Yaşanmaq üçün yazılmış şeirlər Featured

Çağdaş Azərbaycan poeziyasında seçilmişlərdən olan şair İbrahim İlyaslının yaradıcılığına bir baxış

 

Vüsalə Anar,

yazıçı-publisist.

“Ədəbiyyat və incəsənət”

 

Müasir Azərbaycan poeziyasında özünəməxsus dəsti-xətti, fərqli poetik düşüncə sistemi və yüksək daxili məsuliyyət hissi ilə seçilən şairlərdən biri də İbrahim İlyaslıdır. Şair çağdaş ədəbi prosesdə pafosdan və süni bəzəkdən uzaq, həqiqətə söykənən poeziyanın təmsilçilərindəndir. Onun şeirlərində emosional səs-küy yox, dərin düşüncə, daxili ağrı və vicdanın səssiz, lakin təsirli çağırışı əsas yer tutur. İbrahim İlyaslının poeziyası oxucunu yormur, əksinə, onu düşünməyə, sual verməyə və öz daxili aləmi ilə üz-üzə qalmağa vadar edir. Söz onun yaradıcılığında mənaya, həqiqətə və məsuliyyətə xidmət edir. Onun yaradıcılığı müasir insanın daxili aləmini, cəmiyyətlə fərd arasındakı ziddiyyətləri və sənət qarşısında mənəvi yükü ifadə edən əhəmiyyətli poetik nümunələr təqdim edir.

 

 “Oturub ömrün içində     

Çişək şəkli çəkirəm. 

Yalan rəngləri götürüb,

Gerçək şəkli çəkirəm.”

 

“Mən bir dəli rəssamam” şeiri yaradıcı insanın daxili aləmini, dünyaya baxış bucağını və sənət qarşısında ağır mənəvi məsuliyyəti ifadə edən fəlsəfi-poetik mətn kimi diqqəti cəlb edir. Şeirdə işlədilən “dəli” anlayışı cəmiyyətin ölçülərinə sığmayan, həqiqəti qorxusuz şəkildə ifadə edən insan tipini simvolizə edir. “Rəssam” obrazı isə yalnız fırça ilə əsərlər yaradan sənətkarı deyil, həyatın özünü, reallığı sənətə çevirən yaradıcı şəxsiyyəti təcəssüm etdirir.

Şairin “ömrün içində çiçək şəkli çəkməsi” həyatın bütün sərtliklərinə və ağrılarına baxmayaraq, gözəllik və ümid axtarışında olmasını göstərir. “Yalan rənglərdən gerçək şəkli çəkmək” istəyi onun sənətdə və həyatda saxtalığa qarşı prinsipial mövqeyini ortaya qoyur. “Faniliyin ətrini ciyərlərinə çəkməsi” isə ölüm və keçicilik duyğusunun şair şüurunda daimi mövcudluğunu, onu hər nəfəsdə hiss etdiyini poetik obrazla ifadə edir.  Şeirin davamında “əkilənlərin ölümlərə cücərməsi” misrası ölümlə olum arasındakı faciəni simvolizə edir. “Kimsə bilməz nə çəkdirir, mənə mən çəkdiklərim” dedikdə daxili ağrısının başqalarının dərk edə bilmədiyini bildirir. “Olmaq üçün əkilənlər” - ölümlərə cücərir. Bu paradoksda “cücərmək”- həyat rəmzi ölümə yönəlir, bir gün var olan, bir gün məhv olur.  Dərya, tufan, od və su obrazları ruhun daim hərəkətdə, gərginlik və axtarış içində olmasını göstərir. Od - əzabın, ağrı -acının, su - sakitliyin, təmizliyin göstəricisidir. “Doğulmamış bir adam” obrazı isə gələcəyin insanını, hələ formalaşmamış düşüncəni və ya şairin öz daxili idealını ifadə edən çoxqatlı simvoldur.

Şeirin sonunda “mən şair deyiləm, yavrum, mən bir dəli rəssamam” fikri şairlikdən imtina deyil, sənətin sərhədsizliyini və adlara sığmayan mahiyyətini qəbul etmək kimi anlaşılır. Bu şeir bütövlükdə vicdan hesabatı, faniliklə barışmayan, həqiqətdən qorxmayan, daxili aləmi fırtınalı olan yaradıcı insanın etirafıdır.

 

***

“Dəlidən doğru xəbər al”, -                                                   

Doğru dəli dilindədi.                                                                  

“Can”ın ən kök qafiyəsi                                                     

“Qan”dı - zəli dilindədi.”

 

“Dilindədi” şeiri sözün, dilin və həqiqətin kimə məxsus olması məsələsini mərkəzə alan, dərin fəlsəfi qatlara malik poetik nümunədir. Şair bu mətndə göstərir ki, həqiqət çox zaman rəsmi, ölçülü-biçili dildə deyil, “dəli dili”ndə – yəni qorxusuz, səmimi və maskasız danışıqda üzə çıxır. Bu baxımdan “dəlidən doğru xəbər” atalar məsəli aktual məna qazanır. Şeirdə “can” və “qan” anlayışlarının qarşılaşdırılması həyatın hansı bədəllər bahasına - el dilində işlənən “qanı bahasına” qorunduğunu xatırladır. El dilində işlənən “zəli dili” ifadəsi başqasının hesabına yaşayanlara yönəlmiş incə və kəskin tənqid kimi çıxış edir. “Axşama qənim ağ şamdı”. Axşam – qaranlıq ömrün sonuna, ölümə işarə, “ağ şam” isə yanaraq əriyib qaranlığı işıqlandıran ümid, nur - ölümə qalib gələn simvoldur. Natamamın tamam olması ideyası insanın məhz qüsurları ilə bütöv olduğunu qəbul etməyə çağırışdır. Dünyanın “hamam” kimi təqdim olunması bütün insanların sonda çılpaq həqiqət qarşısında bərabər olacağını vurğulayır. ”Suyu “ləli” dilindədi” ifadəsi dünyanın zahiri parlaqlığının arxasında gizlənən dini-mənəvi imtahanı bildirir. Şeirin sonunda yer alan “burdan buyruq verilməmiş, orda ‘bəli’ dilindədi” misrası sakit, lakin dəyərli həqiqətin metaforik ifadəsidir. Şair insanların işlərini zəhmətlə deyil, yarınmaqla yoluna qoyduğunu göstərərək sosial reallığa toxunur. İnsanın bu dünyada verdiyi qərarların qiyamət günündə qaçılmaz cavaba çevrildiyini ifadə edir. Bu şeir dil fəlsəfəsi üzərindən insan vicdanına ünvanlanan ciddi bir çağırışdır.

 

***

İbrahim İlyaslının şeirləri ayrı-ayrı mətnlər deyil, bir ruhun müxtəlif vaxtlarda verdiyi cavablardır. Bu cavabların mərkəzində isə xüsusilə “Necəsən” dayanır. Bu sual — ayrılığın içində qalmağın, sevməyə davam etməyin sualıdır.

 

“Mənim səndən uzaqlarda  

Yamandı halım, necəsən?

Özgəsinə qismət olan

Cahı-cəlalım, necəsən?”

 

Bu lirik gəraylıda “Necəsən” rədifi hər bəndin emosional yükünü gücləndirir. Məzmun baxımından ayrılıq və həsrət motivlərini əks etdirən bu şeir xalq-aşıq poeziyasının ənənələrinə uyğun bir nümunədir. Sevgili həm ləl-gövhər kimi qiymətləndirilir, həm də “zalım” kimi xatırlanır. Sevgi isə həm şirin, həm də acıdır. Bu şeirdə ayrılıq var, amma nifrət yoxdur; incikliklə bərabər dua da var. Bu isə lirik qəhrəmanın mənəvi ucalığını, sevgisinin ölməz olduğunu göstərir.  Şeirin ümumi ovqatı ayrılıq, həsrət və əlçatmaz sevgi üzərində qurulmuşdur. Lirik “mən” uzaqdadır, halının “yaman” olduğunu açıq etiraf edir, lakin bütün bəndlər boyu diqqət mərkəzində yenə də özü deyil, sevdiyi insan dayanır. Təkrar olunan “necəsən?” sualı həm ümidin, həm nisgilin, həm də bitməyən mənəvi bağlılığın ifadəsidir.

Birinci beytdəki misralar həm fiziki, həm də mənəvi uzaqlığı bildirir. Şair öz dərdini dilə gətirsə də, yenə də sevgilinin halını soruşur. Bu, sevən insanın böyüklüyünü və sədaqətini göstərir. “Özgəsinə qismət olan Cahı-cəlalım, necəsən?” misralarında sevgilinin artıq başqasına qismət olduğu bildirilir. “Cahı-cəlalım” ifadəsi ilə şair onu ucaldır, özünün varı-dövləti sayır. Burada həm qürur, həm də dərin yanğı hiss olunur. İkinci bənddə “Yalana döndü gerçəyim” misrası bir zaman gerçək olan sevginin indi əlçatmaz və puç olduğunu göstərir. “Ay gözəlim, ay göyçəyim” müraciətləri isə inciklik olsa da sevginin səmimiyyətini qoruduğunu göstərir. “Çəmənim, çölüm, çiçəyim, Pətəyim, balım, necəsən?” misralarında sevgili təbiət və şirinlik obrazları ilə təqdim olunur. O, şair üçün həyatın özüdür. Üçüncü bənd xüsusi dərinlik daşıyır: “Daşam yolun üstə bitən, Nə sirdi anlamaz yetən.” Şair özünü sevgilisinin yolunun üstündə bitən daş kimi təqdim edir. Bu, maneə olmaq deyil; əksinə, onun keçdiyi yolda dayanmaq, bir anlıq da olsa onu görmək, sadəcə baxmaq istəyidir. “Daş” obrazı səbrin, həsrətin və sədaqətin simvoludur. “Nə sirdi anlamaz yetən” ifadəsi isə bu halın sirr kimi qalmasını bildirir. Şairin niyə o yolda dayandığını heç kəs anlamaz, bunu yalnız sevgilisi bilir. “Gözü, könlü dil-dil ötən, Dilləri lalım, necəsən?” misralarında isə sevgilinin baxışları ilə danışıb, lakin dili ilə heç nə deyə bilmədiyini, susmağa məhkum olduğunu göstərir. Dördüncü bənddə “Zər-zibam, ləlim, gövhərim, Yaqut-yəmən, simu-zərim” misralarında sevgili qiymətli daşlara bənzədilirək, onun dəyərini göstərir. Şair üçün o, maddi və mənəvi sərvətin timsalıdır. “Barmaqları bəxtəvərim, Başı bəlalım, necəsən?” misralarında isə barmaqların daş-qaşın xoşbəxtliyini yaşasa da qəlbindəki sevgisinin həsrətini çəkir. “Başı bəlalım” isə sevginin ağrısını göstərir. O, şair üçün həm səadət, həm bəla, həm də yandırıcı dərddir. Son bənddə “Üzün dönməz mənə sarı” misrası açıq şəkildə sevgilinin artıq ona baxmadığını, başqası ilə addımladığını bildirir. “Yarı öz ömründən, yarı” ifadəsi isə xalq dilində işlənən alqış və dua çalarına malikdir. Şair incisə də, onun xoşbəxtliyini arzulayır. “İbrahimin sitəmkarı, Necəsən, zalım, necəsən?” misralarında öz adını çəkir ki, bu da klassik aşıq ənənəsinə uyğundur. “Sitəmkar” və “zalım” sözləri sevgilinin üz döndərməsi və sevgini qəbul etməməsi ilə bağlı incikliyi ifadə edir. Lakin şeir yenə də sualla bitir: “Necəsən?” Bu təkrir şeirin emosional zirvəsidir.

 

***

“Əvvəl sevirəm de, sonra at məni,

Ən dərin dəryaya at məni, ömrüm.

Od kimi yaşamaq borcum var mənim,

 Şəhla gözlərində çat məni, ömrüm.”

 

Şeir müraciət üzərində qurulub və “ömrüm” xitabı ilə başlayıb davam edir. Bu müraciət həm sevgiliyə, həm də həyatın özünə ünvanlana bilər.  Lirik qəhrəman əvvəl sevgi etirafı istəyir, sonra isə atılmağa – yəni əzaba, tərkə, hətta məhvə belə razıdır. “Ən dərin dəryaya at məni” misrası sonsuzluğa, bilinməzliyə, ağır taleyə atılmaq deməkdir. Bu, şikayət deyil, könüllü fədakarlıqdır. Şair sevdiyi gözəlin gözlərində alova çevrilib yanmaq istəyir. Lirik qəhrəman dəryaya atılmağa razıdır, amma eyni zamanda, sevgilinin baxışında qalmaq istəyir. “Divanə olanın məskəni çöldü” – aşiq üçün dünya səhradır. O, cəmiyyətə sığmır. “Bir barmaq alovdu, bir ovuc küldü” – bu misra çox güclü metaforadır. İnsan həm alov qədər yandıran, həm də kül qədər fanidir. Həyatın özü yanmaq və sönmək arasında keçir. Alovlu yaşam və sönmüş həyat. “Mənim tək qulların yeri könüldü” – burada təvazövkarlıq var. O, özünü “qul” adlandırır və deyir ki, mənim yerim yalnız sənin qəlbindir. “Gözündən könlünə qat məni” – zahirdən batinə keçid istəyi var. Sadəcə baxışda yox, ürəkdə yer almaq arzusu ifadə olunur.   

                           

“Oydur gözlərimi, gözütox olum,         

Biraz artır məni – biraz çox olum.                  

 Səndə var olmuşam, səndə yox olum,  

Gözündən könlünə qat məni, ömrüm.”

 

Şair başqa birisinə, dünya malına baxmamaq üçün kor olmaq, mənəvi olaraq sevgilisinin cismində, ruhunda, ömründə, günündə yaşamaq, bütün mənliyi ilə onu sevdiyi üçün onda yox olmağı arzulayır. Sevgilidə var olmaq və yenə onda yox olmaq – yəni özündən keçib bütövlükdə ona qarışmaq sevginin ən yüksək mərhələsidir. Şeirdə əsas xətt təslim olmaq və bütövləşmə arzusudur. Lirik qəhrəman əzabdan qorxmur. Dəryaya atılmağa da razıdır, külə dönməyə də. Onun üçün əsas olan sevdiyi varlıqda yer almaqdır.

 

***

 

 “Hər oyun dildən başlayır,

Hər əməl təpərdən keçir.

Başı bacadan girənin,     

Ayağı çəpərdən keçir.”

 

“Keçir” şeiri fəlsəfi-didaktik məzmun daşıyır və həyatın qanunauyğunluqlarını ümumiləşdirilmiş şəkildə təqdim edir. Şeirin əsas ideyası keçid anlayışı üzərində qurulub. “Keçir” sözü burada həm fiziki keçidi, həm zaman axarını, həm də həyatın mərhələlərini ifadə edir. Bütün bəndlər bu mərkəzi ideyaya xidmət edir. Bu bənddə səbəb-nəticə əlaqəsi qurulur. “Hər oyun dildən başlayır” – insanın niyyəti və hiyləsi əvvəlcə sözlə başlayır. Dil həm yaradan, həm də dağıdan vasitədir. “Hər əməl təpərdən keçir” – əməl isə güc, cəsarət, bacarıq tələb edir. Burada söz və əməl qarşılaşdırılır. “Başı bacadan girənin, ayağı çəpərdən keçir” misraları atalar sözü xarakterlidir. Gizli, əyri yolla daxil olmanı göstərir. Yəni düzgün olmayan başlanğıc düzgün nəticə vermir. Şair ilk bənddə əxlaqi mövqe müəyyənləşdirir: hər şey öz məntiqi nəticəsindən “keçir”.

 

“Fərman verir dağa, daşa,

Qışdan yaza, yazdan qışa.

Qaydadı – hamıdan başa

Başını tərpədən keçir.”

 

Şeirin davamında ümumi qanunlardan danışılır. Zaman və taleyin hökmü hər yerə çatır. Heç nə bu qanundan kənarda deyil. Fəsillər dəyişir, həyat axır. Hərəkət edən, çalışan, təşəbbüs göstərən irəli keçir. Bu, həyatın dəyişməz qanunudur. Passiv yox, aktiv olan üstünlük qazanır. Şair burada əməyin və hərəkətin gücünü vurğulayır. “Tamah dişi” ifadəsi güclü bir metaforadır. Tamah insanın daxilindəki dağıdıcı qüvvədir. “Düşür üçü, çıxır beşi” – artım və azalma həyatın ayrılmaz hissəsidir. Maddi hesab dəyişkəndir. Həyatın ən böyük işi insanın doğulmasıdır. Hər böyük insan, hər böyük hadisə körpəlikdən başlayır. Bu misra həm həyatın müqəddəsliyini, həm də başlanğıcın əhəmiyyətini göstərir.

Şeirin sonlarına doğru dramatik tablo yaradılır. Təbiət hadisələri həyatın sarsıdıcı məqamlarını simvolizə edir. Yalnız danışan, lakin əməl etməyən insanlar çətinlikləri aşa bilməz. Sonuncu sətrdə hərəkət və əməl ön plana çəkilir. Son bənd ümumiləşdirmə xarakteri daşıyır. Zaman bölgüsü (il, ay, gün) həyatın axıcılığını göstərir. “Hər şeydən hamıya pay var” – hər kəsin taledən öz qisməti var. Sonuncu beyt şeirin kulminasiyasıdır. Çay həyatın özüdür, körpü isə keçid nöqtəsi – yəni ölüm və ya taleyin sonu kimi yozula bilər. Hamı eyni yolun yolçusudur, heç kim bu körpüdən yan keçə bilməz. Burada bərabərlik ideyası var: varlı-kasıb, güclü-zəif hamı eyni sonluğa doğru gedir.

Təkrar olunan “keçir” sözü rədif olaraq ideyanı möhkəmləndirir. Atalar sözü üslubu və hikmətli ifadələr şeirə xalq müdrikliyi çaları verir. Metaforalar (“tamah dişi”, “çay”, “körpü”) fəlsəfi məna yaradır. Zaman və hərəkət anlayışları əsas semantik xətti təşkil edir.

“Keçir” şeiri həyatın dəyişməz qanunlarından bəhs edən fəlsəfi əsərdir. Şair göstərir ki, hər şey hərəkət və zaman içindədir. Söz yox, əməl keçərli olur. Hər başlanğıcın nəticəsi var. Hər insanın payı var. Və ən əsası – hamı eyni körpüdən keçir. Bu şeir insanı düşünməyə, öz əməlini ölçüb-biçməyə və həyatın faniliyini dərk etməyə çağırır.  Bu şeir sevginin adi hiss yox, varlıq məsələsi olduğunu göstərir. Burada sevgi həm yanmaqdır, həm yox olmaqdır, həm də kamilləşməkdir.

 

***

“Salam Allah salamıdı,           

Almayan Allah adamı.

Yarəb, bu nişanda görmək

Zülümdü, vallah, adamı.”

 

“Adamı” şeiri ictimai və əxlaqi mövzuları vurğulayan fəlsəfi və tənqidi əsərdir. Şair burada insanın təmizliyinin, mənəvi dəyərlərinin qorunmasına diqqət çəkir və cəmiyyətdəki haqsızlıqlar, zülmlər qarşısında insanın durumunu göstərir. Şeirin əsas ideyası “adamı” – yəni saf, haqqı bilən və doğru yaşayan insanı qorumaq və onun dəyərini tanıtmaqdır. Burada şair vurğulayır ki, insanın dəyərini tanımaq və hörmət etmək Allah qarşısında vacibdir. “Zülümdü” sözündə isə ədalətsizlik və haqsızlıq vurğulanır.                                                                  Digər bəndlərdə cəmiyyətin haqsızlıqla dolu olduğu göstərilir. İnsan haqqını müdafiə etsə də, mövcud sistem onu məhv etməyə çalışır. “Var”ı “yox” ilə vurmaq – haqsızlıq və sui-istifadə rəmzidir.

 

 “Zəhərdən şirə çəkirlər,             

Kafiri pirə çəkirlər.      

Eynicə yerə çəkirlər

Gah şeytanı, gah adamı.”

 

Müəllif birinci misrada açıq tənqid və ironik çalarla dəyərlərin təhrifini göstərir. Zərərli və təhlükəli olan şeylər faydalı kimi cəlbedici təqdim olunur. Bu, cəmiyyətdə həqiqətin saxtalaşdırılması, pisin yaxşı kimi təqdim olunması ideyasını göstərir.  İkinci misrada isə saxta, naqis olan şəxslərin ucaldılmasını göstərir. Kafir - haqq yoldan uzaq olan, pir – müqəddəs kimi dini terminlərdən istifadə tənqidi daha da kəskinləşdirir. Sonuncu beytdə əxlaqi dəyərlərin pozulması, hər şeyin eyni səviyyəyə - hətta insanın şeytan səviyyəsinə endirilməsi, şeytanın insan səviyyəsinə qaldırılması dəyərlərin tamam qarışmasını göstərir.

 

“Balabanda qandırır”lar,   

Olmaza inandırırlar…

Saflığına sındırırlar

Sularından saf adamı.”

 

“Balaban” burada məcazi məna daşıyır. Müəllif bu obraz vasitəsilə göstərir ki, insanları açıq zorla yox, yumşaq, təsirli, emosional vasitələrlə aldadırlar. “Qandırmaq” sözü isə inandırmaq, aldatmaq, fikrini dəyişmək anlamındadır. Deməli, cəmiyyət emosional manipulyasiya ilə yönləndirilir. İnsanlara gerçək olmayan, mümkün olmayan şeylər həqiqət kimi qəbul etdirilir. “Olmaz” anlayışı məntiq və həqiqət sərhədini bildirir. Müəllif deyir ki, həqiqət yox, illüziya hakimdir. Üçüncü sətir mənəvi zorakılığa işarədir. “Sındırmaq” daxili bütövlüyü, təmizliyi pozmaq deməkdir. Saf insan birbaşa deyil, öz təmizliyinə görə zərbə alır. Cəmiyyət saflığı qorumaq əvəzinə onu zəiflik kimi qəbul edir və məhv edir. Burada dərin psixoloji çalar var. “Sularından” ifadəsi metaforadır. Su burada təmizlik, aydınlıq, mənəvi paklıq rəmzidir. “Sularından saf adamı sındırırlar” – yəni insanı təmizliyindən, təbii saflığından ayırırlar. Bu, mənəvi yadlaşdırmadır. İnsan öz mahiyyətindən uzaqlaşdırılır.

Bu şeir bütövlükdə satirik-fəlsəfi məzmun daşıyır. Müəllif zahirən “yalanı” tövsiyə edir, lakin əslində cəmiyyətdə formalaşmış saxta dəyərləri ifşa edir. İroniya əsas ifadə vasitəsidir, deyilənlə nəzərdə tutulan arasında böyük fərq var.

“Adamı” şeiri insanın əxlaqi və mənəvi dəyərlərinin qorunmasına çağırışdır. Burada saf, haqqı bilən və doğru yaşayan insan tərənnüm olunur, eyni zamanda cəmiyyətin zülmü, yalanları və aldadıcı yolları tənqid edilir. Şair metaforalar və təkrirlərlə ideyasını gücləndirir: hər bir “adamı” – yəni insanı qorumaq vacibdir, əks halda cəmiyyət öz dəyərini itirər. Əsas obrazlar; adam, Allah, mələk, şeytan, iblis – şeirin fəlsəfi xəttini təşkil edir. Bu şeir oxucunu düşünməyə, əxlaqi seçimlərini analiz etməyə dəvət edir.

 

***

 “Gəl sənə bir yalan uydurum, könül,

Adına aldanıb yaşa da, getsin.

Ən böyük yalanmış doğru deyilən,

Doğruçu olmağı boşla da getsin.”

 

Bu şeir fəlsəfi və tənqidi üslubda yazılmışdır. İnsanın həyatında yalan, doğru-yanlış, oyun və qismət anlayışlarını araşdırır. Lirik mən könülə müraciət edərək həyatın həm sərt, həm də yalan tərəflərini göstərir. Şeir həm əxlaqi, həm də psixoloji dərinlik kəsb edir və oxucuya həyatın təzadlarını, aldanmaları və oyunları göstərir. “Ən böyük yalanmış doğru deyilən” – yəni insanlar tez-tez “doğru” dedikləri şeylərdə aldanırlar. “Doğruçu olmağı boşla da getsin” – burada yalan və oyunların həyatın qaçılmaz bir hissəsi olduğu mesajı verilir.    

                                                                                                        

“Dosta yalan danış, yara yalan de,

Dağa dərə söylə, quşa ilan de.

Baxıb olmazlara: budu olan, - de,

Oxunu daşlara tuşla da, getsin.”

 

Şair burada yalanın sadəcə pislik olmadığını göstərir. O, dost, təbiət və hətta daşlar üçün yalanın metaforik istifadəsini təklif edir. “Oxunu daşlara tuşla da, getsin” misrası isə insanın hərəkətinin nəticələrini simvolik olaraq göstərir. Yəni bəzən məqsəd uğrunda “yalan”dan istifadə qaçılmaz olur, həyatın bir oyunu kimi təqdim edilir.

 

 “Təpil yarğanlara, çəkil çallara…

Boylan məzə kimi qeylü-qallara.

Çürük matahını bürü şallara,

Bəh-bəhnən alınsın, xoşa da getsin.”

 

Burada şair sosial və ictimai aləmdəki yanlışlıqları göstərir. “Təpil yarğanlara” – zəif və yalancıların alçaldılması, “çürük matahını bürü şallara” – çirklənmiş, zədələnmiş mənəvəyyatın gizlədilməsi və ya insanların maskalanması ilə bağlıdır. Şair cəmiyyətdəki oyunları və yalançı təzahürləri simvolik dil ilə təsvir edir.

 

 “Nə gözəl toxunub fələyin toru? -

Adam özü qaçır ağzına doğru.

İçində quldurdu, çölündə oğru,

İçini-çölünü xışla da getsin.”

 

Bu misralar insanın həm daxili, həm də xarici mühitdə oyun və fəlakətə məruz qalmasını göstərir. “Adam özü qaçır ağzına doğru” – insan özü seçir. “İçində quldurdu, çölündə oğru” – burada daxili və xarici təhlükələr, mənəvi zərərlər göstərilir.

 

“Ömür deyiləni qılıqla, yanla,

Fanidə oyun qur cisimlə, canla.

Bir zaman qapına gerçək yalanla

Qoşamı gəlmişdi? - Qoşa da getsin!”

 

Son bənddə şair ömür dedikdə həm də ölümü nəzərdə tutur. Sanki ölümü dilə tutub aldadaraq ömrünü biraz da uzatmağı tapşırır. İkinci sətirdə dünyanı keçici adlandırır. Həyat və zamanın bir oyun olduğunu, insanın həyatın qısa və fanilik tərəfini dərk edərək yaşamasını vurğulayır. Lap sonda yalan və həqiqət bir-birinə qarışır, nəticədə hər iki istiqamət həyatın qaçılmaz bir hissəsi olur.

Şeirdə metaforalar və təsvirlərdən geniş istifadə olunur: “dağa dərə söylə”, “oxunu daşlara tuşla”, “çürük matahını bürü şallara”, “fələyin toru”. Bu metaforalar həyatın mürəkkəbliyini, oyun və yalanlarla dolu olduğunu oxucuya çatdırır. Şair bildirir ki, həyatın reallığı ilə başa çıxmaq üçün bəzən oyun və yalanlardan istifadə qaçılmazdır. Burada həm fəlsəfi, həm də ictimai mesaj vardır - insanın daxili və xarici dünyasında həm doğru, həm də yanlış yol mövcuddur. Hər kəs öz taleyi və hərəkətləri ilə üzləşir, həyatın qanunauyğunluğu dəyişməzdir. Şeir oxucunu düşünməyə, həyatda seçimləri analiz etməyə və yalanlarla mübarizə aparmağa çağırır.

İbrahim İlyaslının poeziyası müasir insanın daxili sarsıntılarını, vicdan mübarizəsini və həqiqət axtarışını ifadə edən sanballı ədəbi hadisədir. Onun yaradıcılığı sözün məsuliyyətini daşıyan, oxucunu həm estetik, həm də mənəvi düşüncəyə sövq edən çağdaş poeziya nümunələridir. Bu şeirlər oxunmaqla yanaşı, dərk edilmək və yaşanmaq üçün yazılıb. Nə qədər sadə, el dilinə yaxın görünürsə, bir o qədər də dərin fəlsəfi mənaya malikdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.