“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Məti Osmanoğlu ilə görüşdürəcəyik.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
MƏTİ OSMANOĞLU İLƏ TAMAMLANMAMIŞ SÖHBƏT
Məti Osmanoğlunun ədəbi mühitin mühakiməsinə verdiyi “XIX əsr tarixlə ədəbiyyatın dialoqunda” adlı yeni kitabında uzun zamandır apardığı tədqiqatları toplanıb. Kitabda sual doğuran, oxucu ilə fəal dialoqa şərait yaradan məqamlar çoxdur. İlahə Səfərzadənin müəlliflə söhbəti bu dialoqun bir hissəsidir.
– Məti müəllim, kitabın adındakı “dialoq” anlayışı nəyi ifadə edir? Sizcə, tarix ədəbiyyatı danışdırır, yoxsa ədəbiyyat tarixi yenidən yazır?
– Bu suala iki aspektdən cavab vermək olar. Birincisi, istər bədii, istər elmi, istər siyasi, istərsə tarixi olsun, bütün mətnlər oxucu ilə, zamanla, keçmişlə və gələcəklə dialoqdur. Mətn məktub kimidir, mətn varsa, onun göndərildiyi ünvan da var və həmin ünvanla ünvanlanan arasında dialoq qaçılmazdır. Bu mənada, dialoq hər bir yazının, mədəni aktın daxili qanunudur. İkincisi, düşünürəm ki, bütün dövrlərdə tarix ədəbiyyatı danışdırır. Ədəbiyyatın tarixi yaratmaq və ya yazmaq şansı yoxdur. Çünki ədəbiyyat sənətdir, müəyyən mənada yazıçının “uydurmasıdır”. Tarix isə uydurma ola bilməz. Tarixdəki hadisələr alimin və ya yazıçının iradəsindən asılı olmayaraq baş vermişdir. Tarixin hər bir anı faktdır. Aristotel “Poetika” əsərində poeziyanı tarixdən daha ciddi və daha fəlsəfi hesab edirdi. Çünki tarix yalnız olmuşdan, faktdan bəhs edir, poeziya isə ola biləcəyi əks etdirir. “Ola biləcək” deyilən şeyi də yazıçının təxəyyülü yaradır. Yazıçı təxəyyülündən doğulan ədəbiyyat daim tarixlə dialoqa girir, ona suallar verir. Ən başlıcası da, keçmişi yaddan çıxmağa qoymur. Lakin heç bir halda ədəbiyyat tarixin yerini tutmur. Hamının eyni cür qəbul edəcəyi “obyektiv tarix” yaratmağın mümkün olub-olmaması isə tamamilə başqa məsələdir, tarix fəlsəfəsinin ən çətin suallarından biridir.
– Kitab “Paradoksların fövqündə” ön sözü ilə açılır. Sizcə, tarixlə ədəbiyyat arasındakı münasibətdə ən böyük paradoks nədir?
– Keçmişdə olmuş, yaxud bu gün gözümüzün qarşısında baş verən hər hansı hadisəyə münasibətlər tamamilə fərqli ola bilər. Alimlər “fakt” anlayışı ilə “tarixi fakt” anlayışını fərqləndirirlər. Baş vermiş hadisə xam faktdır. Tarixi fakt isə artıq həmin faktın qeydə alınaraq yozulmuş, mənalandırılmış, seçilmiş formasıdır. Hegelə görə, tarixçinin missiyası keçmişdə baş vermiş hadisələri mexaniki şəkildə toplamaq deyil, onları təfəkkürün süzgəcindən keçirərək fəlsəfi və mənəvi baxımdan yenidən canlandırmaqdır. “Təfəkkürün süzgəcindən keçirilərək yaradılan” isə istər-istəməz subyektivdir. Ona görə də, tarix və tarixə münasibətdə, tarixlə dialoqda hamını qane edə biləcək son hökmü vermək mümkünsüzdür. Hər tarixçi zamana özünü maraqlandıran sualları verir, zamanla öz dialoqunu qurur. Bu ünsiyyətdə maraqlı bir “inkarı inkar” mexanizmi işləyir: tarix obyektiv olduğunu iddia edir, lakin hər bir tarixi bilik öz təbiətinə görə subyektivdir. Yazıçı uydurmasından doğulan ədəbi mətn subyektivlik iddiasındadır, lakin yazıçı təxəyyülü bəzən tarixdən daha dərin həqiqəti əks etdirir: insanın o dövrün içində necə yaşadığını, nə hiss etdiyini canlandırır. Ən böyük paradoks da elə budur.
Kitab belə bir ideyanı izləyir ki, bütün paradoksların fövqündə tarixlə ədəbiyyat əbədi yol yoldaşıdır və onların arasında bitib-tükənməyən bir dialoq var.
– Kitabdakı yazılardan biri “Rusiyanın mədəni genosid siyasəti” adlanır. Sizin təhliliniz Azərbaycan tarixinə fərqli bir baxış nümayiş etdirir.
– Yenə söhbətimiz paradoks kontekstinə qayıdacaq. XIX əsrdə Azərbaycan tarixinin ən böyük hadisəsi ölkəmizin bir hissəsinin Rusiya imperiyası tərəfindən işğal edilməsi, bir hissəsinin İranın müstəmləkəsində qalması oldu. Azərbaycanlı-türk etnosunun və bu etnosa aid coğrafiyanın imperiyalar arasında bölünməsi mədəni genosidin başlanğıcı idi.
Qafqazı burada yaşayan xristianları “himayə etmək” bəhanəsi ilə “din qardaşlığı” pərdəsi altında işğal edən Rusiya Azərbaycan və ümumiyyətlə, müsəlman toplumuna sırf düşmən mövqeyindən yanaşırdı və siyasi işğal mənəvi işğalla tamamlanırdı. İlk növbədə Qafqazdakı türk etnosunun adı dəyişdirildi. Azərbaycan türklərinin “tatar” adlandırılması strateji gediş idi, bunun arxasındakı siyasi məqsəd bizim Qafqazda XIII-XIV əsrlərdən sonra məskunlaşmağımız barədə saxta və yanlış təsəvvür yaratmaq idi. Digər tərəfdən “tatar” adı rusların yaddaşında göynəyən tarixi travmaya toxunurdu. Məhz bu travmanın ağrısı ilə Azərbaycana qarşı “mədəni silmə” deyilən imperiya siyasəti ən amansız formada - mədəni genosid səviyyəsində həyata keçirilirdi. XIX əsrin ilk onilliklərində Azərbaycan türkləri Qafqazın hegemon etnosu, Azərbaycan dili isə ümumi ünsiyyət dili idi. Azərbaycan dili mədəniyyətin də ortaq dili idi.
İmperiyanın yürütdüyü məkrli siyasət xalqın maddi və qeyri-maddi mədəni irsini, tarixi yaddaşını, kimlik kodlarını qəsdən şikəst etmək, əvəzləmək və ya yox etmək cəhdi idi. Ən böyük tarixi simvollarımızdan olan Gəncənin adının dəyişdirilib Yelizavetpol qoyulması, İrəvanın işğalından dərhal sonra tarixi Göy Məscidin pravoslav kilsəsinə çevrilməsi, Qafqaz ərazisində “Грузинская губерния” (“Gürcüstan quberniyası”), “Армянская область” (“Erməni vilayəti”) kimi dövlət strukturlarının yaradılması müqabilində azərbaycanlılar üçün heç bir milli ərazi vahidi tanınmaması, nəhayət, Azərbaycan aşıq sənətinin, musiqisinin, folklor nümunələrinin kütləvi şəkildə ermənilərin adına yazılması əsrin sonunda bizi, Həsən bəy Zərdabinin ifadəsi ilə desək, zindəganlıq cənginin – ölüm-dirim müharibəsinin astanasına gətirmişdi. XX əsrin əvvəlində bu dava gerçəyə çevrildi. Həmin proseslərin ən çarəsiz qurbanı isə mənəvi varlığımız – mədəniyyətimiz idi...
– Kitabda vurğulandığı kimi, XIX əsr həm də Azərbaycanda mənəvi oyanış əsri, maarifçi düşüncənin, eləcə də milli ideologiyanın formalaşması dövrüdür. Buradakı paradoksu nə ilə izah edirsiniz?
– XIX əsr türk xalqlarının dünyanın hansı siyasi və mədəni qütbündə yerləşmək barədə qəti qərar vermək, “Şərq, yoxsa Qərb?” sualını cavablandırmaq dövrü idi. Qərb bizdən çox qabağa getmişdi, onun arxasınca baxa bilməzdik. Osmanlı kimi dünyanın üç qitəsinə hökmranlıq edən imperiya əsrin əvvəlində “Tənzimat” haqqında fərman qəbul etdi, siyasi idarəetmədə və mədəniyyətdə Qərbi irəli aparan keyfiyyətləri mənimsəməyi və tətbiq etməyi dövlət siyasəti səviyyəsinə gətirdi.
Azərbaycanın Rusiya tərəfindən işğalı öz iradəmizdən asılı olmayaraq Qərblə bizim aramızda təmas xətti yaratmışdı. Rusiya imperiyası nə qədər ayrı-seçkilik etsə də, bir dövlət olaraq öz vətəndaşlarının hüquqları ilə hesablaşmaq məcburiyyətində idi. Bununla, Azərbaycan toplumu fərqli mədəniyyətlərin təmasından faydalanmaq imkanı qazanmışdı. Burada da böyük ayrı-seçkilik var idi. Məsələn, Tiflisdə, Mirzə Fətəli Axundzadənin işlədiyi qəza məktəbində 1843-cü ildə 116 erməni, 56 pravoslav (gürcü və rus) uşağı oxuduğu halda, cəmi 1 (bir!!!) müsəlman uşağı təhsil alırdı. Bu, yetərincə ibrətamiz bir statistikadır.
O dövrdə Azərbaycan ziyalıları dövlətin görəcəyi işi öz üzərlərinə götürdülər və bu böyük missiyanın öhdəsindən şərəflə gəldilər. Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə kimi ziyalılar Rusiya dövlətinin rəsmi rütbəli məmurları olsalar da, onların “sinəsində döyünən vətəndaş ürəyi” (S.Vurğun) tarixlə fəal dialoqu təmin edirdi. Əsrin sonlarına doğru yeni düşüncəli ziyalıların yetişməsi, xüsusilə, “Əkinçi” qəzetinin nəşri, ən əsası da, Bakıya qədər uzanan sənaye inqilabı, kapitalist münasibətlərinin formalaşması Azərbaycan toplumunun millətə çevrilməsində müstəsna rol oynadı.
– “Toplumun millətə çevrilməsi” ifadəsini necə şərh edə bilərsiniz?
– XIX əsr Avropada və bütün dünyada milli rəqabətin kəskinləşdiyi, ideoloji qarşıdurmaların intensivləşdiyi bir mərhələdir. Dünyanın sürətlə dəyişdiyi həmin əsrdə Azərbaycan da tarixlə ayaqlaşmaq, mürəkkəb Qafqaz reallığında milli rəqabətdə dala qalmamaq məcburiyyətində idi. Millətin formalaşması üçün toplumun özünü ayrıca siyasi və mədəni varlıq kimi dərk etməsi mühüm şərtlərdəndir. Millət olmaq üçün toplum öz keçmişini ortaq tarix, bugünkü varlığını isə ortaq hüquq və tale daşıyıcısı kimi qəbul etməli, gələcəyə dair hamını əhatə edən planlar qurmalıdır. Bunları təmin etmək üçün milli ideologiyanı təmsil edən ziyalı təbəqəsi yetişməli, milli mətbuat, milli ədəbiyyat, müvafiq təhsil sistemi olmalıdır.
XIX əsrin ortalarına qədər Azərbaycan ərazisində yaşayan türkdilli müsəlman icmaları özlərinin kimliyini daha çox ərazi (Şirvan, Qarabağ, İrəvan, Naxçıvan, Qazax və s.), din və tayfa mənsubiyyəti ilə müəyyən edirdi. Rusiyanın işğalından sonra Qafqazdakı ayrı-seçkilik, azərbaycanlılar ilə xristian əhali, xüsusən də, ermənilər arasında rəqabət şəraiti yaratmışdı. Yeni tarixi şəraitdə Azərbaycan toplumu da öz milli varlığını hiss etməyə və tanımağa məcbur idi. Burada tarixin yaratdığı imkan da öz rolunu oynadı. XIX əsrin ikinci yarısında Bakının dünyanın neft sənayesinin mərkəzinə çevrilməsi, kapital axını, sənaye inqilabı və milli burjuaziyanın yaranması tarix səhnəsinə milləti gətirdi.
Paradoks isə burasındadır ki, məhz mədəni genosid təhlükəsi toplumun özünü bir millət kimi yenidən qurmasında təkanverici amilə çevrildi. Milli rəqabət, zülmə qarşı müqavimət teatrın, mətbuatın, dünyəvi məktəblərin yaranmasını sürətləndirdi. XIX əsrdə milli ideologiyanın yaranması prosesi həm özünümüdafiə, həm də yaradıcılıq idi. Bu proses anlayan insanlar üçün nə qədər ağrılı olsa da, ən etibarlı qurtuluş yolu idi...
– “Əkinçi” bədii-publisistik qəzet olmayıb. Bununla belə, qəzetdə ədəbiyyat məsələlərinin əhatə olunması ilə bağlı müxtəlif səviyyələrdə elmi tədqiqatlar aparılıb. Sizin bu mövzunu yenidən ədəbiyyatşünaslığın gündəminə gətirməyinizin başlıca səbəbi nədir? Mövzunun elmi aktuallığını nədə görürsünüz?
– “Əkinçi”nin və bir qədər də konkret desək, Həsən bəy Zərdabinin ədəbiyyata münasibəti, sözün yaxşı mənasında, “cəmiyyət mühəndisliyi” məsələsi idi. Həsən bəy və onun yaxın məsləkdaşları qəzetə də, ədəbiyyata da milləti təşkil etməyin tribunası kimi baxırdılar və o dövrün şairlərindən millətin birliyinə kömək edən əsərlər yazmağı tələb edirdilər. Bu onların maarifçiliyindən irəli gəlirdi. Ümumiyyətlə, Avropada da, Osmanlıda da, Azərbaycanda da maarifçiliyin əsas missiyalarından biri cəmiyyəti savadlandırmaq, insanları ortaq məqsədlər ətrafında səfərbər etmək və millətin formalaşmasına xidmət göstərmək idi. “Əkinçi” bədii-publisistik qəzet olmasa da, onun yaradıcıları məhz milli ideologiyanı yaratmaq missiyası daşıdıqlarını hiss edirdilər. Zərdabi ədəbiyyatı “millət quruculuğunun” etibarlı bir vasitəsi kimi görürdü. Lakin burada da işimizin paradoksdan keçdiyini görürük. Həsən bəy Zərdabi xeyli sonra - 1906-cı ildə “Həyat” qəzetində təəssüflə xatırlayacaqdı: “Keçmişdə “Əkinçi” qəzeti çıxanda o vaxtın şairlərindən yazıb təvəqqe eləmişdim ki, bülbülü və gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdır ki, “Əkinçi”də çap olunmuşdu. Amma qeyri şairlərimizdən heç bir cavab gəlmədi. O ki bizlərə olan zülmlərdir, o barədə məliküşşüəra Seyid Əzim Şirvani də bir şey yazmadı...”
“Əkinçi” qəzetində ədəbiyyat məsələlərini gündəmə gətirməyimin başlıca səbəbi ədəbiyyatın “millət quruculuğuna” təsiri məsələsinin az öyrənilməsidir. Bu mövzunun elmi aktuallığı isə ondan ibarətdir ki, bugünkü Azərbaycan ədəbiyyatşünaslığı və ictimai fikri milli kimliyin, yaddaşın və ideologiyanın formalaşmasında ədəbiyyatın rolunu anlamaq baxımından hələ çox məqamlara aydınlıq gətirməlidir...
– Kitabda və ümumiyyətlə, sizin yazılarınızda “yaddaş” müxtəlif söz birləşmələrində qarşımıza çıxır: janrın yaddaşı, milli yaddaş, mədəni yaddaş və s. Yaddaş sizin üçün elmi kateqoriyadır, yoxsa bədii-metaforik yanaşma?
– Hər bir insanın fərdi yaddaşı olduğu kimi, cəmiyyətin, xalqın, hətta ədəbiyyatın janrlarının da yaddaşı var. Mən “janrların yaddaşı” ifadəsini heç də metafora kimi işlətmirəm. Bu, nəzəri ədəbiyyatdan gəlir. Bu ifadəni Mixail Baxtin elmi termin kimi işlədir. Onun yığcam nəzəri şərhi bundan ibarətdir ki, yazıçı bir roman, bir poema, yaxud bir şeir yazarkən, özü belə, fərqində olmadan, tarix boyunca formalaşmış arxetiplərdən istifadə edir. Hər bir janr özünə aid “ehkamlar”, yaxud dəyişməz qanunlar çərçivəsində keçmişin bədii təcrübəsini gələcəyin mətnlərinə ötürür. Ona görə də, ədəbiyyatın tarixi janrın yaddaşı ilə hesablaşmaya bilməz. Dərindən baxsaq, XIX əsrdə maarifçilərlə divan ədəbiyyatı təmsilçiləri arasında müzakirəyə səbəb olan amillərdən biri də janrın yaddaşıdır.
Yaddaş, həm də, sosial və mədəni hadisədir. Xalq öz ortaq keçmişini yaddaşla qavrayır və nəsildən-nəslə ötürür. Bu mənada, yaddaş keçmişi xatırlamaq üçün “xatirə kitabı” deyil, zamanın iki sahili - keçmişlə gələcək arasında köprüdür. Başqa sözlə, yaddaş keçmişə aid olduğu qədər gələcəyə də aiddir. Bunun gələcək hissəsi öz ifadəsini daha çox sənətdə, o cümlədən, ədəbiyyatda tapır. Şeirin metaforik dildə “gələcək haqqında xatirə” adlandırılmasının bir yozumunu da bunda axtarmaq olar.
Kitabda “Hacı Nurunun şeir dəftəri” adlı bir yazı var. Hacı Nuru Azərbaycan ədəbiyyatında ilk dram əsərinin – “Hekayəti-Molla İbrahimxəlil”in maarifçi şair obrazıdır. O, tarixi bir əsər yazıb. Ancaq cahil mühit şairə öz dəftərini açmağa, orada yazılanları oxumağa imkan vermir, yaddaşın kitabını bağlı saxlayıb, elmə daban-dabana zidd olan cəfəng bir şayiəni müzakirə edir. Cəhalət yaddaşın ağzına daş basır, Molla İbrahimxəlil deyilən bir fırıldaqçının heç bir elmi əsası olmayan “iksirini” müzakirə edir...
Ədəbiyyat tarixi isə şair Hacı Nurunun şeir dəftərini açıb yenidən oxuyur – yaddaş mövzusunu dönə-dönə ədəbiyyata qaytarır: C.Məmmədquluzadənin “Anamın kitabı”, “Şeir bülbülləri”, İsa Muğannanın “İdeal”, Yusif Səmədoğlunun “Qətl günü” kimi əsərlərində yaddaşa yadlaşmağın faciəsi əks etdirilir.
Görünür, mənim yazılarımda “yaddaş” sözünün aktivliyi keçmişlə gələcək arasında körpüdən keçərkən körpü haqqında düşüncələrimdən irəli gəlir...
– Kitabın son bölümü “Tamamlanmamış portretlər” adlanır. Portretlər niyə tamamlanmayıb?
– Portretlərin tamamlanmaması, daha doğrusu, tamamlana bilməməsi ədəbiyyatşünaslıq elminin və söz sənətinin təbiəti ilə bağlı estetik hadisədir. Müasir ustad nəzəriyyəçilərdən Hans-Robert Yaussun qeyd etdiyi kimi, ədəbiyyat tarixi daimi “təhrik” mənbəyidir. Hər dövr ona miras qalan mətnlərdə öz keçmişini yenidən oxuyur, tarixlə ədəbiyyatın fərqli dialoquna şahidlik edir.
Kitabdakı yazılarda bu gündən keçmişimizə baxarkən tarixlə ədəbiyyatın dialoqunda bəzən bir-birinə zidd, təzadlı mövqeləri dinləməyə, böyük həqiqəti səs müxtəlifliyinin içində axtarmağa çalışmışam...
– Sizi səhv anlamadımsa, tarixlə ədəbiyyatın dialoqu da portretlər kimi tamamlanmamış qalan əbədi bir prosesdir. Bəs bizim bu dialoqumuz?
– Əgər səndə və oxucuda tamamlanmamış təsəvvürü yaradırsa, faydalı olacağını düşünürəm...
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)


