“Biri ikisində” Qulu Ağsəsin essesi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə sevimli şairimiz, jurnalın da baş redaktoru Qulu Ağsəsin essesi təqdim edilir.

Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

 

 

QULU AĞSƏS

“ƏRZİ-ƏSRİ-HAL-NAMƏ”DƏN SƏTİRLƏR

 

 

                                        ***

“Mədəniyyət” sözünün  bir mənası da “şəhər salmaq”dı. İnsan məskənlərinə nəzər yetirək: mağaraları uşaq bağçasına, kəndləri orta məktəbə oxşatsaq, onda şəhərlərin bir adı var-institut. Doğrudan da, mədəniyyət – ali məktəb və ali mətləbdi...

 

***

 

Dünya evinin son mərtəbəsi Həqiqətdir; addım-addım çıxırsan ora. Əgər çıxa bilsən...

Dünya evinin damı isə Sevgidir; ora birinci mərtəbədən qalxmırlar, göydən enirlər. O hündürlükdən aşağılar görünmür. Ona görə sevənlərin gözləri ayaqlarının altını görmür...

 

 

***

 

Mən bir azad adamın xoşbəxt olduğunu görmədim... Xoşbəxtlik kölələrin nemətidir! Ya azad bədbəxt, ya da kölə xoşbəxt olmalısan; bu qədər qəddar seçim...

 

***

 

İnsan bəzən öz tərcümeyi-halından da yorulur.  Nə qədər məlum yerdə, bəlli ildə doğulmaq olar?! Bəzən soruşanlara təvəllüdümü səhv deyirəm, hərdən də yerimi, yurdumu. Ayrı ad söylədiyim də olub. Eyniyyət, təkrarçılıq bu qədər bezdirir məni. Elə  bunu ikinci dəfə yazdığıma görə... pozuram!

 

***

 

Əvvəl bu dünyanı xəlq edib Tanrı, sonra Adəmi, ardınca da Həvvanı... Yəni bu dünya dediyin, cəmi iki nəfər üçün nəzərdə tutulub “smeta”da. 8 milyard (!) əhali üçün deyil!

İnanmırsınızsa, Adəmlə Həvvanın ilk lətifəsinə baxın: “Üçüncü artıqdır...”

 

***

 

Adamlar xaraktercə iki növdür-introvert və ekstravert. Sadə dillə desək:

a) “özüylə əlləşənlər”;

b) “ortada yeyib, qıraqda gəzənlər”;

Mən onları antenaya bənzədirəm. Birinci qrup “domaşni”, ikinci qrup “krosnu”.

Ədəbiyyat və jurnalistika da belədir! Baxırsan, ikisi də “antenadır”, amma biri “evi” tutur, o biri “çölü”.

                                                            

***

 

Namus və Əxlaq haqda...

Namusu başı üstündə saxlamayan, heç olmasa, ürəyində kirələməyənlər onu orta(lıq)da axtaracaqlar...

Əxlaqa gəlincə isə, əxlaq zəhmətdir, peşənə can yandırmaqdır! Başqasının yerini tutmamaqdır! Faydalı iş əmsalıdır!  Aldığın maaşı haqq etməkdir! Heç kəsdən heç nə ummamaq və gileylənməməkdir!

P.S. Oxuduğunuz qeydlərimin 30 yaşı var. Qarabağ azad oldu, qaldı bu arzularımın çin çıxmağı...

 

***

 

...Həə, əzizlərim, uşağın asfalta düşən çörəyi öpüb gözü üstünə qoymağına nağıllardakı kimi 3 gün-3 gecə kövrələndən sonra üz tutdum  psixoloqa. Xanımın tıxacdan verdiyi suallara könülsüz “hə-hı” elədim. Psixoloq bu dəfə kimyəvi biliyimi yoxlayıb, ardınca bir şeir deməyimi xahiş elədi.

İstədim, “Uşaq və buz”u deyəm, fikirləşdim, qadın seansı uzadar. Keçdim öz yaradıcılığıma:

– Görsən, üşüyürsən, yandır özünü!

Gözucu baxdım ki, psixoloq ağlayır. Qəfil  ayağa durub:

– Yandıracağam bir gün! – dedi.

Xanımı güc-bəla sakitləşdirib, çıxdım... Küçədə yerə düşən çörəyi öpüb gözü üstə qoyan uşağı axtarıram. Onu öpüb gözüm üstə qoyacağam...

 

***

 

Dünən dünyada iki şair vardı: biri şeiri yazan, o biri şeiri oxuyan...

Bu gün dünyada bir şair var: şeiri yazan...

Sabah dünyada yalnız şeir olacaq!

                                                            

***

 

Ötən əsrin əvvəli

 

A.P.Çexovun “İmtahan” hekayəsində ata oğuldan soruşur:

– Niyə dənizin suyu şordur?

Oğul cavabında:

– Çünki dənizdə hərdən məzhəkəçilər üzür...

 

Bizim əsrin əvvəli

Oğul atadan soruşur:

– Niyə heç nəyin duzu yoxdur?

Ata:

– Çünki dünyanı məzhəkəçilər basıb...

 

     ***

 

2 əsrin müqayisəli təhlili:

XX əsr-adamın hay-hayı gedib, vay-vayı qalırdı...

XXI əsr-adamın hay-hayı gedib, vayfayı qalır...

 

***

 

Hərdən dünyanın üzündən öpmək istəyirəm. Görürəm, basırıqdır -dünyanın üzünə tüpürürlər. Mənsə, növbəyə girmək istəmirəm.

Hərdən də dünyanın üzünə tüpürmək istəyirəm. Görürəm, qırğındır-dünyanın üzündən öpürlər. Dedim axı, növbədən zəhləm gedir.

Gərək dünyanın üzündən öpməyi də, üzünə tüpürməyi də bacarasan!

 

***

 

“1 faiz istedad+99 faiz zəhmət=uğur!”

Bu da nəticəsi: səsi olmayanlar xalq artistidir, sözü olmayanların şeirləri dillər əzbəridir, rəngi olmayanların sərgiləri dünyanı dolaşır, topallar ölkə, pəltəklər “şən və hazırcavablar” yığmasında oynayır... Çünki zəhmət çəkirlər. Gecə-gündüz çalışırlar. Qan-tər tökürlər. Bu qədər zəhmət istedad yaradıbmı nəticədə? Xeyr! Zəhmət, uzaqbaşı, insanı meymuna çevirər! Amma zay səsi Rəşidə, zəif şeiri Füzuliyə, ağ-qara rəngi Səttara, Hondurası Braziliya millisinə... çevirə bilməz!

Zəhmət deyilən ucuz QHT kimi bir zaddır: çatana diplom paylayır. İstedaddansa, arayış da almaq olmur. Qısası-kəsəsi: “1 faiz istedad” düsturu səhvdir. 1 faiz bankda olur. Yəni banka 100 manat qoyanda, ilə 1 manat faiz götürə bilərsən... Uğurun formulu dəyişməli: istedad zəhmət çəkib önə çıxmalıdır. Görək zəhmətin geri durmağa istedadı çatacaqmı?

 

***

 

O, bir zamanlar iki adamı boynunun dalından da tanıyırdı:

1) sevən adamı;

2) pulsuz adamı;

Səbəb? Çünki ömür boyu sevmişdi  və heç vaxt da pulu olmamışdı...

 

***

         

Səhrada xidmət vaxtlarımıydı, lənətə gəlmiş Rusiya qışının sazağı (aramsız qar, boran, temperatur isə mənfi 25-dən də aşağı...) əllərimi elə dondurdu ki, onları itirəcəyimdən üşəndim. Şaxtadan ovcumu nəfəsimlə də qızdırmaq olmurdu. Naəlac qalıb əllərimi ayaqlarımın altına  qoydum: isindilər!

Amma bundan sonra uzun müddət tapdanmış əllərimə (o vaxt hər ikisiylə yaza bilirdim) qələm götürməyə utandım...

 

***

 

Bəşər övladı dünyaya göz açanda ağlayır. Bu “qızıl qayda”nı Adəmdən bu günəcən bircə  nəfər pozub. Deyilənə görə, Zərdüşt peyğəmbər doğulanda gülübmüş. Yenə deyilənə görə, o, əslən azərbaycanlıdır. Qayda pozmaq o vaxtdan canımızdadır.

 

***

 

Yay tətilini Skandinaviya meşələrində  marallarla keçir, qış tətilini Cənubi Amerika karnavallarında ceyranlarla, sonra çıx TV-yə, de ki: “Azərbaycanın yayına da qurban olum, qışına da!” Tamaşaçılar da vətənpərvərliyinə baxıb kövrəlsinlər...

 

***

 

Aylar da bir ailədir. Fevral ailənin ikinci övladı olsa da, evin sonbeşiyidir. Məncə, onun yeri dekabrla səhv düşüb.

Fevralın bir suyu da qələm əhlinə çəkib. Necə ki, şairlər stulda oturanda ayağı yerə çatmayan uşaqlara bənzəyirlər, 28 günü olan fevral da “31”lərin yanında o gündədir...

 

***

 

...soruşur ki:

– Niyə bu adamlar bu qədər xoşbəxtdirlər?

– Çiyinlərə çıxardıqları elə bilirlər, altdakıları miniblər, ona görə xoşbəxtdirlər...

– Bəs altdakılar?

– Altdakılara da elə gəlir, çiyinlərindəkilər cənazədir, sevinirlər ki, ölən üstdəkilərdir...                                                            

                                                            

“Ədəbiyyat və incəsənət”

(05.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.