SSRİ-nin ən məşhur şairlərindən biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sovetİttifaqı müxtəlif sahələrdə ayrı-ayrı insan kultu yaratmağı sevirdi. Ədəbiyyatda belə kultlardan biri Rəsul Həmzətov idi. Dağıstan xalqlarının qürur rəmzi, avarlarınsa səcdə etdiyi bir şəxs idi o.

 

Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açıb. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olub. Rəsul Həmzətov özünün ilk şeirini 11 yaşında yazıb. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olub.

1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, uzun müddət işləmir. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləyib. 1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunub. 1945–1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub.

1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görüb. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunub: "Слово о старшем брате" (1952), "Дагестанская весна" 1955), "Горянка" (1958), "В горах мое сердце" (1959), "Высокие звезды" (1962), "Четки лет", "Две шали", "Письмена" və s. Rəsul Həmzətov 10 yaşından şeir yazmağa başlayıb.

Sonra onun şeirləri avar qəzeti – "Bolşevik qor" da çap olunmağa başlayıb. Avarca ilk şeirlər kitabı 1943-də işıq üzü görüb. Artıq 20 yaşında o, SSRİ Yazıçılar İttifaqının üzvü olur. Bundan başqa şairin avar, rus və bir çox Dağıstan və Qafqaz xalqlarının dillərində poetik onluqları, nəsr və publisistik əsərləri, həmçinin "В горах мое сердце", "Высокие звезды", "Берегите друзей", "Журавли", "У очага", "Письмена", "Последняя цена", "Сказания", "Колесо жизни", "О бурных днях Кавказа", "В полдневный жар", "Мой Дагестан", "Две шали", "Суди меня по кодексу любви", "Сонеты" və s. kitabları ona böyük populyarlıq və oxucu məhəbbəti qazandırır.

Rəsul Həmzətovun bir çox şeirlərinə mahnılar bəstələnib. Onun şeirləri bir çox Dağıstan, Qafqaz və Rusiya bəstəkarlarının diqqətini cəlb edib. Yan Frenkel, Oskar Felsman, Polad Bülbüloğlu, Raymond Pauls, Yuri Antonov, Qotfrid Hasanov,Sergey Ağababov, Murad Kajlayev, Şirvani Çalayev və başqa bəstəkarlar Həmzətovla sıx əməkdaşlıq ediblər.

Həmin mahnılardan Anna Herman, Qalina Vışnevskaya, Müslüm Maqomayev, Mark Bernes, İosif Kabzon, Valeri Leontyev, Sergey Zaxarov, Sofiya Rotaru, Rəşid Behbudov, Vaxtanq Kikabidze, Sergey Ağababov, Maqomad Ömərov kimi bir çox məşhur müğənnilər və artistlər istifadə ediblər.

Rəsul Həmzətov Dağıstan Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, "XX əsrin ən yaxşı şairi" beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O həmçinin Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükafların laureatıdır.

Rəsul müxtəlif vaxtlarda Dağıstan Muxtar SSR-nın Ali Sovetinin deputatı, Dağıstan Muxtar SSR Ali Sovetinin sədr müavini, SSRİ Ali Sovetinin deputatı və üzvü seçilib. Uzun müddət Dağıstan, RSFSR və SSRİ yazıçılar qurultayının nümayəndəsi olub. 2003-cü ilin sentyabrın 8-də şairin 80 illiyində Rusiya prezidenti Vladimir Putin ona vətən qarşısındakı xüsusi xidmətlərinə görə, ölkənin ən böyük mükafatını bağışlayıb.

Mahaçqala və Moskvanın teatr və konsert zallarında, həmçinin Sofiya, Varşava, Berlin, Budapeşt və başqa mədəniyyət mərkəzlərinin zallarında Rəsul Həmzətovun poetik gecələri müvəffəqiyyətlə qeyd olunur. Öz doğma avar xalqının böyük oğlu olan Rəsul Həmzətov Dağıstan dağlarındakı kiçik Sada auluna da və bütün yer kürəsinə də eyni dərəcədə mənsubdur. Rəsulun poeziyası – əsrin böyük hadisəsi, əsrin böyük möcüzəsidir.

Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr edib. Bakıya, neftçilərə, dəniz şəhərimizə və özü "böyük ustadım" deyə çağırdığı Səməd Vurğuna. Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürərdi, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşardı.

Sirli sükut içində onunla danışıb söhbət edər, ondan sonra – oğulluq borcunu yerinə yetirmiş sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanardı. Rəsulun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib. 1983-cü ilin payızında İtaliyada bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən bir hadisə baş verir. Qədim sənət, poeziya torpağına yer kürəsinin hər yerindən 300-dən artıq şair toplaşıb.

Şairlərin beynəlxalq görüşü, şairlər məclisi, şairlər yarışması idi. Dünyanın ən böyük, ən görkəmli şairləri iştirak edən bu məclisdə qələbə çələngi kimin başına qoyulacağını heç kim bilmirdi. Bu hamını ədəbi, ictimai, eləcə də siyasi hadisə olub. 60 illik bayramını təzəcə böyük təntənə ilə qeyd etmiş Dağıstanın məğrur oğlu Rəsul Həmzətov da həmin məclisə dəvət olunub. O, özü ilə buraya doğma avar xalqının məhəbbətini, səxavətini, nəcabətini gətirib.

Şairlər bir-bir çıxış ediblər. Söz Rəsul Həmzətova veriləndə o, bir an susur. Elə bil nə oxuyacağı yadından çıxıb.  Sonra o, əllərini göyə qaldırıb məğrur səslə şerini oxuyur. Böyük sovet şairi bütün dünyanı düşündürən ən vacib, ən humanist bir məsələyə – sülh, əmin amanlıq, səadət məsələlərinə həsr edilmiş şeirini inamla, qəzəblə, ümidlə oxuyur.

O, Amerika taleyində qara bir ləkə olan, Xerosima faciəsi üçün qəzəblə od tutub yanan misralarını atəşli toxumlar kimi salonda oturanların ürəyinə səpələyir. Atəşli toxumlardan hər ürəkdə müharibəyə qarşı alovlu qəzəb cücərdi, boy atdı, sülhə, əmin-amanlığa inam yaratdı. Rəsul şeirini bitirib yerinə oturanda bütün salon alqışlar içində ayağa durub. Hamı onu ürəkdən alqışlayıb. O, bura toplaşanların hamısının ümid və arzusunu ifadə edib.

Dünya poeziya yarışının münsiflər heyəti birinci yeri Rəsul Həmzətova verəndə və qələbə çələngini onun başına qoyanda salondakılar yenə də ayağa durub onu salamladılar. Sovet şairləri arasında yer kürəsinin birinci şairi seçilmək ilk dəfə ona qismət olub. Rəsul Həmzətov 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbiristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.