“Biri ikisində” bu dəfə Şəfəq Sahiblinin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Şəfəq Sahiblinin şeirləri ilə tanış edəcəyik.

 

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.                   

 

 

DİLİMİN UCUNDA

 

Uzaqlarda üşüyür

boynumu qucaqlamaq

həsrətilə

düyün düşən qolların...

Gözləri doluxsunub

sənə gələn yolların...

Əllərimin həniri

yaralı göyərçintək

hələ də çırpınır ovcunda.

Adın qəzaya düşdü

Dilimin ucunda.

 

 

XATİRƏ

 

Xəbərin varmı?

Könlümün xatirə

mövsümüdür...

Barmaqlarım səni soruşur

Ovcuma tökülən göz

yaşlarımdan.

 

 

XƏFİF- XƏFİF

 

Baharda kol dibində

Xəfif-xəfif

Gülümsəyən bənövşə kimi

Sevdim səni...

Səni elə sevdim,

“Sevgi”  sözünün dodağı

çatladı...

Səni elə sevdim,

Həsrət utandı

özündən...

 

 

QAĞAYILAR

 

Qağayılar

qırçın-qırçın dalğalar kimi

səpələnir dənizə.

Bir qız dayanıb sahildə

qayalarla göz-gözə.

Bir gəmi ayrılır

uzaq limandan.

Bir ürək qopmaq istəyir

küləkdən, yağışdan, tufandan.

Bu mənəm, sahildə tək.

Gələcək o gəmi,

o yağış, o külək,

      bir də...

 

 

SƏNİN SAHİLİN

 

İçimdə bir dəniz ölüb,

Duzlu suların yuxusu

ləpələnir xatirələrimdə...

Yaşıl-yaşıl

yosun qoxusu gəlir

      kirpiklərimdən...

Üzür göz yaşlarımda

ölü balıqların səsi.

Bu ölü dənizin sahilində

       səbrim

havalı-havalı gəzir.

...İçimdə ölən dəniz,

Əvvəlimmi, sonrammı?

...Ölmək-ölməkdir...

Ölmək - Tanrı səbrinin

sahilinə gəlməkdir...

Mən sənin sahilinəm,

İçimdə ölən dəniz.

 

 

ŞƏHİDLƏR

 

Bir sehrli qaranlığın

Köynəyindən keçib gəldik.

Alnımızın yazısını

Boyumuza biçib gəldik.

 

Ömrü güllə darağıtək

Boşaltdıq vaxtın köksünə.

Son nəfəsi güzgü kimi

Tutduq dünyanın üzünə.

 

Yoxmuş cavabsız bir sual,

Ölüm də bir cavab imiş.

Ölüm sevməzlər içində

Ölmək də bir savab imiş.

 

 

TORPAĞA DÖNÜRƏM,

VƏTƏNLƏŞİRƏM

 

Burda gəncliyimi salıb itirdim –

Mərmilər şumlayan torpağın üstə.

Mən öz ürəyimin arzularını

Sərmişəm üçrəngli bayrağın üstə.

 

O qızın gözləri hələ yol çəkir,

Ağarmış telindən xəbəri yoxdur.

Hər gecə səngərin səssizliyində 

Mənim duyğularım  muğam oxudu.

 

Gah qarın üstündə, gah yağış altda

Onun xəyalıyla isinir ürək.

Hərdənbir qoxlayıb yuxularımda,

Xatirə-xatirə diksinir ürək.

 

Söykənib bəxtimin divarlarına,

Sönmüş bir ocağın közün eşirəm.

Səngərin çiyninə qoyub başımı,

Torpağa dönürəm, Vətənləşirəm.

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.