“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Əli bəy Azəri ilə görüşdürəcəyik, təqdim olunan onun “Messi” adlı hekayəsidir.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
ƏLİ BƏY AZƏRİ
“MESSİ”
Həcc ziyarətindən qayıdandan sonra bir neçə gün özümə gələ bilmədim. Yol yorğunluğu canıma necə hopmuşdusa, çıxmırdı. Yanıma gəlib-gedənlərin əlindən dincələ də bilmirdim. Nəhayət, ziyarətçilərin əl-ayağı evimizdən yığışsın deyə, həftənin tamamında qonum-qonşu, dost-tanış üçün ziyafət vermək qərarına gəldim. Məqsədim xudmani bir süfrə açmaq idi, lakin son qadağalardan ehtiyatlanırdım. Ehsan süfrələri yavaş-yavaş sıxışdırılıb aradan qaldırılırdı. İndi biz hacı-mollaların adı vayqanlıydı. Harda ehsan süfrəsi görürdülər, tutub molla-hacını döyürdülər. Elə bil ki, dədə-babalarının min dörd yüz ildən bəri davam etdirdikləri bir ənənənin günahkarı biz idik.
Əlqərəz, düşünüb-daşınıb çay süfrəsinin üzərində dayandım. Xurmalı, ləbləbili, şorqoğallı zəngin bir çay süfrəsi açdırdım. Qonaqlar gəldi. Oturduq, söhbətləşdik. Adamlar məni maraqla dinləyir, asta-asta çay içir, süfrədəki nemətlərdən dadırdılar. Mən də onların marağından cuşa gəlirdim. Həcc səfərimdən, yolda gördüklərimdən, eşitdiklərimdən elə həvəslə danışırdım ki, özümün də xoşum gəlirdi. Yola salındığımız gündən ta qayıdıb gələnə kimi, nə görmüşdümsə, hamısını danışdım. Dağın başında ilişib qalmış dəvə ilə şəkil çəkdirməyimiz, şeytanı daşa basmağımız, yeddi təpənin birinin başından o birisinin başına qədər uşaq kimi qaçmağımızdan o qədər danışdım ki, axırda yoruldum. Gedənlərin hərəsinə bir fincan zəm-zəm suyu içirdib, əllərinə təsbeh verib yola saldım.
Qonaqların arasında Daxıl adında bir adam da vardı. Daxıl uşaqlıq tanışımıydı, mənimlə bir sinifdə oxumuşdu. Heyvərənin biriydi, dərsə-zada marağı olmadığı kimi din-iman da qanmazdı. İndi onun gəlib məni tapmağı möcüzə kimi görünürdü. Orta məktəbdən sonra nə bir-birimizi axtarmışdıq, nə də rastlaşmışdıq. Heç marağında da olmamışdım. İnanmağım da gəlmirdi ki, Daxıl gəlib çənəmin altını kəsdirib, Həcc söhbətlərinə belə maraqla qulaq asır. Dedim bəlkə, qəlbində hidayət çırağı yanıb, adam dinə-imana gəlib. Hamı dağılışandan sonra Daxılla daha yaxından hal-əhval tutdum. Evləndiyini, üç qız atası olduğunu dedi.
– Allah səni imtahana çəkir, – dedim: – Bilirsən də, üç qızı ədəb-ərkanla böyüdüb ev-eşik eləyən atalar sorğu-sualsız cənnətə düşürlər.
Nəsə, Daxıl dediklərimdən xumarlandı, bir az qımışdı və irişə-irişə dedi:
– Nolar, ay Hacı, Allah məni belə sevirsə, bircə dənə oğul payı da verib sevindirsin də, nolar...
– Nə deyim? – Quruyub qaldım: – Biz onun işlərinə qarışa bilmərik. Özü bilən məsləhətdir.
– Yenə də, ay Hacı... – Daxıl əl çəkmədi: – Sən indi Hacısan, Allaha bir köynək yaxınsan. Namaz qılanda dua elə, bəlkə, səni eşidə, mənə bir oğlan payı verə.
– Hə, nə olar. Dua eləməyinə, eləyərəm. Bundan asan nə var ki...
– Bax, Hacı, getdiyin o Kəbə haqqı deyirəm, Allah mənə bir oğlan payı versin, qulağına duanı sənə oxutduracağam, nəmərini də adına layiq verəcəyəm.
Daxıl o gedən getdi. Daha mənimlə əlaqə saxlamadı. Mən də bir müddət verdiyim sözə əməl elədim. Hər dəfə namaz qılanda dua elədim ki, Daxıla bir oğlan payı versin, onları sevindirsin. Sonralar iş-güc başımı necə qatdısa, o da yaddan çıxdı.
Bilmirəm, bir il keçmişdi, ya bir az artıq olardı, bir axşam Daxıl mənə zəng elədi. Özü deməsəydi, səsindən tanımayacaqdım, çünki heç adını da telefonuma yazmamışdım.
– Hacı, muştuluğumu ver, oğlum olub!
Daxılın birbaşa mətləbə keçməsi məni karıxdırdı. Həm sevindim, həm də təəccübdən quruyub qaldım:
– Ay maşallah! Ay maşallah! Böyük oğlanlardan olsun! Atasını, anasını, bacılarını sevindirsin.
– Hacı, sözümüz sözdü, sabah gəl, süfrə hazırlatdıracağam, duasını qulağına oxu.
Səhərisi gün onlara getdim. Həqiqətən də, Daxıl xudmani bir süfrə hazırlatdırmışdı. Oturduq. Allahın verdiyi nemətlərdən doyunca yedik. Uşağı gətirdilər. Durub qucağıma aldım. Ay parçası kimiydi. Başladım duasını oxumağa. Oxudum, oxudum, sonda adını deməliydim axı, onu da soruşmamışdım. Duanı dayandırıb üzümü Daxıla tutdum:
–Adı-sanı yaşasın. – dedim: – Uşağa nə ad qoymusunuz?
– Messi. – Hazırcavablar kimi Daxıl fəxrlə səsləndi, heç orta məktəbdə oxuyanda belə hazırcavablıq eləmirdi, müəllim sual verəndə, başını partanın altına soxurdu ki, onu görməsinlər.
– Heç olmasa, Ronaldo qoyardınız. – Mən də atmacamı atdım, hirsimi birtəhər boğmaladım: – İndi axı Ronaldo daha məşhurdu.
– Ronaldonu o biri nəvəmə qoymuşuq. – Otağın o başında, yerə salınmış saçaq yunlu qoyun dərisinin üstündə oturmuş yaşlı qarı əlindəki çubuqla iki-üç dəfə yerə döyəclədi ki, ona tərəf baxım: – Heç Messi də Ronaldodan zəif ad deyil. İndi ikisi də dəbdədir.
Birtəhər özümü cəmləşdirdim, duamı oxuyub yekunlaşdırdım. Uşağı anasına verib çıxmaq istədim. Daxıl da ayağa qalxdı ki, məni yola salsın. Maraq üstün gəldi, soruşdum:
– Bəs qızların adı nədir?
– Laura, Liza, Lia. – Daxıl yenə də hazırcavablar kimi dilləndi, üçünün də adını birnəfəsə söylədi.
Daha heç bir şəkk-şübhəm qalmadı. Sinif yoldaşım Daxılın qəlbində hidayət çırağı, həqiqətən də, şölələnirdi. Özü də elə şölələnirdi ki, istisi aralıdan sifətimi qarsdı. Di gəl ki, bu hidayət çırağını kim yandırmışdı, bax, onu ayırd edə bilmədim.
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)


