“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Qoca Xalidin yaradıcılığı barədə ədəbiyyatşünas Yəhya Abbasovun məqaləsi təqdim edilir.
YƏHYA ABBASOV
TƏRCÜMƏ DİLİNİN XƏLQİLİK TƏBİƏTİ
(Qoca Xalidin “Seçmə şeirlər” tərcümə kitabına bir nəzər)
Çağdaş dövrümüzdə elmin və texnologiyanın misilsiz inkişafı, ölkələrin, xalqların inteqrasiyası, dünya insanının maraq dairəsinin genişlənməsi incə bədii zövqün formalaşmasına xidmət edən tərcümə sənətinə də günün vacib məsələsi kimi diqqətlə yanaşmağı tələb edir.
Məlumdur ki, ədəbiyyatın bütün dövrlərində bədii tərcümə işinə ehtiyac duyulmuş və söz adamları bu ehtiyacı müxtəlif səviyyələrdə qismən ödəyə bilmişlər.
Tərcümə ədəbiyyatımızın ilk qaynaqlarından olan “Hədisi-ərbəin” (“Qırx hədis”) əsərində böyük Füzuli peyğəmbər əfəndinin qırx hədisini doğma dilə çevirməklə tərcümə işinin də qayğısına qaldığını və digər yaradıcılıq sahələri kimi tərcümənin də vacib olduğunu diqqətə çatdırmışdır.
Füzuli bəzən nəzəri müddəalarında tərcümənin sənət imtahanı, sınaq meydanı olduğunu da xatırlatmışdır. Bəlkə də, şair bu ədəbi təcrübə ilə özünün “taleyin yeganəsi” statusunu bir daha təsdiqləməyə çalışırdı.
Burada bədii tərcümə işinin çətin proses olduğunu uzun-uzadı sübut etməyə ehtiyac yoxdur. Əsas şərt tərcümə olunan sənətkarın əsərinin ruhunu doğma dildə təqdim etmək bacarığıdır. Tərcümə əsərində, xüsusən, şeirdə, dövrün, epoxanın ruhu ilə bahəm, ritmi və ahəngi o zaman duyulur ki, mətləbə çatmaq üçün seçilən dil vahidləri – sözlər döyüşdə öz əsgəri vəzifəsini yerinə yetirmiş olsun.
Gəlin etiraf edək ki, bu gün nəsrin, publisistikanın və elmi əsərlərin tərcüməsində qəbul edilməyən məqamlar varsa da, azdır. Lakin şeirin tərcüməsi haqqında nikbin danışmaq olmur.
Əslində, bizdə şeirin tərcüməsi daha çox oxunmalıdır. Çünki “kökü ulu qaynaqlara bağlı olan” (Qoca Xalid) poeziyamızın tarixi əsrlərlə ölçülür. Bizim xəmrəmiz şeirlə yoğrulub. Məntiqlə də, şeirin meydanı daha genişdir. Sosial şəbəkələrdə, mətbuatda, ədəbi yığıncaqlarda, hətta adi söhbətlərdə mövqeləri, fikirləri təsdiq və təqdir etmək üçün nəsrə deyil, şeirə müraciət edilməsi bu sənət növünün nə qədər populyar olduğunu göstərir. Bəs bu gün nəsr tərcümələrinin ədəbi meydanda tərcümə şeirlərini geridə qoymasının və boy göstərməsinin başlıca səbəbi nədir? Hətta ədəbi cameədə imzası o qədər məşhur olmayan qələm sahibinin də nəsr tərcüməsi daha artıq maraq doğurur.
Aydındır ki, sözün ən böyük imkanları: potensial mənası, vizuallığı, tələffüzü (səslənməsi), digər sözlərlə məna əlaqəsi yarada bilməsi bədii mətndə açılır. Bütün üslublarda adi, sadə dominant mənasında informasiya funksiyası daşıyan söz sənət əsərində sehrə, ovsuna çevrilir.
Günümüzün poetik tərcümələrində həmin səhv, ovsun çatmır. Əslində, istedad çatmır. Təqdim olunan tərcümələrdən sətri tərcümə qoxusu gəlir. Şeirlərin dilində şeirdən çox nəsrə yaxınlıq duyulur. Bu iradlar az-az hallarda və ötəri şəkildə müşahidə olunsaydı, fikrimizi bir neçə nümunə gətirməklə yekunlaşdırardıq. Vəziyyət kütləvi şəkil alıb və zəif tərcümələrin çərçivəsi daralmaq əvəzinə getdikcə genişlənir. Bu, həm də orijinalın müəllifinin oxucu auditoriyasını məhdudlaşdırmaqla bərabər, ədəbi tənqidin də mövzu qıtlığına gətirib çıxarır. Bədii mətn (şeir və ya nəsr) müzakirə predmetinə imkan yaradırsa, deməli, ilhamla yazılıb. Təhlilə cəlb oluna bilməyən yazılar isə ədəbi aləmdə və cəmiyyətdə maraq oyatmadığı üçün günün ədəbiyyatı “nominasiyasını” qazanır. Makulatura altında təfəkkür deyilən bir nəsnə tapılmadığı üçün ədəbi tənqid də haqqında yazmağa dəyərli bir nümunə tapa bilmir və susmağa üstünlük verir.
Şeirin tərcüməsi zamanı əsas şərtlərdən biri peşəkarlıqdır. Təsadüfdən təsadüfə ədəbi-bədii məkanda görünmək üçün heç yaradıcılıq potensialından xəbəri olmayan bir əcnəbi şairin zəif nümunəsini tərcümə edib altından imza atanlar da var və bu, ən azı, oxucuya hörmətsizlik nümayiş etdirməkdir. Peşəkar tərcüməçi isə tərcüməsinə öz orijinalından daha çox can yandırır.
Tərcümənin (xüsusən, poeziya materialının) keyfiyyətinə təsir edən amillərin içərisində tərcüməçinin tərcümə prosesində ruhi-mənəvi azadlığı və fiziki sərbəstliyi, doğma dilə sonsuz məhəbbəti, tərcümə elədiyi müəllifə və onun əsərinə dərindən bələdliyi, hətta orijinalın müəllifinin ictimai-siyasi və ədəbi mövqeyi kimi diqqətçəkən məsələlər vardır.
Qarşıdan möhtəşəm “Türk birliyi” dönəmi gəlir. Bu birliyə daxil olan dillərin sintaksisində kifayət qədər yaxınlıq və bəzi hallarda eynilik olsa da, lüğət tərkibində xeyli fərqlər mövcuddur. Düzdür, Türkiyə türkcəsindən dilimizə “tərcümə” ifadəsinə vaxtilə M.Ə.Sabir də gülmüşdür:
“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!
Bəs özbək, qazax, qırğız dillərində yazılan mətnlər Türkiyə türkcəsinin anlamını verməsə necə? Hələ mən etnik türk toplumlarından danışmıram. Yəqin, Krım türklərinin, çuvaşların, başqırdların və digər onlarca türk etnoslarının yaratdıqları ədəbi-bədii materialları tərcümə etməli olacağıq. O zaman biz buna “çevrilib”, “uyğunlaşdırılıb” yox, “tərcümə olunub” deyəcəyik.
Bəzən deyirlər ki, tərcüməçiyə ilham lazım deyil, istedad, bilik, bacarıq və təcrübə kifayətdir. Bu düşüncənin hardasa həqiqət tərəfi var, ancaq bütün məqamlar üçün bu fikri aksiom kimi qəbul etmək olmaz. Məgər inanmaq olarmı ki, N.Gəncəvinin “Leyli və Məcnun” poemasını S.Vurğun ilhamsız tərcümə edib? “İlhamın mayası eşqdir, vurğunluqdur. Sevgi ilhamın başlanğıcıdır”. Yəni öncə sevgidir-tərcüməçi əvvəlcə sevir, sonra seçir, doğma dilin şəhd-şivəsi ilə ona bəzək vurub təqdim edir. Xalqda da “sevib-seçmək” ifadəsi var. Hər hansı nəsnə seviləndən sonra seçilir. Bu sevgi və seçim materialın gözqamaşdıran zahiri parıltısından irəli gələn sevgi deyil. Bu, “ruhun vurğunluğudur”.
Əlimdə bir kitab var. Sevgi dolu bir qəlbin ilhamla ərsəyə gətirdiyi poeziya toplusu. Sözün müstəqim mənasında əsl poeziyanın odundan, işığından, möcüzəsindən soraq verən, sözün poetik rənglərini, məna qatlarını, sözün canındakı yenilməz gücü göstərən bir kitab.
Əlinə qələm alan gündən xüsusi dəst-xətti ilə seçilən və orijinal şeirləri ilə könülləri müsbət mənada zəbt edən görkəmli şairimiz Qoca Xalidin rus poeziyasından tərcümə elədiyi və oxucuların intizarla gözlədiyi “Seçmə şeirlər” kitabı çapdan çıxmışdır.
Kitabın məziyyətlərinə keçməzdən əvvəl bir faktı nəzərinizə çatdırım. Bu təsadüfdürmü, ya zərurətdirmi ki, yüz il əvvəl – 1913-cü ildə Abbas Səhhətin rus poeziyasından tərcümə kitabı nəşr olunur. Və yüz il sonra – 2013-cü ildə Qoca Xalidin rus klassik və çağdaş şairlərindən tərcümə elədiyi “Mən də cığır açdım” adlı sanballı kitabı çap olunur. Bəli, yüz illik yubiley nəşri. Bu kitab haqqında “Бакинский рабочий” qəzetinin 5 sentyabr 2025-ci il tarixli nömrəsində Qoca Xalidin verdiyi müsahibədə ətraflı bəhs olunmuşdur. Yüzillik yubiley nəşrini ona görə ayrıca vurğuladım ki, Abbas Səhhətin kitabı rus şeirinin dilimizə ilk tərcümə toplusu idi. Qoca Xalidin kitabı da müstəqillik dövrü ədəbiyyatımızın rus poeziyasından ilk sistematik tərcümə kitabıdır.
“Seçmə şeirlər” kitabına rus poeziyasından seçmə şeirlər toplanmışdır. Bu şeirlər adda-budda və nizamsız seçilməyib. Qoca Xalid bu tərcümələrlə rus poeziyasının ümumi mənzərəsi haqqında bütöv, dolu bir mühit və ab-hava yaratmışdır. Kitaba rus şeirinin diqqətçəkən əlvan sərgisi demək olar.
Qoca Xalid klassik rus şairlərindən Fyodor Tyutçevin, Afanasi Fetin, Nekrasovun, Sergey Yeseninin, eləcə də çağdaş poeziya nümayəndələrindən Vladimir Sokolovun, Anatoli Jiqulinin, Vladimir Kostrovun, Anatoli Peredreyevin, Vasili Kazantsevin, Nikolay Rubtsovun, Yuri Kuznetsovun, Vladimir Vısotskinin və başqalarının şeirlərini eyni şövqlə, eyni həvəslə tərcümə edərək rus poeziyasının müxtəlif dövrlərdə yaranan meyillərini və ideya-estetik baxışlarını göstərməklə yanaşı, dilimizin zəngin bədii ifadə vasitələrinin imkanlarını da diqqətə çatdırmışdır.
“Seçmə şeirlər” də toplanan şeirlər elə həqiqi, elə səmimi poetik nümunələrdir ki, onu duymadan, təsirlənmədən yanından saymazyana ötmək mümkün deyil. Fyodor Tyutçevdən verilmiş reallıqla romantik duyğuların qovuşma məqamını ifadə edən kiçik bir şeirin tərcüməsinə diqqət edək:
Ürək üçün yaşın - zadın nə fərqi?!
Bir də gördün, başa vurub sevgisi...
Parla, parla, ey axşamın şəfəqi!
Sönmə, sönmə, sən ey qürub sevgisi!
Hələ tamam qaralmayıb göyümüz,
Nurlanıbdı rəngi hələ bir az da.
Canımızda heyimiz var, heyimiz;
Qürub çağı, ləngi hələ bir az da.
Nə olsun ki, ta coşdurmur qan bizi?!
Sinəmizdə sönmək bilmir bu həvəs...
Sən ey qəmli qürub çağın sevgisi!
Bizdən ötrü həm qanadsan, həm qəfəs.
Hər gün hamının eşitdiyi və işlətdiyi ümumişlək sözlərin şeirdə düzülüşünə, sıralanmasına baxın. İnsan heyrətlənir, ürək riqqətə gəlir. Şeirdə “parla, parla”, “sönmə, sönmə”, “heyimiz var, heyimiz” kimi qüvvətləndirici bədii təkrirlərin işlənməsi emosiallığı qat-qat artırır. Adamın heç inanmağı gəlmir ki, şeirin orijinalı zövqümüzə bu qədər sığal çəkə bilsin. Bu şeir başqa dilə bu səviyyədə tərcümə oluna bilməz. Bu səviyyəni, bu ecazkarlığı əldə etmək üçün Füzuli, Vaqif, Sabir kimi ədəbi şəxsiyyətlərin ədəbi dilinin varisliyinə yiyələnməlisən. Şeirdəki güclü fəlsəfi ümumiləşdirmənin yüksək emosionallıqla çatdırılması bir tərəfdən dilimizin ifadə imkanlarının zənginliyi ilə bağlıdırsa, digər tərəfdən tərcüməçinin doğma dilə məhəbbəti ilə bağlıdır. Çünki bu şeirin sehri də, enerjisi də dilindədir. Ömrün payızında insanı çuğlayan qəfil sevginin həm fərəh, həm də kədər gətirdiyinin anlatımına tərcüməçi “həm qanadsan, həm qəfəs” təzadı yaradaraq maksimum dəqiqliklə nail olmuşdur. “Qanad-qəfəs” qarşılaşdırması yerinə düşən antiteza leksik vahidlərdir.
Qoca Xalid kitaba Afanasi Fetin peyzaj lirikasından maraqlı bir şeirinin tərcüməsini də daxil etmişdir. Şeir başdan-başa adlıq cümlələrin ifadə etdiyi ovqata köklənmiş tərənnüm əsasında qurulmuşdur. Bütöv şeirdə xəbər funksiyasını daşıyan bircə söz vardır. Axıra kimi sadalanan və bir-birini məntiqlə tamamlayan təbiət lövhələrinin verildiyi bu şeirin sonuncu sözü “yazdır” (bahardır) əsərə yekun vurur:
Bax, bu fərəhli səhər,
Gündüzün gur işığı.
Quşların sıx cərgəsi,
Qaqqıltısı, şux səsi,
Göylərin yaraşığı,
Bax, o söyüd, bu qovaq,
Göz yaşları, yaş yanaq,
Bağın yaşıl hasarı,
Gah palçığa, gah lığa
“Nəğmə” qoşan mığmığa,
Gülə yalvaran arı,
Gecə suyun avazı,
Kəndin təmiz havası,
Qaranlıqda dinən saz.
Bülbülün cəh-cəh səsi,
Sənin odlu nəfəsin;
Bunlar hamsı yazdır, yaz...
Şeirin tərcüməsində sevən aşiqin romantik məhəbbətinin cəmi bir epitet (odlu nəfəsin) və bir təşbehlə (nəfəsin yazdır) çatdırılması lakonikliyin minimum ifadəsinə xidmət edir. Tərcümə son dərəcə uğurlu alınıb. Şeirdə “mığmığanın palçığa nəğmə qoşması”, “arının gülə yalvarması”, “sənin odlu nəfəsin” ifadələri ilə şair baharda həyatın oyanışının fəlsəfi mahiyyətini məhəbbət fonunda aça bilmişdir.
Qoca Xalidin tərcümə şeirlərinin dil atributlarından söhbət açarkən onun poetik özünüifadəsinin mühüm bir cəhətini incələmək yerinə düşər. Şeirlərdə yaradılan alliterasiya (samitlərin ahəngi) və assonanslar (saitlərin ahəngi) emosionallığı artırır. Bu əlamətlər şeirin intonasiyasına xüsusi güc qatmaqla, tələffüzdə dalğa effekti yaradır və eşidilməyə əsaslandığı üçün şeirin yadda qalmasına da zəmin yaratmış olur. Ahəng dil faktoru kimi fikrin ifadəsini tənzimləyir. Samitlərin və saitlərin xüsusi ahəng yaradaraq şeirdə ilhamlı və təbii şəkildə düzülüşü gözəllik yaradır. Bunlar şeir dilinin çiçək ləçəkləridir. Lakin alliterasiyanın qeyri-təbii və zorla yaradılması şeirin məzmun yarımçıqlığına, eləcə də ideya istiqamətinin yaddan çıxmasına səbəb olur. Lap təcnis qoşan ustad aşıqlarımız da bir çox hallarda səslərin ahəngini qabardaraq mövzunun ünlü tərəflərinə diqqəti azaltmışlar.
Qoca Xalidin istər orijinalında, istərsə də tərcümələrində formaya aludəçilik hiss edilmir. Şairin alliterasiyaları da, qafiyələri də şeirdə estetik vəzifə daşıyır. Onun orijinal şeirlərinin biri belə başlayır:
Yoxdu yenə yol yoldaşım,
Qaş qaralır Qaşqacada...
Birinci misrada “y” samitinin və “o” saitinin, ikinci misrada “q” samitinin və “a” saitinin yaratdığı assosiasiya onun şairanə sənət dilinin mükəmməlliyindən xəbər verir.
Onun tərcümələrinin poetik dilində də bu cür ahəngdar düzülüşlərin yaratdığı-bədii məqsədə tuşlanmış məqamlar yetərincədir. Kitabda Sergey Yeseninin “Fars motivləri”ndən verilmiş bir şeirin tərcüməsinə diqqət edək:
Nə qaldı ki, əl atmayım daha, nə?
Məhəbbətdə hünərəmi tapınım?
Bəhanə də tapammıram, bəhanə,
Deyəm, niyə açammıram qapını;
Məhəbbətdə hünərəmi tapınım?
Nümunədə “m”, “n” samitlərinin və “ə” saitinin yaratdığı assosiasiya tərcüməni bədii-estetik kamillik zirvəsinə qaldırır. Eləcə də tərcümələrdə işlənmiş:
“Üzülə-üzüləcə üzücü qışdan çıxıb ...” – “ü” və “z” səslərinin”,
Gecə yanıb-tökülür,
Ta dan yeri sökülür.
Üfüq nura bürünür,
İlk şəfəqlər görünür,
Gün əzilib-büzülür,
Qəlbə fərəh süzülür. –
“ü” və “l” səslərinin harmoniyası zövq oxşayan xoş duyğular yaradır.
İstər orijinal, istərsə də tərcümə əsərində əsas obraz sözdür. Mətnin şəffaflığı, plastikliyi, eləcə də üslub əlvanlığı sözlər vasitəsilə təmin edilir. Böyük Füzulinin də:
Söz candır, əgər bilirsə insan,
Sözdür ki, derlər özgədir can –
deyəndə hər cür sözü yox, bədii sözü nəzərdə tutduğu heç kimdə şübhə oyatmır. Füzulidə cism – bədən, can – ruhdur. Ruhun da tərcümanı sözdür. Bədii mətndə mövzunun da, məzmunun da, ideyanın da gerçəkləşməsi sözün boynuna düşür və sözün tutduğu məqam hər şeydən üstün sayılır.
Tərcümə prosesində fikrin, düşüncənin, süjetin transferi məzmunla bağlı olur. Nəsrin tərcüməsində bu faktor daha qabarıq nəzərə çarpır. Hissin, duyğunun, ruhi-emosional məqamların transferi isə birbaşa lirikada ehtiva olunduğuna görə, daha çox zəhmət tələb edir. Bəlkə də, dünyada ən çətin şey duyğunun, hissin ifadəsini tapmaq, daxilində tüğyan edən ruhsal düşüncələri sözə çevirməkdir. Lap adi məişətdə belə, fikri, hadisəni başqasına çatdırmaq o qədər də çətin deyil, duyğunu isə özün yaşayırsan və onu istəsən də başqasına olduğu kimi çatdırmaq olmur. Qoca Xalid özü lirik şairdir, tərcümələri də lirik şairlərin lirik şeirləridir. Bu tərcümələri oxuyanda düşünürsən ki, yəqin Tanrı bu dili bizə bəxşeyiş, ərməğan göndərib. Onun tərcümələrində dilin ecazı, təntənəsi parlaq görünür və bədii söz bütün gücünü, dəbdəbəsini göstərə bilir. Çünki mətnlərdə addımbaşı dilimizin yüksək mədəni səviyyəsi boy göstərir. Dilin üstündə gərgin iş getdiyini nümunələrdən görmək olar:
Qoy əzilsin çiçəklər
atın dırnağı altda,
Diksinən söyüdlərin
qəddini əysin kədər.
Belə anda gözümdə
şirinləşir həyat da,
Bir qızla görüşümdən
duyduğum sevinc qədər.
Nikolay Rubtsovun “Kənd axşamları” şeirindən verilmiş bu parçada real, təbii kənd mənzərəsi ilə hissin çulğalaşması anı Qoca Xalidin tərcüməsində ideal ifadəsini tapır. Və yaxud Sergey Yeseninin bu şeir parçasındakı romantikanı bundan gözəl ifadə etmək olarmı?!
Dünyaya gəldinmi, sev-sevil, yarat,
Gəl, necə varsansa, görün eləcə...
Çağla, ey sakitcə çağlayan həyat,
Uzandıqca uzan, ey sərin gecə!
Ədalət naminə deyək ki, bu şeirlərdən tərcümə qoxusu gəlmir axı! Bunlar “ana dilində diri doğulub yaşamaq hüququ qazanan” (Ramiz Rövşən) bədii cazibədar örnəklərdir.
Tərcümə işində oxucu ilə təhqiqatçı mütəxəssisin axtardığı ayrı-ayrı şeylərdir. Oxucudan ötrü əsərin verdiyi zövq maraqlıdır. O, oxuduqlarının həzzi ilə yaşayır. Təhqiqatçı isə üstəlik, tərcümənin orijinala maksimum yaxınlığını, janr xüsusiyyətlərini, ideyasını və digər nəzəri məsələləri də axtarır. Qoca Xaliddə həm oxucu, həm təhqiqatçı üçün yararlanmağa hər cür normativlər kifayət qədərdir. Onun tərcümələri dilimizin nailiyyətidir. Məsələn, tərcüməçi V.Vsotskinin yumor dolu ironik təfəkkürünün bütün cizgilərini qabarıq şəkildə çevirə bilmişdir. Çoxlarına məlumdur ki, V.Vsotski quruluşun, epoxanın eybəcərliyini gur səslə hayqıran nəğməkar şair idi. Qoca Xalid onun şipşirin yumorlu şeirlərini oxucunun ləzzət alacağı şəkildə tərcümə etmişdir. Vsotskinin bənzərsiz üslubu, poeziyasında qaldırdığı problemlər təhqiqatçı alimlər və ədəbi tənqid üçün də zəngin məxəz ola bilər. “Mənim dostum” şeirinin tərcüməsinə diqqət edək. Şeirdə harınlamış məmurun ölkəni çapıb-talaması bir yana, qonşuluqda da yaramazın biri olduğu vurğulanır. Tərcüməçi böyük ustalıqla Vsotskinin çətin üslubunu olduğu kimi saxlamış, onun üsyankar ruhunu çatdıra bilmişdir:
Başım çıxmır, bu nə olmaq istəyir?
Gecə-gündüz çalıb-çapır ölkəni.
Məndən yaxşı yaşamağı bəs deyil,
Bir yandan da qılınclayır kölgəmi.
Di yol göstər mən yazığa, bədbəxtə,
Baxarsanmı bir qıraqda sən durub?
Dünən oğlu gəlib, bizim mətbəxdə
Olan-qalan qab-qacağı sındırıb.
İndiyədək neyləyirdi, dözürdüm...
İndi budur, qoçulanır gədəsi!
“Paxıl!” – deyir, paxıl onun özüdür;
Canı çıxsın, qoy haqqımı ödəsin!
Var-dövlətə qərq olubdu o tülkü,
Pul tapmıram mənsə araq almağa...
Eybi yoxdu! Onu elə ütüm ki,
Tövbə etsin mənlə qonşu olmağa!
Qoca Xalidin V.Vsotskidən elədiyi tərcümələr haqqında dövri mətbuatda müxtəlif fikirlər söylənmişdir. Bu fikirlər hər şeydən əvvəl tərcümələrin misilsiz keyfiyyəti ilə bağlı yaranmışdır. Hər iki sənətkarın xarakter yaxınlığına münasibət bildirənlərin arasında Ramiz Rövşənin və tənqidçi İlham Abbasovun da söylədikləri maraq doğurur. Vsotski ilə Qoca Xalidin ruh yaxınlığına şübhə yeri yoxdur. Bəlkə hələ, Qoca Xalid daha üsyankar şairdir. Sadəcə olaraq, Vsotskinin üsyankarlıq göstərmək, xalqın dilə gətirə bilmədiyi narazılığı uca səslə hayqırmaq üçün auditoriyası geniş və mənsub olduğu xalqın milli xarakteri idi. Qoca Xalidə gəlincə, qələm yoldaşları arasında zahirən sakit görünən şairin barışmazlığından xalqının xəbəri var.
Boz ədəbiyyatın oxucunun gözünü yorduğu, kütlənin zehnini döyənək elədiyi, şagird balalarımızı şeirdən küsdürdüyü və ədəbi-bədii medianı zəbt etdiyi çağdaş günümüzdə qonaq-qara qabağına çıxarılası sistemli bir tərcümə kitabının ərsəyə gəlməsi xalqın ədəbi zövqünün keşiyini çəkən istedadlı, yaradıcı ziyalının da var olmasından xəbər verir. Qoca Xalidin “Şeçmə şeirlər” kitabına hansı yöndən baxsan, sözün estetik gücünə tapınma görəcəksən.
Söz sənətində frazeologizmlər, dilin idiomatikası bədiilik meyarının tərkib hissəsi kimi meydana çıxır. Şeirin insan ruhuna, zehninə daha tez yol tapması üçün frazeologizmlər tükənməz bir xəzinədir. Bu ifadələr bütün xalqın metaforik təfəkkürünün məhsulu olduğu üçün bədii məhsulun dadını, duzunu, ürəyəyatımlığını təmin edir. Xalq bu deyimlərə zaman-zaman həyata baxışını, dünyagörüşünü, mental dəyərlərini hopdurduğuna görədir ki, bədii fikri daha dəqiq və sərrast ifadə edir. Qoca Xalidin tərcümələrində idiomların işlənmə tezliyi heyrət doğurur, az qala, dominantların sayı qədərdir:
“Tökdü zəhləmizi milçək avazı ...”
“Bu uşaq dilini qarnına qoymur ...”
“Dilə tutdum sel-suyu...”
“Neyləyirsən, qəlbini qəm didəndə?”
“Qəlbinə nəsə damıb”.
“Eh dərdimi kimə açım?”
“Əşi, dəyməz sənlə əngə verməyə!”
“Əldən versək bu şahmatın taxtını...”
və sair könül oxşayan fraza-ifadələr tərcümələrin keyfiyyətini yüksəltdiyi kimi, şairin (tərcüməçinin) fərdi üslubunun, sənətkarlıq fəaliyyətinin göstəricisi kimi də əhəmiyyət kəsb edir.
Qoca Xalidin orijinalında da, tərcümələrində də sözə həssas münasibəti, bədii dil materialına diqqəti oxucu intuisiyası ilə duyulur və yaddaşlara ötürülür. Tərcümələrdə şəhərin səsli-küylü həyatını “sancılır beyninə təkər səsləri”, küləyin şiddətini göstərən “haray çəkib qışqırır acı-acı təbiət”, ayın parlaq şöləsi üzünə düşərkən “otun da, kolun da gözü qamaşır”, axşamın düşməsini “günəş tellərini yığışdırıb getdi”, yaşa dolduğunu “elə yeyin ötdü ömür karvanım”, havanın soyuqluğunu “çovğun da şilləsini çəkir üzümə hərdən”, vətən həsrətini “məndən ötrü milçəyin zəhlətökən nəğməsi də xoş idi”, yel əsəndə ağacların səsini “yel kökləyib meşə boyu sazını”, gecənin sakitliyini “qaranlıq önündə hər şey baş əyib” kimi məcazlar yüzlərcədir və bədiiliyin təqdimatı üçün fərdi orijinal mühit yaradır.
Ağbirçək nənələrimizin, vəfa, sədaqət timsalı gəlinlərimizin, qızlarımızın toxuduqları xalçalarda ilmələr necə birləşir, butalar, naxışlar necə düzülür, bəzəklər sənəti necə yaradır? Rəssam, heykəltaraş, xalçaçı, memar, bəstəkar həyatın bir anını, özü də donmuş anını göstərə bilir. Söz sənəti isə xalçanın ilmələri kimi sözləri bir-birinə toxuyaraq həyatın min bir anını göstərməyə qadirdir. Çünki həyatın hər anının, hər çalarının öz sözü və öz ifadəsi olur. Hətta bəzən dialekt sözlər də bədii mətndə ədəbi dilin sözləri ilə isinişib, dostlaşıb, qovuşub fikrin ifadəsinə xidmət edir. Qoca Xalidin tərcümələrində yeri düşdükcə dialekt sözlərin işlənməsi bədiiliyin ifadəsinə müsbət təsiri ilə yadda qalır. “Çöl-çös, ötərməş, beyqafıl, taxsır, tamahsına-tamahsına, dar axşamüstü, urvatdı, çeşd, mayıf” kimi eldə-obada canlı dildə işlənən bu sözlərin bədii dilə gətirilməsi ehtiyacla bağlıdır. Şeirləri oxuduqca hiss olunur ki, həmin sözləri ədəbi dildəki hər hansı sözlə əvəz etsən, fikrin və ritmin pozulması ilə nəticələnə bilər. Xalqın danışıq dili “xammal”dır və bu “xammal”dan nə qədər məhsul istehsal olunsa, ədəbi dil də o qədər fayda götürər. Ola bilsin ki, bu gün ədəbi-bədii dildə gen-bol işlənən sözlərin çoxu əsrlər boyu xalq dilindən keçən sözlərdir. S.Vurğun da “qəlbi”, “sayrışmaq” kimi dialekt sözlərini bədii dilə gətirməklə onun imkanlarını genişləndirdi.
Tərcümələrin qafiyə sistemi ayrıca bir söhbətin mövzusudur. Əslində, istedadlı şairlərin öz qafiyələri olur. Mənə elə gəlir ki, qafiyəsinə baxıb şairi şairdən seçmək olar. S.Vurğunun qafiyələri M.Hadininkinə, M.Arazın qafiyələri Cavidinkinə, Ə.Kərimin qafiyələri Qabilinkinə az bənzəyir. Bu, klassikada da belədir. Nəsiminin qafiyələri Füzulininki ilə eyni deyil. Sabirin qafiyələri isə bambaşqadır. Deməli, qafiyə yaradıcılığı şairin üslub aktı kimi qəbul oluna bilər.
Tərcüməçi kitabda qafiyənin bütün növlərindən – tam (zəngin) qafiyə, natamam (yoxsul) qafiyə, daxili qafiyə və qulaq qafiyəsindən uğurla yararlandığını nümayiş etdirib. Onun həm gözümüzü, həm də qulağımızı sığallayan gözlənilməz və qeyri-adi qafiyələri şairin ruhundan süzülən ecazkar bəstələrdir. Bu təkrarsızlığı və rəngarəngliyi ilə zövqümüzü oxşayan qafiyə ordusunun içində diqqətimi ən çox cəlb edən qulaq qafiyələri oldu. Üstəlik də, elə bil kitabda şairin digər qafiyələri ilə qulaq qafiyələri bəhsə giriblər. Şeirin birində zəngin qafiyə çoxdursa, başqa bir şeirdə qulaq qafiyəsi daha artıqdır. “Qucub-ucu, bahar-par-par, üzgün-güzgü, bir gün-bürkü, atı-yatıb, peşəm-düşən, meşədə-beşi də, quşam-axşam, bayaqdan-bu haqda, duru-sındırır, mənzərə-bezərəm, söyüdü-böyüdüm, küsənir-kilsəni, lil basıb-dünyası, buludu-unudum” kimi yaxşı mənada adamı çaşdıran (əslində, qəlbi sevindirən) qafiyələr şeirlərdəki həzinliyi də, sərtliyi də, mətnin estetik həzzini də çatdırmaq üçün vasitə rolunu oynayır. Bu qafiyələr şeirlərin intonasiyasında xidməti vəzifəsini yoxsul və zəngin qafiyədən daha effektli yerinə yetirir.
Qoca Xalid tərcümə sənətinə zərurət kimi, mütləq bir tələbat kimi baxır. Odur ki, şeirlərin özündə bir yaddaqalma istəyi, insana canatma arzusu var. Bu tərcümələr canlıdır, insan kimi həyəcanlanır, sevinir, oxunmaq üçün darıxır, yaddaşlara köçmək üçün çırpınır, tələsir, döyüşür. İnsan bu poeziyada özünə bir yaxınlıq, munislik duyur. Oxuduqca rahatlaşırsan, dincəlirsən, sanki komfort bir ovqatın içindəsən. Əvvələn, ona görə ki, Qoca Xalidin tərcümə elədiyi müəlliflərin çoxu vətənimizə böyük rəğbəti olan şairlərdir. Nikolay Rubtsovun “Məktubuna cavab” şeirində qəlbi azərbaycanlı oğlanın eşqi ilə döyünən rus gözəlinin həsrəti ifadə olunmuşdur:
Bilsəydim gedirsən Azərbaycana,
Yaxşı yol deyərdim heç olmasa mən.
Yuri Kuznetsovun “Nizaminin kölgəsi” şeirində dahi şairimizə verilən qiyməti görəndə qəlbimiz fərəhlə döyünür:
Baxdıqca od tutub alışan yerə,
Qəlbimə qorxunun ləkəsi düşür.
Şairlər istidən qaynaşan yerə,
Birdən Nizaminin kölgəsi düşür.
Bu boyda kölgəyə dünya yerləşər,
Cılız kölgəmizdən sarsılırıq biz.
Nizami qəlbini açır günəşə,
Onun kölgəsinə qısılırıq biz.
Belə misraların sayını istənilən qədər artırmaq olar.
Həmişə və hər yerdə vurğulanır ki, xalqı xalq eyləyən onun doğma ana dilidir. Elə isə, niyə fikrimizi ana dilində pəltəkləmədən (Ramiz Rövşən) çatdırmaq istəmirik? Ədəbi-bədii mediada dayazlıq at çapır. Tərcümə lap bərbad gündədir. Bədii yaradıcılığın tərcümə qədər xaos içində çabalayan başqa növü yoxdur. Tərcümə bazarında yağla şora, yaxşı ilə yamana, yağlı və yavana fərq qoyulmur. Ədəbi tənqid yaxşıya yaxşı, pisə pis deməkdən niyə qorxur, görəsən? Axı bərbad tərcümə üç istiqamətdə zərbə vurur; orijinalın müəllifini gözdən salır, oxucunun zövqünü korşaldır və tərcüməçinin savadına şübhə oyadır. Vaxtilə böyük Sabirimiz də zəif tərcümələri və istedadsız tərcüməçiləri amansız şəkildə qamçılayırdı. Məşhur bir taziyanəsində:
Öylə bir tərcümə kim, ruhi - Şekspir görcək,
Ağladı ruhi – Otelloyla bərabər özünə,
“Ax, mütərcim!” deyə bir odlu tüfürcək atdı,
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə.
– deyə yararsız tərcümə müəllifinə acı-acı gülür, hətta onu təhlükəli əməl sahibi kimi təqdim edir. Göründüyü kimi, ədəbi ictimaiyyətin aydınları zamanında bəsit və cılız tərcümələri qınaq obyekti kimi gözdən salmış, dəyərli tərcümələr isə dildə-ağızda dolaşaraq xalqın malına çevrilmişlər. Orta məktəb dərsliklərində yer alan kifayət qədər tərcümə əsərləri vardır.
Qoca Xalidin “Seçmə şeirlər” tərcümə toplusu uzun illərin və gərgin zəhmətin məhsuludur. Ruhumuza, zövqümüzə sığal çəkən bu şeirlər bu günün və gələcəyin örnək poeziyasıdır. Ona görə ki, bu poeziyanın mayası zəhmətlə yoğrulub. Bu poeziya Qoca Xalidin içində, Qoca Xalid də bu poeziyanın içindədir. Şair ömrünü, gününü yollara töküb, şeirlərini tərcümə elədiyi şairlərin vətənini diyar-diyar gəzib, onların uyuduğu torpaqları ziyarət edib, onların dostları, qohumları ilə görüşüb, gördüklərini gözünə-könlünə köçürüb, iliyinə-qanına hopdurub, həyatda yaşayan şairlərlə qırılmaz dostluq əlaqələri yaradıb. Ona görə ki, insanın qəlbinə yol tapmaq üçün tərcümədə doğmalığı, məhrəmliyi təmin edə bilsin.
Şeirlərin dili cəlbedici və əlvandır. Ölümsüz nəğmələrdən hörülmüş çələng kimi ətir saçan, insanı saflığa, gözəlliyə səsləyən “Seçmə şeirlər” kitabı çağdaş poeziyamızda ədəbi hadisədir.
“Ədəbiyyat və incəsənət”
(22.10.2026)


