Günün ədəbiyyat adı – Alber Kamü Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Elə yazıçılarvarki, adları dünya ədəbiyyatınım qızıl fondunu təşkil edir. Onlardan biridir Alber Kamü (Albert Camus).

Dahi fransız yazıçısı, filosofu, jurnalisti, dramaturqu və esseistidir o. XX əsr dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri əsərlərində insanın həyatdakı məqsədi, azadlıq, ölüm, ədalət, mənəvi məsuliyyət, tənhalıq və həyatın mənası kimi mühüm mövzulara toxunub.

Bu gün Kamünün doğum günü, anadan olmasının 113-cü ildönümüdür.

 

Kamü xüsusilə absurd fəlsəfəsi ilə tanınır. Onun yaradıcılığında insanın mənalı həyat axtarışı ilə dünyanın bəzən mənasız və anlaşılmaz görünməsi arasındakı ziddiyyət mühüm yer tutur. Yazıçının əsərləri bu gün də dünyanın müxtəlif ölkələrində oxunur və öyrənilir.

Alber Kamü 7 noyabr 1913-cü ildə Fransanın o dövrdə müstəmləkəsi olan Əlcəzairdə, Mondovi (indiki Dréan) şəhərində anadan olub.

Atası Lüsien Kamü kənd təsərrüfatı işçisi idi. Birinci Dünya müharibəsi zamanı, 1914-cü ildə Marna döyüşündə həlak olub. Həmin vaxt Alberin cəmi bir yaşı var idi. Anası Ketrin Sintès-Kamü isə ispan əsilli, savadsız və eşitmə qabiliyyəti zəif olan bir qadın idi. Kamü uşaqlıq və gənclik illərini Əlcəzairdə, kasıb bir ailə mühitində keçirib. Ailəsinin maddi vəziyyəti ağır olsa da, o, təhsil almağa böyük maraq göstərib.

Məktəbdəki müəllimlərindən biri onun istedadını görərək təhsilini davam etdirməsinə kömək edib. Əlcəzair Universitetində fəlsəfə üzrə təhsil alıb. Lakin vərəm xəstəliyi onun təhsil və gələcək karyerasına müəyyən çətinliklər yaradıb. Kamü gənc yaşlarından ədəbiyyata, fəlsəfəyə və teatra maraq göstərib. Yazıçılıqla yanaşı, jurnalist kimi də fəaliyyət göstərib. 1930-cu illərdə teatrla məşğul olub, aktyor və rejissor kimi çalışıb.

Daha sonra jurnalistikaya başlayıb. Məqalələrində sosial bərabərsizlik, yoxsulluq, müstəmləkəçilik və insan hüquqları məsələlərini işıqlandırıb. İkinci Dünya müharibəsi illərində Fransada yaşayıb və faşizmə qarşı müqavimət hərəkatında iştirak edib. O, gizli nəşr olunan Combat qəzetində çalışaraq müharibə və siyasi hadisələr haqqında yazılar dərc etdirib.

 

Kamünün yaradıcılığı yalnız bədii ədəbiyyatla məhdudlaşmayıb. O, fəlsəfi esseləri və siyasi mövqeyi ilə də XX əsrin intellektual həyatında mühüm iz qoyub.

 

Ən məşhur əsərləri

 

1. Yad (L'Étranger, 1942)

Yazıçının ən məşhur romanıdır. Əsərin baş qəhrəmanı Merso adlı insandır. Roman insanın cəmiyyətlə münasibətlərini, laqeydliyi, ölümü və həyatın mənasını araşdırır.

 

2. Taun (La Peste, 1947)

Əsərdə Əlcəzairin Oran şəhərində yayılan taun epidemiyasından bəhs edilir. İnsanların qorxu, ölüm, fədakarlıq və həmrəylik qarşısında davranışları təsvir olunur.

 

3. Yıxılış (La Chute, 1956)

İnsan vicdanı, günah, məsuliyyət və özünüaldatma mövzularını əhatə edən fəlsəfi romandır.

 

4. Sizif haqqında mif (Le Mythe de Sisyphe, 1942)

Kamünün fəlsəfi düşüncələrinin əsasını təşkil edən əsərlərdən biridir. Burada həyatın mənası və absurd anlayışı araşdırılır.

 

5. Üsyankar insan (L'Homme révolté, 1951)

İnsan azadlığı, üsyan, inqilab, zorakılıq və ədalət məsələlərinə həsr olunub.

 

Digər tanınmış əsərləri:

- Kaligula (Caligula, 1944) – pyes.

- Anlaşılmazlıq (Le Malentendu, 1944) – pyes.

- Mühasirə vəziyyəti (L'État de siège, 1948) – pyes.

- Ədalətli qatillər (Les Justes, 1949) – pyes.

- Sürgün və səltənət (L'Exil et le Royaume, 1957) – hekayələr toplusu.

- İlk insan (Le Premier Homme, 1994) – yarımçıq qalmış avtobioqrafik roman.

 

Bu əsərlər Kamünün ədəbi irsinin əsas hissəsini təşkil edir. Alber Kamü 1957-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafat ona müasir dövrdə insan vicdanının problemlərini aydınlıq və ciddiyyətlə işıqlandıran ədəbi yaradıcılığına görə verilib. Həmin vaxt onun cəmi 44 yaşı olub. O, Nobel mükafatını alan ən gənc yazıçılardan biri olub.

Alber Kamü 4 yanvar 1960-cı ildə Fransanın Sens şəhəri yaxınlığında avtomobil qəzası nəticəsində həlak olub. Cəmi 46 yaşında dünyasını dəyişən yazıçının ölümündən sonra yarımçıq qalmış “İlk insan” romanı 1994-cü ildə nəşr edilib. Təkrar edirik, Alber Kamü XX əsr ədəbiyyatının ən mühüm simalarından biridir. \

Onun yaradıcılığı fəlsəfə ilə ədəbiyyatın vəhdətini nümayiş etdirir. Yazıçı insanın daxili dünyasını, mənəvi mübarizəsini, cəmiyyət qarşısındakı məsuliyyətini və azadlıq axtarışını özünəməxsus üslubda təsvir edib. Kamünün əsərləri bu gün də fəlsəfə, ədəbiyyat, sosiologiya və insan psixologiyası ilə maraqlanan oxucular üçün əhəmiyyətini qoruyur.

Azərbaycanda da Kamü yaradıcılığı çox sevilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.