Qəzəlsevərlər, yaxın oturun Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qəzəlsevərlər, yaxın oturun, sizə qəzəlxan Hacı Mail Əliyev barəsində danışacağam. Nardaranda doğulub çöhrəti öncə bütün Abşerona, sonra da Azərbaycana yayılan Hacı Mailin bir-iki qəzəlini bu gün mütaliə etdim və bir daha onun mükəmməlliyinə şahid oldum.

 

Hacı Mail Əliyev 25 oktyabr 1935-ci ildə Nardaranda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olub. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak ediblər.

Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olub. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir

Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur. Fars və ərəb dillərini yaxşı bildiyindən orta əsrlərin əlyazmaları üzərində dərin tədqiqat işləri aparıb. Məhəmməd Füzulinin Bakıda, Londonda, Sankt-Peterburqda və Daşkənddə qorunub saxlanılan doqquz əlyazma nüsxəsini və iki qədim çap nüsxəsini dərindən araşdırmaqla “Füzuli divanının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” əsərini yazıb.

Bu əsərə görə “filologiya elmləri namizədi” elmi dərəcəsinə müdafiəsiz layiq görülüb. Görkəmli akademik Vasim Məmmədəliyev Hacı Mailin füzulişünaslığını belə qiymətləndirib: “Cəsarətlə deyə bilərəm ki, ürəfa məclislərində Füzulini Əli Fəhmidən sonra Hacı Mail qədər gözəl aça bilən ikinci şəxsə rast gəlməmişəm”.

 

Bədii əsərləri:

- Qəzəllər. Bakı-1986.

- Qəzəllər. Bakı - 1994

- Divandan seçmələr

- Divan

- Qoşmalar

 

Tərtib etdiyi və redaktor olduğu kitablar:

- Cahanşah Həqiqi. Seçilmiş əsərləri. Tərt. ed., müq. lüğ. Ə.Rəhimov, L.Hüseyinzadə, H.Mail

- Sona Xəyal. Mirzə Əbdülxalıq Yusif. Red, C. Nağıyeva; Məsləhətçi: Hacı Mail

- Səfa. Bizimdir eşq dünyası. Şeirlər.; Tərtib edəni və ön sözün müəllifi: S.Xəyal; Red.: H.Mail, C.Nari

- Mirzə Əbdülxalıq Yusif. Diriltdi aləmi eşqin nidası... Tərt. ed. Sona Xəyal; Red. Hacı Mail

- Cahanşah Həqiqi. Şeirlər. Tərt. ed., Ə.Rəhimov, L.Hüseyinzadə, H.Mail

 

Hacı Mail 22 avqust 1999-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.