Tərcümə edən: Jalə Hüseynzadə
Redaktə edən: Salman Əliyev
Hörmətli "Ədəbiyyat və İncəsənət" portalının redaksiya heyəti.
Biz Naxçıvan Dövlət Universitetində fars dilindən Azərbaycan dilinə bədii tərcümələr üzərində çalışırıq. Məqsədimiz İran ədəbiyyatının seçilmiş nümunələrini Azərbaycan oxucularına təqdim etməkdir.
Bu məqsədlə görkəmli İran yazıçısı Sadiq Hidayətin fars dilindən Azərbaycan dilinə tərcümə etdiyimiz “Madlen” hekayəsini nəzərdən keçirilmək və mümkün olduğu təqdirdə portalınızda dərc olunmaq üçün məktuba əlavə edirik.
Tərcüməmizi münasib hesab edəcəyiniz təqdirdə yayımlasanız məmnun olarıq. Eyni zamanda, gələcəkdə İran ədəbiyyatından digər tərcümələrimizi də redaksiyanıza təqdim etmək istərdik.
Müraciətimizə vaxt ayırdığınız üçün əvvəlcədən təşəkkür edir, cavabınızı gözləyirik.
Hörmətlə,
Jalə Hüseynzadə,
tərcüməçi, Naxçıvan Dövlət Universitetinin tələbəsi
SADIQ HİDAYƏT,
“MADLEN”
Sırağagün gecə orada idim, o balaca qonaq otağında. Anası və bacısı da orada idilər. Anası boz, qızları isə qırmızı paltar geyinmişdilər. Oturacaqlar da qırmızı məxmərdən idi. Mən dirsəyimi pianoya dayayıb onlara baxırdım. Hamı susurdu; yalnız qrammofonun iynəsi qara valdan “Volqa qayıqçıları”nın coşqulu və kədərli avazını səsləndirirdi. Küləyin uğultusu gəlirdi. Yağış damlaları pəncərə şüşəsinə dəyib aşağı axır, yeknəsək səslə musiqinin ahənginə qarışırdı. Madlen qarşımda oturmuşdu; fikirli və dalğın halda başını əlinə söykəyib qulaq asırdı.
Mən oğrun-oğrun onun dalğalı, şabalıdı saçlarına, çılpaq qollarına, boynuna, uşaqsayağı və həyat dolu profilinə baxırdım. Aldığı bu hal mənə süni görünürdü. Düşünürdüm ki, o həmişə qaçmalı, oynamalı, zarafat etməlidir. Təsəvvür edə bilmirdim ki, onun ağlından başqa fikir keçə bilər; inana bilmirdim ki, o da qəmgin ola bilər. Mən onun uşaqsayağı, qayğısız halını sevirdim.
Bu, onunla üçüncü görüşüm idi. İlk dəfə dəniz kənarında onlarla tanış olmuşdum, amma indi o gündəkindən çox fərqli görünürdü. Madlenlə bacısı çimərlik paltarı geyinmişdilər, sərbəst və gülərüz idilər. Madlen uşaqsayağı və şıltaq idi, gözləri parıldayırdı. Qüruba yaxın idi; dənizin dalğaları, musiqi, kazino — hamısı yadıma gəlir. İndi isə bu ilin dəbi olan, uzun ətəkli, topuqlarına qədər uzanan al-qırmızı paltarlarında üzləri solğun, düşüncəli, sanki həyat qarşısında başlarını aşağı salmış kimi görünürdü.
Val dəniz dalğalarının səsinə bənzəyən uzaq və boğuq bir avazla dayandı. Anaları məclisi canlandırmaq üçün qızlarının məktəbindən və məşğuliyyətlərindən danışır, Madlenin rəsm üzrə birinci olduğunu deyirdi. Bacısı mənə göz vurdu. Mən də zahirən gülümsəyib onların suallarına qısa, başdansovma cavablar verirdim, amma fikrim başqa yerdəydi; onlarla tanışlığımın lap başlanğıcını düşünürdüm.
Təxminən iki ay əvvəl, ötən yay tətilində dəniz kənarına getmişdim. Yadımdadır, yoldaşlarımdan biri ilə günortadan sonra, saat dörd radələrində Truvilə getdik. Hava isti, ətraf qələbəlik idi. Dəmir yolu vağzalının qarşısında avtobusa mindik. Avtobus dəniz kənarı ilə meşənin içindən, yüzlərlə avtomobilin, siqnal səslərinin, havaya yayılmış yağ və benzin qoxusunun arasından irəliləyir, silkələnirdi. Bəzən ağacların arxasından dənizin uzaq mənzərəsi görünürdü.
Nəhayət, dayanacaqlardan birində düşdük. Bura Vilervil idi. Hər iki tərəfində daş və palçıq divarlar çəkilmiş bir neçə enişli-yoxuşlu küçədən keçib dəniz kənarındakı yüksəklikdə, taftun çörəyi şəklində salınmış balaca bir çimərliyə çatdıq. Dənizin qarşısındakı açıqlıqda kiçik bir kazino görünürdü. Ətrafında, təpənin yamacında balaca evlər və köşklər tikilmişdi. Aşağıda, dəniz kənarında palçıqlı qumluq vardı; dənizin suyu bir qədər aralıda dalğalanırdı. Balaca uşaqlar aşağıda ya təkbaşına, ya da anaları ilə top və palçıqla oynayırdılar. Qadınlar və kişilər dəstə-dəstə bədənə kip oturan çimərlik geyimlərində üzür, ya da suda bir qədər qaçıb sahilə çıxırdılar. Başqa bir dəstə isə günəşin altında, qumun üstündə oturmuş və ya uzanmışdı.
Qoca kişilər rəngbərəng, zolaqlı çətirlərin altında uzanıb qəzet oxuyur, gözucu qadınlara baxırdılar. Biz də gedib kazinonun qarşısında, arxamızı dənizə çevirərək, suyun qarşısına çəkilmiş hündür və enli səddin kənarında oturduq. Günəş batmağa yaxın idi. Dənizin suyu qalxır, dalğalar sahilə dəyirdi. Günəş işığı dalğaların üzərində girintili-çıxıntılı bir üçbucaq şəklində parıldayırdı.
Dəniz dumanı və buğu arasından Havr limanına doğru gedən böyük, qara bir gəmi görünürdü. Hava bir qədər sərinləşdi. Aşağıdakı insanlar yavaş-yavaş yuxarı qalxırdılar. Elə bu vaxt dostumun ayağa qalxdığını gördüm. Bizə yaxınlaşan iki qızla əl verib görüşdü və məni onlara təqdim etdi. Onlar da gəlib yanımızda, səddin hündür kənarında oturdular. Madlen əlində böyük bir topla gəlib yanımızda oturdu və söhbət etməyə başladı. Elə bil məni neçə illər idi tanıyırdı.
Bəzən ayağa qalxıb əlindəki topla oynayır, sonra yenidən gəlib yanımda otururdu. Mən zarafatla topu onun əlindən özümə tərəf dartırdım, o da geri çəkirdi; əllərimiz bir-birinə sürtünürdü. Yavaş-yavaş bir-birimizin əlini sıxdıq. Onun əlinin zərif bir istiliyi vardı. Gözucu onun sinəsinə, çılpaq ayaqlarına, başına və boynuna baxırdım. Öz-özümə düşünürdüm: başımı onun sinəsinə qoyub elə buradaca, dənizin qarşısında yatsam, necə də gözəl olardı.
Günəş batdı. Solğun ay bu kiçik, hər yerdən uzaq düşmüş çimərliyə doğma və səmimi bir hava vermişdi. Birdən kazinoda rəqs musiqisinin sədaları yüksəldi. Əli əlimdə olan Madlen “Misisipi” adlı Amerika rəqs havasını oxumağa başladı. Onun əlini sıxırdım. Mayakın işığı uzaqdan suyun üzərində parlaq bir yarımdairə çəkirdi. Sahilə çırpılan suyun uğultusu eşidilir, insanların kölgələri önümüzdə hərəkət edirdi.
Bu görüntülər gözümün önündən keçərkən anası gəlib pianonun arxasında oturdu. Mən kənara çəkildim. Birdən gördüm ki, Madlen yuxuda gəzən adam kimi yerindən qalxdı, stolun üstünə səpələnmiş not vərəqlərini qarışdırdı, birini seçib anasının qarşısına qoydu, sonra yanıma gəlib gülümsəyərək dayandı.
Anası pianoda çalmağa başladı. Madlen də astadan oxuyurdu. Bu, Vilervildə eşitdiyim həmin rəqs havası idi — həmin “Misisipi”…
“Ədəbiyyat və incəsənət”
(19.08.2026)


