İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Az tanınmışlar” rubrikasında sizlərə qəribə tale yaşamış İsmayıl Qarayev barədə danışacağam. Bu gün onun anım günüdür.
O, 1927-ci il dekabr ayının 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Tap Qaraqoyunlu natamam orta məktəbində təhsilini başa vurduqdan sonra (1941) həmin kənddəki "Meydanalı" kolxozunda kolxozçu işləyib (1941–1946). Gəncə Tibb Texnikumunu (1949), ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib.
Samux rayonu Alpout kənd feldşer məntəqəsində feldşer və müdir (1949–1951), Qasım İsmayılov (indiki Goranboy) rayon SES-də qrup müdiri (1951–1952) və epidemioloq köməkçisi (1952–1954), Yevlax rayon Malbinəsi kənd feldşer məntəqəsində müdir, Səmədabad kəndində, "28 aprel" sovxozunda, Yevlax şəhər xəstəxanasının poliklinikasında feldşer olaraq çalışıb
Xəzər Səhiyyə Şöbəsində və Zığ xəstəxanasında feldşer (1957–1958), Xəzər Hövzə SES-də gəmi feldşeri (1958–1965), Goranboy rayon Qaşaltı Qaraqoyunlu səkkizillik məktəbində müəllim, "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi (1966), "Gənclik" nəşriyyatında redaktor, böyük redaktor bə baş redaktor (1967–1974) işləmişdir.
Bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlayıb. Dövri mətbuatda hekayə, oçerk, povest və romanları çap edilib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində uzun müddət ədəbi verilişin ssenari müəllifi və aparıcısı olub. Əsərləri efirdə səsləndirilib
"Gənclik" nəşriyyatında işlədiyi vaxt nəşriyyatda nəşr olunan bir çox əsərlərin (xüsusilə, Süleyman Rəhimovun, Əli Vəliyevin, Cəmil Əlibəyovun, Ələviyyə Babayevanın, Qılman İsmayılovun, Əlibala Hacızadənin və bir sıra digər yazıçıları əsərlərinin) redaktə olunmasında, işıq üzü görməsində xüsusi xidmətləri olub.
Həmin dövrdə redaktoru olduğu kitabların ikinci müəllifi adlandırılan İ. Qarayev nəşriyyatda çalışdığı müddətdə Süleyman Rəhimov və Əli Vəliyevin zəmanəti ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. Ümumittifaq tənqid və ədəbiyyatşünaslıq şurasının üzvü seçilmiş (1976), Ədəbiyyat fondunun üzvü olub (12.09.1973).
İlk kitabı – "O və mənim anam" 1964-cü ildə "Azərnəşr"də çapdan çıxıb. V. B. Şklovskinin "Səyyah Marko Polo" (1972) əsərini tərcümə edib. Qələmini təkcə nəsr sahəsində deyil, həm də nəzm sahəsində sınayıb, bir neçə mənzum dastan, poema və çoxlu sayda şeirlər yazmış və bəzilərini mətbuatda dərc etdirib. Uzun müddət "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmiş, dövrün eybəcərliklərindən bəhs edən hekayələri bu jurnalda dərc olunub.
Təkcə respublika mətbuatında deyil, həm də keçmiş SSRİ məkanında bir sıra ədəbi jurnal və qəzetlərdə əsərləri dərc olunub, oxucular tərəfindən rəğbətlə qarşılanıb. İttifaq miqyaslı bir sıra ədəbi jurnal və qəzetlərdən əsərlərini nəşr üçün onlara təqdim etməsi ilə bağlı onlarla məktublar göndərilib. Represiyaya məruz qalıb. Lakin həbsxana illəri ruhdan düşməyib bədii yaradıcılığını davam etdirib, neçə-neçə roman, povest, hekayələr yazıb.
Azadlığa çıxandan sonra bir müddət Bakıda, sonra isə ömrünün sonuna qədər doğma kəndində yaşayıb. Ölümündən sonra bəraət alıb. Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə bərpa olunub. "Azərbaycan" jurnalında "Bir kəndin uşaqları" adlı povesti, "Ulduz" jurnalında "Məni tanıdınmı" romanından parça, "Gənclik" jurnalında "Yetim Hüseyn" hekayəsi, "Azərbaycan gəncləri" qəzetində şeirləri, "Yazıçı" nəşriyyatında "Dağlar dağımdır mənim" romanı, "Kriminal" qəzetində və "Arzu" jurnalında "Sxodka" adlı povesti dərc edilib.
Haqqında Tofiq Mahmud "Ulduz hər zaman parıldamır" adlı məqalə yazıb, Azərbaycan Milli Televiziyası "Öz ömrünü yaşamayan adam" adlı veriliş hazırlayıb. Yazıçının həyat və yaradıcılığından bəhs edən "Qələmə sarılmış ömür" bibliorqafik göstərici" kitabı (müəlliflər: Əmin Əfəndiyev, Zakirə Əliyeva) nəşr edilib (2008). O, həm də tərcümələr edib. Əsərləri rus və türk dillərinə tərcümə edilib.
Əsərləri (xronologiya ilə)
- O və mənim anam
- Aydınlıq
- Tərtərin mahnıları
- Dəniz və dənizçi zarafatları.
- Ömür (roman)
- Əməyin bəhrəsi
- Gecə keçir
- Dağlar dağımdır mənim
Əsərləri (əlifba sırası ilə)
- Ağ yuxu (roman)
- Adanın sirri (povest)
- Aman həsrət əlindən (roman)
- Aşiqlər (povest)
- Atam (povest)
- Ata həsrəti (hekayələr)
Şeirlər və poeamalar
- Həsrət (poema)
- Nə deyim? (Duyğular: şeirlər)
- "Yer uçundu, qaya qopdu zirvədən…", "Baş olanlar başa vurmaz ayağı…". Şeirlər (əlyazma)
1989-cu il oktyabrın 9-da Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində vəfat edib, orada da dəfn olunub. Yazıçının saytı fəaliyyət göstərir (www.ismayilqarayev.tr.gg/). Yazıçının arxivində 15-ə qədər roman, 40-ə qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə, rəvayət, oçerk saxlanılır. 1996-cı ildən yazıçının adını daşıyan "İsmayıl" nəşriyyatı fəaliyyət göstərir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.10.2026)


