Ülviyyə Əbülfəzqızı,
"Ədəbiyyat və İncəsənət" portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
Bu dəfə "Ruhun pıçıltısı" rubrikasının qonağı Banu Muharremdir.
Sizə şairin qəlbindən qidalanan, ruhundan süzülən bir neçə şeirini təqdim edirik.
BANU MUHARREM
9 YARPAQ ŞEİR
Aldanmaz ürək bir də sənin sevdana, get, get.
Heç etibar etməz belə bir dövrana, get, get.
İnsan deyilən məxluqun insanlığı olsa,
İnsan deyər insanlığadək insana, get, get.
Qəm çəkmə, ürək, dərd dayanıb xidmətimizdə,
Qəlbin qapısı yol verəcək leysana, get, get...
Eşq musiqisin telləri qəlbin çalar olsa,
Hisslər özü cəldlik verəcəkdir qana, get, get.
Çox yatma, oyan, aç qanad, uç yarıma sarı,
Get, get də xəyal, mən deyən ol ünvana get, get.
Tənhadı gecəm, lal gecəmin sübhü açılsa...
Bəlkə, gecələr tənha çəkildin yana, get, get.
Bihudədi Banu, eləmə canımı qurban,
Can qurban edən canana - candan cana, get - get.
***
Axşamdır, yol gedirəm.
Soyuqdur, xəstəyəm.
Həmin qaranlıq yoldayam.
Bax!
Bir yarım qalmış bəstəyəm.
Məndən başqa kimsə yoxdur bu yolda.
Səmaya baxmaq üçün dayanmışam.
Nə ulduzlar görünür, nə də itirdiklərim.
Nə də məndən xəbər götürdüklərin.
Mən heç onları da tanıya bilmədim.
Elə boğazımda düyün qaldı
Arzulayıb içimdə bitirdiklərim.
Gözlərinin içidəmi
yalandı?!
Qorxduğumuz dərd yetişib,
könlümüzə yamandı.
Nə dəyəri xatırladın, nə andı.
Səni gözəl xatırlayım?!
Yamandın!
Mən pozulmaz fərmandım.
Bəlkə də qəlbindən pozulmağıma az qalıb.
Ağlayıram, gücsüzəm.
Neynək?!
Zəriflik qadına yazılıb.
Zəiflik adına.
Hər nə qədər zülümsə,
sən güclü qal,
İttiham ol xətmimə!
Sən gülümsə.
Bu "Təbəssüm tarixinin" xətrinə.
***
Biz necə ayrılaq payız qabağı
Sonuncu yarpaq tək titrək düşərik.
Küləklər sovurar dənizlərdəki
xoşbəxt dalğalara uzaq düşərik.
Büdrəyər ayağın gilavar kimi,
İçimdə sən boyda məskən dağılar.
Zümrüd rəngindəki ayrılıqları
Göz yaşı dadına salma, nə olar?!
Soyuq baxışların yandırar məni,
Nə mən çox qəddaram, nə sən utancaq.
Qəhvə gözlərinlə durub göz-gözə,
Kölgəm sinən üstə döşənər ancaq.
Mən belə adamam, bu cür, üsyankar!
Yeni sirdaşınla könlün gülməsin.
Saxta nəfəsində gizli tut bizi.
Mənli keçmişini kimsə bilməsin.
Eşq birhecalı kəlmə kimidir,
Ayrı sətirlərə necə yazılar?!
Səni öz vüsalın əlimdən alsın,
İçimdə adına qəbir qazılar.
****
Mən arzuladım ol gözəl Allah əzə dərdim,
Dərd üstünə gəlməz eləsin həm təzə dərdim.
Şəkk eyləmə canım gözə gəldi, fəqət, əfsus.
Gəlsəm də gözə, bir kərə gəlməz gözə dərdim.
Yaxşı ki, qərar tutdu mənim dərd ürəyimdə,
Tutsaydı qərar yerdə, çıxardı dizə dərdim.
Qəlbim qapıdır sərginə, gəl aç, elə heyrət,
Sonsuzdu divar, varsa nə şəklin,bəzə, dərdim!
Çıxmışsa da ahım fələyə, faydası yoxdur,
Eylərmi əsər heç belə dərdbilməzə dərdim?!
Qəmdən uzağa, Banu, qaçıb-eyləmə heç də,
İnsaf elə bir, qoyma ki, bikar gəzə dərdim.
***
O körpə şəklin vare, hər baxanda, sanıram,
Bütün məsum baxışlı körpələr səndən keçir.
Onda yolun yoxuydu, qalmışdın döngələrdə,
İndi özün bir yolsan, döngələr səndən keçir.
Çox dolub, kövrəlmisən, sənlə dolan olmayıb,
Dərdinə güc gəlmisən, ömrün talan olmayıb.
Bilirəm, başın üstə kölgə salan olmayıb,
Böyüyüb Gün olmusan, kölgələr səndən keçir.
Ata, ana yox idi, üşüyürdün sazaqda,
Sənin uşaq ahın var, hər sahibsiz uşaqda,
Balaca kənd qızıydın, qalmışdın künc bucaqda,
İndi özün dünyasan, ölkələr səndən keçir.
Dönüb sənə baxanda öz dərdimə gülürəm,
Özümdən yol çıxmışam sənə tərəf gəlirəm.
Nə olar ki, ağlama onda elə bilirəm,
Hər körpəyə toxunan qəlpələr səndən keçir.
***
Ölürəm sanmayınız, mən desəm: "Ülfət harada?"
Bir ovuc kül olacaq atəşə taqət harada?!
Pulla cənnət olacaq - zənn eləyən fani cahan,
De, bu cənnət satılırsa, o ziyafət harada?!
Quru sözlər ilə sən bağladın eşqin kitabın,
Söylə sən, könlüm edər eşqə riayət harada?!
İz kimi qalmalıdır ləblərim üstündə adın,
Edəcək xeyli dua, böylə qiraət harada?!
Ürəyi boş yerə tərpətməz İlahi, bunu bil!
Hələ heyrətdə qalan ruha ədalət harada??
Məni eşqin tələsindən niyə azad elədin,
Görünübdür, deginən, böylə cinayət harada?
Ahu-zar içrə ömür getdi əlimdən havayı,
Təzədən eyləyəsən lütfi-inayət, harada?
Səni gördüm, bütün aləm bu gözümdən düşdü,
Varmı məntək vurulan, böylə məhəbbət harada?
Eşq elə şərqidi ki, ol sənə Haqdan gələcək,
O gözəl ağrıya, de, özgə nəqarət harada?!
Bir gecə qəlbimə en, sübhə qədər həmdəmim ol,
Banunun gözlərinə tilsimi-xilqət harada?!
***
Sərsəmi şübhələr qəlbindən itmir
Heç cür inanmırsan nə söyləsəm də.
Sənə gözlədiyin fürsəti versəm
Dəyişməz içini həzz, gözləsəm də.
Mənim ürəyim də indi yenidi
Uzaqlıq qəlbimə qış yetiribdi
Xoşbəxtdin? Deyildin? Özün bil indi
Heç mənim olmadın, ha gizləsən də.
Axan ulduzlarla süzürdüm hər gün.
Göylərin üzündə üzürdüm gülgün.
Gözümdən dağıldı sən adlı hörgüm
Özünü görmədin iz izləsən də.
Gecikdi, yağışlar yaman gecikdi.
Bir dərd gecikmədi,min eşq gecikdi.
Sənin sədaqətin səndən kiçikdi.
Qayıtma,nə qədər çox özləsən də.
***
Özümdən yıxılanda bircə kömək olmur heç.
Bax, necə də, izinsiz ürəyimdən keçirsən...!
Səni yol-yol axtaran gözümdən də özün keç.
Məsələ onda deyil.
Bir xəyal qurduğumda tökülür qırıqları.
Ən tükəndiyim yerdə, sən uzaqdan gör deyə;
məni məğrur gəzdirir qəlbimin sınıqları.
Məsələ o da deyil.
Bəzən bir məqam gəlir, ölüm qurtuluş olur.
Gecələrin birində sözünü tanımırsan.
Çox gəlirsən özünə; dözüm 'qurd işi' olur.
Onda 'məsələ deyil'.
Qış düşmüş çiyinlərə sevgi ayrı dərd olur.
Məzarlıqda bilirsən bütün çarəsizliyi.
Sevdiyin kəs anlamır məsələ o, həll odur.
Məsələ 'o'nda deyil.
Kimsənin sığmadığı ürəyimə sığırdı.
Mən bir 10 rəqəmiyəm, onsuzluq da sıfırdı.
Hamını yığ, vur o'na. Cavab yenə sıfırdı.
Məsələ 10-da deyil.
***
Dönüb düşdün dua üstə ovcuma.
Bir saralmış şəkil kimi qəfildən.
Ey çərçivəm, birləşməyin rəmzi tək,
Tam yaratdın bu yarımçıq səfildən.
Bir-bir tikdim sözlərindən saraylar
Hardan gəlsən gəl ömrümə, gül,ağla.
Hər nə etsəm min cür günah sayarlar
Ey şəhzadə, əsirinə gün ağla.
Qəribədir sənin üçün darıxmaq.
Göz asılır pəncərədən,dönür gün.
Demək budur uzağına toxunmaq?!
Ey yaxınım,uzun deyil ömür- gün.
Dalğalıdır mənim tale dənizim
Bənd oluram hər mövsümdə içimə.
Köksümdədir qarış-qarış hər izin
Ey xəritəm, sığışmıram ölçümə.
Sənə yazır şair könlüm, eşit,sən
Zirvə olub sənə qalxmaq çətindir.
Nə qədər ki gözlərimdə payız var
Qış gəlmədən yağışları keç indi.
“Ədəbiyyat və incəsənət”
(03.11.2026)


