Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Noyabr ayının 1-də, payızın mülayim bir vaxtında, "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı həmişəki ünvanda - "Şahənşah" restoranında keçirildi.
Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. Öncə məclis iştirakçılarını salamladı və tanınmış ədəbiyyat adamlarının bir arada olmasının poeziyaya olan sevginin bariz nümunəsi olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Yığıncaqda ilk olaraq söz fəlsəfə elmləri doktoru, tanınmış şair Arzu Kazımqızı Nehrəmliyə verildi. Arzu xanım tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra, Lənkərandan uzaq yolu yaxın edib gələn, AYB- nin üzvü, Prezident mükafatçısı, tanınmış ustad şair- qəzəlxan Əhməd Haqsevərə söz verildi. Şair belə məclislərin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və şeirlərindən bir neçəsini səsləndirdi.
Əhməd Haqsevərdən sonra söz tanınmış şair Vahid Çəmənliyə verildi. O da kövrək duyğularla yazdığı şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz iki "Divan" müəllifi, tanınmış bəstəkar, şair Hüseyn Sözlüyə verildi. Qocaman şair ədəbiyyatda keçdiyi həyat yolundan danışıb, şeirlərindən bir neçəsini səsləndirdi. Hüseyn Sözlünün çıxışından sonra AYB Xəzər bölməsinin üzvü, ustad şair- qəzəlxan Əşrəf Pirşağı tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı, şeirlərindən bir neçəsini səsləndirdi. Məclisdə maraqlı müzakirələr olundu, əruzun sirlərindən danışıldı. Səslənən şeirlər üzərində təhlillər və gərgin mübahisələr məclisə bir az da rəngarənglik, gözəllik gətirdi.
"Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı belə söhbətlərin ədəbiyyatımıza müsbət təsir göstərəcəyindən danışdı və məclisdə iştirak edən ədəbiyyat adamlarının hər birinə uğurlar arzuladı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.
“Ədəbiyyat və incəsənət”
(04.11.2026)


