Hüseyn İsaoğlu,
yazıçı-publisist.
“Ədəbiyyat və incəsənət”
Hər şair bir eldən, bir torpaqdan pərvazlanır, amma hamısı poeziyanın göylərində özünəməxsus, silinməz bir iz qoya bilmir.
Azərbaycan ədəbiyyatının və mətbuatının son qırx illik tarixinə nəzər salsaq, fərqli intonasiyası, dərin fəlsəfi baxışı, cəsarətli ictimai mövqeyi, yazı üslubunda fərqliliyi və səmimiyyəti ilə seçilən bir imza görərik: Qulu Ağsəs.
1969-cu ili yazında Ağdamın dilbər guşəsi Gülablıda dünyaya göz açan bu istedadlı söz adamı həyatı poeziyaya, poeziyanı isə ömür xəritəsinə çevirməyi bacaran qələm əhlindəndir.
Onun, sonralar Qulu Ağsəs məktəbinə çevriləcək yaradıcılıq yolu, hələ uşaqlıqdan, çox erkən yaşlardan başlayır. Qulu Zeynalov imzası ilə uzaq 80-ci ildə 11 yaşında , o vaxtın əlçatmaz “Pioner” jurnalında dərc edilməsi, şairin yaradıcılıq yoluna aparan ilk çığırlardan olur. Zaman keçdikcə,bu istedad daha da cilalanır, 90-ci illərdə gənclərin sevimli platforması olan “Ulduz” jurnalında işıq üzü görən silsilə şeirləri ədəbi mühitdə ciddi əks-səda doğurur.
Q.Ağsəsin taleyi təkcə poeziya ilə deyil, həm də mətbuatla sıx bağlıdır. 1991-ci ildə “168 saat” qəzetində başlayan jurnalist fəaliyyəti, sonradan “Azad Azərbaycan”qəzetində müxbir, məsul katib, baş redaktor, eləcə də, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, şöbə müdiri,baş redaktor kimi məsul vəzifələrlə davam etmişdir. Onun hər bir publisistik yazısında, hər redaktor qeydində jurnalist tələbkarlığı ilə şair həssaslığı bir araya gəlmişdir.
Qulu Ağsəsin 2004-cü ildən baş redaktor müavini kimi fəaliyyətə başladığı “Ulduz” ayliq ədəbiyyat dərgisinə 2014-cü ildən günümüzə qədər rəhbərlik etməsi isə istər-istəməz müasir ədəbi proseslərdə yerini və rolunu müəyyənləşdirmişdir.
Şeirlərində sevgi, zaman, insan, təbiət, həyat,Tanrı, tale münasibətlərini qeyri-adi bir bədiiliklə təqdim edə bilən Qulu Ağsəs həyatın adiliyində böyük fəlsəfəni görə bilir. Həyatın müvəqqətiliyini, gecə-gündüzün əbədi növbələşməsini insanın taleyi ilə elə bağlayır ki, öxucu vizual lövhənin nəinki şahidinə, həm də iştirakçısına çevrilir:
Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı…fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.
Təzədən qaramat basar dünyanı,
Hanı doğan Günəş? körpəsi hanı?
… Görsən hər tərəfdən əlin üzülür,
Görsən üşüyürsən…yandır özünü…
Şairin dünyagörüşündə sarkazm və realizm daxili bir sızıltı ilə birləşir. O ətrafindakı haqsızlıqlara dünyanın gərdişinə bəzən “eynəyinin arxasından”, bəzənsə qəlbinin açıq yarasından baxır. Onun misralarında həyatın acı həqiqətləri estetik bir formaya düşür:
Çox da salıb dünyanı eynəyim gözdən - noolar.
Ağız suyuyla bitir dodaqda söz də - noolar...
Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var...
Q.Ağsəs lirikası saf və təmənnasız sevginin tərənnümçüsüdür. Bu sevgi nənələrimizn əsrlərlə ruhumuzu qidalandırdığı, sonu vüsalla bitən nağıllardan deyil. Bu sevgi daxili çırpıntılarla, tənhalıqla, sadiq bir fədakarlıqla, şairin ruhu ilə yoğrulub.O boş ümid vermir.Tablo çəkir. Heç inandırmağa da çalışmır. Seçimində sərbəstsən. İstəyirsən reallıqla baş-başa qal, istəyirsən özünü aldat. (Q.Ağsəs sarkazmı) Şair sevdiyinin “ğəlişinin-gedişinin” dramatik portretini elə yaradır ki, tərk edilmənin acısını yox, zərafətini yaşayırsan:
Nə lazım, uzaqbaşı bircə otağın ola
Gecənin bir yarısı qəfil qonağın ola...
Sevəsən bu gəlişi başdan-ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi...
Gedəndə könlünü də yalvar-yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara...
...Gedə, bir də qapından əcəl girəndə gələ
Günəş xəstə dünyaya şüa verəndə gələ...
Sevginin gətirdiyi izdihamdan qaçıb tənhalığa sığınmaq istəyən lirik qəhrəman, bəzən özündən keçir. “O”nu tapmaq üçün yoldan kəçənə belə ürəyini açır:
...Bir qiz bir oğlana çoxuymuş, demə,
Sevdim təklənəsən… çoxaldın, gülüm.
Açdım ürəyimi yoldan ötənə,
Təki ordan səni çıxardım, gülüm…
...Bunu bir mən bilim, bir də sən ancaq,
Ölüncə bu gözəl sirr bəsimizdi.
Bizə nə yurd versin, nə yuva Allah,
Sənə ayırdığım yer bəsimizdi!.
İllər keçdikcə, şairin gözündə sevginin mahiyyəti dəyişir, yaşın verdiyi müdrikliklə həyat fəlsəfəsi birləşir:
Kimsə ayağını qoymaz içəri –
Könlümün keşiyin balam çəkirsə.
Sevgi ötən gündür məndən ötəri,
Sən məni sevməklə dala çəkirsən.
Cavab məktubumda sözlər baş-ayaq,
Bir ucdan yazılır, pozulur elə.
Qorxuram öləsən sevgin yaşaya,
Qorxuram qalasan - məhəbbət ölə.
Qulu Ağsəs nə çəhrayı pərdə arxasında, nə də fil dişindən qüllədə oturub buludlardan yazan şair deyil. Onun narahat poeziyası cəmiyyətin ən ağrılı yerinə toxunmağı bacarır.Müharibənin gətirdiyi fəsadlar, Vətən uğrunda canını, sağlamlığını qoyan insanların sosial və mənəvi problemləri şairin yaradıcılığında heç bir pafosa varmadan, bütün çılpaqlığı və acılığı ilə əks olunur. Azərbaycan poeziyasında bu mövzuda yazılmış ən sarsıdıcı, dürüst, psixoloji, ictimai vicdanı oyadan nümunələrdən olan “ Müharibə əlili”nə nəzər salaq.Bu şeir cəmiyyətin, insanların müharibənin gətirdiyi ağrı-acıya yanaşmasına müəllifin böyük üsyanıdır:
Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var -
dinmirəm,
İki ac balam var -
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…
Q.Ağsəs yaradıcılığında sənətkar ömrü,yaradıcılıq iztirabları ana xətlərdən birini təşkil edir. O,şeirin sadəcə, qafiyə xətrinə yazılmadığını, hər misranın arxasında bir yaşantı, bir hekayə dayandığını vurğulayır. Istedad ,ilham, bəzən, sadəcə, bir bəhanədir, əsl atəş daxildəki o bitib-tükənməyən ağrılardır.Aşağıda verdiyimiz nümunə həyatın ağrılarını,çətinliklərini, insanın bunları daşımaq məcburiyyətini iztirabların “pəhrizi” olması obrazı ilə fəlsəfi şəkildə inikas etdirir:
Bəzi şeirlərin hekayəsi var,
Bəzi xoşbəxtliyin qafiyəsi var.
Buludlar yağış yox, toz ələyirlər.
Ulduzlar yanmır ha... his eləyirlər.
Beş-üç arzu etməz ömrün qalığı.
Didir başımızı kəpək balığı.
Daş-daş oynanılan bir aynabəddi,
Aman umduqları amana bənddi.
Nə talant? nə vergi? nə sehr? –
Adam
Günü axşam edir bikarçılıqdan.
Yaxşı pəhrizi var iztirabların.
Nə özüm kökəldim, nə kitablarım...
Qulu Ağəsin təbiətə baxışı da fərqlidir. Şeirlərində təbiətə özünəxas, ironik yanaşma diqqət cəlb edir. “Dağa bax, sən allah, nə gündədi...” şeirində dağı, sadəcə, bir coğrafi relyef kimi görmür. Əzəmətli dağ, şairin təbirincə--taleyi gətirməyən,yoxsul, kimsəsiz bir varlıq kimi təqdim olunur. Bu metafora sənətkarın bədii təəyyülünün miqyasını göstərir:
Dağa bax, sən allah,
nə gündədi:
Ayağı ayağına dolaşan
beş-altı ağacdı,
qozbel torpağı
balatası qaçmış kündədi…
Dili yoxdu —
ildırım vuranda çığıra,
pulu yoxdu —
özünə lift çəkdirə,
dərəni qonaq çağıra…
Şairin daxili dünyasını tar-mar edən kədəri, ağrıları,dərdi də fərqlidir.Həmin dərd o qədər rəngsiz, dözülməz, amansızdır ki, müəllif onu ilahi mərhəmətdən uzaq “allahsız” adlandırır. Amma eyni zamanda bu ağrı qarşısında dünyanın, taleyin, Tanrının da günahkar olduğunu poetik dillə anladır:
Rəngsizdi, tamsızdı,
ətsiz-qansızdı,
Allahsız, imansızdı,
Mən çəkən dərdlər.
...Dünya, Tale, Tanrı deyilən
nə var hamısı günahkardı
Mən çəkən dərdlərə.
Dərdi nə çəkiləsidi,
nə qaçılacaq,
Mən çəkən dərdlərin.
...Bir gün "sərgisi" açılacaq,
Mən çəkən dərdlərin.
Qulu Ağsəs poeziyasının ən maraqlı, cəsarətli və ən çox müzakirə olunan tərəfi onun yaradanla qurduğu səmimi, ərkyana dialoqudur.O.insanın bu nəhəng və mürəkkəb kainatda öz yerini axtarmasındakı çarəsizliyini gizlətmir. Dünyanın nizamsızlığına qarşı daxili bir etiraz və heyranlıq eyni misrada birləşir:
Kimsən, nəçisən, ay Allah -
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.
...Görsək, heç nə eləmərik,
Bir üzünü göstər bizə!
Yaxşı günün əgər busa,
Yaman günü göstər bizə!
Amma bu etiraz heç vaxt tam üsyana çevrilmir,əksinə,Tanrının möcüzələrinə -- qışda donan ağacın yasına baharda yarpaq yazdıran uca nizamına təslimiyyət,heyranlıqla,şükranlıqla nəticələnir:
Bir yol yatağından qalxmayan bu çay,
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın,
Yasına mart ayı yarpaq yazdırıb…
Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz kitabına
Əcəl adqoydudan qabaq yazdırıb…
Ölüm mövzusu Qulu Ağsəsin yaradıcılıq fəlsəfəsində qorxulu bir son deyil,sirli bir yoxlanış,mistik bir “yuxu”dur. İnsanın ölümlə olan çarəsizliyini,Tanrının əbədiliyi qarşısındakı acizliyini şair son dərəcə sarsıdıcı misralarla ifadə edir. Bu müraciətdə həm bəşəri xof,həm də Allaha olan gizli bir sevgi var:
Hərəmiz borcludu bir can ölümə,
Ölsək də, tapmarıq əncam ölümə.
Tanrı qırmır bizi…ancaq ölümə
Yoxladır.
Xəbərin varmı?
- Bilmirəm.
Və yaxud:
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirik qabağından.
Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?
…Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..
Q.Ağsəs yaradıcılığında valideyn mövzusu, ana-ata obrazı o qədər təbii və kövrək işlənib ki, oxuyarkən insanın boğazı qəhərlənir. Ananın haqqa qovuşmasını “atamın iş yerinə yollandı” kimi saf və mistik bir dillə anladan şair dünyanın o biri üzündəki cənnəti ailə bütövlüyündə görür. Şeirdə ailə dəyərlərinə sayğı, yaşından asılı olmayaraq valideyn qarşısında özünü uşaq kimi hiss edən insanın müdhiş qorxusu və həya dolu səmimiyyəti, valideyn ruhuna böyük ehtiram bəslədiyi -- bədii çalarlarla poetikləşdirilmişdir:
Anam
bu dünya evində
tumanı qırışanacan oturdu.
Dan atdı-
gün batdı,
şər qarışanacan oturdu.
Axşam
qonşu arvad
çay süzdü,
yemək çəkdi ərinə.
Anam
başımız üstdən
yollandı atamın iş yerinə.
Bilirəm,
tapıb onu-
lap qır qazanında olsa.
Hər yer
cənnətdi kişiyə-
arvad yanında olsa!
Görən nə deyib məndən
anam orda atama?!
Bircə "yetim" deməsin-
kişi utanar...
Qulu Ağsəsin bənzərsiz yaradıcılığı həm dövlətimiz, həm də beynəxalq ədəbi qurumlar tərəfindən yüksək qiymətləndirilir. O Prezident təqaüdçüsü və əməkdar jurnalistdir. Poeziyası, hələ 1993-cü ildə Azərbaycan Tərcümə Mərkəzinin “Altay-Alp” mükafatına,sonrakı illərdə isə Şahmar Əkbərzadə,Rəsul Rza Beynəlxalq Ədəbiyyat mükafatlarına, Fikrət Sadığın xatirəsinə təsis olunmuş “İşıq” və ədəbi “Mikayıl Müsfiq”, Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2026” mükafatlarına layiq görülüb.
AYB-nin İdarə Heyətinin və Avrasiya Yazarlar Birliyinin üzvü olan Qulu Ağsəsin sorağı çoxdan ölkə hüdudlarını aşıb. Onun şeirləri türk, rus, fars, ingilis, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilərək əcnəbi oxucuların da qəlbini fəth edib.
Həyatı poeziya pəhrizində keçən, misralarla ömrü axşam (oxu - şam) edən şairin hər yeni şeiri ədəbiyyat xəzinəmizə yeni bir inci kimi daxil olur. O, öz bənzərsiz “Ağsəs”i ilə Azərbaycan poeziyasının səmasında həmişə parlayacaq bir ulduzdur.
“Ədəbiyyat və incəsənət”
(13.11.2026)


