“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəuşaq şeirləri təqdim edəcək. Hərdən uşaqları da yada salmaq lazımdır.
Pərvanə BAYRAMQIZI
DƏCƏL UŞAQLAR
Dəcəllər yenə bu gün.
Elə bil “əmr” alıblar: –
Uşaqlar, sökün, tökün!
Otağı qarışdırıb
Bir bax qabaqda gedir
Təkərləri maşından.
Robot tanınır ancaq
Yerdə qalan başından.
Məhsəti tapa bilmir
Gəlinciyin qıçını.
Nənə günahkar gəzir
Heç kim demir suçunu.
Oyuncaqlar küsüblər
İsmayıldan, Bəhluldan.
Hər şeyi sındırıblar
Qalıbdı təkcə fincan.
Fəridədir qoruyan
Qaqaşlardan güldanı.
Həvəslə gözləyir o,
Nənə gül qoyan anı.
Ən sevimli əyləncə
“Təkərli evdə” olur.
Nə uşaqlar doyurlar,
Nə də baba yorulur.
Dünya elə gözəldir
Babaya bu yaşında.
Gəzdirdikcə zövq alır
Nəvələri maşında.
QAR ADAM
Ovuc-ovuc topladıqca
Bəhlul balam yumşaq qarı,
Elə bil ki, seyr edirəm
Şirə çəkən arıları.
Qardan adam düzəltdikcə
Ürəyinə sevinc dolur.
Bu ayağı, bu da qolu
Adam daha necə olur?
Çöldə qoyub evə getmir
Fikirləşir: “üşüyəcək”.
Öz əlindən çıxarıb o,
Qar adama taxır əlcək.
“Ocaq qala, ata” – deyir,
“Qoy bu adam üşüməsin”.
Bu mərhəmət istisində
Yavaş-yavaş qar əriyir.
Kaş əriyib qartək bir gün
Pislik getsin yer üzündən.
Uşaq qəlbi çox böyükdür
Böyük dünyanın özündən.
DAMLA
Nənə yenə gedibdi,
Tələsir o, çatmağa.
Nəvə adət edibdi
Nənə ilə yatmağa.
Damla gülüb oynayır,
Nənəsini görəndə.
Daramağa qoymayır,
Saçlarını hörəndə.
Çəkir ciyərlərinə,
Ondakı gül qoxunu.
Özü ilə gətirib
Nənə şirin yuxunu.
QƏLƏBƏ
Qələbə nə şirinmiş –
Qaytaqrdıq Qarabağı.
Göz yaşıyla suladıq
Alovlanan torpağı.
Nənəm oyatdı məni:
– “Ayla, qızım, dur, ayıl,
Məhv etmişik düşməni
Azad olub Cəbrayıl.
Könüllərin körpüsü
“Xudafərin” bizimdir,
Qalib millət olmuşuq,
Əziz balam, biz indi.
Nənələrin göz nuru
Xalçalar yaddaşıdır,
Sərvətini talayıb
Qarı düşmən daşıdı.
“Divlər sarayı” günbəz,
“Qala bürcü”, kəhrizi.
Sinəsindən silinməz
Tarixdə qalar izi.
“Ədəbiyyat və incəsənət”
(26.10.2026)


