“Biri ikisində” Lamiə Nazimqızının bədii yaradıcılığı Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəLamiə Nazimqızını bədii yaradıcılığı təqdim edilir.

Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

 

 

Lamiə NAZİMQIZI

 BU  MƏNƏM

 

Bu mənəm. Düşünürəm də, mən özü özünü doğmuş biriyəm. Özünü acılarından, yoxluqlardan, həsrətindən, əzablarından, arzuladıqlarından, ola bilmədiklərindən, hüznündən, sitəmindən doğmuş biri... Kim mənə qalib gələ bilər ki? Vücuduma, bəlkə də... Ya ruhuma? Düşüncələrimə? Xəyallarıma? Kim onlara hökm edə bilər? Kim mənə bütünlüklə  sahib, hökmran ola bilər?!

Mən bir sərçənin göz yaşlarından da həzinəm, incəyəm... Kim mənim zərafətimi öz kirində, pasında məhv edə bilər? Kim qəlbimə hökm edə bilər?!

Kim mənim düşüncələrimin dərinliyində qulac ata bilər?

Mən özü öz qollarına sarılmış biriyəm... Özü öz qulağına təsəlli sözləri pıçıldamış biriyəm... Kim mənim “mən”imə əmr edə bilər?

Mən özü özünü ağlamış, özü özünü oxşamış, özü özünü qınamış biriyəm... Kim mənim dünyama ağalıq edə bilər?!

Mən hər yıxılanda qalxıb böyüyən biriyəm... Kim öz xain dünyası ilə məni kiçildə bilər?! 

Dünyama dünyası bənzəməyənlər, ruhuma ruhu oxşamayanlar, qəlbimin dərinliyini bilməyənlər, düşüncələrimin aliliyini duymayanlar, mən özünü öz bətnindən doğan qadınam! Bu mənəm...

 

 

TƏRƏFƏM 

 

İlahi, gün batan tərəfəm:

Solğun, işıqsız... 

İl bitən tərəfəm:

Yorğun və bitkin...

Ağrıyan bədənəm, qanayan yara, 

Məzara tərəfəm, məzardan iraq... 

İlahi, söz bitən tərəfəm:

Çarəsiz, səssiz... 

Yer bitən tərəfəm:

Qohumsuz, sənsiz... 

Uzaqlardan uzaq, yadlardan yadam... 

İt qapan tərəfəm, itlərdən iraq... 

İl bitən tərəfəm:

Arzusuz, hissiz,

Ümidlərdən uzaq, sevgidən uzaq... 

İlahi, it hürən tərəfəm,

Vicdandan, namusdan, qeyrətdən iraq.... 

 

 

ASDIM 

 

Özümü asdım xəyallarımdan-

Dağılan, tükənən...

Özümü asdım ümidlərimdən, atam balası, ümidlərimdən-

Sönən, avazıyan...

İnsan tək dar ağacından asmır özünü, atam balası,

İnsan kirpiyindən asır hərdən özünü,

Hərdən gözlərindən...

İnsan özünü asır itirdiyi illərindən,

Məhv etdiyi qədərindən...

Atam balası, insan özünü bir sərçənin göz yaşından asır bəzən,

Bəzən yaralanmış ürəyindən,

Qəlbində qalan dərdlərindən,

Solub gedən gəncliyindən...

İnsan özünü asır ümidsizliyindən....

Asdım özümü arzularımdan -

Həyata keçməyən...

Asdım özümü başqalarının divarından,

Yamaq kimi, quraq kimi, atam balası....

Asdım!

 

 

TANRININ QƏZƏBİ 

 

Biz Tanrının göz yaşlarıyıq. Dünyaya atdığı. Qurtulmaq istədiyi. Ağır yükü, özündən uzaqlaşdırdığı. Yüngülləşdiyi. Silib atdığı. Unutduğu.

Biz Tanrının göz yaşlarıyıq. Acıdan yaranan. Dərddən axan. Ona görədir bu yalqızlığımız… Bu tənhalığımız. Ona görədir bu boşluğumuz, ona görədir üzüldüyümüz. Atılan. Silinən. Unudulan...

Tanrının göz yaşları-bədbəxt insanlar... Tanrının göz yaşları-xəstə insanlar. Tanrının göz yaşları-müharibənin qurbanları… Tanrının göz yaşları-əlil uşaqlar... Tanrının göz yaşları ilə bu dünyanın cəhənnəminə qovulmuşuq... Biz unudulmuşuq...

 

 RUHUM

 

Ruhumun qanadları səmalara pərvazlanır istəmədən. Ruhumun savaş verdiyi bu döyüşdə qalib kimdir, nədir bilmirəm. Ruhumun üsyanları, iniltiləri, sızıltıları dünyanın qulaqlarını kar edib. Amma insanlar duymur, eşitmir, görmür... Ruhumun yaraları var, qanayan. Ruhumun dərdləri var, ağrıyan. Ruhumun gözləri var, ağlayan... Ruhumun əlləri var, mərhəmətlə qucaqlayan. Ruhumun qanadları var... Azad qanad çalan. Özümdən qaçan, dünyanı dolaşan, vuruşan, çabalayan... Ruhumun əlləri var, qandallarını sındıran. Ruhumun dili var, sevən, sevdirən...


“Ədəbiyyat və incəsənət”

(19.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.