Böyük şairimiz Məmməd Arazın doğum günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan –
çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin
bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.

Tariximə qara xətli hicri, miladi
Qılıncların qan ağzıyla
yazılmadımı?
Babaların boz çöllərə bənzər
Muradı
Qızıl bayraq
dalğasından yaz almadımı?!

İllər olub-kürrələrdə
dəmir olmuşuq.
Sərhədlərdə dayanmışıq
küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca şərqin
duman dünyası.

Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

 

Azərbaycanın xalq şairi Məmməd Arazın bu şeiri Səməd Vurğunun “Azərbaycan” şeirindən sonra ümumxalq sevgisi qazanan bəlkə də ikinci şeirdir.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunda bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib.

1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub.

Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

 

 Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992).

1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunub

 

Kitabları:

1. Sevgi nəğməsi

2. Üç oğul atası

3. Araz axır

4. Mən səni taparam

5. Anamdan yadigar nəğmələr

6. Ömür karvanı

7. İllərdən bəri

8. Qanadlı qayalar

9. Atamın kitabı

10. Həyatın və sözün rəngləri

 

Tərcümələri

(ruscadan)

1. S. V. Mixalkov. Foma

2. G. Ağacanyan. Narahat ürək

3. M. Svetlov. Şeirlər

4. N. A. Nekrasov. Rus qadınları

5. Ocaq başında (dünya şairlərinin şeirləri)

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

- "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

- "İstiqlal" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Məmməd Araz 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və ölümündən sonra Fəxri Xiyabanda dəfn olunub. Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyıb.

27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilən Araz şairi adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.

Sonda nəyi qeyd etmək istəyirəm? Ömrünün son dönəmində parkinson xəstəliyindən əziyyət çəkən şair qğır durumuna baxmayaraq işdən soyumadı, “Azərbaycan” nəşriyyatının binasında yerləşən jurnal redaksiyasına hər gün gəlib getdi. Bu, həm də bir çağırış idi, insanlara səslənmək idi ki, nə qədər ki gücünüz çatır, yaradın, qurun, heç vaxt ruhdan düşməyin.

Bu gün gəncliyimiz üçün bu Məmməd Araz mesajı xüsusən qiymətlidir.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.