Şeir saatı Təranə Dəmir ilə
“Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında cümə günü və bu gün sizlərə Təranə Dəmirin yeni yazdığı şeirlərini təqdim edirik. Hər dəfə 4 şeir.
Bir qədər qüssə, bir qədər ağrı-acı, bir qədər həsrət və bir qədər də daxili üsyan dolu nostalji ruhlu şeirlər.
1.
Çarmıxa çəkilmiş "Adam" şəkliyəm,
Ruhum göylərin əsarətində,
Cismim "Mən"də zəncirlənib.
Ətrafımda "mələk"lər dolaşır--
Qanadlı, qanadsız.
Üstümdə min ilin günahı
Çırpınıram həyatla ölüm arasındakı dar çərçivədə.
Boğuluram,
Əl atıb tutmaq istəyirəm özümdən,
Əllərim qana batır..
Məni bağışla, İlahi!
2.
Balaca arzularımız vardı,
Əlçatan, ünyetən.
Könlümüzün bir sığal təbəssümlə ovunan vaxrlarıydı,
Göz yaşlarımız da yaz yağışı kimiydi,
Bir anda şimşək çaxardı,
Selə, suya qərq edərdi dünyanı,
sonra gün çıxardı
və biz də unudardıq hər şeyi,
Və bizim həyat hekayəmiz təzədən başlayardı
yanağımızın yağış yerindən.
Yastı-yapalaq evlərdə, lampa işığında
rəngli-rəngli xəyallar qurardıq,
Bir dəst paltarımız olardı,
Onunla yatıb durardıq.
Qızlar gəlincik sevdasıyla,
Oğlanlar velosiped həvəsiylə gecəni səhər edərdi.
Səhər olunca qızlar suya,
oğlanlar naxıra gedərdi.
Azad idi o vaxtlar çöllər, çəmənlər, quşlar,
yuvalar, ağaclar, dağlar, yamaclar,
adamlar, yollar, çiçəklər, daşlar.
İllər keçdi,
Əvvəlcə dünya böyüdü, sonra biz, sonra qayğılar,
Sonra ümid yordu adamı, sonra arzular,
Sonra savaşlar, sonra qorxular,
sonra məhrumiyyətlər,
sonra uzaq şəhərlər, qaranlıq küçələr,
heykəllər, afişalar, dəyişik ünvanlar,yad baxışlar,
Bir də yanağının yağış yerindən asılan qırışlar.
Sonra yasaq sevdalar,
Sonra təyyarə biletləri, sonra ayrılıqlar,
Divarlarından hörümçək toru asılan
darısqal otel otaqları,
başında həsrət havası,
burnunda acı qəhvə qoxusu
və qulaqlarında Şopenin "Yağış valsı".
3.
Hələ təzə hörülmüsən,
Suvağın, daşın təzədi,
Ayağın, başın təzədi.
Hələ ki, tuş gəlməmisən
Yerin, Göyün töhmətinə.
Hələ ki şükr eləyirsən
Durub hasar qismətinə.
Hələ ki yormayıb səni
Küləklər, yağışlar, hasar,
Adamlar, baxışlar, hasar.
Hər gələn bir sığal çəkir,
Tumarlanırsan hələ ki.
Qamətin dik, başın dikdi,
Hasarlanırsan hələ ki.
Hələ ki qıran olmayıb
Sənin bu daş inadını.
Hasar-hasar çıxarırsan
Hələ dünyanın dadını.
Hələ ki xumarlanırsan,
Hələ ki sığallanırsan,
Sabahdan xəbərsiz, hasar.
Hələ bunun irəlidə
Hasar-hasar tökülməyi,
Hasar-hasar əyilməyi,
Hasar-hasar yıxılmağı,
Hasar-hasar uçmağı var.
4.
Qoyduğun qanunlar pozulub gedir,
Hamı kölgəsinə qısılıb gedir,
Əlimiz hər şeydən üzülüb gedir,
İlahi!
Qınına çəkilib söz adamları,
Əyib sındırırlar düz adamları,
Qoymur yaşamağa hirs adamları,
İlahi!
Yalına yalmanan itlərə yazıq,
Namərdə əl açan mərdlərə yazıq,
Bu bərli-bəzəkli bütlərə yazıq,
İlahi!
Gedənlər qayıtmır yurd-yuvasına,
Qalanlar çıxırlar taxt davasına,
Biz də oynayırıq bəy havasına,
İlahi!
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


