Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, dəyərli izləyicilərimiz, "Ədəbiyyat və İncəsənət" portalının "Ruhun pıçıltısı" rubrikasında hamınızı xoş gördük.
Bu gün də bir şairimizin ruh səsini poeziyadan duyacağıq.
Bu də dəfə, sizlərə Gülər Natiq İsaqın şeirlərini təqdim edirik.
GÜLƏR NATİQ İSAQ
QIZIM OLSAYDIN...
(Özümə)
Yenə üzündən düşən şəfəqlər
Ürəyində buz bağladı.
Nə qəlbini qırdı, gülüm?
Səni hansı layla ilə ovudum indi?
Bilmirəm...
Neçə gecəni islanmış yastıqla sabahladın?
Yəqin, heç yuxu da görmədin...
Sağ yanağında
Ovcundan qalan ləkə nədir ki, gülüm?
Nəyin ağrısını sıxdın yanaqlarına?
Nə söyləyim sənə — ovutmaq üçün?
Bilmirəm...
Bir hüzur evim olsaydı,
Oraya köçürərdim səni.
Yaradanın izni olsaydı,
Zərif çiyinlərindən aşağı qanad taxardım.
Könlünü param-parça edən adamlardan uzaq edib,
Xəyallarına uçurardım.
Yeni dünya qurardım sənə...
Öz qurduğun dünya da bəs edərdi, məncə...
Lap çox, lap çox qorumaq üçün
Ən güclü dua istəyərdim Yaradandan.
Yumşaq qəlbini, əməllərini kirləməsinlər deyə
Ən çox atanın yaxşılıq etdiyi adamlardan
Qoruyardım səni...
Dar günündə yanında olub,
Yaxşılığını fitnə ilə qaytaranlardan...
Hər telini
Dualarımla örtərdim,
Ömrümün üstünə sərib qoruyardım...
Mələk olmaq müqəddəs xitab olmasaydı,
Onlardan ölümsüz ata istəyərdim sənə,
Daha çox qorusun deyə.
Sənə bitməyən - sonsuz atalı dünya istəyərdim...
Bir azca hökm verilsəydi nəfəsimə,
Anan özüm olardım...
Dünyanın ən zəngin adamı edərdim səni
Özümlə.
ƏLVİDA....
Əlvida, içimdə iz salan kədər,
Əlvida, gecələr dinməyən səsim.
Daha daşımayım köhnə dərdləri,
Daha boğulmasın səssiz nəfəsim.
Əlvida, qəlbimə kölgə salanlar,
Əlvida, ruhumu yoran kəlmələr...
Keçmişdən yaralı gecəyə deyil,
Sabah işığına açılsın gözlər.
Əlvida, içimdə böyüyən qorxu,
Əlvida, “bacarmam”, deyən o qadın...
Mən indi özümə əl uzadıram,
Özümə qayıdır yorğun həyatım...
Nə qədər susmuşam, necə dözmüşəm?
Nə qədər içimdə yağışlar yağıb...
İndi qoy, ürəyim, qoy, nəfəs alsın,
İndi qoy, gözlərim sevincə baxsın.
Əlvida, bu məni mənə yad edən,
Əlvida, ruhumu sıxan ey bədən...
Mən daha özümü qınamayacam,
Qalan işığımdan utanmayacam.
Albalı saçlarım, küləklə danış,
Bu gecə qəlbimdə sakitlik olsun.
Nə varsa qəlbimi ağırlaşdıran,
Elə bu gecədən geridə qalsın.
Əlvida, keçmişin yorğun nəfəsi...
Mən daha sabaha yüngül gedirəm.
Itirdiyim bütün yollardan keçib
Bu gecə özümə qayıdıram mən.
TOVUZQUŞUNA
Sən sevgi şeirini gözəl yazanı gördünmü,
ey, sehrli libaslım?
Mən gördüm...
Səsi, gülüşü qulaqlarımda sırğa kimi qaldı.
Külək yelləyəndə yanaqlarımı oxşadı...
Amma bəzən öz içindəkiləri də duymadı...
Bəzən ona kiçik yalanlar da uydurdum,
sehrli libaslım...
İndini keçmişə apardım,
gözlərindəki yerimi görmək üçün.
Qəlbindəki istəyin dadını duymaq üçün...
Sən mən olsaydın, heç nə yazmazdın.
Kimsə bilməzdi sətirlərində gizlənənin
hansı sehrli libas olduğunu...
Arada yuxuma Ceyms Bond da girir,
Bəlkə də məşhurluğun təsiridir onu fikrimdə, yuxularımda saxlayan...
Sərhəddə keşik çəkəndən gec xəbər alanda,
daha çox sığınıram o yuxulara...
Hə, sehrli libaslım, arada sən də gəl yuxularıma,
Qanadlarından göy qurşağı yarat, yağışı gözləmə.
Mənim bahar fəslim hələ öndədir,
Quraqlıq həvəsim tükənib daha...
Sənə sehrli libaslım deyə yazdim, bilirsənmi niyə?
Elə şux, nazlı görünürsən ki...
Bahar nəfəsi kimisən,
təbiətin yaşıl yaraşığı...
Mən indi səni yaza bildim, ancaq sevgi yerinə.
Bir səs də gecikərək çatır qulaqlarıma:
- Bəlkə indi daha yaxşı yazmışam sevgi haqqında şeiri...
ALTMIŞ BİR GÜN MÖCÜZƏ
Bir nida ismarlamışdım göy üzünə onda,
İçimdən bir ah qopmuşdu
iyunun üçüncü gecəsində.
O gün ümidsiz bir səhərə ümid edərkən
sirr dolu bir sabahın
açılmağı var imiş üfüqlər boyunca.
Gözləməmişdim...
Üç arzu da havalanmışdı burnumun ucunda
uzun həsrət qoxusu kimi
cənnəti tanımaq,
Yaradana qovuşmaq,
əbədi dünya olmaq...
Sonra duydum ki, tək duyğulardan
ibarət deyilmiş cənnət arzusu.
Dünya dərdlərindən hesab da varmış
o cənnətin iqlimiylə görüşməyə.
Geriyə dönmüşdüm,
bir yuxuydu salmışdı hüdudsuz sahilə.
Nə dənizə düşə bilmişdim,
nə ləpələr özünə çəkmişdi...
... son ola bilməmişdim sahildə...
“Focke-Wulf Fw 61” nömrəli
hava gəmisi də vardı
son uçuş zolağında
gözlərimə görünən.
Bir az mavilim,
bir az da sarı donlum
yenə gülümsəmişdi üzümə,
sağ qalmışdım yer üzünə...
Hansısa duaya ismarıcıymış
göylərdən əskik etmədiyim pıçıltılar,
məhzun yalvarışlar...
Bəlkə
bildiklərim deyilmiş hesabda olanlar.
Ömürlük həbsə atırmış
taleyin ümid rəngli uzanan sarmaşığı.
Yol alırmış
ömrün təqvimində iz salacaq
altmış bir gün
eyni adlı möcüzəyə!
“Ədəbiyyat və incəsənət”
(28.09.2026)


