İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İndi də sizləri bürkülü Bakıdan sərin və dumanlı Albiona aparacağam. Julia Donaldson (Culya Donaldson) adlı bir xanım barədə danışacağam.
O, 16 sentyabr 1948-ci ildə Londonda, Hampstead bölgəsində anadan olmuş məşhur ingilis uşaq yazıçısı, dramaturq, şair və mahnı müəllifidir. O, xüsusilə “The Gruffalo” (“Qruffalo”) əsəri ilə dünya şöhrəti qazanıb. Donaldsonun kitabları dünyanın bir çox dillərinə tərcümə olunub və onun əsərləri əsasında animasiya filmləri, teatr tamaşaları və müxtəlif səhnə layihələri hazırlanıb.
Donaldson Londonun Hampstead ərazisində, Viktoriya dövrünə aid böyük bir evdə böyüyüb. Ailəsi nənəsi, xalası və dayısı ilə eyni evdə yaşayırdı. Yazıçının uşaqlıq yaradıcılığında nənəsinin xüsusi rolu olub. Nənəsi istifadə olunmuş böyük zərflərin arxa tərəflərini ona və bacısına verər, onlar həmin kağızlarda hekayələr və şəkillər çəkərdilər.
Donaldsonun yazıçılığa marağı hələ məktəb illərində başlayıb. Xatırladığı ilk hekayələrdən biri narıncı qulaqları kökə bənzəyən dovşan haqqında olub. Məktəbi bitirdikdən sonra Bristol Universitetində dram və fransız dili üzrə təhsil alıb. Universitet illərində gələcək həyat yoldaşı Malcolm Donaldson ilə tanış olub. Malcolm tibb tələbəsi idi və gitara çalırdı.
Onlar birlikdə müxtəlif yerlərdə küçə musiqisi ilə məşğul olur, mahnılar oxuyurdular. Donaldson həmin dövrdə müxtəlif ölkələrə uyğun xüsusi mahnılar da yazıb. Cütlük 1972-ci ildə evlənib. Donaldson uzun müddət yalnız kitab yazıçısı olmayıb. O, müxtəlif nəşriyyatlarda və radio stansiyasında işləyib, daha sonra orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib.
Eyni zamanda folk klublarında mahnı oxuyurdu. Daha sonra BBC üçün uşaqların televiziya proqramlarında istifadə olunan mahnılar yazmağa başlayıb. Ona müxtəlif mövzularda mahnılar sifariş edilib. Bu mahnılardan biri sonradan onun yazıçılıq karyerasının başlanğıcında mühüm rol oynayıb.
1993-cü ildə Donaldsonun BBC üçün yazdığı mahnılardan birinin sözləri əsasında “A Squash and a Squeeze” adlı uşaq kitabı nəşr edilib.
Kitabın illüstratoru Axel Scheffler idi. Bu əməkdaşlıq sonradan uşaq ədəbiyyatının ən məşhur müəllif-illüstrator əməkdaşlıqlarından birinə çevrilib. Donaldsonun əsl böyük uğuru 1999-cu ildə “The Gruffalo” kitabının nəşri ilə başlayıb.
Əsərin əsas qəhrəmanı balaca, ağıllı bir siçandır. Siçan meşədə gəzərkən tülkü, bayquş və ilanla qarşılaşır. Onların onu yeməsindən qorxaraq öz təxəyyülündə qorxunc bir məxluq — Qruffalo haqqında danışır. Lakin hadisələrin ən maraqlı tərəfi odur ki, siçanın uydurduğu Qruffalo sonda həqiqətən qarşısına çıxır. Əsərin ideyası Çin xalq nağılına bağlıdır. Donaldson həmin nağılda ağıllı bir qızın pələngi aldatmasından ilhamlanıb.
“Pələng” sözünə uyğun qafiyə tapmaq çətin olduğundan yazıçı özünəməxsus yeni məxluq yaradıb və onun adını Gruffalo qoyub. Donaldsonun yaradıcılığında rəssam Axel Scheffler xüsusi yer tutur. Schefflerin çəkdiyi obrazlar Donaldsonun mətnlərini vizual baxımdan tamamlayıb.
Onların birlikdə yaratdığı əsərlər arasında:
The Gruffalo
The Gruffalo’s Child
Room on the Broom
The Snail and the Whale
Stick Man
Zog
Superworm
və başqa kitablar var.
Culya Donaldsonun yaradıcılığında çoxlu məşhur əsər var. Əsaslarından bəziləri:
“The Gruffalo” — onun ən məşhur əsəri.
“The Gruffalo’s Child” — Qruffalonun qızının macərasından bəhs edir.
“Room on the Broom” — cadugər və onun müxtəlif heyvan dostları haqqında yumorlu hekayədir.
“Stick Man” — özünü adi ağac budağından fərqli görən və müxtəlif hadisələrlə qarşılaşan Stick Man haqqında əsərdir.
“The Snail and the Whale” — kiçik bir ilbizlə böyük balinanın səyahətindən bəhs edir.
“Zog” — əjdaha məktəbində oxuyan Zog adlı balaca əjdahanın macəralarını təsvir edir.
“The Highway Rat” — oğurluq edən və başqalarını qorxudan quldur siçovul haqqında satirik uşaq hekayəsidir.
“What the Ladybird Heard” — uğurlu başqa bir kitab seriyasıdır.
Donaldson 2011–2013-cü illərdə Böyük Britaniyanın Children's Laureate — Uşaq Ədəbiyyatı Laureatı vəzifəsini daşıyıb. Bu müddət ərzində ölkə üzrə kitabxanaların və uşaqların mütaliəsinin əhəmiyyətini təbliğ edib.
Mükafat və fəxri adları
Ədəbiyyata xidmətlərinə görə Donaldson CBE (Commander of the Order of the British Empire) fəxri adına layiq görülüb. O, həmçinin Royal Society of Literature təşkilatının üzvüdür. Onun əsərləri müxtəlif uşaq ədəbiyyatı mükafatlarına layiq görülüb və bir çox kitabları səhnəyə və ekrana uyğunlaşdırılıb.
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)


