocaña - Peribanes və Okanya komendatoru

- El castigo sin venganza -  İntiqamsız cəza

- La dama boba - Sadəlövh xanım

- El mejor alcalde, el rey - Ən yaxşı hakim — kral

- La discreta enamorada - Ağıllı aşiq qız

- La Dorotea - Dorotea

- La Arcadia - Arkadiya

 

Bu əsərlər Lope de Veqanın dramaturq kimi şöhrətini möhkəmləndirib. «Fuenteovejuna» onun ən tanınmış dram əsərlərindən biridir. Əsər ədalətsizliyə qarşı mübarizə aparan kənd sakinlərindən bəhs edir. Hadisələrdə kəndin komendatoru əhaliyə zülm edir, insanların hüquqlarını tapdalayır. Kənd sakinləri isə birləşərək zülmə qarşı çıxırlar. Əsərin əsas ideyası birlik, xalqın gücü və ədalətin qorunmasıdır.

Pyesdə məşhurlaşmış «Fuenteovejuna bunu etdi» ifadəsi kollektiv məsuliyyət və həmrəyliyi simvolizə edir. Bu əsər Lope de Veqanın sosial ədalətə və xalqın hüquqlarına münasibətini aydın göstərir. Lope de Veqa 1609-cu ildə «Arte nuevo de hacer comedias en este tiempo» adlı nəzəri əsərini nəşr etdirib. Azərbaycan dilində adı təxminən «Bu dövrdə komediyalar yazmağın yeni sənəti» kimi tərcümə olunur.

Bu əsərində o, teatrın tamaşaçıların zövqünə uyğun olmasının vacibliyini müdafiə edib. Ənənəvi dramaturgiya qaydalarından fərqli olaraq, komediya və faciə elementlərini bir əsərdə birləşdirməyə üstünlük verib. Onun inkişaf etdirdiyi üçpərdəli dramaturji quruluş İspan teatrının əsas xüsusiyyətlərindən birinə çevrilib.

Lope de Veqa İspan ədəbiyyatının Qızıl əsrinin ən mühüm simalarından biridir. O, Migel de Servantes, Pedro Kalderon de la Barka və Tirso de Molina kimi böyük ispan ədibləri ilə eyni ədəbi dövrün nümayəndəsidir. Müasirləri ona «Fénix de los ingenios» — «İstedadların simurqu» və «Monstruo de naturaleza» — «Təbiətin möcüzəsi» kimi ləqəblər veriblər. Bu adlar onun qeyri-adi yaradıcılıq məhsuldarlığını ifadə edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.