“Bir şair, bir şeir” Saqif Qaratorpağın " Payız notları" ilə Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, dəyərli izləyicilərimiz, xoş gördük.

Əminəm ki, artıq payız havası qəlbinizdə yer alıb. Şairlər üçün payızın öz yeri var.

Elə bu gün də rubrikamızda payızla bağlı gözəl bir şeir yayımlanacaq.

  Beləliklə, "Bir şair, bir şeir" rubrikasında sizə dəyərli şairimiz Saqif Qaratorpağın " Payız notları" şeirini təqdim edirik.

 

 

SAQİF QARATORPAQ

“PAYIZ NOTLARI”

 

Bir də qarşılaşmaq varmış qədərdə,

yağmurlu bir payız günü...

Çətirsiz çıxmışdın evdən,

unudub sinoptiklərin xəbərdarlığını.

Sözlər islanmışdı dodaqlarında,

Köhnə albomdan düşən

ağ-qara şəkildi bu görüş.

Yağış yuyub aparmışdı xatirələrin qarasını...

Keçmiş axıb getmişdi dənizə.

Yelkənsiz gəmiydik vaxtın sahilində,

Yad planetdən uçub düşmüşdük

adını bilmədiyimiz şəhərin

dolanbac küçəsinə...

Barmaqlarımızın

ucunda döyünən ürəyimizi

ovutmağa söz tapmırdıq o gün...

Kipriklərimizdən asmışdıq

göy qurşağını,

Gözlərimizdən

Işıq çəkmişdik sabaha.

Şəhər bələdiyyəsinin

unutduğu

antik heykəl kimiydik,

Yağış kəsəndə çıxıb gedəsiydik

miladdan əvvələ...

 

“Ədəbiyyat və incəsənət”

(11.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.