İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanının çox sevirəm. Onun qadın qəhrəmanının adı Ursuladır. Rastıma yazıçı Ursula K. Le Guinin kitabı çıxanda Markesin Ursulasına olan simpatiya səbəbindən o kitabı alıb oxudum, beləcə, bu amerikalı yazıçı xanımla tanışlığım başladı.
\
Ursula K. Le Guin — Amerika ədəbiyyatının ən nüfuzlu yazıçılarından biri, elmi fantastika və fentezi janrlarının görkəmli nümayəndəsi, şair və esseistdir. O, yaratdığı xəyali dünyalar vasitəsilə insan təbiəti, azadlıq, hakimiyyət, gender bərabərliyi, cəmiyyət və ətraf mühit kimi mühüm məsələləri araşdırıb. Əsərləri yalnız fantastik süjetləri ilə deyil, dərin fəlsəfi məzmunu ilə də seçilir.
21 oktyabr 1929-cu ildə Ursula Kaliforniyanın Berkli şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Alfred L. Kroeber tanınmış antropoloq, anası Teodora Kroeber isə yazıçı və bioqraf idi. Ailədə elmi araşdırmalara, kitablara və müxtəlif xalqların mədəniyyətlərinə böyük maraq göstərilib.
Ursulanın uşaqlıqdan kitablarla sıx bağlı olması onun gələcək yaradıcılığına ciddi təsir göstərib. O, mifologiya, əfsanələr, dünya ədəbiyyatı və fantastik hekayələrlə maraqlanırdı. Atasının antropologiya sahəsindəki fəaliyyəti də yazıçının fərqli xalqların adət-ənənələrini, inanclarını və sosial münasibətlərini dərindən təsvir etməsinə kömək edib.
Ursula K. Le Guin Radcliffe Kollecində təhsil alaraq 1951-ci ildə bakalavr dərəcəsi əldə edib. Daha sonra Kolumbiya Universitetində fransız və italyan ədəbiyyatı ilə əlaqəli romantik dillər üzrə magistr təhsili alıb.
1953-cü ildə tarixçi Çarlz Le Guinlə evlənib. Onların üç övladı olub. Ailə 1958-ci ildən etibarən Oreqon ştatının Portlend şəhərində yaşayıb. Yazıçı həyatının böyük hissəsini burada keçirərək ədəbi fəaliyyətini davam etdirib.
Le Guin əvvəlcə şeirlər, hekayələr və romanlar yazsa da, onun yaradıcılığının geniş tanınması 1960-cı illərdə başlayıb. 1966-cı ildə nəşr olunan “Rokannonun dünyası” (Rocannon’s World) onun ilk romanı olub. Bu əsərlə yazıçı elmi fantastika sahəsində özünəməxsus mövqeyini formalaşdırmağa başlayıb.
1960-cı illərin sonlarında çap olunan əsərləri onu fantastika ədəbiyyatının aparıcı müəlliflərindən birinə çevirib. Le Guin fantastikanı sadəcə gələcək texnologiyalar və yad planetlər haqqında hekayələr yazmaq vasitəsi kimi görməyib. O, bu janrdan istifadə edərək insanın necə yaşamalı olduğu, cəmiyyətin necə qurulduğu və insanların bir-biri ilə münasibətlərinin hansı prinsiplərə əsaslandığı barədə suallar qaldırıb.
Ən məşhur əsərləri
1. Qaranlığın sol əli — The Left Hand of Darkness (1969)
Yazıçının ən mühüm elmi fantastika romanlarından biridir. Hadisələr Gethen adlı uzaq planetdə cərəyan edir. Əsərdə cinsiyyət, kimlik, siyasi münasibətlər, dostluq və insanın fərqli olana münasibəti araşdırılır. Roman 1970-ci ildə Hugo və Nebula mükafatlarına layiq görülüb.
2. Yerdeniz sehrbazı — A Wizard of Earthsea (1968)
Le Guinin ən məşhur fentezi əsərlərindən biridir. Əsərin baş qəhrəmanı Ged adlı gənc sehrbazdır. Onun öz gücünü tanımaq, səhvlərinin nəticələri ilə üzləşmək və daxili tarazlıq tapmaq mübarizəsi təsvir olunur. Bu roman sonradan Yerdeniz silsiləsinin ilk kitabına çevrilib.
3. Mülksüzlər — The Dispossessed (1974)
Roman iki fərqli cəmiyyətin quruluşunu müqayisə edir. Əsərdə mülkiyyət, azadlıq, bərabərlik, siyasi hakimiyyət və sosial ədalət məsələləri ön plana çıxır. Le Guin bu əsərdə ideal cəmiyyət yaratmağın nə qədər mürəkkəb olduğunu göstərir.
4. Dünya üçün söz meşədir — The Word for World Is Forest (1972)
Əsərdə insanların başqa planetdəki meşəli dünyanı istismar etməsi və yerli əhali ilə qarşıdurması təsvir olunur. Müharibə, müstəmləkəçilik, təbiətin məhv edilməsi və zorakılığın nəticələri romanın əsas mövzularıdır.
5. Cənnətin dəzgahı — The Lathe of Heaven (1971)
Əsərin qəhrəmanı yuxularının reallığı dəyişdirdiyini kəşf edir. Başqa insanların dünyanı dəyişdirmək cəhdləri isə gözlənilməz nəticələr doğurur. Roman insanın yaxşılıq etmək istəyinin belə təhlükəli ola biləcəyini düşündürür.
- A Wizard of Earthsea (1968) — Yerdeniz sehrbazı.
- The Tombs of Atuan (1971) — Atuanın məzarları.
- The Farthest Shore (1972) — Ən uzaq sahil.
- Tehanu (1990) — Tehanu.
- Tales from Earthsea (2001) — Yerdeniz hekayələri.
- The Other Wind (2001) — Digər külək.
Bu əsərlər yalnız sehrli macəralardan ibarət deyil. Onlarda insanın öz qorxuları ilə üzləşməsi, gücün məsuliyyəti, ölüm, tarazlıq və şəxsiyyətin formalaşması kimi mövzular işlənir.
“Ədəbiyyat və incəsənət”
(21.10.2026)


