“Biri ikisində” bu dəfə ədəbi tənqidlə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Tənqid rubrikasında Vaqif Yusifli ilə görüşdürəcəyik.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 Vaqif  YUSİFLİ

ƏDƏBİ   FRAQMENTLƏR

ŞƏHİDLƏR - QƏHRƏMANLAR

 

         Şəhid insan…

         Şəhid şəhər…

         Şəhidlər qəbristanı…

         Şəhid ruhlar…

 

Bu sözlərin, ifadələrin doğurduğu kədərli ovqat bizə yaxşı tanışdır. Son otuz altı ildə belə çox işlənən sözlər, ifadələr təsəvvürə gətirmək çətindir. “Şəhid ailəsi”, “şəhid anası”, “şəhid atası”, “şəhid məzarı” -yurdun hər guşəsindən bəzən hıçqırıqla, bəzən də qürurla söylənilən bu sözlər indi hər birimizin dilində səslənir. Şəhidlərin adına küçələr, məktəblər var. Şəhid ailələrinə hörmətsizliyi heç kəs bağışlamır.  Azərbaycanda şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.

Azərbaycan ədəbiyyatında şəhidlik mövzusunun tarixi çox qədim əsrlərə gedib çıxır.  Ancaq bu mövzunu ədəbiyyatda ilk dəfə abidə səviyyəsinə qaldıran və şəhidliyi bədii-metaforik rəmzə çevirən dahi Məhəmməd Füzuli olub... “Hədiqətüs-süəda” əsərində o, əski çağlardan geniş yayılan Kərbəla vaqiəsini qələmə almış, bu dini hadisəni təkcə din yolunda gedən mübarizə kimi yox, insanın mənəvi və cismani köləliyə qarşı üsyanı, məslək və etiqad uğrunda mübarizəsi kimi təsvir etmişdir.  Ümumiyyətlə, türk dünyasında, müsəlman aləmində şəhidlik missiyası dini-ideoloji kontekstdən sıyrılmasa da, sonralar Vətən, xalq və millət uğrunda gedən savaşlar, istiqlal mübarizələri ilə sıx bağlı olmuşdur. Xüsusilə, qardaş türk ədəbiyyatında Nihal Atsız, Mehmet Akif, Yəhya Kamal kimi şairlər şəhidlikdən qəhrəmanlığa ucalan yolu və zirvəni doğru müəyyənləşdiriblər. Yəni onların poetik tərənnümündə  şəhidlik anlayışı qəhrəmanlıq kimi dərk olunur:

                   

Qəhrəmanlıq nə yalnız

 bir yüksəliş deməkdir.

 Nə də yıldızlar kibi

parlayıb sönməməkdir.

          Sızlarsa da könüllər

          Şəhidlərin yasından,

          Qoşar adım getməli

          onların arxasından.

          Qəhrəmanlıq-içərək

          acı ölüm tasından,

          irəliyə atılmaq və

          sonra dönməməkdir!

                     (Nihal Atsız)

 

Burada Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasını xatırlamamaq mümkün deyil. O da şəhidliyi qəhrəmanlıq kimi vəsf edir:

                     

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu əkdi şəhidlər.

 

Şair-publisist  Güləmail Murad həm şeirləri, həm də publisistik məqalələri ilə (bu yazıların əksəriyyəti kitab halına gətirilib) şəhidlik və qəhrəmanlıq  mövzusuna ardıcıl şəkildə müraciət edir, hətta deyərdim ki, Azərbaycanda heç bir yazıçı həmin mövzuda bu qədər kitab çap etdirməyib. Əlbəttə, söhbət saydan, kəmiyyətdən getmir, söhbət ondan gedir ki, Güləmail xanım bu mövzuya  öz vətəndaşlıq borcu və səlahiyyəti kimi  yanaşır. Akademik Nizami Cəfərov yazır: “Güləmail Murad  özünün vətənpərvərlik ruhlu  kitabları ilə respublikamızda tanınır və sevilir. Onu tez-tez  bölgələrə dəvət eləyir, onunla şəhid ailələri və qazilərin, eləcə də məktəblilərin görüşlərini keçirirlər”. Güləmail Muradın  kitablarının adlarına baxın: “Qarabağ harayı”, “Vətən uğrunda”, “Döyüş yolları”,  “Beş ulduz”, “Bir damla yaş”, “Dağlarda şəhid səsi”, “Günəş qürub edəndə”, “Tovuz döyüşləri”, “Aprel döyüşləri” (trilogiya), “Günnüt zəfəri”, “Zəfərnamə”, “Qəhrəmanlıq yüksəkliyi”,  ““Akula” ləqəbli kəşfiyyatçı”, “Cənnətim Şuşa”.

Əlbəttə, bu kitabların hər biri  haqqında ayrıca söhbət açmaq olar, amma onun lap bu yaxınlarda çapdan çıxmış  “Qan yaddaşımızdan” kitabından söhbət açmaq istəyirəm. Çünki bu kitabda da o, şəhidlik və qəhrəmanlıq mövzusunu davam etdirir:

                 

Hünər səndə, qeyrət səndə,

Sən ey qəhrəman şəhidim!

Bir yenilməz qüvvət səndə,

Sən ey qəhrəman şəhidim!

 

Açıb şahin qanadını

 Tarixə yazdın adını.

  Dünya gördü inadını,

  Sən ey qəhrəman şəhidim!

 

          Unudarmı dövran səni,

          Qoca, uşaq, cavan səni,

          Anam Azərbaycan səni?!

          Sən ey qəhrəman şəhidim!

 

Bu şeirdə Güləmail Murad  şəhidliklə qəhrəmanlığı vəhdətdə düşünür. Bütün kitab boyu bu vəhdətə əməl olunur. Kitabda Azərbaycanın Milli Qəhrəmanı, mayor  Samid Gülağa oğlu İmanovun  və gizir Elmidar  Səlimxan oğlu Səfərovun qəhrəmanlıq və şəhidlik yolları vəsf olunur. Bəlkə də, buna vəsf, tərənnüm demək olmaz, çünki onların şəhidliyi ağrı, kədərlə də yad edilir.

  Güləmail Murad Samid İmanovun keçdiyi ömür yoluna nəzər salır, onun uşaqlığından, ilk gəncliyindən ta şəhidliyinə qədər hər bir ili, ayı izləyir, mükəmməl obrazını yaradır. Bu ömür yolunda başlıca xətt – əsas istiqamət isə Samidin hərbçi həyatıdır. Müqayisə aparmaq lap yerinə düşər – bu yol iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun keçdiyi yolu xatırladır.

Samid İmanov  Heydər Əliyev adına Ali Hərbi Məktəbi  bitirib, ardınca Xüsusi Təyinatlı Qüvvələr kursunu başa vurub. Bundan sonra isə hərbi hissələrdə müxtəlif vəzifələr, pillə-pilə yüksəlişlər, bu müddət ərzində qüsursuz xidmətinə görə aldığı medallar, tərifnamələr... Amma Samid İmanovun  bir insan, bir vətəndaş, bir qəhrəman kimi obrazını daha mükəmməl şəkildə ifadə etmək üçün müəllif onu yaxından tanıyan döyüş yoldaşlarına və ailə üzvlərinə müraciət edir. Qardaşı Sadiq, anası Xuraman, atası Gülağa, bacıları Gülbəniz və Aybəniz, döyüş yoldaşları Elşad Rüstəmov (polkovnik-leytenant), Anar Mahmudov, Kamal Hacızadə, İlkin Bayramov, Tahir Ağayev, Pərvin Əliyev ondan söz açırlar. Gözlərimiz qarşısında Samid İmanov canlı bir insan kimi görünür… Polkovnik-leytenant Nizami Əliyev deyir: “Onun şəxsi keyfiyyətləri: yüksək səviyyədə bir zabit idi, ailəsinə bağlı insan idi. Yəni zabitə-xüsusi təyinatlıya  xas olan bütün xüsusiyyətlər onda var idi. Çox savadlı bir zabit idi”.

Qardaşı Sadiqin dediklərindən: “Bəzən tək olanda sənin məzarına gəlirəm. O səssiz daşın yanında  oturub ürəyimdə, illərdir, içimdə yığılıb qalan  bütün sözləri  bir-bir sənə deyirəm. Mən danışdıqca,  içim boşalır, amma sən susursan. Bil ki, sən bizim üçün, sadəcə,  bir tarix deyilsən. Sən hər gün xatırladığımız, darıxdığımız bir insansan”.

Son günləri: əsgərlər aralanan kimi,  ermənilərə əsir düşməmək üçün Samid çox çətinliklə yerini dəyişir. Mərmilər qurtardığı üçün  əlində qumbara saxlayır. Əsgərlər səhərə qədər onu axtarırlar. Əvvəlcə, Samidin papağını, sonra isə əlində qumbara,  üzüstə uzanmış halda nəşini tapırlar. Samdi qaldırarkən görürlər ki, qanı ilə böyük hərflərlə  “Ana Vətən!” ifadəsini yazıb. Şəhidliklə böyük qəhrəmanlıq birləşir...

Güləmail Murad “Qan yaddaşımızdan” kitabında daha bir şəhid qəhrəmandan – Elmidar Səfərovdan da söz açır. Onun da  hərbiyə olan marağı yüksək vətən  sevgisiylə vəhdətdə olub. O da bir döyüşçü kimi hünər və qəhrəmanlıq yollarını keçib. Ağdərə, Tərtər, Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə  qəhrəmancasına vuruşub. Amma yaralı yoldaşlarını döyüş meydanından çıxararkən  düşmən gülləsi ondan yan keçməyib. 24 yaşı vardı. “Hərbi xidmətdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları ilə təltif olunub. Neftçala rayonundakı  Şəhidlər Xiyabanında  onu hər gün yad edirlər.

Güləmail Murad çox həssas şairdir - hər hansı bir hadisədən bəhs edərkən öz kövrək duyğularını gizlədə bilmir. Hər iki şəhiddən söz açarkən  onların analarını da yad edir:  “Ananın fəryadına nə dağlar, nə dərələr cavab tapa bilirdi… Lal-kar dağlar od püskürür, sanki deyirdi: “Ana, dərdin mənə gəlməsin. Dərdin mənə gəlsə, Yer məhvərindən oynayar... Bu dərdi çəkə bilməz””...

  

Dərdini döndər gülə,

          Şəhid məzarın bəzəsin.

          Dərdini  döndər yelə,

          Xoş bir soraq gətirsin.

          Qələbə müjdəsi  yetirsin       

          Şəhid ruhuna!

          Şəhid anası,

          dərdini dağa döndərmə,

          Çəkə bilməz…

          Şəhid edərsən dağları,

          Şəhid anası!

 

Kitabda Elmidarın anası  Əminə xanımın  nəvəsiylə şəkli yer alıb: “Nəvəmə Elmidarın adını qoymuşam. İndi Elmidarın qoxusunu ondan alıram”.

Güləmail Muradın “Qan yaddaşımızdan” kitabı bir sənədli romandır desəm, yanılmaram. Bu onun  Şəhidlik və Qəhrəmanlıq haqqında silsilə kitablarınının hələlik sonuncusudur. Amma sonuncu olmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2026)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.