“Ədəbiyyat və incəsənət” portalının poştuna hər gün xeyli məktub gəlir. Bunlarda daha çox bədii yazılar yer alır. İmkan daxilində ən yaxşılarını dərc edirik.
Növbəti belə məktubda Mehman İmanov öz şeirlərini göndərib. Səmimi sevgi hisslərinə söykənən bu şeirləri, düşünürük ki, bəyənəcəksiniz.
Gözəl qız
Bu qız necə gözəldir,
Güldən, çiçəkdən gözəl.
Yerdə təni tapılmar,
Göydə mələkdən gözəl.
Hələ pakdı, təmizdi,
Xamdı, naşıdı bu qız.
Uçmağı bacarmayan,
Zümrüd quşudu bu qız.
Lovğalanır, öyünür,
Huri, mah camalıyla.
Piyadalar yanında,
Vəzir, Şah camalıyla.
Aşiqlər gözlərini,
Yaşlar bu qıza görə.
Üçüncü dünya hərbi,
Başlar bu qıza görə.
Hələ ki hər baxışı,
Ülvi məhəbbət sanır.
Hələ ki gözəlliyin,
Mütləq səadət sanır.
Bilmir ki gözəlliyi,
Başına bəla olar.
Gözəlliyi göz cəkər,
Ürəyi yara olar.
Bilmir ki məlahəti,
Daşımaq çətin olur.
Saf ürəklə ləkəsiz,
Yaşamaq çətin olur.
Bilmir ki tez parlayan,
Tez saralar, tez solar.
Şəhvət dolu baxışlar,
Bir gün qəsdinə durar.
Bilmir ki gözəlliyin,
Özü boyda dərdi var.
Ya gözəl olur, ya da,
Xoşbəxt olur qadınlar...
Öyrədənmədim
Dərdindən divanə olduğum gözəl,
Sənə hidayəti öyrədənmədim.
Gözünün qarası bəxtinə keçdi,
Sənə səadəti öyrədənmədim.
Ağladın, gözünə xəyanət etdin,
Söz verdin, sözünə xəyanət etdin,
Mənə yox, özünə xəyanət etdin,
Sənə ləyaqəti öyrədənmədim.
Əğyarın qoynunda yatan gözəlim,
Üz-üzə gələndə utan, gözəlim,
İsməti şəhvətə satan gözəlim,
Sənə ticarəti öyrədənmədim..,
Batmısan çirkaba, aha günaha,
Bu atəş külündən alışmaz daha,
Əhdi-ilqarından dönən bivəfa,
Sənə sədaqəti öyrədənmədim.
Leyli tək ağlımı başımdan aldın,
Məcnuna döndərib, çöllərə saldın,
Sevda sınağında sinifdə qaldın,
Sənə məhəbbəti öyrədənmədim.
Ağladım
İlk görüş yerində üz-üzə gəldik,
Yanında əğyarı gördüm, ağladım.
Dayandı ürəyim, tutuldu dilim,
Sanki bir heykələ döndüm, ağladım.
İlk görüş, ilk öpüş yadıma düşdü,
Könlümü yandırıb, yaxdım, ağladım.
Sən mənim halıma gülüb gedəndə,
Mən sənin arxanca baxdım, ağladım.
İstədim ki quru bir salam verəm,
Sözümü çeynədim, uddum, ağladım.
İstədim ki qaçıb sarılam sənə,
Özümü zor ilə tutdum, ağladım.
Gözlərim bulud tək doluxdu sanki,
Şimşək tək bir anda çaxıb, ağladım.
Bir vaxt mən tutduğum o əllərdəki,
Nişan üzüyünə baxıb, ağladım.
İstədim çağıram "canım, sevgilim"
Yanında əğyarı gördüm, ağladım,
Yadıma düşdü ki biz ayrılmışıq,
Özüm öz halıma güldüm, ağladım.
Vəfasız
Səndən vəfa gözləmirəm, gözəlim,
Unudarsan, aldadarsan atarsan.
Günəş olsan özgələrə nur saçıb,
Mənə gəlib çatan kimi batarsan.
Taledə, qismətdə yox ki qəbahət,
Sənin xəmirində varmış xəyanət,
Çıxarıb qəlbimi etsəm əmanət,
Aparıb ət bazarında satarsan.
Tutub gözlərini şöhrət tilsimi,
Qırılıb könlünun sədaqət simi,
Səhər peyman kəssək axşama kimi,
Gedib əğyarın qoyununda yatarsan.
Məhşər günü xəyalını səsləsəm,
Zümrüd quşu tək yolu gözləsəm,
Son nəfəsdə səni görmək istəsəm,
Mən öləndən sonra gəlib çatarsan.
Metroda gördüyüm qız
Səhər-səhər səni gördüm,
Qəlbim qəfil tir-tir əsdi,
Mən ki dərsə tələsirdim,
Baxışın qəddimi kəsdi,
Metroda gördüyüm qız.
Hüsnünə aparıb həsəd,
Kam alıram gizli-gizli,
Yerin altında məhəbbət,
Yenin üstündən təmizdi,
Metroda gördüyüm qız.
Yanımdasan, bu nə hicran,
Nə də ki ülvi məhəbbət,
Mənimkisi Koroğludan,
Nəsimiyədək səadət,
Metroda gördüyüm qız.
Kaş bu an işıqlar sönə,
Doya-doya baxım sənə.
Dörd milyonluq bu şəhərdə,
Çətin görəm səni yenə,
Metroda gördüyüm qız.
Bəlkə könlünü çalan var,
Bəlkə "hə" yini alan var,
Gözlərində o nə məlal?
Yoxsam qəlbində yaran var,
Metroda gördüyüm qız.
Birdən sataşdı gözlərim,
Barmağında üzük varmış,
Könlümü aça bilmədim,
Sən demə özgəyə yarmış,
Metroda gördüyüm qız...
Sən də özgəninsən, mən də özgənin
Üz-üzə gələndə alışırıq biz,
Qaçıb gizlənməyə çalışırıq biz,
Hansı məhəbbətdən danışırıq biz,
Sən də özgəninsən, mən də özgənin.
Bizim taleyimiz kömürdən qara,
Sən hara, mən hara, səadət hara,
Gecikdik vüsala gedən qatara,
Sən də özgəninsən, mən də özgənin.
Gözəlim, bu sevda bizə yasaqdı
Vüsal ulduzlardan daha uzaqdı
Sən Allah yuxuma gəlmə, günahdı,
Sən də özgəninsən, mən də özgənin.
Günahı taleyin üstə atma, yar,
Sən də günahkarsan, mən də günahkar,
Mənə ata, sənə ana deyən var,
Sən də özgəninsən, mən də özgənin.
Bu gün sevgilimin toyudu, ana
Gəl, otur danışım sənə dərdimi,
Bu gün sevgilimin toyudu, ana.
Kömək et, ovudum sınıq qəlbimi,
Bu gün sevgilimin toyudu, ana.
Özüm öz başıma qaxıb ağladım,
Könlümü yandırıb, yaxıb ağladım,
Şübhəcən rəsminə baxıb ağladım,
Bu gün sevgilimin toyudu, ana.
Gizli nömrədən zəng vurmaq istədim,
Son dəfə səsini duymaq istədim,
Dözmədim, canıma qıymaq istədim,
Bu gün sevgilimin toyudu, ana.
Kədər ac canavar, mən yalqız quzu,
Bu gecə sönəcək o bəxt ulduzu,
Bugün xörəyinin yox dadı, duzu,
Bugün sevgilimin toyudu, ana.
Ayrılsaq ölərdik, kimsə ölmədi,
Yandırdım rəsmini külə dönmədi,
Su səpdim, qəlbimin odu sönmədi,
Bu gün sevgilimin toyudu, ana.
Gəl, məni uşaq tək öpüb qucaqla,
Vağzalı çalanda qapını bağla,
Mən ona ağlayım, sən mənə ağla,
Bu gün sevgilimin toyudu, ana.
Ayrılardıq
Alışdın, unutmaq çətindən çətin,
Gözəlim, vaxtında kaş ayrılardır.
Onsuz sonu yoxdu bu məhəbbətin,
Basıb bağrımıza daş, ayrılardıq.
Hicran ruhumuzu əsir almadan,
Süzüb beş-on damla yaş ayrılardıq.
İlk bahar ayrılıq fəsili deyil,
Payız ayrılardıq, qış ayrılardıq.
Biz ki ayrılığı duymuşduq, gərək,
Arzular olmamış xar ayrılardıq.
Hicrana tab gətirsin deyə ürək,
Tapıb bir vəfalı yar, ayrılardıq.
Mən səni tərgidə bilmirəm, gərək
Etməyəydin cilvə, naz, ayrılardıq.
Şərab yox, kaş ki eşq haram olaydı,
Biz də günah bilib tez ayrılardıq.
Kaş ki ilk baxışdan, ilk toxunuşdan,
Kaş ki ilk öpüşdən biz ayrılardıq.
Tapıb bir bəhanə, tapıb bir yalan,
Kaş ki ilk görüşdən biz ayrılardıq.
“Ədəbiyyat və incəsənət”
(20.10.2026)


