İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ədəbiyyatdan danışırıqsa, günün əsas ədəbi hadisəsi əlbəttə ki tarixi romanlarla ədəbiyyat tariximizdə yer tutmuş yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür, anadan olmasının 139-cu ildönümüdür.
Ünlü yazar 1887-ci il sentyabr ayının 12-də Şuşa şəhərində anadan olub. Yusif Vəzir ilk əvvəl Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyub. Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olub. Ona türk və fars dillərini öyrədib. Yusifin atası onun rusca öyrənməsini də istəyib. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olub.
Yusif bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb Realnı məktəbinə girmək üçün 1896-cı ildə Şuşaya qayıdıb və imtahan verib Şuşa Realnı məktəbinə daxil olub. O zamanlar bu məktəb tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri sırasında birincilərdən sayılırdı.
Qardaşı Əbülhəsən 21 yaşında vəfat edib. Onun yaratdığı zəngin kitabxana Yusifə verilib.
Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanıb. Yusif Vəzir Şuşa Realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini rusca yazıb. O, rusca yazdığı bir neçə şeirini Şuşa Realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərib. Müəllim şeirləri gözdən keçirib, ona Çexovu oxumağı məsləhət görüb.
Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlib.
Yusif məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı, əl ilə yazılan yumoristik və karikaturalı aylıq jurnal çıxarıblar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edib.
Yusif Vəzirin atası 1906-cı il fevral ayının 20-də vəfat edib. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalıb.
Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdakı atasına məxsus əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedib. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedib. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirib. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərib. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyub. Ailə köməksiz qalır.
Yusifin anasi Seyid Əziz xanım gecə-gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edib. Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin adlı kəndindən aclıq nəticəsində qaçıb, Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapan Həsənxan, Nifti və Fərəc qardaşları var idi, Yusifin atasi Məşədi Mirbabayev yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.
Ailənin ağır vəziyyətində bu qardaşlardan başqa heç bir qohumları Yusifgilə kömək etməyib.
Yusif sağaldıqdan sonra anasına deyib ki, əgər mən gələcəkdə adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gələn sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul edəcəyəm. Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlib.
Və yetişdik məşum 1905-ci ilə.
Şuşada yaranan erməni-müsəlman toqquşmaları nəticəsində azərbaycanlı tələbələr məktəblərini tərk etmək məcburiyyətində qalıblar.
Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gedib, realnı məktəbin altıncı sinfinə daxil olub. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də məşğul olub. Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı hekayəsini yazıb. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunub.
Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edib.Onlar Aşqabada köçməli olublar.
1907-ci ilin yayında Yusif Vəzir Aşqabada anasına baş çəkməyə getdiyi zaman orada Aşqabad Gimnaziyasının 3-cü sinif şagirdi Berta Maiseyeva ilə tanış olub. Bertanın "Əli və Nino" romanındakı Ninonun prototipi olduğu ehtimal edilə bilər. Əslində, gündəliklərinə əsasən demək olar ki, romandakı tarixi hadisələrin bir çoxu Vəzirovun Bakıda realnı məktəbdə oxuduğu dövrə təsadüf edib.
Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər institutuna verib. Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alıb. Orada qaldığı vaxtdan istifadə edib məşhur "Cənnətin qəbzi" hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhrəmanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edib.
Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdıb. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayıb. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyub və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanıb. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olub. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanıb. Nəticədə "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları meydana çıxıb.
Onu da nəzərə alın ki, o dövrdə Çar Rusiyası müsəlmanların təhsil almalarında, gözlərinin açılmasında maraqlı deyildi. Yusif Vəzir kimi intilligentlər barmaqla sayılası qədər az idilər.
1915-ci ildə Birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar hökuməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirib. O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunub. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedib. Orada "Zemstvo" təşkilatına daxil olub cəbhəyə gedib.
Sonra onun tarixi romanları gəldi, uğurlar sıralandı. Sovet dövrü azad fikirliliyə imkan vermir. Onu mənəvi cəhətdən sıxırdı. Amma o birtəhər duruş gətirib həmin o qara 37-ci ilə çıxa bildi…
Əsərləri
1. İki od arasında (Qan içində)
2. Qızlar bulağı
3. Studentlər (roman)
4. Biz kimik və istədiyimiz nədir
5. Soyuq öpüş
6. Bir cavanın dəftəri
7. Həzrəti-Şəhriyar
8. Gündəliklər
9. Fokusnik
10. Qanlı göz yaşları
1937-ci il Stalin təmizləmələrinin ən çətin illərindən biri idi. Azərbaycan Yazıçılar İttifaqı da öz növbəsində (digər sovet qurumları kimi) ciddi cəhdlə "sıraları təmizləyirdi". Yusif Vəzir - Vəzirov da hədəf alınmış 20-yə yaxın yazıçı arasında idi. O, sovetlərə qədərki dövrdə dini istismarı tənqid edəcək qədər cəsarətli yazıçı olduğunu deyərək özünü müdafiə etməyə çalışırdı. Azərbaycan Yazıçılar İttifaqının III Plenumunda (mart, 1937-ci il) İttifaqın sədri Seyfulla Şamilov aralarında Vəzirov da olmaqla bir sıra yazıçıları tənqid atəşinə tutdu. 9 iyun 1937-ci ildə "Ədəbiyyat" qəzetində Çəmənzəminlini əks-inqilabçı olmaqda ittiham edən yeddi məqalə çap edildi. Onu "Studentlər" və "Qızlar bulağı" kimi romanlarında mənfi obrazlar vasitəsilə əks-inqilabi fikirlər təbliğ etməkdə ittiham edirdilər. İçində olduğu təhlükəni dərk edən Çəmənzəminli əlyazmalarının böyük bir hissəsini yandırdı.
1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılır və bununla da iş tapmaq imkanını itirir.
Həyatını xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr edən Yusif Vəzir özündə heç bir günah görməyib 1937-ci il may ayının 20-də Azərbaycan K(b)P-nın Mərkəzi Komitəsinin birinci katibi M. C. Bağırova ərizə ilə müraciət edir. Yusif Vəzir M. C. Bağırova yazdığı ərizənin cavabının gəlməsindən əlini üzərək 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın baş katibi İ. V. Stalinə ərizə ilə müraciət edir. Bu ərizədən də cavab gəlmir. Yusif Vəzir 20–25 gün Moskvada qalıb Stalinə yazdığı ərizə barədə Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir cavab ala bilmir. Çarəsiz qalan Yusif Vəzir Bakıya qayıdır. 1938-ci ildə "Kommunist" qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.
1937–38-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən Bəkir Çobanzadə, Nurməmməd bəy Şahsuvarov, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. Bura həmin o dəhşət saçan QULAQ adlı məşhur həbs düşərgəsi idi. Rus kommunistləri dünyada anoloqu olmayan bir istismar ocağı yaratmışdılar orada.
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də orada aclıqdan və heç şübhəsiz, ürək tutmasından vəfat edir. Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunur.
1956-cı ildə Yusif Vəzirə bəraət verildi. Amma çifayda.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.09.2026)


