“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.
Lalə ƏLİZADƏ
filologiya üzrə fəlsəfə doktoru, dosent
XAQANİ ŞİRVANİ LİRİKASININ BƏDİİ SİQLƏTİ
Söz ustadının qüdrəti ilk növbədə onun əsərlərində işlənmiş bədii ifadənin nə dərəcədə uğurlu olması, sənətkarın sözə olan tələbkarlığı, ona necə hakim kəsilməsi ilə ölçülür. Söz xiridarlarının qiymətləndirə biləcəyi uğurlu bədii ifadəni seçmək, onu cilalayaraq nəzmin tələblərinə cavab verəcək səviyyəyə çatdırmaq müəllifin erudisiyasının göstəricisidir. Məlumdur ki, sözsüz ədəbiyyat olmur, hər bir söz də sənət materialı kimi qəbul edilə bilməz. Əsl bədii söz ədəbiyyat aləminə yol taparaq “yaşamaq hüququ” əldə edir, onu ziynətləndirir, poeziya kəhkəşanında ona qanad çala biləcək bir ruh bəxş edir, uğurlu olarsa, qəlblərə yol taparaq orada məskən salır, oxucusunda düşünmək qüdrətini artırır, onu sənətkarın o ifadələri yazdığı anda keçirdiyi duyğuları bir daha yaşamağa sövq edir. Şeirdəki bədii ifadələrin müvəffəqiyyətli olması onun təkcə şairin hiss və həyəcanlarının məhsulu kimi qalmasına gətirib çıxarmır, oxucu da onu oxuyarkən, dinləyərkən həmin hissləri keçirir, uzun müddət sənətkarın yaratdığı sehrin – sözün təsiri altında olur. Əbəs deyildir ki, “Qurani-Kərim”də də əsl söz yaradan sənətkarları nəzərdə tutaraq “peyğəmbərlərdən sonra şairlər gəlir” ifadəsi özünə yer almışdır.
XII əsr Azərbaycan ədəbi məktəbi nümayəndələrinin yaradıcılığında bədii təsvir vasitələrinin biçimli şəkildə, ləfzi və mənəvi fiqurların vəhdəti ilə işlədilməsi həmin dövr sənətkarlarının əruz, qafiyə, bəlağətdən ibarət poetikanın üç sahəsinə dərindən yiyələnmələrinin sayəsində mümkün olmuşdu. Şübhəsiz ki, bu ədəbi məktəbin yaradıcılarından biri də dahi şair Xaqani Şirvani olmuşdur. Yüksək erudisiyası ilə seçilən, öncəki ədəbiyyata biganə olmayaraq ondan ənənəvi şəkildə bütün müsbət keyfiyyətləri əxz edən, Azərbaycan ədəbi məktəbinin görkəmli nümayəndəsi Xaqani Şirvani özündən sonra da mənimsənilə biləcək çox önəmli keyfiyyətlər qoymuşdur ki, əsrlərlə dünya səviyyəsində tanınan sənətkarlar onun məktəbinin davamçısı olmaları ilə fəxr etmiş və dahi şairin öz sənətlərində oynadığı rolu böyük iftixarla qeyd etmişlər. Xaqani yaradıcılığının poetik xüsusiyyətlərinin dəyərləndirilməsi ayrıca bir tədqiqatın mövzusudur. Müxtəlif dövrlərdə şairin şeirlərinin bədii özəllikləri araşdırıcıların tədqiqat obyekti olmuşdur. Lakin onun poetikasının bütövlükdə tədqiqinə ehtiyac vardır. Xaqani yaradıcılığına nəzər saldıqda, onun adi şair olmadığı bir daha təsdiqlənir, yaratdığı mənaların çətinliyi obrazlar aləminin mürəkkəbliyindən doğur. Bu məqalədə dahi sənətkarın lirik irsində əks olunmuş təşbeh, istiarə, kinayə, təlmih, ləffü-nəşr, təzad, cinaslara nəzər yetirilir, onların orijinallığı haqqında söhbət açılır.
Xaqani divanında maraqlı təşbehlər silsiləsi ilə rastlaşırıq. Aşağıda şairin yaradıcılığından bir neçə təşbehi nəzərdən keçirək:
خوش خوش خرامان می روی ای خوشتر از جان! تا کجا؟
شمعی و پنهان می روی پروانه جویان تا کجا؟ ...
بر دل چو آتش می روی تیز آمدی کش می روی
در جوی جان خوش می روی ای آب حیوان تا کجا؟...
دزدان شبرو در طلب از شمع ترسند ای عجب!
تو شمع پیکرنیمشب دل دزد از این سان تا کجا
[1,768]
(Nazlanaraq xoş – xoş gedirsən, ey candan xoş olan, hara qədər?
Şamsan, gizlincə pərvanələrini axtararaq gedirsən, hara qədər?
Alovlu ürəklə gedirsən, iti (yerişlə) gəldin, gözəl gedirsən,
Can arxı ilə gözəl axırsan, ey dirilik suyu, hara qədər?!
Gecə oğruları axtarış zamanı şamdan qorxurlar, nə əcəb,
Sən şam vücudunla gecəyarısı beləcə ürək oğurlayırsan, hara qədər?!)
Qəzəldə təşbehin sadə və mürəkkəb növləri həmahəng şəkildə işlənmişdir. Mürəkkəbliyi şərtləndirən təşbehin eyhamla sintezindən doğmuşdur. Qəzəldə iki qütb – sevgili və aşiq obrazı vardır. Onların arasındakı təşbehlər təzadın vasitəsilə daha da dolğunlaşır. Birinci beytdə sevgili şama bənzədilirsə, aşiq pərvanəyə qiyas edilir. İkinci beytdə məşuqə dirilik suyuna təşbeh edilir və s.
Başqa bir misal:
آن خال جوسنگش ببین وآن روی گندمگون نگر
در خاک راه او مرا جو جو دلی پرخون نگر
هست از پری رخساره ای در نسل آدم شورشی
شور بنی آدم همه ز آن روی گندمگون نگر
باغی است طاووسی رخش ماری است افسونگر در او
شهری چو من بنهاده سر بر خطّ آن افسون نگر
او آتش و جان و دلم پروانه و خاکسترش
خاکستری در دامنش پروانه پیرامون نگر
[1, 914[
(Onun arpa boyda xalını gör, buğdayı üzünə bax!
Onun yolunun torpağında mənim qanla dolu tikə-tikə olmuş ürəyimə bax!
O pəriüzlüdən ötrü Adəm nəslində həyəcan vardır,
Adəm nəslinin bütün həyəcanı o buğdayı üzlüyə görədir.
Üzü tovuz bağıdır, orada füsünkar ilan vardır,
Mənim kimi bütün şəhər əhlinin başını o sehrə dikməyinə bax!
O oddur, mənim canım və qəlbim pərvanəsi və külüdür,
Ətəyindəki külə, dövrəsindəki pərvanəyə bax!)
Burada Xaqani təşbehləri ima, eyhamla daha da təsirli etmişdir. Birinci beytdəki “cousəng” ifadəsi əslində xırda, arpa böyüklüyündə olan çəki daşı mənasını ifadə etməsinə baxmayaraq, məşuqənin xalı ona bənzədilir. Təşbeh ənənəvi deyildir, orijinaldır. Həmin beytin ikinci misrasında “cou” sözü yanaşı olaraq iki dəfə işlənmişdir. Bu zaman aşiqin qəlbinin arpa boyda tikələrə parçalanaraq qanla bürünməsi önə çəkilir. İkinci beytdə sevgilinin üzü pəriyə qiyas edilir. Üçüncü beytdə isə onun üzü tovuz quşu ilə zəngin bağa təşbeh edilir ki, bu təşbeh də orijinallığı ilə seçilir, həmin bağda gözəlin saçları füsunkar ilan kimi nəzərə çarpır. Dördüncü beytdə təşbehlər aşiqin vəziyyətini əks etdirmək üçün seçilmişdir: onun canı pərvanəyə, qəlbi isə külə qiyas edilmişdir.
Digər bir nümunə:
مرا تا جان بود جانان تو باشی
ز جان خوشتر چه باشد؟ آن تو دل
دل هم تو بودی تابه امروز
وزین پس نیز جان جان تو باشی
به هر زخمی مرا مرحم تو باشی
به هر دردی مرا درمان تو باشی...
زخاقانی نزن دم چون تو اویی
چه خاقانی؟ که خود خاقان تو باشی
[1,1057]
(Nə qədər ki mənim canım (sağ) olacaqdır, mənə canan sən olacaqsan,
Candan əziz nə varsa, o, qəlbin içi(dir).
Bu günə qədər ürək də sən idin,
Bu gündən sonra canın ruhu da sən olacaqsan.
Hər bir yaramın mərhəmi sən olacaqsan,
Hər bir dərdimə dərman sən olacaqcan...
Xaqanidən heç danışma, sən onun özüsən,
Xaqani nədir? Sən Xaqanın özü olacaqsan.)
Gətirilən nümunədə şairin bənzətmələri artıq təbiətlə bağlı olmayıb, insanın daxili aləmi, keçirdiyi hisslərin tərcümanı kimi çıxış edir. Bənzədilən üçün müşəbbehün-beh artıq “ürək”, “canın ruhu”, “yaraya mərhəm”, “dərdə dərman”, “Xaqaninin özü”, “xaqan” kimi ifadələrlə əksini tapır.
Xaqani yaradıcılığındakı bədii özəlliklərdən bəhs edərkən istiarəni də xüsusi qeyd etməliyik. İstiarə təşbehə çox bənzəyir, lakin burada iki əşya arasında bənzəyiş, bənzətmə ədatı iştirak etmir, sadəcə olaraq, bir əşya tamamilə başqa bir adla, məcazi ifadə ilə adlanır. Monirə Əhməd Sultani istiarədən bəhs edərkən, onu “həqiqətən, təşbehin təkamül dərəcəsi” kimi qəbul etməyin mümkünlüyünü yazır [2,196]. Bir sözlə, təşbehdən fərqli olaraq, bu bədii fiqurda yalnız müşəbbehün-beh işlədilir. İstiarədə məna yükü məcazi ifadənin üzərinə düşür. R. Musulmankulov orta əsr nəzəriyyəçilərindən olan Şərəf Raminin fikrinə söykənərək “harada ki, məcaz var, orada istiarə də mövcuddur, harada ki, istiarə var, məcaz orada iştirak etmir” tezisini irəli sürərək, Ataallah Mahmud Hüseyni və Şəms Qeys Razinin də istiarəni ayrıca bədii fiqur kimi qəbul etdiklərini qeyd edir [4, 63]. İran alimi Mir Cəlaləddin Kəzzazinin istiarə haqqında fikirləri maraq doğurur. O, istiarəni oxucu, ya dinləyici ilə sənətkar arasında açılan bir qapıya bənzədir. O, bu fiquru təşbehlə müqayisə edərək onun poetik gözəlliyinin daha üstün olduğunu nəzərə çarpdırır [3, 94].
Xaqaninin bənzərsiz istiarələrindən bir neçəsini nəzərdən keçirək:
زین دو نان سپید و زرد فلک فلکت ساز خوان نخواهد داد
[1,124]
(Fələyin bu iki sarı və ağ çörəyindən fələk səninçün süfrə açmayacaq.)
Ağ çörək aya, sarı çörək isə günəşə aid işlənmiş istiarələrdir. İstiarənin aşkar növünə aid nümunədir.
Digər bir misalda:
رشک نظم من خورد حسان ثابت را جگر د ست نثر من زند سحبان وائل را قفا
[1,32]
(Həssane Sabit mənim nəzmimə paxıllıqdan ciyərini yeyir, Səhbane Vael mənim nəsrimə (görə) əlini qafasına çırpır.)
“Ciyərini yemək”, “əlini qafasına çırpmaq” frazeologizmləri burada istiarə kimi işlənərək “paxıllıq etmək” mənalarının daşıyıcılarıdır.
Aşağıdakı beytdə şair insana aid xüsusiyyətləri istiarə ilə təbiətə aid edərək gözəl lövhə yaradır:
غمزۀ اختر ببست خندۀ رخسار صبح سرمۀ گیتی بشست گریۀ چشم سحاب
[1,68]
(Səhərin çöhrəsinin təbəssümü ulduzun qəmzəsini bağladı, buludun gözünün ağlaması dünyanın sürməsini yudu.)
Burada ulduz insana bənzədilmişdir, ona aid xüsusiyyət “qəmzə” xəyali istiarə kimi işlənmişdir. Sübhün açılması və işıqlanması insanın təbəssümünə qiyas edilib eyniləşdirilmişdir. Burada insanın güldükdə dişlərinin görünməsi ilə səhərin açılmasının nəticəsində dan yerinin ağarması paralelləri “qəmzə edən” ulduzları “bağlayır” – yox edir. “Dünyada gecənin qaranlığı” insanın gözünün sürməsinə bənzədilərək istiarə kimi işlənmişdir.
Şeirin siqlətinin göstəricilərindən biri də kinayə poetik fiqurudur. Şairin yaradıcılığında tez-tez müraciət olunan bu təsvir vasitəsinə də bir-iki nümunə ilə nəzər yetirək:
میوه دارم که به دی مه شکفد که نه برگی، نه بری خواهم داشت
[1,122]
(Meyvəm vardır ki, dey (21 dekabr-21 yanvar) ayında çiçəkləyir, ki, nə yarpağına, nə də bəhərinə sahib oluram.)
Beyt şairin şeirlərinin cəmiyyətdə lazımınca qiymətləndirilməməsi, bunun da müəllifinə heç bir “xeyir verməməsi” münasibəti ilə qələmə alınmışdır. Təbiətdə baş verən qanunların cəmiyyətdə də təkrarlanmasına fikir yönəldən şair, qışın ortasında çiçəkləyən ağacın meyvəsinin, yarpaqlarının şaxtadan əziyyət çəkməsini, solub məhv olmasını öz yaradıcılığı ilə tutuşdurur, yaratdığı “meyvələrin” – əsərlərin ona heç bir maddi xeyir verməməsindən şikayətlənir.
من نکنم کار آب کو ببرد آب کار صبح خرد چون دمید آب شود کار آب
[1,70]
(Mən su (faydasız) işi görmürəm ki, o işin suyunu (rövnəqini) aparsın.
Ağlın sübhü açıldıqda su işi (faydasız iş) batil olur.)
Beytdə frazeoloji birləşmələrdən istifadə edilərək kinayə yaradılmışdır. Eyni zamanda, şeirə xüsusi ritm gözəlliyi bəxş edən “kar” və “ab” sözlərinin hər dəfə yeni məna ilə təkrarı da onu dolğunlaşdırmışdır.
Xaqani divanında təlmihlərdən geniş istifadə olunmuşdur. Aşağıdakı beytdə az sözlə geniş bir hadisəni təlmih vasitəsi ilə oxucunun gözü qarşısında canlandırır:
من حسین وقت و نا اهلان یزید و شمر من روزگارم جمله عاشورا وشروان کربلا
[1,10]
(Mən zəmanəmin Hüseyni, naəhllər mənim Yezidim və Şümrümdür, Dövranım tamamilə Aşura, Şirvan Kərbəladır.)
Başqa bir nümunə:
حق به شبان تاج نبوت دهد ورنه نبوت چه شناسد شبان
[1,455]
(Allah (c.c.) çobana peyğəmbərlik verər, yoxsa peyğəmbərlik haradan çoban tanıyar?!)
Həzrət Musanın çoban olmasına və ona Allah (c.c.) tərəfindən peyğəmbərlik verilməsinə işarə olunub.
Ləffü-nəşr bədii təsvir vasitəsi də şeirə xüsusi rövnəq verir:
چون خود و چون من نبینی هیچ کس در شرع و شعر
قاف تا قاف ار بجویی قیروان تا قیروان [1,445]
(Özün kimi, mənim kimi şəxsi dində və şeirdə görməzsən, karvan-karvan bütün dünyanı axtarsan da.)
Bu beyt Xaqaninin şeyxülislam Nəcməddin Əhməd Simgərin mədhində yazılmış qəsidəsindəndir. Şair məmduhuna müraciət edərək onun kimi din xadiminin olmadığını bildirməklə yanaşı, Xaqani kimi şairin də mövcud olmadığını mübaliğə ilə bəyan edir. “Öz” və “mən” əvəzlikləri birinci misranın sonunda işlənən din və şeir sözləri ilə ləffü-nəşri formalaşdırır.
آدم ز جنت آمد و من در سقر شدم او از بلای گندم و من از بلای نان
[1,424]
(Adəm (ə) cənnətdən gəldi, mən cəhənnəmdə oldum, O, buğdanın bəlasından, mən çörəyin əzabından.)
Məlum rəvayətdən istifadə edərək öz vəziyyətini şərh edən şair beyt daxilində ləffü-nəşrdən istifadə etmişdir.
Hüsni-təlil məcazın mürəkkəb növündən sayılır, bənzətmə məcazi ifadələr üzərində qurulur. Əmisi Kafiyəddin Ömərin vəfatı münasibəti ilə yazdığı mərsiyədən nümunəyə diqqət yetirək:
یاسمن خندان و خوش زانست کز من غافل است یاس من گردیده بودی یاسمن بگریستی
[1,584]
(Yasəmənin məndən xəbəri olmadığı üçün belə gülərüz və xoşdur, əgər mənim ürək qırıqlığımı görsəydi, yasəmən ağlayardı.)
Məlumdur ki, yasəmən nə gülə bilər, nə də ağlaya. Bu bədii ifadə vasitəsinin özəlliyi məntiqi cəhətdən səbəb və nəticə məfhumunu əks etdirməsidir. Nə qədər ki, şairə üz vermiş kədərdən gülün xəbəri yoxdur, o “şad” və “gülər”dir, əgər o da dərddən xəbərdar olarsa, “ağlayar”. İkinci misradakı "یاس من" və "یاسمن" kəlmələri isə cinasdır.
غم ز دل زاد و خورد خون دلم خون مادر غذاده پسر است
[1,108]
(Qəm mənim ürəyimdən doğuldu və ürək qanımı yedi, ana qanı oğlunun bəslənməsini təmin edir.)
Hüsnü-təlil təzadla birlikdə beytin bədiiliyini artırmışdır.
Xaqani lirikasında şeiriyyəti bariz əks etdirən təsvir vasitələri sırasında təzadı da qeyd etmək lazımdır:
صبح چون زلف شب براندازد مرغ صبح از طرب سر اندازد
[1,132]
(Səhər gecənin saçını aradan qaldıranda, səhər quşu şadlıqdan baş qaldırdı.)
Beytdə "شب" və "صبح" sözlərilə "براندازد" , "سر اندازد" kəlmələri təzaddırlar.
Xaqaninin divanında təcnisin bütün növlərini izləmək mümkündür. Təcnisi-zaid və ya təcnisi-müzəyyəl adlı növdən olan nümunələri nəzərdən keçirək:
با که گیرم انس ؟ کز اهل وفا بی روزیم روزی من نیست یا خود نیست در عالم وفا
[1,10]
(Kiminlə üns saxlayım? Vəfa əhlinin əlindən ruzim yoxdur,
Mənim ruzim yoxdur, yoxsa aləmdə vəfanın özü yoxdur?!)
Birinci misrada روزیم sözü ilə ikinci misradakı من روزی kəlməsi cinas olaraq “artırılmış” – cinase zaiddir. Bu növdə cinas olan sözlərin ya əvvəlində, ya da sonunda hərf artımı izlənilir.
Aşağıda misal gətirilən beyt təcnisin üç növünü əks etdirmək baxımından maraq doğurur:
بلبله در قلقل آمد قل قل ای بلبل نفس تازه کن قولی که مرغان قلندر ساختند
[1,176]
(Şərab kuzəsi tökülməyə başladı, ey bülbül nəfəsli, de, de!
Dərvişlərin hazırladığı şərabın qabını təzələ.)
Beytdəki بلبله – “şərab kuzəsi” sözü ilə بلبل – “bülbül” kəlməsi cinasdır. Cinasın zaid və ya poetik terminologiyaya görə, sinonim şəklində ifadə olunan müzəyyəl növünə aiddir. قلقل – kuzədən tökülən şərabın səsini əks etdirən ahəngi bildirdiyi halda, قل قل –söz məfhumunu bildirərək “de!” əmrinə uyğundur. قلقل və قل قل ifadələrinin eyni misra daxilində işlənməsi tam, mürəkkəb cinas kimi diqqəti cəlb edir. Burada şair poetik məharətini daha aydın nəzərə çatdıraraq sanki söz oyunundan ustalıqla istifadə edir, fikrin şeirdəki ahəng hesabına oxucuya, dinləyiciyə çatmasına nail olur. Nəhayət, beytdə cinasın mozare ya ol həqq növünü özündə ehtiva edən قول və قل kəlmələrinin iştirakını da izləyirik ki, deyilişdə “ğoul” – “ğol” kimi ifadə olunur. Cinasın bu növü zahirən zaid növünə oxşasa da, fərq ondadır ki, bənzər kəlmələr sırasında artırılan səs və ya hərf ortada müşahidə olunur.
Xaqani şeir texnikasının mürəkkəbliyinə dərindən yiyələndiyinə görə, hər bir şair üçün ifadə etmək baxımından çətinlik törədən təcnisin tam növündə silsilə cinaslar yaratmışdır.
جان خاقانی ز تف آفتاب و رنج راه
مانده بود آ سوده شد در سایه سایه خدا[1,40]
(Xaqaninin canı Günəşin (şüasının) qızmarlığından və yolun ağırlığından
(Düşüb) qalmışdı, Allahın kölgəsinin sayəsində asudə oldu.)
Bu beytdə də ikinci misradakı yanaşı işlənmiş سایه sözünün birincisi sayə, ikincisi isə kölgə mənasını ifadə edərək mürəkkəb, tam təcnisə nümunədir.
Xaqani şeirləri sırasında cinasın naqis növünə də təsadüf olunur. Cinasın bu növü iki və daha artıq sözün yazılış cəhətdən eyni, oxunuşca müxtəlif olması ilə səciyyəvidir. Naqis cinas da digər başqa növlər kimi şeirin misralarına, beytlərə zahiri gözəllik bəxş edir:
مگر به ساحت گیتی نماند بوی وفا
که هیچ انس نیاید ز هیچ انس مرا [1,44]
(Məgər dünya üzərində vəfanın iyi qalmamış
Ki, heç bir ins-cins mənimlə ünsiyyətə gəlmir?!)
Burada “ens” və “ons” – انس sözləri eyni cür yazılaraq müxtəlif şəkildə tələffüz olunub naqis cinas əmələ gətirmişdir.
Təcnisin nadir işlənən müzare növündə qələmə alınmış nümunəyə diqqət yetirək:
بر مهان نشوم ور شوم چو خاک مهین غم کیا نخورم ور خورم به کوه گیا
[1,28]
(Alçaqların qarşısında olmaram, olsam da torpaq kimi olub
Padşahların qəmini yemərəm, yesəm də dağdakı otu yeyərəm.)
Bu növdə oxşar sözlər birinci hərfin fərqli olması ilə fərqlənir. Kiya (padşah) və giya (ot) buna misaldır.
Aftobioqrafik səciyyə daşıyan aşağıdakı beytdə də müzare təcnis işlənmişdir:
از خروسان خراسان چو منی نیست چه سود
که گه صبح خروشان شدنم نگذارند [1,185]
(Xorasan xoruzları (şairləri – L.Ə.) sırasında mənim kimisi yoxdur, nə faydası?
Ki, səhərlər cuşa gəlməyimə (şeir söyləməyimə) qoymurlar.)
Beytdə “xorusan” və “Xorasan” sözləri müzare təcnisə nümunədir. “Xorus” sözü eyhamdır və “şair” mənasında işlənmişdir.
Ləfzi (tələffüzə əsaslanan) təcnis növündə sözlərin deyilişi eyni cür olub, ərəb qrafikasına görə yazıda fərqlənir. Məsələn:
درست گویی صدرالزمان سلیمان بود
صبا چو هد هد و محنت سرای من چو سبا [1,46]
(Düz deyirsən, Süleyman zamanının padşahı idi, cavanlıq şanapipik kimidir, mənim möhnət evim isə dünənə (keçmişə) bənzəyir.)
Burada eyni tələffüz məxrəcində ifadə olunan “səba” سبا və صبا işlənmişdir. O, həm “cavanlıq”, həm də “yel”– nəsim mənasındadır. Nəsim yeli tez ötən kimi cavanlıq da ona bənzər qısa ömür sürür.
Dahi şair öz söz sehrinin təkrarsızlığını fəxriyyələrində dönə-dönə təkrar etmişdir. Bu bir həqiqətdir ki, Xaqani lirikasının poetik xüsusiyyətlərinin tədqiqi bir məqalə həcmində mümkün deyil. Onun sənət ecazı haqqında tədqiqatlar aparılmalı, iri həcmli kitablar yazılmalıdır.
Ədəbiyyat
1. دیوان خاقانی، جلد اول. چامه ها و ترکیب بندها. ویراستۀ دکتر میر جلال الدین کزازی. تهران، ۱۳۷۵
2. منیره احمد سلطانی. قصیدۀ فنی و تصویرآفرینی خاقانی شروانی. چاپ دوم، تهران، ۱۳۷۵
3. میر جلال الدین کزازی. زیباشناسی سخن پارسی، ۱ بیان. چاپ اول، تهران، ۱۳۷۵
4. Мусульманкулов Р. Персидско-таджикская поэтика Х-ХV вв., Москва, 1989
“Ədəbiyyat və incəsənət”
(19.11.2026)


