Sovetlər dönəminin ən məşhur şairlərindən biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Rəsul Həmzətovun poeziyası – əsrin böyük hadisəsi, əsrin böyük möcüzəsidir. Onun anadan olduğu gün - 8 sentyabr bu avar oğlunun şərəfinə Rusiya Xalqlarının Dilləri Günü elan edilib. Bu günsə onun vəfatının növbəti ildönümüdür.

 

Öncədən onu deyim ki, Rəsul Həmzətovun sözlərinə bəstəkar Yan Frenkelin bəslədiyi “Durnalar” mahnısı – o mahnını ki, görkəmli azərbaycanlı müğənni Müslüm Maqomayev ifa edirdi – tarixdə müharibə şəhidlərinə həsr edilmiş əm gözəl mahnı hesab edilir.

Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açıb. Onun ilk müəllimi atası olub. Rəsul Həmzətov özünün ilk şeirini 11 yaşında yazıb. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olub. 1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdıb. Ancaq burada o, uzun müddət işləməyib. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləyib.

1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunub. 1945–1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunub.

Rəsul Həmzətov Dağıstan Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, "XX əsrin ən yaxşı şairi" beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O həmçinin Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükafların laureatıdır.

2003-cü ilin sentyabrın 8-də şairin 80 illiyində Rusiya prezidenti Vladimir Putin ona vətən qarşısındakı xüsusi xidmətlərinə görə, ölkənin ən böyük mükafatını bağışlayıb. Mahaçqala və Moskvanın teatr və konsert zallarında, həmçinin Sofiya, Varşava, Berlin, Budapeşt və başqa mədəniyyət mərkəzlərinin zallarında Rəsul Həmzətovun poetik gecələri müvəffəqiyyətlə qeyd olunub.

Öz doğma avar xalqının böyük oğlu olan Rəsul Həmzətov Dağıstan dağlarındakı kiçik Sada auluna da və bütün yer kürəsinə də eyni dərəcədə mənsubdur. Rəsulun poeziyası – əsrin böyük hadisəsi, əsrin böyük möcüzəsidir. Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr edib - Bakıya, neftçilərə, dəniz şəhərimizə və özü "böyük ustadım" deyə çağırdığı Səməd Vurğuna.

Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürüb, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşıb. Sirli sükut içində onunla danışıb söhbət edib, ondan sonra – sanki oğulluq borcunu yerinə yetirən sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanıb.

Rəsulun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib.

Arada bir anlaşılmazlıq da olub. Erməni millətçiləri onun fikrini konteksdən çıxararaq, guya, Azərbaycan əleyhinə danışdığını, Qarabağ münaqişəsində ermənilərin tərəfini tutduğunu piar ediblər. Amma ortada Həmzətovun Azərbaycana bağlılığı varsa, ermənilərləsə əsla bir əlaqə teli olmayıbsa, niyə onlara qahmar çıxsın axı?

Rəsul Həmzətov 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbiristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.