İbrahim İlyaslı,
“Ədəbiyyat və incəsənət”
Leyla Şərif Emin imzasını 5 il öncə duyduğum, Balkanlarda yaşayıb-yaradan çox istedadlı yeni nəsil türk şairlərdəndir. İki dəfə məni Üsküpə - Uluslararası Ədəbiyyat Festivalına dəvət etsə də, bu müəyyən səbəblərdən baş tutmamışdı. Keçən il Türkiyənin Elazığ şəhərində düzənlənmiş “Altaylardan Hazara” adlı şeir axşamlarında əyani tanış olduq. Bütün Türk coğrafiyalarından tədbirə gəlmiş yazarlarla birlikdə ümumtürk ədəbiyyatı adına xeyli ilginc söhbətlərimiz oldu. Bir ay öncə isə Bakıda yenidən görüşdük. Onun Balkanlarda yaşayan bir türk şairinin həm kövrək, həm də qürurlu duyğularla yüklü “Eyvallah” adlı şeirini artıq ikinci dəfə idi dinləyirdim. Leyla xanıma söz verdim ki, çox bəyəndiyim bu şeiri Azərbaycanda da yayınlayarıq və şeiri Azərbaycan türkcəsinə uyğuladım. Həmin şeiri “Ədəbiyyat və incəsənət”in dəyərli izləyicilərinin diqqətinə çatdırıram.
Leyla Şərif Emin 13 may 1981-ci ildə Şimali Makedoniyanın Üsküp şəhərində dünyaya göz açıb. Üsküp Universitetinin Türk dili və ədəbiyyatı fakültəsini bitirib. Makedoniya Dövlət Televiziyasının türk redaksiyasında “Gənclik və Mədəniyyət” proqramının ararıcı müəllifi olub. 2005-ci ildən Makedoniyada türkcə yayınlanan yeganə dərginin - “Körpü, kültür, sanat ve edebiyyat” dərgisininin baş redaktorudur. “Üskübistan”, “Bir Üsküp masalı”, “Türkcənin Rumeli yaxası” adlı kitabları nəşr edilib.Bir çox Uluslararası Ədəbiyyat tədbirlərində Makedonyanı təmsil edib. Makedoniya Yazıçılar Birliyinin və Türk Dünyası Qadın Yazarları Birliyinin üzvüdür. Şimali Makedoniya Rabitə Nazirliyində çaslışır.
Leyla Şərif Emin
Eyvallah
Eyvallah, ölkəmin açmayan çiçəkləri,
Sağlıqla uğurlanın hamınız.
Mən xəyallarımı qürbət uğultularında sevdim
Və hər şeyə inad sildim xəyallarımı gedərkən.
Sevdim xoyratca ayaqlanan zülüm güllərini,
Ölkəmin xatirələrə gömülüb qalan bayraqlarını...
Asılmış bir kənarda ümidlərə sarılı bənövşələr,
Bir can uğrunda yanan küllərə aldandım.
Gömülü qaldı içimdə kimliyim,
Həyatıma bir eyvallah yenə çəkərəm,
Çəkib də içimdən min “of” sökərəm.
Yırtılır bir Rumeli türküsü qaranlıqda,
Yapma da belə Hasan, buraxma belə Hasan
Qağayın Debredə qalmış
Yetim Hasan
Viran hasan...
İçim qürbət uğultularıyla dolu gömrük odası -
Sandıq-sandıq dərd daşıyıram
Möhürləndikcə bir-bir xatirələr.
Uzaqlardan duyulur davul səsləri,
Əlvidalar yaraşmadı sənə,
Sevinclər göz yaşlarında boğulmuş bir düyün.
Qapılarda əsgərlər kimlik soruşur
Mən kiməm, mən nəyəm...
Sabahın ilk işıqlarıyla bir Vətən parlayır,
Həm də nə Vətən?!
İçimdə yatan dədəm var,
Gəmim var batan.
Arxada qoyduğum qosqoca bir Balkan,
Eyvallah sizə də, bitməmiş çığırtılarım.
Dan yeri məndə sökülür, hər yan qaranlıq
Əllərimdə bir neçə kağız Kimliyimi gizləyir,
Qovuşdum sənə derkən
Qopdum bir yerlərdən.
İki əlim havada buludları arayır
İstəyirəm yağış yağsın,
Axıtsın kədərimin göz yaşını
Ayrılmaqmı,
Qovuşmaqmı?
İkisi də bir-birindən betər...
Ürəyimin incə sızıltısıdır bu şəhər,
İçindən ayrıldıqca qanayır əllərim.
Boğçalardan iztirablar axır -
Qalmaqmı ağır, Getməkmi?
Yandırıram ümidlərimi tellərində
Önümü biri kəsir.
Kimlik soruşur - Söyləyirəm:
Yabançı deyir,
Mənə məndən deyilsən deyir.
Ümidlərimə, xəyallarıma güllə sıxır,
Türkümə, laylama, daşıma, torpağıma
Yabançı deyir, Möhür vurur.
Eyvallah, sənə də ey əskər,
Eyvallah...
Məni sənə kim yabançı etdi, ey Vətən?
Qucağına gəlmək üçün ellərimi soram,
Qapında soyuqdanmı donam?
Sıralanmış insanların üzünə
Söylə, necə baxım?
Başımız əyilmiş önümüzə,
Baxası olmadıq üzümüzə
Ayazdandımı, nədəndi üşüyürük?
Sən bizə qucaq açasan deyə
Qapında tir-tir titrəyirik,
Günəş səndə doğulur,
Biz sənə doğuluruq...
Varıb sənə uzaqdan baxaq,
Eyvallah...
Kimsələr toxunmasın deyə xəndəklərin olaq,
Ah çəksən mən qəhrindən yanım.
Yüz deyil, min il keçsə belə həsrətinlə qanayım,
Varıb da Vətən deyə daşlarına sarılım.
Mən buna çoxdan razıyam,
Yetər ki səndə deyil,
Əllərin torpağında yabançı qalım.
“Ədəbiyyat və incəsənət”
(13.10.2026)


