Sovet Azərbaycanında yasaqla üzləşmiş şairə Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Nuridə Qədirova - Atəşi adı sizlərə yəqin ki tanışdır. Mühacirətdə yaşayan şairənin imzası tez-tez rastınıza çıxır. Bu gün onun barəsində danışacağam.

 

O, 22 avqust 1965-ci il tarixində Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlayıb, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilib və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməyib.

 Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olub. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələyib.

 Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilib.

Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil alıb. Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışıb.

Nuridə Atəşinin ədəbi yaradıcılığı poeziya, tərcümə və publisistika sahələrini əhatə edr. Berlin Onun sözlərinə alman, türk və azərbaycan bəstəkarlarının bəstələdikləri yüzə yaxın mahnı bir neçə ölkədə tanınır və sevilir. Şeirləri artıq Azərbaycan sərhədlərini aşmış, ingilis, fransız, fars və rus dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrin şeir həvəskarlarının mühakiməsinə verilib.

Şairənin fəaliyyətində tərcüməçilik işinə də yer ayrılıb. 1996–2004-cü illər ərzində Berlinin "Hitit" nəşriyyatında alman və türk dillərinin tərcüməçisi kimi çalışan N. Atəşi, Almaniyada Azərbaycan dilinin tanınmasına və şaxələnməsinə öz töhfəsini verib. Alman şairlərinin şeirlərini tərcümə edərək onları "Orjinaldan tərcümələr" kitabında cəmləyən Nuridə Atəşi, Azərbaycanın şair və yazıçılarının əsərlərini də alman dilinə tərcümə edib.

19 kitabın müəllifi olan Nuridə Qədirova- Atəşi 2011-ci ildən PEN beynəlxalq yazarlar Mərkəzinin üzvüddür. Nuridə Qədirova-Atəşinin indiyə qədər ədəbi və Qafqazın tarixinə, mədəniyyətinə və arxeologiyasına aid Almaniya və Azərbaycanda (Azərbaycan, türk, rus, ingilis və alman dillərində) 19 ədəbi, publisistik və elmi kitabı, 300-dən artıq məqaləsi nəşr edilmiş, əsərləri Almaniyanın Drezden və Leypsiq dövlət kitabxanalarında kataloqlaşdırılıb.

Nuridə Qədirova - Atəşi 2003-cü ildə Moskva Mədəniyyət və İncəsənət Universitetində "Almaniyanın sosial-mədəni ictimaiyyətində fiziki cəhətdən xəstə uşaqların bərpası" mövzusunda pedaqogika üzrə doktorluğa namizədlik dissertasiyasını müdafiə edib. 2005–2011 ci illər ərzində Məhəmməd Əsəd bəyin (Qurban Səid) tədqiqatları ilə məşğul olub, onun arxiv sənədlərini Avstriya, Fransa, İtaliya, İsveçrə, Gürcüstan və s. ölkələrdən toplayaraq ilk dəfə olaraq nəşr etdirib (Əsəd Bəy — yüz ilin sirləri. Nurlan, Bakı 2007).

Bundan sonra ixtisasını arxeologiya elminə dəyişib, 2011-ci ildən etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olaraq "Azərbaycanın hərb sənətində qadının rolu (arxeoloji mareriallar əsasında)" mövzusunda doktorluq disertasiyası üzərində çalışmağa başlayıb. 2013-cü ildə AMEA Tarix İnstitutunda Dövlət Komissiyası tərəfindən ixtisasdəyişmə imtahanı 5 balla qiymətləndirilib və tarixçi olaraq rəsmi ixtisaslaşma təsdiqlənib.

2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Tarix üzrə elmlər doktorluğu dissertasiyasının ilkin müdafiəsi müvəffəqiyyətlə keçirib. Elmi məsləhətçisi Prof. İlyas Babayev olub. Elmi tədqiqatlarının nəticələri bəlli millətçi qruplaşma çevrələrində qəbul edilmədiyinə görə son müdafiə prosesi dayandırılıb.

 

Kitabları

- Sənsiz yaşayıram sən ola-ola

- Neylərsən mənə görən

- Qarabagımız – qarabagrımız

- Avından Kaçan Avcı (türk dilində)

- Jäger auf der Flucht vor seiner Beute (alman dilində), Wagemann, Berlin 2002.

- Yaşanmamış qadınlıq

- İndi mən Varam!

- Schreie erstickter Gefühle (alman dilində)

- Orijinaldan tərcümələr

- Tənha savaşçı (həyat və yaradıcılığı haqqında)

 

“Ədəbiyyat və incəsənət”

(24.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.