“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.
Könül HACIYEVA
filologiya elmləri doktoru, dosent
XAQANİ QƏSİDƏLƏRİNİN POETİK TƏRCÜMƏSİ ZAMANI YOL VERİLƏN TƏHRİFLƏR HAQQINDA
XII-XIII yüzilliklərə təsadüf edən, Şərq intibahı adlandırdığımız ədəbi inkişaf dövrü Azərbaycana dünya şöhrətli sənətkarlar bəxş etmişdir. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Fələki Şirvani, Əbülüla Gəncəvi kimi istedadlı söz ustadlarımız məhz bu dövrdə yazıb-yaratmışlar. Həmin dövrdə fars dili ədəbi yaradıcılıq dili, Azərbaycan şairlərinin poetik ustalığının ifadə vasitəsi olmuşdur. Türk düşüncə tərzinin, türk təfəkkürünün yaradıcılığına hakim olduğu bu sənətkarlarımız fars dilindən daha geniş auditoriya qazanmaq, böyük şeirsevər oxucu ordusu toplamaq üçün istifadə etmiş, yüzilliklər boyu poeziya dilinə çevrilmiş farscanı öz qüdrətli qələmləri ilə daha yüksək şeiriyyət zirvəsinə qaldırmışlar. Xaqani Şirvani də zəngin ədəbi irsi ilə söz sənətinin zirvəsini fəth edən belə şairlərdəndir. Geniş oxucu kütləsi Xaqani irsi ilə Məmmədağa Sultanov, Əkrəm Cəfər, Xəlil Yusifli, Mübariz Əlizadə, Mirvarid Dilbazi, İsmayıl Soltan, Əliağa Vahid, Balaş Azəroğlu, Ələkbər Ziyatay kimi ədiblərin ərsəyə gətirdiyi poetik tərcümələr əsasında tanış olmuşdur. Ciddi və məsuliyyətli şəkildə yerinə yetirilmiş dəqiq filoloji tərcümə isə vaxtilə edilmiş poetik tərcümələrdə yol verilən bəzi təhriflərin üzə çıxmasına imkan verir. Həyata keçirdiyimiz filoloji tərcümə prosesində gördüyümüz kimi, klassik fars dilində işlənən bir çox sözlər çoxmənalı səciyyə daşıyır, yəni əksər hallarda günümüzdə bilinən anlamı yox, tamam başqa məna bildirir və onları düzgün anlayıb dilimizə çevirmək üçün açıqlamasını izahlı lüğətlərdə axtarmaq lazım gəlir. Xüsusilə də, Xaqani olduqca mürəkkəb, anlaşılması heç də asan olmayan, oxucunu düşünüb analiz etməyə, araşdırmağa sövq edən bir üslubda yazmışdır. Biz əsərlərini oxuduqca onun fars dilinə, fars şeirinə yeni, orijinal ifadələr gətirdiyini də görürük. Göstərilən anlaşılma və şərh problemlərinin nəticəsidir ki, Azərbaycan dilində nəşr olunmuş Xaqani əsərlərində, yəni poetik tərcümələrdə yanlış yozumlara rast gəlinir. Şairin bir adı da “Quşların söhbəti” olan, baharın təsvirinə həsr edilmiş qəsidəsindəki beytdə بیدق (beydəğ) sözü “bayraq” kimi tərcümə olunub. Beyt orijinalda belədir:
هر سوئی از جوی جوی رقعهٔ شطرنج بود
بیدق زرین نمود غنچه ز روی تراب
[3, s.43]
Beytin tərcüməsi bu cürdür:
“Arxların açdığı xətlərdən hər tərəf şahmat lövhəsinə döndü,
Şeh damcıları üzündən qönçə şahmatın qızılı piyadasını xatırlatdı”.
Poetik tərcümədə isə beyt bu şəkildə verilib:
“ Tala-tala su doldu arxlardan çəmənlərə,
Mərcan rəngli bayrağın qönçə vurdu hər yerə”.[2, s.160]
Gördüyümüz kimi, bədii tərcümədən fərqli olaraq, orijinalda verilən təbiət tərənnümü oxucunun gözləri qarşısında tamam başqa bir lövhə canlandırır. Məsələ burasındadır ki, fars dilinin izahlı lüğətlərində türk mənşəli “beydəğ” sözünün bir neçə mənası göstərilib və onlardan biri “bayraq”, digəri şahmat fiquru olan “piyada”dır. Beytdə şahmat taxtasına bənzərlikdən söhbət getdiyi üçün burada “bayrağa” yer qalmır. Şairin “Əbülmüzəffər Cəlaləddin Şirvanşah Axsitan ibn Mənuçehrin mədhi və Rusiya fəthinə təbrik” başlıqlı qəsidəsində “sübhün qoşunu” anlamında işlənən موکب صبح (moukebe-sobh) ifadəsi poetik tərcümədə yanlışlıqla “səhər süfrəsi” olaraq verilmişdir. Misala nəzər salaq:
هنگام صبوح موکب صبح
هنگامه دریده اختران را
[3, s.33]
“Səhər tezdən sübhün qoşunu (günəş)
Ulduzları darmadağın etdi”.
Poetik tərcümədə oxuyuruq:
“Səhər süfrəsinə sübh oturanda,
Ulduzlar didərgin düşdü bir anda”. [2, s.200]
Halbuki Xaqani heç bir süfrədən bəhs etmir, “sübhün süvari qoşunu” ifadəsini işlətməklə günəşi nəzərdə tutur, bu qoşunun ulduzları pərən-pərən saldığını deyərək səhərin açılması lövhəsini bu cür obrazlı bir şəkildə gözlərimiz önünə gətirir. Bilindiyi üzrə, Xaqani Şirvaninin qəsidələri farsdilli ədəbiyyat araşdırıcılarının daim diqqət mərkəzində olmuşdur. İranlı alimlərdən bir çoxunun, xüsusilə də, Seyid Ziyaəddin Səccadi və Mircəlaləddin Kəzzazinin şərh və izahları (mübahisəli olsa belə) Xaqani poeziyasının düzgün dərk edilib təhlil olunması yolunda əhəmiyyətli işlərdir. Təsadüfi deyil ki, şairin Azərbaycan dilinə poetik tərcümə edilərək nəşr olunmuş şeirlərinin çoxu qəsidələrdir. Həmin qəsidələrdən birində yanlış oxunub, yanlış tərcümə edilmiş bir söz də vardır ki, ciddi təhrifə yol açmışdır. Təəssüf hissi doğuran daha bir cəhət həmin təhrifin “dillər əzbəri”nə çevrilməsidir. Söhbət şairin “köhnə paltar alıb-satan, yamaqçı” mənasında işlətdiyi خُلقانی “xolqani” sözündən gedir. Xaqani şikayət məzmunlu qəsidələrinin birində özündən, mövqeyindən, həyata, dünyaya baxışından, bir çox məsələlərə münasibətindən bəhs edir və özünü “xolqani” – “yamaqçı” adlandırır. Beyt orijinalda belədir:
نیستم خاقانی آن خلقانیم کان مرد گفت
و این چنین به چون به جمع ژنده پوشان اندرم
[3, s.255]
Beyt bizim filoloji tərcüməmizdə bu şəkildədir:
“Mən “xaqani” deyiləm, o kişinin dediyi kimi, həmin o köhnə paltar alıb-satan yamaqçıyam,
Belə yaxşıdır, çünki yırtıq-yamaqlı geyinənlər zümrəsinə aidəm”.
Onu da qeyd edək ki, bu qəsidə bütövlükdə Xaqaninin şəxsiyyətini xarakterizə edən bir əsər olub şairin özünə tənqidi münasibətinin, özü ilə bağlı analitik düşüncələrinin bir məcmusudur. Təəssüflə qeyd etməliyik ki, buradakı “xolqani” sözü yanlış oxunmuş, şairin bu beyti də nəşrlərdə səhv tərcümələrlə verilmişdir. Həmin yanlışlara nəzər yetirək:
“İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani”. [1, s.143]
Bu, ən çox yayılmış təhrifdir. Başqa bir tərcümədə isə misralar aşağıdakı kimi verilib:
“Mən adımla heç zaman fəxr etmədim; Xaqaniyəm,
Ac və çılpaqlar səfində var yerim, xəlqaniyəm!” [2, s.277]
Bu poetik tərcümələrdəki təhrif خُلقانی “xolqani” sözünün “xəlqani” kimi oxunmasından başlayır. Belə ki, istər fars dilində, istərsə də Azərbaycan dilində “xəlqani” deyə bir söz yoxdur. Fars dilinin izahlı lüğətlərində, məsələn Əli Əkbər Dehxodanın məşhur lüğətində bu söz “köhnə əşya alıb-satan”, “nimdaş geyinən” mənaları ilə izah edilir. Sözün kökü خُلقان- “xolqan” isə farscadan tərcümədə “köhnə” deməkdir. Fars dilindəki “xolqan” və “xolqani” sözlərini bir çox şair şeirlərində işlətmişdir. Xaqaninin özünün bir neçə şeirində, o cümlədən Şirvanşah Axsitana yazdığı bir mədhiyyədə də “xolqan” sözünə yer verdiyini görürük.Nizami Gəncəvinin “İskəndərnamə” poemasının “Xerədnamə” adlı hissəsinin başlanğıcındakı beytdə də “xolqan” sözü işlənmişdir:
از آن پس کهخلقاناو تازه کرد
به خلقش کرم بیش از اندازه کرد
[4, s.971]
“Daha sonra onun köhnə əyin-başını yenilədi və
Adamlarına artıqlaması ilə lütf və kərəm göstərdi”.
Qeyd etməliyik ki, Sənai, Ənvəri kimi fars şairlərinin yaradıcılığına nəzər saldıqda “xolqan” və “xolqani” sözlərinin yetərincə sıx işləndiyini görürük, bu da həmin ifadələrin fars dilində yazan orta əsr şairlərinə yaxşı məlum olduğu deməkdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, biz farsca yazan şairlərimizi təfəkkür baxımından türk-Azərbaycan kontekstindən dəyərləndirsək də dil, üslub və söz dağarcığı baxımından onlara fars ədəbiyyatı kontekstindən yanaşmalıyıq. Xaqani və Nizami kimi farsdilli şairlər özlərindən sonra bir çox qələm sahibinə təsir göstərdikləri kimi, özləri də əvvəlki əsrlərdə yaşayıb-yaratmış şairlərdən təsirlənmişlər və bu ədiblər əsasən Sənai və Firdovsi idi. Məhz haqqında bəhs olunan beytin düzgün şərhi da bizi Sənai yaradıcılığına yönəldir. Sənai özünün “Hədiqətül-həqiqə” əsərinin bir neçə yerində “xolqan” sözünü işlətmişdir. Məsələn:
مرد را در لباس خلقان جوی
گنج در جایهای ویران جوی
[5, s.45]
“İnsanı köhnə paltar içində,
Xəzinəni isə xərabələr içində axtar”.
Xaqaninin “xolqani” sözünü işlətdiyi məlum beytdə isə “an mərd”, yəni “o kişi” deyərək işarə etdiyi şəxsin də onun sənətini sevib, təsirləndiyi Sənai Qəznəvi olduğu aydınlaşır. Belə ki, Sənainin dövrün məddah şairlərini “xolqani”, yəni “köhnə paltar yamayan”, “yamaqçı” adlandırdığı misraları vardır. Onu da qeyd etməliyik ki, İran alimləri Əli Məhəmməd Səccadinin və Məhəmmədrza Türkinin bu beytlə bağlı ayrı-ayrılıqda yazılmış eyniadlı “Xaqani və Xolqani” məqalələri məsələyə aydınlıq gətirilməsi baxımından əhəmiyyətlidir. Məhəmmədrza Türki Sənai Qəznəvinin bu sözə öz tənqidi şeirində yer verdiyini əsas gətirmiş, Xaqaninin də “xolqani” ifadəsini özünüifşa məqamında işlədərək, Sənaiyə işarə etdiyini vurğulamışdır. Sənai yazır:
چون ستودی بسی عدولان را
سخنی گوی بُلفضولان را …
شعر برده به گازُر و جولاه
خواسته زو بهای کفش و کلاه
همچو خُلقانیان کهنپیرای
کرده یک شعر را دو گرده بهای…
[6, s.7]
“Hökm və ədalət sahiblərini artıq yetərincə mədh eləmisən,
Boşboğazlar barəsində də bir söz de (tənqid et)...
Elələri paltaryuyanın, toxucunun (şeir qədrini bilməyənlərin) yanına şeir aparıb,
Onlardan papaq və ayaqqabı pulu istəyənlərdir.
Köhnə paltar yamayan yamaqçılar kimi
Onların bir şeirinin qiyməti ikicə çörək edir”.
Sənai keçmiş şairlərin tərzini təkrarlayaraq heç bir yenilik etməyən dövr şairlərini köhnə paltarları təmir edən yamaqçıya bənzədir. Xaqani məlum beytində məhz bu şeirə istinad edərək özünü də Sənainin tənqidinə tuş gələn həmin şairlərin cərgəsində gördüyünü deyir. Məlum olduğu kimi, Xaqani ictimai, fəlsəfi, lirik məzmunlu əsərlərlə yanaşı, həm də saysız-hesabsız mədhiyyə müəllifi idi və özünün bu səpkidəki fəaliyyətinə tənqidi münasibət bəsləyə biləcək zəkaya, mədəniyyətə, səmimiyyətə, ayıq-sayıq mövqeyə malik bir ədəbi sima, zaman-zaman özünə qarşı çıxan ziddiyyətli şəxsiyyət idi. “Mən “Xaqani” deyiləm, o kişinin dediyi kimi, həmin o köhnə paltar alıb-satan yamaqçıyam, Belə yaxşıdır, çünki yırtıq-yamaqlı geyinənlər zümrəsinə aidəm” deməsi də Xaqaninin bir böyük sənətkar qarşısındakı təvazökarcasına etirafının göstəricisi idi. Sənai Qəznəvi Xaqaninin ən sevdiyi, ən çox hörmət bəslədiyi şair idi. Şeir sənətində boy göstərən heç bir şair Xaqani tərəfindən bu qədər rəğbətlə anılmadığı halda, Sənai Qəznəvi zirvəyə qaldırılır, alqışlanır və ən əsası, Xaqani yalnız onun qarşısında özünü tənqid etmə cəsarətini tapır, səmimi etiraflarını dilə gətirirdi.
Etdiyimiz filoloji tərcümə və tədqiqlərlə Xaqani irsinin məzmun və forma cəhətdən olduqca zəngin olduğu bir daha öz təsdiqini tapır.
Ədəbiyyat siyahısı:
1. İnqilab Nadirli. Ömrün payız akkordları... Bakı, “Zərdabi LTD” MMC, 2015
2. Şirvani Xaqani. Seçilmiş əsərləri. Bakı, “Lider” nəşriyyatı, 2004
3. دیوان خاقانی شروانی (بتصحیح وتحشیه وتعلیقاتعلی عبدالرسولی). 1389 تهرانناشرسنایی
4. کلیات خمسه حکیم نظای گنجوی.1381 تهران چاپخانه آینده
5. https://ganjoor.net/rhedayat/riazolarefin/rowze2/sh45
6. https://ganjoor.net/sanaee/hadighe/hdgh09/sh7
“Ədəbiyyat və incəsənət”
(23.11.2026)


