Səndən sonra başladı bütün əlvidalar! – PAYIZ OVQATLI ŞEİRLƏR Featured

 

 

 “Ədəbiyyat və incəsənət” portalı iki gün ardıcıl Təranə Dəmir yeni şeirlərini təqdim edir. Payız ovqatlı 8 şeir, 8 xəzan yarpağı. 4-ü bu dünən, 4-ü bu gün.

 

TƏRANƏ DƏMİR

              

5-Cİ YARPAQ

 

Xoş gördük, gələn səhər,

Xoş gördük, qayğılarım.

Xoş gördük, kağız, qələm,

Xoş gördük duyğularım.

 

Xoş gördük, dolan bulud,

Yağışını tök, görək.

Bəlkə bir az boşaldı

Çiynindəki yük, görək.

 

Xoş gördük, ay göyərçin,

Qırqovul, turac, salam.

Salam, Tuğay meşəsi,

Söyüd, qarağac, salam.

 

Xoş gördük, pəncərəmdə

Dəli tək əsən külək.

Xoş gördük, qızıl payız,

Xəzəllərin mübarək!

 

 

6-CI YARPAQ

 

 

Hanı gözlərindən sevgi tökülən,

Qanı məhəbbətlə qaynayan şəhər?

Hanı yaz gələndə çiçəyə dönən,

Payızda xəzəllə oynayan şəhər?

 

Daha yadırğayıb sevincə deyən,

Daha gözlərindən ayrılıq baxır.

Burda xoşbəxt adam tapa bilmirəm,

Hamı narahatdı, hamı darıxır.

 

Hər gün hirsi artır, ədası artır,

Göydələn-göydələn dəyişir şəhər.

Günə başlamadan yenə gün batır,

Yenə qaranlıqla döyüşür şəhər.

 

Hanı bu şəhərin tox adamları,

Nə yaman çoxalıb aclar, səfillər.

Hanı bu şəhərin sərv ağacları,

Harda yuva qurur sərçə tifillər?

 

Tıxacda boğulur indi küçələr,

Yayda odu vurur, qışda şaxtası.

Kimin yadındadı aylı gecələr,

Kimin yadındadı Bakı buxtası?

 

Hanı gözlərindən sevgi tökülən,

Qanı məhəbbətlə qaynayan şəhər?

Hanı yaz gələndə çiçəyə dönən,

Payızda xəzəllə oynayan şəhər?

                

 

7-Cİ YARPAQ

 

Əvvəlcə baxışların soyudu,

Sonra əllərin.

Sonra sığalını yadırğadım,

Sonra səsini.

Sonra dəniz çıxdı yadımdan,

Sonra sahil,

Sonra o ağac,

Sonra ağaca söykənən skamya,

Sonra qarğalar.

Sonra gülsatan qadın,

Sonra əlindəki orxideyalar.

Sonra sallana-sallana yanımızdan keçən bulaşıq küçə iti

Qarabaş adında,

adını biz qoymuşduq,

yadında?

Sonra gəmi fiti,

Sonra arxamızca əl sallayan uşaqlar,

Sonra uzaqlar,

Sonra təzə görüşlər,

Təzə sevdalar.

Sonra?

Eh, bilirsən?

Səndən sonra başladı bütün əlvidalar!

 

 

8-Cİ YARPAQ

 

Arxasınca atlı qovur?

Nəfəsi təntiyib yaman,

Küləyə bax, küləyə.

 

Günəş hardasa gizlənib,

Bulud torpağa atır can,

Çiləyə bax, çiləyə.

 

Başında xəzəl dolaşır,

Boynundan asılıb duman,

Dərəyə bax, dərəyə.

 

Hər tərəf xəzan donunda,

Bəs nədi daş altda çıxan?

Çiçəyə bax, çiçəyə.

 

Ağaclar küləyə inad

Yapışıb durub havadan,

Dirəyə bax, dirəyə.

 

İlin-günün bu vaxtında

Bir sevda tuta yaxandan,

Diləyə bax, diləyə.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.