“Bir şair, bir şeir”də İlkin Naib və “Toz basmış kreslo” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Bir şair, bir şeir” rubrikasında bu gün sizlərə İlkin Naibin “Toz basmış kreslo” şeiri təqdim edilir.

 

İlkin Naib ixtisasca jurnalistdir, APA informasiya agentliyinin mədəniyyət müxbiridir.

“Toz basmış kreslo” sevgi şeiridir. Ayrılıq barədədir. Təki, sevənlərin heç zaman qismətləri ayrılıq olmasın.

 

İLKİN NAİB,

 “TOZ BASMIŞ KRESLO”

 

Keç əyləş qarşımdakı

Toz basmış kresloda.

Gəlişinə sevinib

Çırpır üst-başın o da.

 

Bax mən də sevinirəm,

Evimiz də sevinir.

Vaxtsız ölən şeirlər

Dodağında dirilir.

 

Yəqin bağışlayarsan

Otaq tör-töküntüdü.

Bilirəm bir qadınçün

Dözülməz görüntüdü.

 

Sən gedəli günəşin

Çatmır bura istisi.

Bu evdə göz çıxardır

Siqaretin tüstüsü.

 

Həmişəlik gəlmisən?

Yoxsa qonaqsan yenə?

...Butun bunlar hamısı

Xəyal imiş sən demə.

 

Ən şirin xatirələr

Düşər axşamlar yada.

Yuxuluyarsan belə

Toz basmış kresloda.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.