Uğurlu ədəbi portret yaratmaq çətinliyi və məsuliyyəti Featured

G.ƏLİBƏYLİ YARADICILIĞINDA TARİXİ ƏDƏBİ PORTRETLƏR

 

Salidə Şərifova,

filologiya elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı.

“Ədəbiyyat və incəsənət” üçün

 

Gülrux Əlibəyli qələmə almış olduğu “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “Çırpınan Dünyamız”, “Dəyişən Dünyamız”, “Dağılan Dünyamız” kimi əsərlərində ədəbiyyatşünaslıq sahəsində xidmətləri olmuş tarixi şəxsiyyətlərin ədəbi portret və xarakteristikalarını deyil, həm də əsrlərə meydan oxuya biləcək ədəbiyyatımız haqqında geniş analitik məlumat vermişdir. Gülrux Əlibəyli müəllifi olduğu ədəbi portretlərdə konkret təsvir etdiyi şəxsdən əlavə, ədəbiyyat və mədəniyyətimizin tərəqqisində iz buraxmış ədiblərin yaradıcılıqlarını dəyərləndirmişdir. G. Əlibəylinin ədəbi portretləri müasir ədəbi mühitin açıqlanması, nəzəri problemlərin işıqlandırılması, orta əsr Azərbaycan ədəbiyyatının örnəklərinin təhlili nöqteyi nəzərindən xüsusi maraq kəsb edir.

 

Ədəbi portretlər və müasir ədəbi mühit

 

Ədəbi portretlərdə öz dövrünün ən mühüm, vacib məsələlərini əks etdirmiş Gülrux Əlibəyli Yaşar Qarayevin, Bəkir Nəbiyevin, Rəsul Rzanın, Mirzə İbrahimovun, Cəfər Cəfərovun, Məmməd Arif Dadaşzadənin, Nigar Rəfibəylinin, İsmayıl Şıxlının, Həsən Seyidbəylinin, İsa Hüseynovun, Anarın, Afaqın və digər ədiblərimiz haqqında ədəbi portretləri estetik dəyərə malik olan bədii əsərlər kimi maraq kəsb edir.

Bədiiləşmiş həqiqət olan ədəbi portret bədii düşüncənin vacib faktoru kimi müəllifin təqdim etdiyi şəxslərin özünün obrazını yaratmaqla bərabər, təqdim etdiyi şəxsin mühitini, o dövrdə baş verən siyasi olay və hadisələrə də nəzər salıb qiymətləndirməsini zərurətə çevirir. Bu baxımdan da, Gülrux Əlibəylinin müəllifi olduğu ədəbi portretlər dövrün təsvirini verən sənət əsərləri kimi də əhəmiyyətlidir.

Gülrux Əlibəylinin qələmə aldığı ədəbi portretlərdə yalnız tarixi şəxsiyyətlər obraz səviyyəsinə qaldırılmır, həmçinin müraciət etdiyi dövr, mühit, hadisə canlı obraz səviyyəsinə qaldırılmışdır. Məsələn, G. Əlibəyli “Rəsul Rza” ədəbi portretində şairin ədəbi portreti ilə yanaşı, dövrün ağrısına çevrilmiş Xəzər dənizinin çirklənməsi probleminə də nəzər salmış, Xəzər dənizini canlı obraz kimi oxucuya təqdim etmişdir: “...Amma Xəzər dənizimiz bu gün xəstədir!”

G. Əlibəylinin qələmə almış olduğu “Mirzə İbrahimov” adlı ədəbi portretində isə tarixi şəxsiyyətlər arasında baş verən hadisələr və bir-birilərini qərəzli dəyərləndirmə, gərgin münasibətlər o dövr cəmiyyətinə xas xüsusiyyət kimi əksini tapmışdır. İki ədibin bir-birinə olan gərgin münasibətləri açıqlayan G. Əlibəyli bunu hər iki şəxsiyyətə xələl gətirmədən təsvir edir: “Cəfər Cəfərovun fikrincə - Mirzə İbrahimov mühafizəkar mövqeli, qeyri-səmimi adamdır, Mirzə İbrahimovun fikrincə - Cəfər Cəfərov simasız kosmopolit, millətə yuxarıdan baxan nihilistdir...” Hər iki ədibi “Azərbaycan xalqının böyük, istedadlı şəxsiyyətləri və... tam kontrastlı simalar” adlandırdığı Mirzə İbrahimov və Cəfər Cəfərovun peşmançılıq hisslərini göstərməyə nail olmuşdur. Cəfər Cəfərovun ölüm ayağında “insan mərhəmətinə, insan xeyirxahlığına və alicənablığına hələ də laqeyd qala bilmirəm ...” deməsi, Mirzə İbrahimovun “... Böyük istedad sahibi həmişə müxtəlif hücumların, anlaşılmazlıq və dedi-qodunun obyektinə çevrilir” kimi fikirləri cəmiyyətdə baş verən hadisələr haqqında təsəvvür yarada bilir.

Gülrux Əlibəyli dövrünün mənzərəsini, mühitdə baş verən haqsızlıqların təsvirini “Cəfər Cəfərov” adlı ədəbi portretində də verməyə nail ola bilmişdir. M. Rəfili və C. Cəfərovun “xalq düşmənləri” kimi “ifşa” olunmalarına toxunması məhz totalitar quruluşun xalqımıza qarşı aparmış olduğu represiyaları, siyasi oyunların faciəsini əks etdirməyə qadirdir. Cəmiyyətdə baş vermiş siyasi əyinti və eybəcərliklərin təsviri, yəni totalitar quruluşun aparmış olduğu siyasətin qurbanlarından birinə çevrilmiş insanların təsviri “Nigar Rəfibəyli” adlı ədəbi portretdə Gülrux Əlibəyli tərəfindən məhz Nigar Rəfibəylinin öz dili ilə çatdırılmışdır: “Mənim əleyhimə tərtib olunan məktubda Rəsul Rzanın da qolu var idi.”

Gülrux Əlibəyli Azərbaycan bədii ədəbiyyatının tərəqqisində əvəzsiz xidmətləri olmuş şair və yazıçıların yaradıcılıqlarını tədqiq etmiş, onları özünün ədəbiyyatşünaslıq prizmasından təhlil süzgəcindən keçirmişdir. Mirzə İbrahimov, Həsən Seyidbəyli, Rəsul Rza, Nigar Rəfibəyli, İsmayıl Şıxlı, İsa Hüseynov, Anar, Afaq və digər qələm sahiblərinin yaradıcılıqlarına xas xüsusiyyətləri ədəbi portretlərdə açıqlamağa nail olmuşdur.

Gülrux Əlibəyli bir tərəfdən görkəmli Sovet şairi kimi tanınmış, digər tərəfdən isə Sovet dövrünədək Azərbaycan ədəbiyyatının ənənələrini öz şəxsiyyətində və yaradıcılığında cəmləşdirməyə nail ola bilmiş və SSRİ hakim dairələrin destruktiv təsirindən qoruyaraq gələcək nəsillərə bu ənənələri ötürməyi bacarmış Rəsul Rza haqqında qələmə aldığı “Rəsul Rza” ədəbi portretində şairin ədəbi yaradıcılığını təbiətlə vəhdətdə tədqiq etmişdir. “Dəniz nəğmələri” əsərini şair yaradıcılığının “dinamizminin zirvəsi” kimi təqdim edir. G. Əlibəyli “Dəniz nəğmələri” silsiləsinə daxil olan poetik nümunələri şairin “fantaziyasının geniş fəzalarda pərvazlanmasını, hiss və həyəcanlarının coşmasını, fəlsəfi ümumiləşdirmə qüvvəsini nümayiş” etdirməsinə toxunmuşdur. G. Əlibəyli daha sonra qeyd etmişdir ki, “Dəniz nəğmələri” əsərinə daxil olan şeirlərdə “həm qəribə ahəng, musiqi harmoniyasının zəngin çalarları səslənir, həm də təfəkkürümüzün  inkişafına təkan verən, bizi düşündürməyə məcbur edən fikirlər ifadə olunur.”

 “Nigar Rəfibəyli” adlı ədəbi portretində Gülrux Əlibəyli həmcins olduğu xanımın söz sənətini yüksək dəyərləndirməyi bacarmışdır. İlk əvvəl onun Rəsul Rza ilə nikahına toxunmuş, bu ailənin uzunömürlüyünün əsas səbəblərini oxucusuna çatdıra bilmişdir. İstedadlı qələm sahiblərinin ailə ittifaqının möhkəmliyini üç amil üzərində dayandığına toxunaraq qeyd etmişdir ki, “Rəsul Rza və Nigar Rəfibəylinin ailə ittifaqının möhkəmliyi üç əsas amil üstündə qurulmuşdur: əsil məhəbbət, şəxsiyyətlərin zəngin mənəviyyatı və alicənablığı, əsrlər boyu möhkəmlənmiş milli ailə ənənəsi”. Gülrux Əlibəyli Nigar Rəfibəylinin “...həzin hisslər və incə duyğular tərənnüm edən poeziyası”nın “milli ədəbiyyat tariximizdə möhkəm yer” tutduğunu qeyd etmiş, “Azərbaycan qadınlığına xas ülvi, mərd, şairin mürəkkəb şəxsiyyətinə dayaq olmaq qüdrəti, özünün də gözəl şairliyində qalmaq bacarığı olan nadir qəhrəman qadınlarımızdan” biri kimi dəyərləndirmişdir.

Gülrux Əlibəylinin Azərbaycan xalqının istedadlı şəxsiyyətlərindən biri kimi təqdim etdiyi “Gələcək gün”, “Pərvanə”, “Böyük dayaq”, “Kəndçi qız”, “Yaxşı adam” və s. kimi əsər və pyeslərin müəllifi olan Mirzə İbrahimovu “Mirzə İbrahimov” adlı ədəbi portretdə ədibi məhz “özü-özünü yaradan, formalaşdıran nadir” şəxsiyyət kimi, “...millətimizin mentalitetini özündə ali formada təcəssüm” etdirmiş şəxs kimi dəyərləndirmişdir. Gülrux Əlibəyli Mirzə İbrahimovun “Yaxşı adam” pyesini klassik əsər nümunəsi kimi dəyərləndirərək, ideyasının ümumbəşəri olmasına toxunur, əsəri müəllifin həyat təcrübəsinin bəhrəsi olmasına toxunaraq qeyd edir ki, “«Yaxşı adam» yazıçının həyat təcrübəsinin bəhrəsi kimi səmimi, emosional və psixoloji cəhətdən maraqlı əsər idi”.

Gülrux Əlibəyli “İsmayıl Şıxlı” adlı ədəbi portretdə yazıçı İsmayıl Şıxlının bir yazıçı kimi Dostoyevskini sevməməsinə toxunur, səbəbini isə yazıçının öz dili ilə oxucuya açıqlayır: “Ömür yoldaşı Ümidə xanım mənə deyirdi:

- Gecələr Dostoyevskini oxuyur, az qala səhərəcən...

Mən sevincək o günü yazıçı haqqında söhbət açırdım. Deyirdi:

- Yox, yox. Qəbul edə bilmirəm. Təbiətim qəbul etmir. Həyat onsuz da ağırdır, çətindir, ədəbiyyat insanlara işıq ucu göstərməlidir, amma o hey eşələyir, qaranlıq uc-bucaqları açıb göstərir, onsuz da mürəkkəb həyatı çətinləşdirir, məni sevincdən məhrum edir...”

Gülrux Əlibəyli ədəbi portretləri yaradarkən, ədəbi proseslərdən kənar qalmamış, özünün münasibətini bildirmişdir. Məsələn, “İsmayıl Şıxlı” ədəbi portretində yazıçının “Dəli Kür” romanına münasibətini bildirmişdir. “Dəli Kür” romanının “sırf reallıqla qidalanmasına” toxunmuş Gülrux Əlibəyli Cahandar ağa obrazına biganə qalmamış, obrazın müəllif tərəfindən böyük məhəbbət və ustalıqla işlənilməsinə rəğmən, nadanlıq kimi xüsusiyyətə malik olmasını, daha doğrusu mübahisə doğuran fikirlərini belə işıqlandırır: “Cahandar ağanın faciəsi onun nadanlığındadır.

Nadanlıq – mühafizəkar qüvvələrin həqiqəti bilmək istəməməyidir”. Cahandar ağanı nadan kimi təqdim etməsinə baxmayaraq, obrazın psixoloji cəhətdən maraq kəsb edən obraz olmasına Gülrux Əlibəyli belə aydınlıq gətirməyə cəhd etmişdir: “İ. Şıxlının mərhəməti ondadır ki, Cahandar ağanın surətini ən kiçik detallardan başlayaraq böyük, dərin mənalı ştrixlərə qədər zəngin realist boyalarla çəkmişdir. Məhz ona görə psixoloji cəhətdən də bu obraz maraqlıdır”.

“Həsən Seyidbəyli” adlı ədəbi portretdə” Astaraya gedən yol” povestini “yeni söz, yeni üslub, yeni nəsr” nümunəsi kimi, “Telefonçu qız” povestini “sxematizmdən azad, lirika, dərin psixologizm və həyatilik” əsas cizgilərə malik olan əsər kimi dəyərləndirən Gülrux Əlibəyli H. Seyidbəylinin faciəli vəfatının əsas səbəblərinə də işıq salmağa nail ola bilmişdir. “Babək” filmi ətrafında gedən mübahisələrin görkəmli yazıçı və rejissorun həyatı bahasına başa gəlməsi və onu “sistemin qəddarlığı məhv” etməsi Gülrux Əlibəyli tərəfindən ədəbi portretdə əksini tapır. “Nəsimi” filminin rejissoru kimi adını tarixə yazmağı bacarmış Həsən Seyidbəyli “insan təfəkkürünün, insan qəlbinin, insan ağlının, insan iradəsinin ən yüksək zirvəsi” olan Nəsimi fəlsəfəsini tamaşaçısına çatdırmağa nail ola bilmişdir. G. Əlibəyli bunun “İ. Hüseynov, H. Seyidbəyli və Rasim Balayev estetik üçbucağı” sahəsində həyata keçməsini, Həsən Seyidbəylinin gözəl nasir olması ilə yanaşı, rejissor kimi yüksəkliklərə qalxmasını ədibin istedadı ilə əlaqələndirir.

 “İsa Hüseynov” ədəbi portretində Gülrux Əlibəyli İsa Hüseynovun “60-cı illərdən başlayaraq sırf realistik üsluba arxalanaraq psixoloji dərinliklə seçilən povestlər”inin “...şəxsi təcrübə, zəngin bədii təxəyyülün, adi insana məhəbbətin məhsulu kimi” yaratmasına toxunmuşdur. G. Əlibəyli yazıçının əsərlərində “xeyir və şər, olum və ölüm, şəxsiyyət və hakimiyyət, insan və zaman – vacib fəlsəfi məsələlər burada adi, sadə, aydın, əhatəli formada əks” olunduğunu da qeyd etmişdir. Yazıçının yaratdığı qəhrəmanların “totalitar sistemin hökumət başçısı tərəfindən əzilən və təqib olunan “kiçik” insan” olmasına rəğmən, “heç cür sovet ədəbiyyatının qəhrəmanlarına” oxşamadığı G. Əlibəyli tərəfindən vurğulanır. Yazıçının əsərlərinin isə “dinamizm, dramatik gərginlik, psixoloji vəziyyətlərin incəlik və əsaslığı” ilə fərqlənməsi də G. Əlibəyli tərəfindən qeyd edilmişdir.

Gülrux Əlibəyli İsa Hüseynovun kino dövrünü, yəni “Ulduzlar sönmür”, “Nəsimi”, “Nizami” və digər filmlərə yazmış olduğu ssenarilərlə “fəlsəfi romanlar dövrünə keçid dövrü kimi” səciyyələndirmişdir.

Gülrux Əlibəyli Anar yaradıcılığına biganə qalmamış, “Anar” adlı ədəbi portretində “Azərbaycan xalqının nadir və işıqlı şəxsiyyətlərindən” hesab etdiyi yazıçının ədəbi portretini canlandırmağa nail olmuşdur: “Anar heç vaxt millət, xalq haqqında təmtəraqlı sözlər, hündürdən deyilən şüarlar demir. O, xalqa məhəbbətini konkret işi, həyat tərziylə təsdiqləyir”.

Gülrux Əlibəyli “Uzun ömrün akkordları” filmi haqqında da da ədəbi portretdə yer vermiş, yüksək dəyərləndirmişdir. “Uzun ömrün akkordları”nın baş qəhrəmanı kimi musiqi, muğamat olmasını qeyd etməklə yanaşı, həm də “Azərbaycan xalqının mütləq,  ilahi, yenilməz, məhvolmaz milli sərvəti” olmasına toxunur.

G. Əlibəyli Anarın yaradıcılığını dəyərləndirərkən yazıçının qələmə aldığı əsərləri “bədii cəhətdən bütöv” olmasına toxunmuş, “gələcəyin ədəbiyyatında” gördüyü “Əlaqə” povestini isə “insanın idrak imkanlarının hüdudsuzluğundan, insan beyninin mürəkkəbliyindən, onun potensial imkanlarından bəhs” edən əsər kimi dəyərləndirmişdir. Əsərin güclü alınmasının səbəbi isə “Anarın bədii fantaziyasının zənginliyindən, məntiqinin möhkəmliyindən” asılı olması qeyd edilir.

“Afaq” ədəbi portretində G. Əlibəyli Afaqın həssas nasir olmasına toxunur, “psixoloji nəsrin, psixoloji hekayənin ustası” kimi dəyərləndirir, “həyatı, qadın qəlbini və düşüncələrini əsil yazıçı cəsarəti və səmimiyyəti ilə açıb göstərməyə qorxmayan”, özünə güvənməsini də vurğulayır.

Gülrux Əlibəyli şair və yazılarımızın ədəbi portretlərini yaratdığı kimi, Azərbaycan ədəbiyyatşünaslığı, onu tədqiq edən ziyalılarımız haqqında maraqlı ədəbi portretlər qələmə almağa nail ola bilmişdir. Gülrux Əlibəylinin tənqidçi, tədqiqatçı, nəzəriyyəçi alimlər kimi təqdim etdiyi Cəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi alimlərimiz haqqında irəli sürdüyü fikir və mülahizələr ədiblərimizin yaradıcılığına verilmiş dəyərdir. Gülrux Əlibəyli konkret bir dövrün mənzərəsini yaratmaqla bərabər, dövrün insanları olmuş bu tarixi şəxsiyyətləri tam açmağa, onları olduğu kimi cəmiyyətə təqdim edə bilir. Ədəbi portretin təsvir imkanları Gülrux Əlibəyliyə məhz həmin tarixi şəxsiyyətlərə məxsus özəllikləri tam açıqlamaqla bərabər cəmiyyətin mənzərəsini də müəyyənləşdirməyə imkan yaratmışdır.

Gülrux Əlibəyli “Cəfər Cəfərov” adlı ədəbi portretdə alimin ədəbi portretini müasirlərinin yaddaşlarında necə həkk olunması ilə açıqlamağa nail ola bilmişdir. Müasirlərinin yaddaşına ilk növbədə bütöv, kamil, səmimi, təmiz, əyilməz insan kimi hopmuş Cəfər Cəfərovun canlı obrazını müəllif belə təqdim edə bilir: “...əlində tor zənbil, içində bir kefir şüşəsi fit çala-çala keçmiş “Kommunist” küçəsini üzü aşağı gedən görürdülər!” Gülrux Əlibəyli ensiklopedik biliyə malik olan Cəfər Cəfərovun ədəbi portretini onun öz sözləri ilə də oxucunun gözündə canlandırmağa nail ola bilir: “Məni məhv etmək olar, lakin tabe etmək, ruhən öldürmək olmaz!”

Ədəbiyyat nəzəriyyəsi sahəsində əvəzsiz mütəxəssis kimi iz qoymuş Məmməd Arif Dadaşzadə haqqında qələmə aldığı “Məmməd Arif Dadaşzadə” adlı ədəbi portretdə tədqiqatçı alimin təhlil üsulunun genişliyi və müasirliyi baxımından fərqli olmasına toxunan G. Əlibəyli ədibi belə dəyərləndirmişdir: “M. Arif Dadaşzadənin əsas aparıcı xüsusiyyətlərindən bəlkə ən vacibi milli sənətimizdə, ədəbiyyatda baş qaldıran yenilikləri görmək, onlara yaradıcılıq yolu göstərmək, yenilikləri mühafizəkarların hücumu və haqsız tənqidlərindən qorumaq idi”.

Universal tədqiqatçı adlandırdığı Yaşar Qarayevə həsr etdiyi “Yaşar Qarayev” ədəbi portretində müəllif ədibin həm ədəbi portretini, həm də əvəzolunmaz alim kimi obrazını açıqlamağa nail ola bilmişdir. Yaşar Qarayev təcrübəli idarəçi və məhsuldar alim kimi (ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat fəlsəfəsi) Azərbaycan ədəbiyyatşünaslığında iz qoymuşdur. “İşləmək, düşünmək” Yaşar Qarayev həyatının ana xəttini təşkil etməsini vurğulayan G. Əlibəyli onu ilk növbədə nəzəriyyəçi alim kimi təqdim edir. Y. Qarayevin “Tarix: yaxından və uzaqdan” əsərini ədibin “40 illik yaradıcılıq yolunun bir növ yekunu” kimi fundamental əsər kimi dəyərləndirmişdir: “Zəngin və geniş erudisiya, əsaslı elmilik, millilik və ümumbəşərililik, estetik təfəkkürün dərinliyi, - Azərbaycan tənqidinin tarixində bu nadir xüsusiyyətlərin sintezi Y. Qarayevin son kitabında əks edilmişdir”.

Ümumiyyətlə, Y. Qarayev ədəbiyyat tarixinin bir sıra problemlərini tədqiq etmiş, elmi yeniliyi və əhəmiyyəti ilə seçilən nəzəri konsepsiya və tezislər irəli sürməyə nail ola bilmişdir. Ədəbiyyatda Şərqdə çoxetaplı intibah konsepsiyası, «Təsəvvüf intibahı»nın Şərq ədəbiyyatına təsir formaları, Nizaminin Şərq İntibahında xüsusi yer tutması, Şərq İntibahı və Avropa İntibahı arasında əlaqələrin və tipoloji həmahəngliyin olması, Füzuli yaradıcılığının Şərq İntibahı çərçivəsində türkcənin Şərqdə hakim dil səviyyəsinə qaldırılmasına təsiri, M.F. Axundovun Azərbaycanda realizmin inkişafında fərdi və milli konkretlik gətirməsi, o cümlədən, latın əlifbasına keçməsi probleminin ictimai və elmi dairələr qarşısında qaldırılmasında rolu, milli ədəbiyyatın «Ən yeni dövrü»nü ADR-la başlamaq təklifi və s. Yaşar Qarayev yaradıcılığının tərkib hissəsinə çevrilmişdir.

Gülrux Əlibəyli “filantrop tipli insan” kimi dəyərləndirdiyi akademik Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatşünaslığının inkişafı və zənginləşməsində xidmətləri əvəzolunmazdır, milli ədəbiyyatımızın tədqiq edilməsini öz taleyüklü qismətinə çevirmişdir. B. Nəbiyev elmi araşdırmalarında ədəbiyyat tarixçiliyinə, ədəbi-nəzəri məsələlərə, Azərbaycan ədəbiyyatında milli dəyərlərin qorunub inkişaf etdirilməsinə, tərcümə ədəbiyyatının və ədəbi əlaqələrin inkişafına xüsusi diqqət ayırmışdır. B. Nəbiyevin yaradıcılığında Azərbaycan dilinin təmizliyinin qorunması problemi xüsusi yer tutur. B. Nəbiyevin Azərbaycan dilinin qayğısına qalmağı əsas vəzifə kimi həyata keçirməsinə toxunan G. Əlibəyli qeyd edir ki, “Bəkir Nəbiyev Azərbaycan dilinin böyük bilicisidir. O bu dili elə incəliyiylə, elə zəngin çalarlarıyla və elə gözlənilməz tapıntılarıyla işlədir ki, qeyri-adi düşünürsən: bu dil – dahi xalqın dilidir, bu dil ölməzdir, tükənməzdir”. Gülrux Əlibəyli akademik Bəkir Nəbiyevin ədəbi portretini yaradaraq onun elmi yaradıcılığına yüksək qiymət verir. “Alimin geniş erudisiyası, ağlı, fəlsəfi dünyagörüşü, həyata və insanlara vurğunluğu, milli ədəbiyyatımızın keçmişini, bu gününü dərindən bilməsi və hədsiz sevməsi” kimi fikirləri irəli sürən G. Əlibəyli akademik Bəkir Nəbiyev yaradıcılığını olduğu kimi dəyərləndirməyə nail olur.

G. Əlibəyli “Mehdi Məmmədov” ədəbi portretində rejissor, alim, ictimai xadim Mehdi Məmmədovun ədəbi portreti ilə yanaşı böyük Hüseyn Cavidin də ədəbi portretini oxucuya çatdırmağa nail ola bilmişdir. “H. Cavidin əsərinin yüksək poetik və romantik ruhunu, fəlsəfi məğzini müasir səhnə vasitələriylə tamaşaçıya çatdırmaq üçün” “milli mədəniyyətimizin parlaq şəxsiyyətlərindən” biri kimi dəyərləndirdiyi Mehdi Məmmədovun gərgin iş görməsinə də müəllif tərəfindən aydınlıq gətirilmişdir.

 

Ədəbi portretlərdə nəzəri problemlər

 

G. Əlibəyli qələmə aldığı ədəbi portretlərdə ədəbiyyatşünaslığı düşündürən və diqqətində olan nəzəri problem və məsələlərə də diqqət yetirmişdir. G. Əlibəyli faciə, fantastika, esse, mahnı və s. janrlara ədəbiyyatşünas alim kimi münasibətini bildirməyə nail ola bilmişdir. Belə ki, “Anar” ədəbi portretində yazıçının “Əlaqə” povestinin janr xüsusiyyətinə toxunan G. Əlibəyli əsəri “müasir dünya fantastik ədəbiyyatının gözəl nümunələrindən” biri kimi təqdim edir. Fantastik əsərdə realistik detalın qüvvətli olması amilinə toxunmuş G. Əlibəyli, həmçinin həmin realistik detalın “hadisələri gerçəklikdən təcrid olmağa qoymamasını” da qeyd edir.

G. Əlibəyli “Mehdi Məmmədov” ədəbi portretində əsasını ictimai mühit arasındakı ziddiyyətlər, barışmaz həyat konfliktləri, xarakter və ehtirasların kəskin toqquşmasını təşkil edən, böyük ümidin, yüksək ideyaların, xoş arzunun məhvi və adətən qəhrəmanın ölümü ilə nəticələnən faciə janrını tədqiq etmiş, ona münasibətini bildirərək, “faciə ən dərin, ən fəlsəfi janr” kimi təqdim edir. Faciə janrında insanın “Ölüm və ya olum”la qarşı-qarşıya qalmasını göstərir. Faciədə cismən məhv olan qəhrəmanların mənən yaşamaları onların təbliğ etdiyi ideyaların məhv olmayacağına, daim yaşayacağına bir işarədir. G. Əlibəyli “Aristotelin “Katarsis”i – cismən, mənən, ruhən təmizlənmə deməkdir və faciənin məğzini təşkil edir” fikirlərini daha sonra aktyor və rejissorların onları narahat edən suallara cavabı da “məhz faciə janrında tapa” bilmələrinə toxunmuşdur.

Gülrux Əlibəyli musiqini xalqın arzu və düşüncələrini, onun dünyagörüşünü, həyat tərzini və məişətini, əmək prosesini, adət və ənənələrini, mərasimlərini əks etdirən mahnını xalqın arzu və istəkləri ilə yaranmasını, söz və musiqinin birləşməsi əsasında formalaşmasını nəzərə alsaq “ən xəlqi, ən humanist janr” kimi dəyərləndirməsində haqlıdır. G Əlibəylinin “ən demokratik janr” kimi təqdim etdiyi mahnı insanların hiss və duyğularının ifadəsi olaraq yaranmış, şifahi surətdə, yaddaş vasitəsilə təkmilləşərək nəsildən-nəslə keçmiş, dəyişikliklərə uğrayaraq müxtəlif variantlarda dövrümüzə gəlib çıxmışdır.

G. Əlibəyli özünün məmuniyyətlə müraciət etdiyi esse janrına ədəbiyyatşünas alim kimi münasibəti də diqqəti cəlb edir. Onun “Yaşar Qarayev” adlı ədəbi portretində esse janrının xüsusiyyətlərinə toxunur və qeyd edir ki, “bəllidir ki, esse janrı elmin, bədii sözün, tənqidi baxışın və fəlsəfi təfəkkürün orqanik sintezidir. Esse düşünən və düşündürən janrdır. Esse – həyatla incəsənəti fəlsəfənin vasitəsilə tutuşdurur və yüksək məcazlarla, çoxmənalı ümumiləşdirmələrlə oxucuya yüksək intellektual formada çatdırır”. Ümumiyyətlə, tənqid və ədəbiyyatşünaslığın müəyyən bir problemini sərbəst surətdə izah etməsi ilə fərqlənən esse kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrıdır. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifadə edilir. Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi təhlil və izah edərkən ifadə tərzinin sistemli, gəldiyi nəticələrin əsası hamı üçün eyni dərəcədə məqbul olmasını diqqətə almır. Bu baxımdan, G. Əlibəyli məhz Y. Qarayevin esselərini “müstəqil düşüncələrin, keçirdiyi həyəcan və hisslərinin təmərküzləşmiş emosional və intellektual forması” kimi təqdim edir.

Gülrux Əlibəyli ədəbiyyatşünaslıqda “çoxcəhətli və hüdudsuz” kimi təqdim etdiyi “bədiilik” anlayışı haqda irəli sürdüyü mülahizələri diqqəti cəlb edir. Dinamik proses kimi qəbul etdiyi bədiiliyi mükəmməllik, harmoniya, sənət əsərinin tamlığı, vahidliyi kimi qəbul edən G. Əlibəyli qeyd edir ki, “bədiilik oxucunu laqeydlikdən çıxardıb müəllifin həmsöhbəti, həmfikiri edən qapalı qüvvədir.  Hər bir bədii əsər bədiiliyin çərçivəsini genişləndirir, elə bil onu yenidən açır”. G. Əlibəyli bədiiliyi araşdırmaq üçün üç vacib tərkibi tədqiq etməyi qeyd etmişdir: 1. Sənətkarın şəxsiyyəti, 2. Yaradıcılıq prosesi - bədii əsər. 3. Qavrayış prosesi.

Gülrux Əlibəyli əsərin bədii ideyasına biganə qalmamış, bu problemə də münasibətini bildirmişdir. Bədii ideyanın “yazıçının həyat təcrübəsindən” qidalandığını, “müəllifin varlığının dərinliyində, şüuraltı” yarandığına toxunur. Əsərin ideyası təsvir etdiyi hadisə haqqında qənaəti və təlqin etdiyi fikri təbliğ edir. G. Əlibəylinin ideyanın inkişaf edərək obrazlar sisteminə çevrildiyini qeyd etmişdir. Belə ki, ideyada müəllifin seçilmiş mövzu, təsvir edilən surət və hadisələr vasitəsilə oxucuya çatdırmaq istədiyi, təbliğ və təlqin etdiyi başlıca fikir, müəllif niyyəti əsas faktdır.

Gülrux Əlibəyli Azərbaycan ədəbiyyatında sərbəst şeir formasına toxunmuş, ona münasibətini bildirmişdir. “Poeziya. “Rənglər”” başlıqlı yazısında Rəsul Rzanın “Rənglər” əsərini təhlil obyektinə çevirməklə, şairin “yalnız fərdi vəzndə deyil – metodda, şeirə yanaşmada, üsulda sərbəst” olmasını qeyd edir, şeirlərinin isə “konkret bir poetik sistemin qanunlarına tabe olmamasına” toxunur. Gülrux Əlibəyli “sərbəst şeir ən müxtəlif ritmik əsaslara malik olur. Müxtəlif vəznlərdə yaranır” fikri isə bir qədər mübahisə doğurur. Belə ki, sərbəst şeir və ya səpkili şeir standart vəzn, bölgü, qafiyə, bənd və s. tələblərdən müəyyən qədər kənara çıxır, bu baxımdan Gülrux Əlibəylinin qeyd etdiyi kimi müxtəlif vəznlərdə yaranmaq iqtidarında deyil. Sərbəst şeirdə digər şeir vəznlərində tələb olunan texniki şərtlərə tam şəkildə riayət edilmir. Misraların ölçüsü, hecaların sayı və qafiyələrin düzülüşündə sərbəstlik olur, ahəng tarazlığı vurğu və intonasiya ilə düzəlir, yəni sərbəst şeirdə ahəngdarlıq gözlənilir. Şərbəst şeirdə şeirin ölçü, bölgü, qafiyə sistemindən istifadə sərbəst şəkildədir, sözlər misralara ahəngdar şəkildə səpələnir. Bununla bağlı qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngi tamamilə formal səciyyə daşıması ilə diqqəti cəlb edir. Şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gəlir, bəzən isə dalbadal da işlənir. Şeirdəki bənddəki misraların və hecaların sayı da müxtəlifdir. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralardan, misradaxili fasilələrdən və hecalardan istifadə etmişdir. Şeirdə hisslərin tərənnümü, poetik fikrin emosional təsviri qabarıq şəkildə özünü göstərmişdir. Ədəbiyyatşünaslıqda sərbəst şeiri üç qrupa yarılması da mövcuddur:

I. Vəznli - qafiyəli sərbəst şeir;

II. Vəznsiz-qafiyəli sərbəst şeir;

III. Vəznsiz-qafiyəsiz sərbəst şeir. (H. İlaydı)

Ancaq Gülrux Əlibəylinin Azərbaycan ədəbiyyatı tarixində sərbəst şeir formasının inkişafına təkan vermiş,sərbəst şeirin formalaşmasında ardıcıl axtarışlar aparmış, əsərlərinin çox hissəsini bu şeir vəznində qələmə almış Rəsul Rza olmasını, onun yaradıcılığında bu formanı tədqiq etməsi təqdirəlayiqdir. Gülrux Əlibəyli şairin sərbəst şeir formasında yazmasını ədibin yaradıcılığını tam ifadə edən forma olmasına da toxunur: “Rəsul Rza ştampdan, dəmir qəlibdən azad olan bədii təfəkkürün əksi üçün yeni sərbəst forma axtarıb tapır. Müəllifin fikrini, hiss və düşüncələrini, dünyagörüşünü bütövlüklə ifadə etməyə imkan yaradan forma kəşf edir”.

 

Orta əsr Azərbaycan yazarlarının əbədi portretləri

 

Gülrux Əlibəylinin Nizami və Nəsimi ədəbi portretləri xüsusi diqqət cəlb edir. G. Əlibəyli Nizami Gəncəvi haqqında mülahizələrini “Düşündürən təfəkkür” başlıqlı yazısında irəli sürmüş, Nizami fenomeninin “alicənab şəxsiyyət və qaynar təfəkkür” kimi iki tərkib hissəsindən formalaşmasını qeyd etmişdir. Nizaminin “Xəmsə”sini həyat simfoniyası adlandırmış, “gözəllik, ülvilik, faciəvilik və komiklik kateqoriyalarının mahiyyətini hərtərəfli və dərindən açmaq üçün “Xəmsə”nin obrazlar sistemini təhlili” isə ona kifayət etməsi vurğulanmışdır. “Estetika elmi baxımından “Xəmsə”ni estetik ensiklopediya hesab” edən Gülrux Əlibəyli estetik kateqoriyalar içərisində ən ali və dolğun, insanların ülvi hadisə və faktları qavrayan hissləriylə bağlı olan gözəlliyin hamı tərəfindən eyni cür qəbul edilməməsini, yəni bəzi insanlar üçün gözəlliyin əllə toxunula biləcək var-dövlət, maddi nemət və pul olduğunu, bəzi insanlar üçün isə harmoniyaya intuitiv şəkildə meyl göstərməsini qeyd etmişdir. Gözəlliyi reallığın ən saf, təmənnasız əksi kimi təqdim etmiş G. Əlibəyli “forma və məzmunun harmoniyası” hesab etdiyi gözəllik hissinin ucalığını cəmiyyətdə formalaşmış ənənə və tərbiyədən, həmçinin şəxsi istəklərdən asılı olduğunu açıqlamağa nail olmuşdur: “gözəllik hissinin ucalığı həm milli ənənədən, həm də şəxsi istək və anlamdan asılıdır.” Faciəvilik kateqoriyasına münasibət bildirən Gülrux Əlibəyli buna müxtəlif aspektdən yanaşmışdır. Həyatın özünü əsl faciə hesab etmiş G. Əlibəyli insan təfəkkürünün yüksək olmasını, həmçinin kamilliyi də faciə kimi təqdim etmişdir: “Və onun (insanın - S.Ş.) ağlı, təfəkkürü nə qədər yüksəkdirsə, intellektual cəhətdən nə qədər kamildirsə, o, bir o qədər faciəvidir.”

Gülrux Əlibəyli qələmə aldığı  “İsa Hüseynov” ədəbi portretində Azərbaycan söz sənətinin xiridarlarından olan İmaməddin Nəsimiyə ədəbiyyatşünas alim kimi münasibətini bildirməyə nail olmuş, yaradıcılığına qiymət verməyi bacarmışdır. İsa Hüseynovun “Nəsimiyə ehtiraslı məhəbbətlə aşılanmış” “Məhşər” romanına münasibət bildirərkən G. Əlibəyli romanın hürufizmə həsr olunmasını, qəhrəmanlarından biri isə “fəlsəfi poeziyamızın banisi” hesab etdiyi Nəsimi olmasına toxunur. G. Əlibəyli “fitrətən ilahi bir istedada” malik olan Nəsiminin məhz “tariximizin ən qaranlıq, ən mürəkkəb dövründə əzilən, təhqir olunan insan uğrunda mübarizəyə” başlamasına toxunmuşdur.

G. Əlibəyli “Həsən Seyidbəyli” ədəbi portretində Nəsiminin Dante, Nizami, Şekspir kimi dahilərlə bir sırada dayanmasına toxunur, şairi “Orta əsrlər Azərbaycan intibah dövrünün nəhəng fiqurası” kimi dəyərləndirərək qeyd edir ki, “Nəsiminin həyatı, əməli, idealı - əvvəldən axıra fəlsəfədir”

Sonda qeyd etmək olar ki, Gülrux Əlibəylinin qələmə almış olduğu ədəbi portretlərin hər biri ayrılıqda  tədqiq etdiyi şairin, yazıçının, alimin, sənətkarın və digər ədiblər haqqında xatirələri əsasında, həyatdan köçmüş şəxsiyyətlərin şəxsi tanışlığı və xatirələri əsasında yaradılmış sənədli-bioqrafik ədəbi obrazlar kimi də maraq kəsb edirlər. Gülrux Əlibəylinin qələmə almış olduğu ədəbi portretlər memuar – avtobioqrafik ədəbiyyatın ayrılmaz tərkib hissəsi kimi özünü göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.