“Biri ikisində” Vaqif Yusifli Anar Seyidağanın şeirləri barədə Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Tənqid rubrikasında Vaqif Yusifli ilə görüşdürəcəyik. Görkəmli tənqidçi Anar Seyidağanın şeirləri barədə rəy söyləyəcək.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 Vaqif  YUSİFLİ

 

ƏDƏBİ   FRAQMENTLƏR

 ANAR  SEYİDAĞANIN  ŞEİRLƏRİ

 

  Son illər mətbuatda Anar Seyidağanın şeirləri ilə tez-tez qarşılaşırıq. Bu şeirlər özünəməxsus poetik çalarları ilə seçilir. Hər hansı mövzuya özünün fərdi yanaşma tərzi, sözün adi mənasının poetik məna kəsb etməsi, fikirlə hissin, ağılla ürəyin vəhdəti  və bütün bunların şeirdə obrazlı şəkildə ifadə olunması onu özünəməxsus bir şair kimi səciyyələndirə bilir. Dahi Belinskinin vaxtilə söylədiyi bu fikri xatırlayırsan: “Şair olmaq  indi o deyil ki, quş kimi melodik səslər çıxarıb civildəyəsən, şair olmaq-poetik obrazlarla  düşünmək deməkdir. Şair olmaq üçün özünü göstərmək kimi xırda arzudan, baş alıb gedən fantaziyanın boş və mənasız xəyallarından, gözə soxulan hisslərdən, bəzək-düzəkli kədərdən heç nə çıxmaz: bunun üçün müasir həyatın məsələlərini dərindən duymaq, onlara güclü ürək yanğısı ilə yanaşmağı bacarmaq lazımdır”.

Bizim üçün Vətən mövzusu qətiyyən ənənəvi mövzu sayılmamalıdır. XX əsr Azərbaycan poeziyasında Vətən haqqında çoxlu, sayı bilinməyən şeirlər yazılıb, amma elə şeirlər də yazılıb ki, o kütləviliyin başı üstündə dalğalanıb. Anar Seyidağanın “Vətən deməkdir” şeirini də bu sıraya qatmaq olar:

 

           Qızım, sual etdin, düşündüm mən də,

           Hikməti, mənası çox-çox dərində,

           Dinində, dilində, nəğmələrində

           Özünü tapdınmı, Vətən deməkdir.

 

      Düşün: Ana kimi, ya övlad kimi,

      Tanrıdan ən böyük bir sovqat kimi.

      Heç nə düşünməyib, dəli at kimi

      Uğruna çapdınmı, Vətən deməkdir.

 

       Övladın boynunda ən müqəddəs haqq

       Vətəni qorumaq olmalı ancaq.

       Ayağın altında əzdiyin torpaq-

       Əyilib öpdünmü, Vətən deməkdir.

 

       Daşının üstünə daşını qoysan,

       Düşmən güllə atsa döşümü qoysam,

       Daşını diz bilib başını qoysan,

       Rahatca yatdınmı, Vətən deməkdir.

 

 

Anarın Vətən haqqında daha iki şeiri var ki, bu şeirlər də öz ifadə tərzi ilə seçilir. “Vətən” şeirində bir gəncin  cəbhəyə yola düşməmişdən öncə içdiyi and  səslənir. “Mənim atam ölmədi” şeirində isə bir şəhid balasının atasının ölümünü kədərlə yox, qürur hissi ilə yad etməsindən söz açılır:

      

          Mənim atam ölməyib-

          Vətən sərhədindəki

          Qala daşına dönüb.

 

        Mənim atam ölməyib-

        Ulduz olub gecələr,

        Yol göstərəcək mənə.

 

Anar Seyidağını təkcə bu şeirlərə görə təqdir etmək fikrindən uzağıq. Amma bu şeirlərdə nəzərə çarpan bir neçə xüsusiyyət-mövzuya təzə baxış, yeni ifadə vasitələrinin işlənməsi, metaforik düşüncə tərzi onun digər şeirlərində də öz təsdiqini tapır. Onun istənilən şeirində fikir, düşüncə “materialı” ilə qarşılaşırıq. Bu “material”  bərkimiş də olur, bərkiməmiş də. Məsələn, onun “İçində” adlı şeirində sözün-rədifin hallandırılması bir çox mənaların açıqlanmasına yol açır. “Ürək nə düşünür, kimin vecinə? Boğaz xoşbəxtdirsə  kəndir içində” və ya  “Sən də, qəbirqazan, bir az enli qaz, Adam sıxılmasın qəbir içində”. Əlbəttə, misal gətirdiyim misralar özündən əvvəlki misralarla sıx bağlıdır.

Anarın şeirlərinin bir qismi sırf qoşma üstə köklənib. Amma bu qoşmalardan bizim adət etdiyimiz (həm klassik, həm müasir) qoşmalara bənzərlik görmürük. Söhbət formadan yox, məzmundan gedir. Düşüncə “materialı” burda aparıcıdır. Anar Seyidağa bir-birindən uzaq mənaları birləşdirir, vəhdət halına gətirir:

      

          Nədən kəpənəyin ömrü qısadı?

          Kim bilir, bəlkə də, gül-gül yaşayır.  

          Tanrının hesabı tamam başqadı,

          Biri əlli, biri yüz il yaşayır.

 

          Qəribə gəlməsin sənə bu sözüm-

          Qarışqada sirr yük, insanda dözüm.

         “Biz gəldi-gedərik” –  aldatma özün,

          Bax gör: fəsil ölür, fəsil yaşayır.

 

           Yoxdu bu dünyada bir qızıl qayda,

           Fələk sayır onsuz, eh, sən də say da…

           Yüz kərə yaxşılıq eylə, nə fayda?

           Nə sirsə, ürəkdə nisgil  yaşayır.

 

Mənə Anar Seyidağanın fikir üzərində qurulan bu tipli şeirləri daha çox xoş gəlir. Əli Kərimin “Fikirləş bir, axtarış var, axtarış” misrasında  ifadə olunan məzmun Azərbaycan şeirinin özəlliyindən gəlir. Bu, XX əsr Azərbaycan poeziyasının aparıcı xəttidir desəm, səhv etmərəm. Yəni hansı şairdə fikir-düşüncə mədəniyyəti formalaşıbsa, şeiri bu tendensiyaya tabe etdirirsə  və onun şeiri, həm də, forma-sənətkarlıq məziyyəti ilə seçilirsə, burada əsl şeirdən söz açmaq olur. Anarın  “Ağac” adlı bir şeiri var və bu şeirdə onun “düşüncə materialı” öz axarınca gedir:

      

          Hərdən elə tənha oluram, Allah,

          Sakitcə ağlamaq istəyirəm mən.

          Bu qədər dost içində,

          Bu qədər güvən içində,

          Bu qədər sevən içində,

          Hamı yola verir adamı, vallah.

 

Şeir belə bir narahat düşüncə ilə başlayır və “niyə?” sualı doğurur. Fikirləşirsən ki, Allaha xitabən yazılan bu şeirdə tənhalıqdan əzab çəkən bir insanın dərdi nədir və lirik qəhrəmanın bu dərdlərinin kökü hardan gəlir?  

       

          İlahi, sən məni yaratmısanmı?

          İlahi, yadına düşürəmmi heç?

          “Bu yaxşı adamdı, yaman adamdı”-

          Nə vaxtsa könlündən keçirəmmi heç?

          Yoxsa unutmusan bu sərsərini?

          Sənə də dərd oldum, bilirəm, Allah,

          Mənim nəyim əksik, nəyim artıqdı,

          Niyə hər ölənlə  ölürəm, Allah?

 

“Niyə?” sualı bitmədi. Amma bu “niyə?”lərin içində həyatı narahatlıqla keçən  insanın özü üçün aydınlaşdırmaq istədiyi bir məsələ durur: yaşamağa dəyərmi?  Və şeirin final hissəsində bu sual öz həllini tapır:

         

          Bu candan, beyindən, bu hüceyrədən,

          Bu başdan, ürəkdən, bu düşüncədən,

          Yüz yol öldür,

          Yenə yaşamaq çıxar.

          Lap  insan olmaqdan çıxarsan belə,

          Hansısa səhrada

          Qumdan güc alan,

          Bir qərib yolçuya kölgə olmağa,

          Dodağı çatlamış bir ağac çıxar.

 

Lirik qəhrəmanın bədbin düşüncələrinin sonu “yenə yaşamaq” fikri ilə tamama yetir.

Anar Seyidağanın “Nümunə”, “Tənlik”, “Çərpələng”, “Həyəcan”, “Darıxmaq”, “Kök” adlı şeirləri də onun narahat düşüncələrinin ifadəsi kimi nəzərə çarpır. Elə bil onun bütün düşüncələrinə bu fikir hopub ki, “Allah məni niyə yaradıb və yaradıbsa, özümü niyə bu qədər tənha hiss edirəm?” Özünü dərk etməyə çağırışdı bu şeirlər…

Anarın sanki bu tipli şeirlərinə müxalif kimi yazılan “Haqq” şeiri də var və çox istərdim ki, narahat düşüncələrini bu səmtə yönəltsin: “Bir sərhəd dirəyi yıxılıbdısa, Özünü çatdırıb dirək olmasan, Yaşamağa haqqın yoxdur… Gözündən xoşbəxtlik oxunmayınca Könlünü aldığın bir gözəl qızın, Danışmağa haqqın yoxdur”.

Anarın  yeni nəşr olunan “Möhür” kitabındakı şeirlərin bir qismi sevgidəndir. Onun əvvəlki “De ki, sevirəm səni” kitabındakı  şeirlər ilə bu şeirlər arasında fərqlilik dərhal nəzərə çarpır. “Bu çiçəklər incədi- Sənin bir telincədi”,  yaxud “Əllərini buraxdım, Gözlərindən yaş axdı” tipli mədh və etiraflardan sonra sevgiyə-qarşılıqlı münasibətlərə bütünlüklə hisslərin yox, ağlın da gözüylə yanaşan lirik qəhrəmanın yeni etirafları tamam ayrı bir baxış bucağından səslənir. “Tanrım, mən sevməyi bacarmamışam”,  “Bəlkə, bu gözlərim kor imiş mənim, Niyə sevməmişəm bu qızı, Allah?” kimi etiraflar lirik qəhrəmanın-sevən aşiqin peşman əhval-ruhiyyəsini ifadə edir. Onun sevgi şeirlərində tamamən yeni mənalarla qarşılaşırsan. Sevgini, sevib-sevilməyi təkcə xoş, ya təzad doğuran ziddiyyətlərdən ibarət hesab etmək doğru deyil. Sevgini insan ömrünün bəlkəsiz ən ali məqamı kimi düşünmək lazımdır:

     

          Sən heç uçdunmu

      yaralanmış dimdiyinə

      yem alıb yuvasına

      apara bilməyən

      quşun dimdiyində?

      Sən heç boğuldunmu

      övladının şəhid xəbərini

      almış ananın udduğu suda?

      Sən heç sevdinmi?

      Sevdinmi? Söylə!

 

Anar Seyidağaya nə arzulayıram? Axtarış, yalnız axtarış!

 

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.