“Ruhun pıçıltısı” Elnur Uğur Abdiyevlə Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Bu gün də bir şairdən "Ruhun pıçıltısı"-nı sizinlə birgə eşidəcəyək.

Beləliklə, qonağımız AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, pedaqoq, şair Elnur Uğur Abdiyevdir.

 

***

​Adın andımı ucaltdı,

Səs-səs, heca-heca, qadın!

Ey eşqi duru, dumduru,

Ruhu göytək uca qadın.

​Mən Novruz, sənsə səmənim

Həyat varlığı çəmənim!

Məhəbbətim Tanrım mənim,

Sən isə Tanrıça qadın!

​Sevgi sözünün şərhində,

Qurban olmaq var əslində.

Elnur Uğurun qəlbində,

Yerin daim uca, qadın!

 

***

Sevgilərin uduzduğu bu dünyada,

Səni sevdim!

Gözlərimin qarasında ey ağ adam,

Səni sevdim!

​Xəyalındır gül qoyduğum eşq heykəli,

Eşqin ətri sən yazılan sözdən gəlir.

Nolsun, məni sevdi çoxu, eh, mən dəli

Səni sevdim!

​Sən mənim əhya gecəmsən, adın həyat,

Sənsiz dodaqdan qaçırır dadın həyat!

Sənlə gülür gözlərimdə, qadın, həyat

Səni sevdim!

 

***

Anamın saçlarında,

Sinəsinin dağının qarı.

Anamın alnında

Övlad arzularının qırışları.

Anamın üzündə körpə qığıltıları

Hələ də gülümsəyir.

Anamın saçlarının ağı

Meydan oxuyur müdrikliyə.

Anamın alnındakı qırışlar

Tale yazılarını alıb mühasirəyə.

Bələyib sevgiyə adımı,

Bu dünyanın sığındığım ilk adamı-qadını

Ana!

Ondan o yana

Nə bir zirvə var, nə ucalıq.

Ömründən yeyə-yeyə ucaldıq.

Qocaldı

Arzularımızı bəsləyə-bəsləyə

Qocaldı özü istəyə-istəyə

Təki mən üzüqara oğlu xoşbəxt olsun deyə.

Bu gün onun gümüş saçlarında

Bu gün onun dərəyə düşmüş alın qırışlarında

Ütülənmiş gəncliyimi gördüm, ürkdüm!

Mən nə boyda yükdüm?

Ömrünü zülmət gecələrimdə şamtək əridən,

Ağrılarımı sevgisiylə kiridən

Ey ali qadın!

Çoxdan yıxılardı

Sənə söykənməsəydi adım!

 

***

Qadınlar kitab kimidir,

Sevməyə başlamadan,

Oxumağı bacarmalısan.

Detektiv romanlara bənzəməz qadınlar,

Bir- iki günə bitirmək həvəsilə

Oxumağa başlasan,

Elə ilk səhifədə yıxılacaqsan.

İnqilabi romanlara bənzəyir qadınlar,

Hər səhifəsində əzm var!

Başlayanda fəlsəfə ilə açılar ilk səhifə,

Sonra üz tutar təbiətə.

Sevgi yazar hər hərfini,

Bu kitabda səhifə-səhifə səhvini

Oxuyar kişilər.

Bəzən bir vərəqini oxumaz, ötürər,

Bitirəndən sonra anlayar ki,

Həmin ötürdüyü səhifədə bitəcəkmiş

Elə bu əsər.

Qadınlar kitab kimidir,

Nolsun, üzləri müxtəlifdir,

Müəllifi ki sevgidir,

Bu inqilabi əsərin!

Qadınlar kitab kimidir,

Oxuduqca anlayırsan dərin!

Yaşamağa səsləyir qadın həyatı.

Özü üçün yox,

Özgəsi üçün bəsləyir qadın həyatı!

Qadınlar

Elə buna görə inqilabi romandılar! 

Özləri üçün yaşamırlar.

Oxu,

Oxu,

Oxu!

Bu Allahın əmri deyil,

Bu qəlbinin səsidir.

Oxu,

Qadın

Tanrının ən böyük möcüzəsidir!!!

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.