"Günəşi görməyə gəlmişik ölməzdən öncə..." - ŞEİRLƏR Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 Salam dəyərli izləyicilərimiz, xoş gördük.

Bu gün də "Ruhun pıçıltısı" adlı rubrikamızın dəyərli şair qonağı var. Qonağımız Azərbaycandan kənarda yaşasa da, ürəyi hər an Azərbaycanla döyünür.

Beləliklə, qonağımız araşdırmaçı, jurnalist, şair, yazıçı, kərküklümüz, Kerkük Kültür Derneği-nin təsisçisi və sədri Dr. Şəmsəttin Kuzəçidir. Onun şeirlərini Sizə təqdim edirik.

 

 

ŞƏMSƏTTİN KUZƏÇİ,

BİZ

 

Biz,

Günəş

deyilik...

Günəşi

görməyə

gəlmişik

ölməzdən

öncə...

 

 

BİZİM ELDƏ

 

Bizim eldə,

hər acıya dözmək gərəkdir.

Əlacını düşünmədən

ağrılara dözmək gərəkdir...

Dözməyənsə,

darağacını

düşünməlidir.

Bizim eldə,

           bizim eldə...

 

 

BİZDƏN DEYİL

 

Günəşi

istəyən

dərin yuxudan

oyanmalıdır...

Millətini

çiyinlərində

daşıyan

hər çətinliyə

dirənməlidir...

 

Çilələrə, acılara

qatlanmalıdır...

Qatlanmayan

bizdən deyil...

 

 

HƏSSAS SUAL

 

İnsan

insanı

öldürə bilər.

Amma

insan

insana

can verə bilərmi?..

 

 

SEVGİ

 

İstərsən

ağlat məni,

İstərsən

güldür.

Sevdiyim,

məni

       yurdumda öldür...

 

 

TORPAĞIM

 

Alıb Kərkükü

aparanlar,

    yox edib         

silmək istəyənlər

neftini yandırıb

 qazını qurtarsınlar...

Suyunu qurudub

  barını yesinlər.

 Qalasını

 Mostar kimi

 Ecyaz misalı

 qarsıb qovursunlar...

Yetər ki,

  daşını, torpağını

    bizə versinlər!..

 

 

MƏN

 

Türkoğlu Türk əslim mənim,

Oğuz boyu nəslim mənim,

Şan-şöhrətli ismim mənim,

Mən Kərküklü bir Türkmanam,

Türkə yan baxana düşmənəm.

 

 

İNSANAM

 

Anam bəlli, atam bəlli bir ərəm,

Tarixlərdə aydan yüksək şanım var.

Zillətli həyatı qəbul etmərəm,

Yurd uğrunda töküləcək qanım var.

 

 

KƏRKÜK ÜÇÜN

 

Kərkük üçün arzular al-al qana boyandı,

Nə gül qaldı, nə çiçək, nə dağ başında qarlar.

Nə göyərçin, nə qumru, nə millət sevən ərlər,

Sahilim aşdı həddi, bıçaq köksə dayandı.

 

Kərkük üçün sərildi torpaqlara ürəyim,

Əllərimdən zəncirlər qırıq-qırıq töküldü.

Göy üzündən ulduzlar bir dağ kimi söküldü,

İşıldadı gözümdə pəmbə, yaşıl diləyim.

 

 

GƏTİRMİŞƏM

 

Kərkükün qalasından,

Öz türkman balasından,

Qırmızı lalasından,

Məhəbbət gətirmişəm.

 

Azərbaycan soyundan,

Oğuz, Bayat köyündən ,

Dəclə, Fərat suyundan,

Dad, fəryad gətirmişəm.

 

Füzuli nəfəsindən,

Kərbəla havasından,

Kuzəçinin səsindən,

Yüz xoyrat gətirmişəm.

 

Kərkük, Təbriz, Marağa,

Xudam salma irağa,

Vətənim Qarabağa,

Mən övlad gətirmişəm.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.