“Bir şair, bir şeir”də Həsən Kürün “Cəbhədən məktub”u Featured

“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərə mərhum gənc şair Həsən Kürün “Cəbhədən məktub” şeiri təqdim edilir. Müharibədə döyüşüb sağ-salamat qayıdan, amma sonradan intihar edərək dünyadan köçən şairə Allahdan rəhmət diləyirik.

 

 

HƏSƏN KÜR                                               

CƏBHƏDƏN MƏKTUB

 

Mənə şərifini göndərmə daha.
Səngər beşik kimi istidir, qızım.
Vətən sənin kimi suyu şirindi.
Hamını özünə istədir, qızım.

Görsən darıxırsan, şəkillərə bax.
Körpə əllərini boynuma dola.
Boylan pəncərədən getdiyim yola,
Bu məni görməyə bəs edir, qızım.

Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir.
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir.
Allah başımızın üstədir, qızım.

Allah üstümüzdən çəkməsə əlin,
Birgə yandırarıq zəfər məşəlin.
Hamının qorxduğu zalım əcəlin
Boyu boyumuzdan bəstədir, qızım.

Əgər günün biri geri dönməsəm,
Eşidə bilməsən atanın səsin,
Qorxma, ürəyinə qorxu düşməsin,
Atan ölməyibdi, xəstədi, qızım.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.