İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Xorxe de Sena (Jorge de Sena) — portuqaliyalı şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, esseist və tərcüməçi olub. O, XX əsr Avropa ədəbiyyatının mühüm nümayəndələrindən biri hesab edilir. Poeziyasında insan azadlığı, ədalət, siyasi təzyiqlər, sürgün, mənəvi məsuliyyət, tarix və insan taleyi kimi mövzulara geniş yer verilib.
Xorxe de Sena yalnız şair kimi deyil, həm də ədəbiyyatın müxtəlif sahələrində çalışan intellektual şəxsiyyət kimi tanınıb. Onun yaradıcılığı Portuqaliya ədəbiyyatını dünya ədəbiyyatı ilə əlaqələndirən mühüm nümunələrdəndir.
Xorxe de Sena 2 noyabr 1919-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində anadan olub.
O, uşaqlıqdan ədəbiyyata, tarixə, musiqiyə və incəsənətə maraq göstərib. Gənclik illərində mühəndislik təhsili alıb, lakin onun əsas maraq dairəsi tədricən ədəbiyyat, fəlsəfə və humanitar elmlərə yönəlib. Müxtəlif sahələrə marağı onun sonrakı yaradıcılığında da özünü göstərib
Sena Portuqaliyanın siyasi və ictimai həyatında baş verən hadisələrə biganə qalmayıb. Xüsusilə ölkədə mövcud olan avtoritar idarəçilik, senzura və söz azadlığının məhdudlaşdırılması onun dünyagörüşünə və əsərlərinə ciddi təsir göstərib.
Xorxe de Senanın həyat yolu əvvəlcə hərbi-dənizçilik sahəsi ilə bağlı olub. 1937-ci ildə Portuqaliya Hərbi-Dəniz Məktəbinə daxil olub, lakin 1938-ci ildə bu təhsilini davam etdirə bilməyib. Daha sonra Porto Universitetinin Mühəndislik fakültəsində inşaat mühəndisliyi üzrə təhsil alıb və 1944-cü ildə məzun olub. 1948–1959-cu illərdə Portuqaliyada mühəndis kimi çalışıb. Bununla yanaşı, ədəbiyyatla məşğul olmağa davam edib, şeirlər, hekayələr, tənqidi məqalələr və ədəbi araşdırmalar yazıb.
1959-cu ildə siyasi səbəblərə görə Portuqaliyanı tərk edərək Braziliyaya köçüb. Braziliyada universitetlərdə dərs deyib, ədəbiyyat sahəsində elmi fəaliyyət göstərib və 1964-cü ildə humanitar elmlər üzrə doktorluq dərəcəsi alıb. 1965-ci ildə Braziliyadakı hərbi çevrilişdən sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb.
Əvvəlcə Viskonsin Universitetində, daha sonra isə Kaliforniya Universitetinin Santa-Barbara bölməsində professor kimi çalışıb. Burada ispan və portuqal dilləri, müqayisəli ədəbiyyat və digər humanitar sahələr üzrə akademik fəaliyyət göstərib. Xorxe de Senanın həyatında siyasi hadisələr mühüm rol oynayıb.
O, Portuqaliyada Antonio de Oliveyra Salazarın rəhbərlik etdiyi avtoritar Estado Novo rejiminə qarşı çıxan ziyalılardan biri idi. Yazıçı söz və fikir azadlığını, insan hüquqlarını və demokratik dəyərləri müdafiə edirdi. Siyasi baxışlarına görə ölkədəki vəziyyətlə razılaşmır, yaradıcılığında da cəmiyyətdəki haqsızlıqları tənqid edirdi.
1959-cu ildə Salazar rejiminə qarşı uğursuz çevriliş cəhdində iştirak etməsi ilə əlaqədar təqib olunmaqdan ehtiyat edərək Braziliyaya gedib. 1964-cü ildə Braziliyada hərbi çevriliş baş verdikdən sonra burada da siyasi vəziyyətin dəyişməsi onu ABŞ-a köçməyə vadar edib. Beləliklə, həyatının əhəmiyyətli hissəsi doğma ölkəsindən uzaqda keçib.
Sürgün, vətən həsrəti, yad ölkədə yaşamaq və insanın öz kimliyini qoruması onun ədəbi yaradıcılığının əsas mövzularına çevrilib. Xorxe de Sena ədəbiyyata çoxşaxəli yanaşması ilə seçilirdi. O, yalnız şeir yazmır, həm də roman, hekayə, dram əsərləri, ədəbi tənqid və elmi araşdırmalarla məşğul olub. Onun ilk mühüm ədəbi nəşrlərindən biri 1942-ci ildə çap olunan «Perseguição» adlı şeirlər kitabıdır.
Bu kitabdan sonra Portuqaliya ədəbi mühitində tanınmağa başlayıb. 1940-cı illərdə «Cadernos de Poesia» adlı ədəbi dərginin ətrafında formalaşan yaradıcı mühitdə iştirak edib. Bu dərgi Portuqaliya poeziyasının inkişafında mühüm rol oynayıb. Senanın əsərlərində bir neçə istiqamət xüsusilə nəzərə çarpır:
- İnsan azadlığı: Fərdin öz düşüncələrini sərbəst ifadə etmək hüququ.
- Ədalətsizlik: Cəmiyyətdəki bərabərsizlik, zorakılıq və siyasi təzyiqlər.
- Tarix: Keçmiş hadisələrin müasir insanın həyatına təsiri.
- İncəsənət: Rəssamlıq, musiqi, heykəltəraşlıq və ədəbiyyat arasındakı əlaqələr.
- Sürgün və vətən: İnsanların doğma torpaqlarından uzaqda yaşaması və mənəvi bağlılıqları.
- İnsan təbiəti: Məhəbbət, qorxu, vicdan, ehtiras və mənəvi ziddiyyətlər.
Ən məşhur əsərləri
1. «Metamorfoses» (Metamorfozlar, çevrilmələr) (1963)
Şairin ən tanınan poeziya kitablarından biridir. Burada rəssamlıq və digər vizual sənət nümunələri şeirlərin əsas ilham mənbəyinə çevrilir. Tarix, insan taleyi və incəsənətin mənası araşdırılır.
2. «Os Grão-Capitães» (Böyük kapitanlar) (1976)
Hekayələr toplusudur. Əsərlərdə insan münasibətləri, hakimiyyət, zorakılıq, müharibə və cəmiyyətin mənəvi problemləri təsvir edilir.
3. «O Físico Prodigioso» (Möcüzəli həkim) (1977)
Fantastik və alleqorik xüsusiyyətlər daşıyan əsərdir. Burada məhəbbət, azadlıq, hakimiyyət, dini təsəvvürlər və insan təbiəti kimi məsələlər bədii şəkildə işlənir.
4. «Sinais de Fogo» (Od işarələri) (1979)
Yazıçının ən mühüm romanı hesab olunur. Əsər onun ölümündən sonra nəşr edilib. 1930-cu illərin Portuqaliyasında baş verən siyasi və ictimai hadisələr, İspaniya vətəndaş müharibəsinin təsirləri və gənc insanın mənəvi inkişafı romanın əsas mövzularındandır.
5. «Exorcismos» (Cinçıxarmalar) (1972)
Poeziya toplusudur. Şeirlərdə insanın daxili ziddiyyətləri, cəmiyyətin problemləri, siyasi hadisələr və mənəvi mübarizə diqqət mərkəzindədir.
6. «Arte de Música» (Musiqi sənəti) (1968)
Musiqiyə həsr olunmuş poeziya kitabıdır. Müxtəlif musiqi əsərləri və bəstəkarlar şairin poetik düşüncələri üçün ilham mənbəyi olub.
Xorxe de Sena dramaturgiya sahəsində də fəaliyyət göstərib. O, teatr üçün pyeslər yazıb, klassik və müasir ədəbiyyatın problemlərini araşdırıb. Ədəbiyyatşünas kimi xüsusilə iki böyük portuqal ədibinin yaradıcılığına diqqət yetirib:
- Luís de Camões – Portuqaliya klassik poeziyasının görkəmli nümayəndəsi.
- Fernando Pessoa – XX əsr Portuqaliya ədəbiyyatının mühüm simalarından biri.
Bundan başqa, ingilis ədəbiyyatının tarixi və nəzəriyyəsi, teatr, kino və incəsənət haqqında elmi məqalələr və tədqiqatlar hazırlayıb. O, müxtəlif dillərdən tərcümələr də edib, dünya ədəbiyyatının Portuqaliya oxucularına çatdırılmasına töhfə verib.
Xorxe de Sena 58 yaşında ikən 4 iyun 1978-ci ildə ABŞ-ın Kaliforniya ştatının Santa-Barbara şəhərində vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(02.11.2026)


