“Bir şair bir şeir” – İntiqam Yaşarın “Burası Təbriz” şeiri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərə çağdaş türk dünyasının sayılıb-seçilən gənc şairlərinin biri İntiqam Yaşarın şeiri təqdim edilir.       

 

İntiqam YAŞAR

BURASI TƏBRİZ…


"Saat 10 Burası Təbriz.

Güney Azərbaycan Cümhuriyyəti Günaydın, vətənim!.."


Təbriz radiosudur!

Ürəyimi Araza tutub dinləyirəm!

Ürəkmi dedim?

Eh...

İllərdir sabahlar necə açılır Arazdan o yana?

Bilən varmı?

İllərdir ruhumdakı ağrılara başımı qoyub yatıram.

Ağrılar oyaq.

Acılarım ayaqyalın küçələr dolaşır,

Anasız cocuqlar kimi.

Təbriz...

Ərkin1 üsyan qılıncı kimi sıyrılıb göy üzünə!

Mənim də kimsəm yoxdu Gülüstandan bəri...

Mən də yetiməm!

Mən də kürəyimi divarlarda isidirəm,

Başımı köksümə əymişəm!

Ana...

Ağrılardan sonra Azadlığa inandır məni!

 

Qeyd: 1-Təbrizdəki Ərk qalası

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.