“Biri ikisində” Xaqani Şirvaniyə ithafən Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.

 

Mahmud İSMAYILOV

HƏBSDƏ

(“Xaqani” romanından bir parça)

 

Cəllad Xaqanini həbsxanaya göndərməzdən qabaq onu sarayın zirzəmisinə, dustaqlar saxlanan yerə gətirdi. Bura palçıq döşəməsinə qamış həsir sərilmiş, qaranlıq qapısından başqa hava görən yeri olmayan, iki adamın yerləşə bilməyəcəyi nəm zirzəmi idi. Xaqani sarayda həbs olunanların həbsxanaya göndərilənə kimi, zirzəmidə saxlanılmalarından xəbərdar olsa da, bu üfunətli yeri görməmişdi. Xaqani içəri girəndən sonra cəllad qapını arxadan bağladı. Zirzəmiyə zülmət gecənin qaranlığı çökdü. Xaqani qapını döydü. Hələ də qapı arxasında olan cəllad qapını açdı. Xaqani:

– Mümkündürsə, bir az gözlə, qoy qapıdan düşən işıqda burada nə olduğunu, harada oturmaq, haraya söykənmək mümkün olmasını görüm, – dedi.

Cəllad dinmədi, sağa-sola boylandı. Aydın görünürdü ki, onunla danışmağa qorxur. O, Xaqaninin güclə eşidə biləcəyi səslə pıçıldadı:

– Dustaq zirzəmisində nə ola bilər ki?! Bir həsir, bir də Məmmədnəsir. Divarlara söykənmə, yaşdır, lap ortada uzan. Axşamdan keçmiş sənə altına salmağa bir həsir, üstünə salmağa da keçə gətirəcəyəm.

Şirvanşahın çağırışı ilə içəri girəndə cəlladın gözlərində qorxu qarışıq rəhm görəndə şairə qəribə gəlmiş, onun nəzərlərini baş vəzirin nəzərləri ilə müqayisə etmişdi. İndi də cəlladın onunla belə yumşaq, qayğıkeşliklə danışması Xaqaniyə qəribə göründü. Cəllad və qayğıkeşlik? Ona bir-iki sual vermək istədi, ancaq cəlladın ehtiyatla ətrafa boylandığını görüb sualını sonraya saxlamağı lazım bildi və dedi:

– Adını da bilmirəm. Səni hamı “cəllad” çağırır, mən adınla çağırmaq istəyirəm.

– Adım Həmzədir.

– Həmzə, səndən bir şey rica eləyə bilərəmmi?

Həmzə zirzəmiyə düşdüyü pillələri qalxdı, ətrafı gözdən keçirib qayıtdı və dedi:

– Şair, sən məndən bir deyil, yüz rica da eləyə bilərsən, ancaq indi yox, xatası çıxar. Gecə gələcəyəm, nə sözün var, onda deyərsən.

Xaqani başını tərpətdi, cəlladı bir də gözdən keçirtdi. Bu iri cüssəli, saqqallı, qalın bığlı, heybətli adamın gözlərinin dərinliyinə diqqətlə baxanda, orada zəhm, hiddət qarışıq mehribanlıq, nəvaziş görmək olardı.

Həmzə şairə gülümsünüb qapını örtdü, arxadan bağladı. Onun pillələri qalxan ayaq səsləri tezliklə eşidilməz oldu. Şair ayaq səslərinin uzaqlaşmasının ona qüssə gətirdiyini hiss etdi. Qəribədir, şairə cəlladın uzaqlaşması kədər gətirdi. Xaqani oturdu, o, heç bir şey görmürdü. Bir qədərdən sonra gözləri qaranlığa alışdı, həsiri seçdi. Divarlar, tavan görünmürdü, onlar da zirzəminin özü kimi qara rəngdə idi. Xaqani həsirin üstündə uzandı, ancaq tez də qalxdı, həsirdən bədəninə rütubət keçirdi. Dərviş xirqəsinə oxşayan üst geyimini çıxarıb, bir neçə qat bükərək altına qoydu. Ancaq bir azdan üşüdü, qızınmaq üçün durub gəzinmək istədi, iki addım atmamış divara dəydi. Xoşbəxtlikdən zərbə bərk olmadı. O, ayaqüstə durub atlanıb-düşməklə qızınmaq istədi, lakin bunu da eləyə bilmədi, zirzəminin tavanı çox alçaq idi. Xaqani oturdu. “Demək, sətəlcəm, sonra isə o dünyalıq olmaq üçün burada bir gecə qalmaq kifayət eləyər. Yaxşı ki, cəllad gecə həsir, keçə gətirəcək. Gətirəcəkmi?” – deyə fikirləşdi: “Qəribədir, cəlladdan imdad gözləyirəm, o cəlladdan ki, yüzlərlə günahkarı və günahsızı həyatdan məhrum eləyir”. Şairin xəyalı saraya uçdu, şirvanşahla baş vəziri, Şahqulu ilə Fəxri Saray gözləri önündə canlandı. “Bunların hansı cəlladdır? Şirvanşahın fərmanı ilə günahkar hesab edilən adamın boynunu vuran, kəndirə keçirən adam, yoxsa min cür fitnə-fəsad düzəldib günahsız adamı cəlladın baltasının altına sürükləyənlər? Cəllad, pis yol olsa da, bu yolla, cəlladlıq etməklə uşaqlarına bir parça çörəyin pulunu qazanır. O, bu çörəyi başqa iş də görüb qazana bilərdi, ancaq nə fərqi var ki... Həmzə olmasaydı, başqası olacaqdı, sarayın cəlladı olmalıdır. Bəs baş vəzir? Üzdə ağıl dəryası, müdrik görünən, ancaq hiyləgər olan bu adamın cəlladdan fərqi nədir? Ona heç kim “cəllad” demir, halbuki o, əsl cəlladdan da cəlladdır, günahsızların, zərər görəcəyindən qorxduğu adamların cəlladıdır. Bəs şirvanşah? O da cəllada yaxın adamdır. Baş vəzirdən bir fərqi var ki, o, ölümə göndərdiyi adamların çoxunun günahkar olmasına, ölümə layiq olmasına inanır. Bəs o bədəni əprimişlər, qarınları başlarında olan, adlarını şair qoyanlar? Onlara nə ad verək? Cəlladmı? Yox, onlar heç cəlladlığı da bacarmazlar. Onlar həşəratdırlar, ilandırlar, özü də xain ilan. İlan ilanlığı ilə ona dəyməyənləri, quyruğunu basmayanları vurmur”.

Xaqani dərin fikir-xəyal içində xeyli oturdu, vaxtın necə keçməsini hiss etmədi. Pillələri düşən ayaq səsi, sonra isə zirzəminin qapısının açılması şairi xəyal dünyasından ayırdı. O durdu. Gələn Həmzə idi. Həmzə gətirdiyi həsiri zirzəmidəki həsirin üstünə sərib, üstünə keçə saldı. O, iki keçə gətirmişdi. Həmzə dedi:

– Möhtərəm şair, keçənin ikincisini üstünə salmağa gətirmişəm. Səni sabah Şabrana aparacaqlar, burada bir gecə qalacaqsan. Şabran həbsxanası hər halda bu yaş, rütubətli zirzəmidən yaxşıdır.

Xaqani ona minnətdarlığını birdirdi. Həmzə gətirdiyi çırağı da qoydu:

– Bunu da sənə gətirmişəm, – dedi və əlavə etdi: – Bayaq məndən nə barəsindəsə rica eləmək istəyirdin. Buyur, qulaq asıram.

Xaqani üzünə çırağın zəif, titrək işığı düşmüş cəllada – Həmzəyə baxdı və soruşdu:

– Həmzə, ricamı deməmişdən qabaq səndən bir şey soruşmaq istəyirəm, cavab verərsənmi?

Həmzə etiraz etmədi. Xaqani davam etdi:

– Sualım sənə qəribə görünməsin, həm də qəlbinə dəyməsin.

Həmzə dinmədi. Xaqani soruşdu:

– Sən heç cəllada oxşamırsan, sənin ürəyin cəllad ürəyi deyil, sən hamıyamı belə mərhəmətlisən?

Həmzə şairin sözlərindən nəinki incidi, hətta gülümsündü də. Ancaq suala cavab verəndə ciddiləşdi:

– Yox, hamıya mərhəmətli deyiləm, – dedi və susdu.

Şair onun daha danışmaq istəmədiyini görüb öz ricasını demək istədi, ancaq ağzını açmamış Həmzə sözünə davam etdi:

– Möhtərəm şair, mən altı ildir ki, Şirvanşahların cəlladlarından biriyəm. Saraydan kənarda da cəlladlar var, ancaq mən məhz saraya düşməyə çalışmışam, arzuma nail olmuşam.

Xaqani fikirləşdi: “Demək, bu da mənim kimi saray həsrətində olmuşdur. Mənim nə üçün saraya can atmağımın səbəbi məlumdur, bəs bu, niyə?”

Cəllad əlavə etdi:

– Əvvələn onu deyim ki, cəlladların da arasında mərhəmətli adamlar az deyil, doğrudur, əsl başkəsənlər, ürəklərində bir zərrə rəhm olmayanları da var. Cəlladların bir qismi özləri istəmədən cəllad olub, bəxtləri belə gətirib.

Cəllad susdu, bayıra çıxdı, ətrafa boylanıb geri qayıtdı:

– Mənim sarayda cəllad olmaq istəyim sənə qəribə göründü, mən zəif çıraq işığında belə, bunu sənin üzündən hiss etdim. Səhv eləmirəm ki?

Xaqani başını buladı. Həmzə davam etdi:

– Bu, hamıya qəribə görünə bilər. Ancaq mən bir qəribəlik görmürəm. Mən bərdəliyəm, ailəm, üç uşağım, anam vardı. Bir gün yağılar Bərdəyə soxuldular, talan saldılar, mənim də evimi qarətə başladılar. Başçıları özünü çox təşəxxüslü aparan ağa idi. O, mənim gözəl arvadımı da aparmaq istədi. Arvad-uşağa toxunmasınlar deyə, talan zamanı onlara müqavimət göstərmirdim. Arvadımı dartışdıranda dözmədim, əlimə keçən baltanı ağanın başına endirdim, onu o dünyalıq elədim, talançılar qaçdılar. Mən onların yenə də qayıdacaqlarına əmin idim, ona görə də, uşaqları götürüb gizlənmək istəyirdim. Ancaq macal tapmadım, üstümüzə çoxlu yağı töküldü, anamı da, arvadımı da, uşaqlarımı da öldürdülər, mən də başımdan aldığım qılınc zərbəsindən yerə sərilmişdim. Onlar məni də ölmüş bilib getdilər. Haçandan-haçana özümə gəldim, gecə idi. Anamın, arvadımın, yaxud uşaqlarımdan heç olmasa birinin sağ qala biləcəyini zənn edib onlara yaxınlaşdım. Hamısı ölmüşdü. Həyətdə qəbir qazıb, hamısını bir yerdə basdırdım. Baş götürüb Bərdədən getdim. Ürəyimi intiqam hissi yandırırdı. Harada bir ağa, bir qoşun başçısı görürdüm, əllərim gicişirdi. Cəllad olmağı, padşah fərmanı ilə olsa da, onlardan beş-onunun boynunu vurmaqla uşaqlarımın, anamın, arvadımın intiqamını almağı qət etdim. Dedilər ki, rüşvət versən, cəllad ola bilərsən. Gecəni gündüzə qatıb pul yığmaqdan ötrü işlədim. Yığdım, baş vəzirə verdim, arzuma yetdim.

Həmzə sözünü bitirdi. Xeyli vaxt heç biri danışmadı. Nəhayət, Həmzə dərindən ah çəkib dedi:

– Mən gedim, görən olar, onda vay halıma.

O qalxdı, qapıya çatanda dedi:

– Möhtərəm şair, arxayın ol, ricana da can-başla əməl eləyərəm. Söylə...

– Şəhərə gedənlərin birinə tapşır, bizim evə getsin, mənim məhbəsdə olmağım barədə xəbər versin. Ancaq elə adama tapşır ki, evdəkiləri qorxutmasın, ehmallı desin.

Həmzə fikrə getdi və dedi:

– Vallah, elə bir adam bilmirəm. Özüm gedərdim, onsuz da, sabah şəhərə gedəcəyəm, ancaq...

Həmzə susdu, Xaqani bunun səbəbini başa düşdü. Həmzə onların qapısında görünməyə ehtiyat edirdi. Həqiqətən də, Həmzə bu barədə fikirləşirdi: cəllad hara, şairin evi hara?! O, Xaqaninin evinə girəndə hamının nəzərini cəlb edəcəkdi. Bu isə onun saraydan qovulmasına, bəlkə də, daha pis şeyə səbəb ola bilərdi. Həmzə hələ saraydan getmək istəmirdi, o, intiqamını alıb qurtarmamışdı. Xaqani bütün  bunları başa düşə-düşə:

– Niyə susdun? – deyə soruşdu.

Həmzə cavab verməyə çətinlik çəkdi:

– Nə deyim, vallah, bu iş məndən ötrü çox çətindir, – dedi, amma birdən-birə dəyişdi, sevincək əlavə etdi: – Yaxşı, eləyərəm. Necə də ağlıma gəlməyib, uşaqların anasını göndərərəm. Fikirləşmə ki, arvad xeylağıdır, işləri korlayar. Bizim arvad saraydakı kişilərin çoxundan ağıllıdır. Üç ildir evlənmişik. – Həmzə yenə susdu. Başını yerə dikib səsini alçaltdı: – Onun mənim sarayda nə iş görməyimdən xəbəri yoxdur. Bilsə, Allah bilir, neynəyər, nə tufan qoparar, lap iki uşağımı – iki yaşlı oğlumla altıaylıq qızımı üstümə atıb gedər.

Xaqani Həmzənin arvadının getməsinə razı oldu. Həmzə gedəndə dedi:

– Səni sabah aparmağa gələnlərə tapşırmışam, onlar özləri həsirləri, keçələri aparacaqlar. Şabrana öz atınla gedəcəksən, sonra qaytarıb evinizə gətirəcəklər.

Xaqani atının evlərinə qaytarılmasına razı olmadı. Həmzə atı saxlamağı öz üzərinə götürdü, şairlə xudahafizləşib getdi.

 

***

 

Xaqaninin həbs olunmasının səhəri günü Fəxri Saray Şahqulu ilə birlikdə sevincək Əbül-Ülanın yanına gəldi. Onlar qoca şairi bikef gördülər. Salam-kalamdan sonra Fəxri Saray dedi:

– Gördün lələşini, arxasını necə yerə vurdum?

Şahqulu narazı halda:

– Bilmirəm səndə nə adətdir ki, bir işi on adam da görsə, yenə öz adına çıxarsan. Əşi, axı bu işin mayasını mən qoydum. Şirvanşahın qulağına birinci pıçıldayan kim oldu? Sən, yoxsa mən?

Qoca şairin onları dinləməyə nə vaxtı, nə də həvəsi var idi. Ona görə də, səsini qaldırmalı oldu:

– Yaxşı. Deyin görək nəyə gəlmisiniz? Yıxdınız onu, qurtardı. İndi nə istəyirsiniz?

Şahqulu ona xas olan həyasızlıqla hırıldadı, uzun keçi saqqalını sığalladı və:

– Yox, usta, hələ yıxıb qurtarmamışıq. Onun ev-eşiyini külli-küf eləmək lazımdır – dedi.

Məlik-üş-şüəranın gözləri alacalandı. O, ağzını açmağa macal tapmamış onunla üzbəüz dayanıb sallaq bığlarını eşən Fəxri Saray dedi:

– Bəs necə? Düşməni axıra kimi əzmək gərəkdir. Gəlmişik sənin dalınca. İndi gedəcəyik baş vəzirin yanına, qoy adamlarını göndərib Xaqaninin evini alt-üst elətdirsin.

Əbül-Üla qışqırdı:

– Siz nə danışırsınız?! Heç bir günahı olmaya-olmaya dustaqxanaya saldırdınız, bəs deyil?

Bu vaxta kimi Əbül-Ülanı da özlərinin həmdili hesab edən Fəxri Saray acıqlandı:

– Ustad, nə “aldırdınız”, “saldırdınız” salmısan?  Nə əlini yuyub qırağa çəkilirsən? Belə çıxır ki, sənin bu işdə iştirakın olmayıb?

Qoca şair qışqırdı:

– Səsini kəs, haramzada! Mənim nə iştirakım ola bilərdi? – səsini alçaldıb öz-özünə danışırmış kimi davam etdi: – Görünür, təqsirkaram ki, sizin fitnə-fəsadınızın şahidi ola-ola şirvanşahı ayıq salmamışam.

Şahqulu dilləndi:

– Deyəsən, peşman olmusan, ustad, ancaq çox gecdir. Atalar yaxşı deyiblər ki, sonrakı peşmanlıq fayda verməz. – Fəxri Saraya göz vurub davam etdi: – İndi səninlə gedəcəyik baş vəzirin yanına. Fəxrinin dediklərinə əməl eləməliyik, Xaqaninin evini ələk-vələk eləmək üçün silahlı dəstə göndərtməliyik.

Əbül-Üla dinmədi. Fəxri Saray hırıldadı:

– Soruşa bilərsən ki, baş vəzir müsəlləh dəstəni Xaqaninin evinə nə adla göndərə bilər? Bax, bu lələşin buna da əncam çəkib. Demək lazımdır ki, Xaqani vətən xainidir, o, abxazlarla, sultanlarla, daha nə bilim kimlərlə yazışıb, namələri onun evində axtarmaq gərəkdir.

Qoca şair əsəbi halda:

– Elə bilirsən ki, baş vəzir də sən ağıldadır, buna inanar? – deyə soruşdu.

Şahqulu bərkdən güldü, Fəxri Saray da ona qoşuldu:

– Nə qəribə adamsanmış, ay kişi. Baş vəziri inandırmaq nəyə gərək? Biz ona bəhanə vermək istəyirik, vəssalam.

Fəxri Saray Şahquluya:

– Dur gedək, ustad həs verib, –  dedi və Əbül-Ülaya baxdı.

Qoca şair qışqırdı:

– Bəsdirin, heç olmasa, Allahdan qorxun!

Fəxri Sarayla Şahqulu getdilər. Heç bir saat keçməmişdi ki, onlar baş vəzirlə görüşüb məqsədlərini bildirdilər. Baş vəzir nəinki etiraz etmədi, Xaqaninin evində axtarış aparmağı ona məsləhət görmələrinə və bunun üçün tutarlı səbəb göstərmələrinə görə, ikisini də təriflədi və onlara hədiyyə verdi.

 

***

 

          Özünü olduqca pis hiss eləyən Əli Nəccar bu gün emalatxanasını lap tez - hələ günorta olmamış bağladı. Oğlunun həbsindən sonra xeyli qocalmış, beli əyilmiş Əli Nəccar yavaş-yavaş evə tərəf addımlayırdı. Saç-saqqalı tamam ağarmış, gözləri çuxura düşmüş Nəccar o qədər dərin xəyala dalmışdı ki, evlərinin yaxınlığında olsa da, həyət darvazalarının qarşısına toplaşmış izdihamın qopardığı hay-küyü eşitmirdi. O, qeyri-ixtiyari başını qaldırıb izdihamı gördüsə də, əhəmiyyət vermədi, irəliləməkdə davam etdi. İzdiham Nəccar kişini görüb sakitləşdi, aralanıb ona yol verdi. Əli Nəccar ancaq həyət darvazasına yetişəndə toplanmış izdihamın onun evinə dəxli olduğunu dərk etdi, canına qorxu düşdü. Yanında dayanmış qocadan soruşdu:

          – Hacı, bizdə nə hadisə baş verib ki, camaat belə yığışıb?

          Hacı dedi:

          – Qorxma, elə bir şey yoxdur. Padşah adamları sənin evində axtarış aparırlar.

          Əli Nəccar addımlarını sürətləndirib həyətə girdi, eyvana qalxdı, ev qapısını açdı. O, evin ələk-vələk olduğunu görüb özünü saxlaya bilmədi. Əllərini belinə qoyub hər yeri eşən, əllərinə keçəni döşməyə atan, döşəyi belə, yırtmaqdan çəkinməyən şah fərraşlarına göstəriş verən yüzbaşıya yaxınlaşdı, titrək əllərilə onun yaxasından tutdu, qapıdan bayıra sürükləyib eyvandan həyətə atdı. Bu, o qədər sürətlə baş verdi ki, fərraşlar öz başçılarını müdafiə eləyə bilmədilər. Onlar başçıları eyvandan atılandan sonra Əli Nəccarın üstünə düşdülər, onu itələyib yıxdılar, ayağa qalxmağa imkan verməyib təpiklədilər. Qoca Nəccarın təpiklər altında eşələndiyini görən Rəbiə, Xurşud, uşaqlar qışqırışdılar, bayırda dayanmış camaat həyətə doluşdu. Bu vaxt həyətdən yenə eyvana qalxmış yüzbaşı Əli Nəccarı təpikləyirdi. Qonşuluqda yaşayan sərrac Qasımın cavan oğlu eyvana sıçradı, çəlimsiz olmayan yüzbaşını həyətə tulladı. Əsgərlər sərrac oğlunun üstünə düşmək istədilər. İzdiham hərəkətə gəldi, onlar geri çəkildilər, həyətin ortasında uzanıb zarıldayan yüzbaşılarını götürüb getdilər. Yaralı yüzbaşı qapıdan çıxanda sərrac oğlunu, camaatı hədələməyi unutmadı:

          – Yaxşı, sizə göstərərəm, sərrac Qasımın oğluna da borc olsun.

          Hacı kişi camaata müraciətlə dedi:

          – Ay camaat, dağılışın, gedin evinizə, birdən üstünüzə qoşun tökülər.

          Hamı evinə dağılışdı, bir an içində həyət boşaldı. Dizlərini qucaqlayıb oturmuş Əli Nəccar həyətdə tək qaldı.

 

***

         

          Döşəmə rütubət idi, divarlardan su sızırdı. Xoşbəxtlikdən şeirin, şairin qədir-qiymətini bilən bir hami tapıldı. O, şairin altına, söykəndiyi divara həsir vurdurdu, ona döşək, mütəkkə, üstünə salmağa keçə göndərdi. O adam kim idi, Xaqani nə qədər çalışdısa da, dustaqxanadan azad olana kimi, öyrənə bilmədi. O adam hər həftə şairə yemək göndərirdi. Hamisinin onun görüşünə gəlməməsi Xaqaniyə qəribə göründü. Şair bilmirdi ki, o adam heç vaxt həbsxanaya gəlmir, gələ bilmir. Şabranda adlı-sanlı adamdır, padşah adamıdır, onunla görüşməyə ehtiyat edir. Həbsxanaya şeyləri həftədə bir adamla göndərir.

          İlk günlər rütubətdən çox əziyyət çəkən, gecələri soyuqdan yata bilməyən şair gözəgörünməz hamisi sayəsində nisbətən rahatlamışdı. Lakin həbsxana nəzarətçilərindən quru, özündən razı, arıq, uzun, eşməbığlı biri Xaqaniyə göz verib-işıq vermir, onu hər vəchlə incitməyə çalışırdı. O, şairin ayaqlarına zəncirli kündə vurdurmağı da unutmamışdı. Xaqani dar qəfəsdə yeriməyə çətinlik çəkirdi. Kündənin dəmir halqaları onun ayaqlarını kəsir, zəncirlər qıçlarını yara eləyirdi. Xaqani zəncirlərə baxanda böyük iztirab keçirirdi. O, həbsxanadan çıxandan sonra həbsdə olduğu günləri xatırlayanda deyirdi:

          – Bəbəklərim canımı üzən zəncirləri görməsin deyə, zəncirləri ətəklərimin altında gizlədirdim.

          Xaqaninin gizli hamisi burada da onun imdadına yetişdi, şairin ayaqlarını kündədən, zəncirdən qurtardı. Həbsxana xidmətçisi özündən böyüyün əmrinə əməl etməli oldu.

Günlər, həftələr ötüşür, şair üçün zaman acı, yeknəsəq keçirdi. O, yazmaq, ürəyinin qubarını kağız üstə tökmək, bu yolla bir qədər yüngülləşmək istəyirdi, ancaq dəfələrlə etdiyi xahiş nəticəsiz qaldı. Xaqani gizli hamisinə müraciət etməyi qərarlaşdırdı. Ancaq necə? Şair növbəti bağlamanı qəbul etməkdən boyun qaçırmağı, bağlamanı gətirəni görməyincə, onu qəbul etməməyi qət etdi. Belə də etdi. Doğrudur, o, gizli hamisini görə bilmədi, bağlama gətirən onun xahişini ağasına çatdırmağı boynuna götürdü və ertəsi gün qələm, mürəkkəb, kağız gətirdi. Xidmətçi onları qəbul etmədi, ancaq bu dəfə də gizli hami güclü çıxdı. Ertəsi  gün yazı ləvazimatını həbsxana xidmətçisinin özü gətirməli oldu.

Xaqaninin sevincinin hüdudu yox idi. O, bütün günü bardaş qurub oturdu, dizinin üstündə yazdı. Şair tez-tez bel ağrısından əziyət çəkib ayağa qalxmalı və gəzinməli olurdu. Ağrı keçən kimi, o, yenə oturur, yazıya girişirdi. Yazı-pozuya o qədər aludə olurdu ki, bəzən yeməyi də unudurdu. Xaqaninin yeni yazdığı şeirlər həbsxanadan şikayətlə dolu idi.

Şair Şirvanın vəzirinə məktub yazdı: “Baxma ki, sadə bir xarratın oğluyam. Nə olar ki... İbrahim Xəlil peyğəmbər də, onun atası Azər də dülgər olmuşlar”. Xaqani o həbsə alınan vaxt Gürcüstana gəlmiş Rum qeysərinə də məktub yazdı, ondan azad olunması üçün şirvanşaha dil yetirməyi xahiş etdi: “Zəmanə mənim ziddimədir, məni həbsxanada, zəncirdə saxlayırlar. Bu zəmanə alçaqların, yalançıların xeyrinə hərəkət edir. Mən günahsızam. Məryəmin möcüzələrinə xurma ağacı zamin olan kimi, mənim də təbimin bakirliyinə əsərlərim şahiddir. Hər tərəfdən mənə tənə ilə hücum edirlər. Mən nə özləri köməksiz olan Abbasilərdən, nə də bir-birləri ilə düşmən olan səlcuqlardan imdad diləyirəm. Sənə, Rum hökmdarı Qüstətinə aparılan yazımın hər kəlməsi hünüt olar ki, ölülər çürüməsin, dirilərə sürmə olsun”.

Günlər, aylar bir-birini əvəz edir, şair isə yazır, hey yazırdı... Təklik, kimsəsizlik, heç kimi görməmək, heç kimlə qonuşmamaq da şairi sıxırdı. Xaqanidə yenə gizli hamisi ilə görüşmək arzusu baş qaldırdı. “Madam ki, o, mənə hamilik edir, demək, şeiri başa düşür, onunla iki kəlmə danışmaq hər şeyə dəyər” – deyə fikirləşirdi. Ancaq hami gəlmədi.

Payız ötdü, qış gəldi. Təbiət ağ yorğanın altına girib dərin yuxuya getdi. Xaqaninin hamisi soyuqlar düşən kimi, şairə iki əlavə ağ keçə göndərdi – biri altına, digəri üstünə. Şair bütün qışı həbsxanada keçirməli oldu. Üzü yaza dönəndə gözətçi bir səhər ona xas olmayan gülər üzlə gəldi, qapını açıb Xaqanini salamladı və dedi:

– Şair, buyur çıx, səni yuxarıda gözləyirlər.

Xaqaninin ona heyrətlə baxmasından nə demək istədiyini başa düşən gözətçi gülümsünüb dedi:

– Yəqin, fikirləşirsən ki, bu quru, əzazil gözətçi nə əcəb gülür? Görəsən, gün haradan çıxıb ki, mənimlə belə mehriban danışır?  Dünənə kimi, sən şahımızın düşməni idin, mən də padşah adamıyam, demək, mənim də düşmənim idin. İndi fərman gəlib, səni dustaqdan buraxırlar. Demək, daha padşahın da, mənim də düşmənimiz deyilsən, sən də oldun padşah adamı, keçdin bizim sıramıza. Bundan sonra sən mənə pis sifət göstərsən də, mən sənə göstərmərəm, ixtiyarım yoxdur...

Şair gördü ki, gözətçi hələ çox çərənləyəcək. Ondan yaxa qurtarmaq üçün soruşdu:

– Fərman gəlib?

– Gəlib ki, səni buraxırlar da...

– Hanı fərman?

– Qalx yuxarı, orada səni gözləyirlər, fərman da oradadır.

Xaqani yığışdı, ilk növbədə, yazılarını götürdü, zirzəmini tərk etdi, altı pillə qalxıb həyətə, oradan altı pillə qalxıb eyvana çıxdı və gördüyü birinci qapını itələdi. Qapı açıldı. Otaqda iki nəfər var idi. Onlar ayağa durub Xaqaniyə əl verdilər. Kişilərdən biri yaşı yetmişi keçmiş yaşlı adam idi. Onun sinəsinə düşən saqqalında, qalın bığlarında, uzun qaşlarında, ağ keçə papaq qoyduğu başında bir dənə də qara tükün olmamasına baxmayaraq, üzündə qırış yox idi. Yalnız güləndə onun nurani sifətilə həmahəng olan gözlərinin kənarlarında və enli alnında çox da dərin olmayan qırışlar əmələ gəlirdi. İkinci kişi nisbətən cavan idi, yaşı əllini təzəcə keçmişdi, ancaq o, daha qoca görünürdü. Arıq sifətini saqqal örtsə də, yanaqları boyu çapığa oxşar qırışlar aydın görünürdü. Saç-saqqalı gümüşü rəngdə, baxışları qəmli idi. O, Xaqaniyə əl verəndə gözləri güldü:

– Səni görməyimə çox şadam, şair. Gözəl, xoşbəxt bir təsadüf məni bu şərəfə yetirdi. Şabrana bu gün gəlmişəm, səfərim uzağadır. Əmim Mahmudun qonağıyam. Sənin burada olmağını da mənə o dedi. Dustaqsanmış, xoşbəxtlikdən Allah şirvanşahın ürəyinə rəhm salıb.

Məbud – onun adı belə idi – sözünü bitərəndən sonra Xaqaninin əlini bir də sıxdı. Mahmud kişinin də gözləri gülür, sifətindən nur tökülürdü. O, əlində tutduğu şah fərmanını Xaqaniyə uzadıb dedi:

– Şirvanşah səni azad eləyir, özünü də təcili Şamaxıya – saraya çağırır. Fərmandan belə çıxır ki, əlahəzrət peşmanlıq keçirir.

Xaqani fərmanı gözdən keçirdi və Mahmud kişiyə dedi:

– Bağışla, mən sənin kim olduğunu bilmək istərdim.

Mahmud kişi gülümsündü:

– Mən şah xidmətçisiyəm, Şabranın şəhər rəisiyəm.

Xaqaninin içi qaynadı, ürəyində şirvanşaha qarşı təlatüm edən kin-küdurəti onun – şirvanşahın sadiq nökərinin üstünə tökmək istədi. Bir an içində şairdə əmələ gəlmiş dəyişikliyi kor da görə bilərdi. Xaqani gözlərini gizlətmirdi. Şəhər rəisi də, xüsusən, şirvanşahdan az çəkməmiş Məbud da bunun səbəbini tez başa düşdülər. Məbud dedi:

– Özünü ələ al, şair. Mənim başım çox çəkib, hamısı da dilimə görə, kim olmasına əhəmiyyət verməyib sözümü birbaş üzünə dediyimə görə. Deyəsən, sənin belə bir beytin də var ki, “dil insanın başına bəla gətirir, susmaq isə onu qurtarır”.

Məbud susdu, onu öskürək tutdu, dəsmalını ağzına dirədi, nəhayət, sakitləşdi və davam etdi:

– Bilirəm, sən də dilini saxlayan deyilsən. Belə çıxır ki, özün yazdığının əleyhinəsən?

Xaqani təmkinlə dedi:

– Mən demirəm ki, danışma. Mənim sözlərimin mənası aydındır. O sözlər baş dolandıranlara aiddir.

Nəhayət, şair özünü ələ ala bildi və şəhər rəisinə müraciət etdi:

– Mən ya bu gün, ya da sabah yola çıxacağam. Ancaq bir adam var ki, onu görməmişdən bu şəhəri tərk eləyə bilmərəm.

– Buyur de, çağırtdırım.

Xaqani:

– Bilirsənmi, mən onu tanımıram, üzünü görməmişəm. Mənə bircə o məlumdur ki...

Xaqani sözünün ardını gətirmədi. Şəhər rəisi:

– Niyə susdun, şair? Buyur, – dedi.

Şair söhbəti dəyişmək istəyib, “heç” dedi. Şəhər rəisi gülümsünüb dedi:

– Şair, demək istəyirsən ki, sənə bircə o məlumdur ki, o adam dustaqxanada səninlə əlaqə saxlayırdı. Demədin, ehtiyat elədin ki, o adama şəhər rəisindən ziyan yetişə bilər, eləmi?

Xaqani başını tərpətdi və dedi:

– Əlaqə saxlayıb demək düz olmaz. O adam olmasaydı, yəqin ki, mən indi sizinlə üzbəüz oturub söhbətləşmirdim, soyuqdan, rütubətdən, aclıqdan çoxdan tələf olmuşdum. Hələ onu demirəm ki, ayaqlarımdan kündəni açdırdı, yazı ləvazimatı göndərdi. Ancaq nə qədər çalışdımsa, onu görüm, mümkün olmadı, o, həmişə məndən qaçırdı. Görünür, o da şirvanşahdan qorxub.

Xaqani danışdıqca, şəhər rəisi gülümsünürdü. Şairin sözləri Məbuda da təsirsiz qalmadı:

– Dünya fani deyil, şair, yaxşı adamlar da var, ancaq qorxuram, onu tapa bilməyəsən.

Xaqani onunla razılaşmadı:

– Mən başqa cür fikirləşirəm. Ayaqlarımdan kündəni çıxartdırmağa qüdrəti olan adam adi, sıravi adam olmamalıdır, şəhərdə çəkisi olan adamlardan biri olmalıdır. Demək, onu tapmaq olar.

Məbud əmisinə baxdı, o isə gülümsünmükdə davam edirdi. Xaqaninin  nəzərləri daim onda idi.

Məbud əmisini yaxşı tanıyırdı, Xaqani yaradıcılığının əsiri olmasını da bilirdi. O gülümsünüb dedi:

– Bu, sənin işindir.

Şəhər rəisi dinmədi, ancaq o, gülümsünməkdə davam edirdi. Xaqani heyrətlə şəhər rəisinə baxdı. O, nəsə demək istəsə də, sarsıntı keçirən adam kimi danışa bilmirdi, sanki nitqi batmışdı. Nəhayət, o:

– Sənsən, əlbəttə, sənsən, şəhərdə daha ayrı kimin belə qüdrəti ola bilər?! – dedi və yerindən qalxdı.

Şairin ona tərəf gəldiyini görən şəhər rəisi də durdu. Xaqani əlini ona uzatdı, şəhər rəisi isə qollarını açdı, şairi bağrına basdı və pıçıldadı:

– Bağışla, oğlum, səni intizarda qoydum, görüşünə gələ bilmədim, gələ bilməzdim.  – O, Xaqanini qolları arasından buraxıb davam etdi: – Səbəbini məndən pis bilmirsən. Bayaqdan qardaşoğlum Məbud sənə sənin öz sözlərinlə cavab vedi. İndi mən də sənin sözlərini deyirəm: “Özünü təhlükədən uzaq etmək istəyirsənsə, şirvanşahın ayaqlarından öpməlisən, yaşamaq istəyirsənsə, Mənüçöhrü tərifləməlisən”. Neynəyək, onun ayaqlarına düşmürəm, tərifləmirəm, ancaq ehtiyat edirəm.

Xaqani dinmədi, şəhər rəisi oturdu, şairi yanında oturdub dedi:

– Şair, bilirəm, bu sözləri özün üçün deməmisən, ancaq sarayda ayrı cür mümkün deyil.

Xaqani dərindən ah çəkib dedi:

– Sarayda özümü qanadı qırılmış quş kimi dəmir qəfəsdə hiss edirəm. Bir yandan da rəqiblər və bədxah saray xadimləri mənim çəkdiyim ahı belə,  narazılıq əlaməti kimi şaha çatdırıb, necə olur-olsun, məni ləkələməyə çalışırlar.

Şəhər rəisi Xaqaninin sözlərinə qüvvət verdi:

– Saraylar həmişə belə olub. Mənüçöhrün atasının vaxtında da, elə Mənüçöhr taxta çıxandan sonra da bir neçə il sarayda olmuşam. Sarayda gördüklərim məni o qədər incitdi ki, axırı, şirvanşahdan məni başqa yerə işə göndərməyi xahiş etdim, o da məni Şabran şəhərinə rəis təyin etdi. Saray adamlarının sözlərindən baş çıxarmaq çətin işdir.

Xaqani başını tərpətdi:

– Düz buyurursan, saray fitnə-fəsad yuvasıdır, heç kimin dediyi sözlə əməlinin tutduğunu söyləmək olmaz, – dedi və özü də hiss etmədən özünə tərif söylədi: – Haqsızlara qarşı fəryad etməkdən dilim tükə dönsə də, mən dünyada hər sözdən tük çəkən söz ustası olmuşam. – gülümsünərək davam etdi: – Deyəsən, özümü təriflədim axı, təvazödən kənara çıxdım.

Şəhər rəisindən qabaq Məbud dilləndi:

– Lazımsız təvazö insana ziyan gətirir. Sənin dediklərin həqiqətdir, ləyaqətli şairsən, həqiqətən də, söz ustasısan, bunu heç kim, heç sənin bədxahların da inkar etmirlər.

Xaqani acı-acı gülümsündü:

– Eh, ləyaqətə kimdir baxan, ləyaqətin olub, var-dövlətin yoxdursa, bu ləyaqət mənasız ada bənzər.

Məbud dedi:

– Şair, səhv eləmirəmsə, bu fikri başqa cür də demisən.

Məbud şairin, “əgər zəmanəmizdə var-dövlətin yoxdursa, ağıldan nə fayda, ağıl kasıbın nəyinə gərəkdir?” deyən misralarını əzbərdən dedi.

Xaqani heyrətlə:

– Sənin yaddaşın heyrətamizdir! – dedi.

Məbud gülümsündü və:

– Lazımlı şeylərə yaddaşım pis deyil, – dedi və sağ əlini alnına, sinəsinə vurub: – Heç bilirsən burada sənin nə qədər sözün, şeirin var? – söylədi, əmisini göstərib davam etdi: – Mən o kişinin yanında yalanam, onunla mübahisəyə girişə bilmərəm.

Xaqani şəhər rəisinə baxıb:

– Çox dövlət də bir şey deyil, başa bəladır, – dedi və iki misra şeir oxudu:

 

Dövlət bənzər al şəraba, az içdinmi, ruh verər,

Çox düşərsə, ağlı pozar, yaradar min fəlakət.

 

Bu dəfə şəhər rəisi Xaqaninin iki misrasını dedi:

 

Kim dövlətlə, malla məğrur olarsa,

Atəş meydanında qarğı at çapar.

 

Xaqani yenə şəhər rəisinə baxıb başını tərpətdi və dedi:

– Bəli, yoxsulların, dünya malına əsir olmayanların mənəvi yüksəkliyini ancaq müqəddəs yazıların qaranlıq sirlərini başa düşənlər anlaya bilərlər.

Məbud dilləndi:

– İnsan yer üzünə mal-dövlət üçün gəlmir, xoşbəxtlikdən ötrü, səadətdən ötrü gəlir.

Xaqani Məbuda tərəf dönüb dedi:

– Elədir, dostum, elədir. Ancaq bu, mümkündürmü? Biz aləmdən səadət diləyirik, amma onun özündə o istədiyin yoxdur. Ay hilal vaxtında gündən-günə artıb gözəlləşdiyi halda, on iki bürcün biri olan Sərtən, əksinə, düşkünlüyə doğru gedir.

Xaqani qalxdı, şəhər rəisinə bir də dərin minnətdarlığını bildirdi, onu elə indi yola salmağı xahiş etdi. Şəhər rəisi Xaqanini bir-iki gün qonaq saxlamaq istədi, ancaq şair evə – uşaqlarının, arvadının, valideynlərinin yanına tələsirdi. Şəhər rəisi də bunu başa düşdüyündən, təkid etmədi. Xaqani yola çıxanda şəhər rəisi:

– Get, qarşına uğur çıxsın, Allah köməyin olsun, – dedi.

Xaqani onunla, Məbudla bir də görüşdü və bir rübai dedi:

 

Zənn etmə fələyin çərxi düzələr,

Ömür dolandıqca, artır dərdü-sər.

Fələyin başına, demə,  kül olsun,

Bir ovuc külə də dəyməz fələklər.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.