Bu dünyadan bir Məmməd İsmayıl keçdi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ötən ilin 19 avqust günündə bu dünyadan bir şair köçdü. Duyğusal, lirik şeirləri ilə sevilən, “Gənclik” jurnalı ilə bütöv bir vətənpərvər, maariflənmiş nəsil yetişdirən Məmməd İsmayılın diaqnozu ağciyər xərçəngi idi. Çox canlar alan xərçəng ona da qıydı, qara torpağa gömdü. Əvəzində kitabları, bir də xoş xatirəsi qaldı.

 

Məmməd İsmayıl 1 noyabr 1939-cu ildə Azərbaycan SSR-in Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya gəlib. 1957-ci ildə Əsrik Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi, 2013-cü ildə Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor ünvanı alıb.

1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini çalışıb.

1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində işləyib. 1989–1993-cü illərdə Xalq hərəkatında iştirak edib.

"Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub. 1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərib. 1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On Səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğul olub.

 

14 yaşından bədii yaradıcılıqla məşğul olub. "Azərbaycan Yazıçılar İttifaqı"nın (1970-ci ildən) və "Azərbaycan Jurnalistlər İttifaqı"nın üzvü, "Avrasiya Yazıçılar Birliyi"nin qurucu üzvü olub. Moskvada çap olunan "Literaturnoe Znakomstvo" jurnalının redaksiya heyətinin üzvü, Türkiyə təmsilçisi və köşə yazarı olub.

"Beynəlxalq Sənətçilər və Jurnalistlər" birliyinin Türkiyə təmsilçisi, 2017-ci ildən mərkəzi ofisi Brüseldə yerləşən "Bogdani" Beynəlxalq Yazıçılar Assosiasiyasının vitse-pirezidenti olub (2019-cu ildən). Rusiyanın tanınan rəssamlarından biri olan Yuri Rakşa 1973-cü ildə M. İsmayılın portretini işləyib.

"Azərbaycan Yazıçılar Birliyi"nin katibi seçilmiş və dəfələrlə birliyin idarə və rəyasət heyətlərinin üzvü olub. Fransa "Elm, Sənət və Ədəbiyyat Akademiyası"nın və "Ukrayna Ali Təhsil Akademiyası"nın həqiqi üzvü olub. "Ukrayna Ali Təhsil Akademiyası" türk və slavyan xalqları ədəbiyyatlarına verdiyi töhfələrə görə onu fəxri doktor ünvanı ilə mükafatlandırıb. Əsərləri 50-dən çox dilə tərcümə edilib.

M. İsmayıl müxtəlif ölkələrin şair və yazıçılarının bir çox əsərini Azərbaycan və türk dilinə çevirərək çap etdirib. Bir çox xarici ölkənin (Türkiyə, Ukrayna, Moldova, Macarıstan və s.) ədəbiyyat ensiklopediyalarında həyatı və yaradıcılığı ilə bağlı məqalələr nəşr edilib, haqqında magistr və doktorluq dissertasiyaları (Azərbaycanda və Türkiyədə) yazılıb.

Mərkəzi ofisi Rumıniyanın Krayova şəhərində yerləşən "Mixail Emunesku Akademiyası" 2018-ci ildə onun əsərlərini Nobel mükafatına təqdim edib.

Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivalında (Türkiyə, Almaniya, İtaliya, Hindistan, Vyetnam, Kuba, Rusiya, Ukrayna, Belarus, Polşa, Litva, Türkmənistan, Suriya, Rumıniya, Serbiya, Bosniya, Qaradağ, Şimali Makedoniya, Litva, Burkino-Faso və.s.) türk və Azərbaycan ədəbiyyatlarını layiqincə təmsil edib.

İtaliyada və Rumıniyada nəşr olunan "Dünya Şeir Antologiyası"nda Azərbaycan şeiri onun əsərləri ilə təmsil olunub. Amerika Birləşmiş Ştatlarının Koliforniya ştatının San-Xose şəhərində dünya şeirinin seçmələrindən ibarət illik "Svyaz vremyon" (Zamanların əlaqəsi) antologiyasının tərcümə bölümündə əsərlərinə yer verilib.

Şairin "Adım", "Apar məni", "Burda bir şəhər yatır", "Yatan mənalar", "Döyüş, Qələbə", "Yaşıldı gözümdə dünyanın əksi" şeirlərinin yer aldığı şeir kitabına şairin tərcüməçisi və dostu rus şairi Mixail Sinelnikov ön sözü yazıb. Ön sözdə M. İsmayılın dünya ədəbiyyatındakı yerindən bəhs olunub. Türkiyədə "Akademik Şeir Ailəsi Yazıçılar Qurumu" tərəfindən hər il fərqlənən bir türk şairinə "Mehmet İsmail Edebiyyat ödülü" (2018) verilib.

 

Türkiyədə çap olunan Güfte Edebiyat Kültür Sanat ve Edebiyat dergisi tərəfindən Uluslararası Prof. Dr. Mehmet İsmail Şiir Yarışması təsis edilib. İndiyədək Azərbaycan, türk, fransız, yapon, alban, rumın, rus, macar, qazax və başqa dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunub, 50-dən çox şerinə mahnı bəstələnib.

 

Kitabları:

- Ana əlləri

- Dünyaya baxıram

- Axşamlar, səhərlər

- Söz vaxtına çəkər

- Qoymayın dünyanı adiləşməyə

- Baxtıma düşən gün

- Hələ yaşamağa dəyər

- Döyüş, qələbə

- Dünya bizim evimizdir

- Aman təklik əlindən

 

1969-cu ildə hazırladığı "Odlar diyarı" silsilə verilişlərinə görə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən televiziya tarixində ilk dəfə "Qızıl qələm", 1978-ci ildə Bakıda çap olunmuş "Söz vaxtına çəkər" və Moskvada çap olunmuş "Dəymiş nar dənələri" kitablarına görə Azərbaycan SSR "Lenin Komsomolu mükafatı"na və Moskvada çap olunmuş "Yerlə göy arasında" kitabına görə Ümumittifaq "Ostrovski mükafatı"na layiq görülüb

1979-cu ildə "Ceyran Muğana qayıdır" sənədli filminin ssenarisinə görə isə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin gümüş medalına layiq görülüb. 1996-cı ildə Türkiyə Dəyanət Vəqfinin Məhəmməd peyğəmbərin doğum həftəsi münasibətilə keçirdiyi şer yarışmasının qalibi olub. 1997-ci ildə Türkiyə Yazıçılar və Sənətkarlar Vəqfinin "Türk Dünyasına Xidmət" mükafatı Azərbaycandan ilk dəfə ona verilib.

Türkiyənin Konya şəhərində keçirilən "Saz və Söz bayramı"nda iştirak edərək 1990, 1991, 1995-ci illərdə bayramın 1-ci mükafatına – böyük qızıl medala, 2012-ci il sentyabrın 10–16-da Krımın Koktebel şəhərində keçirilən 10-cu Şeir Simpoziumunun Birincilik diplomuna, 2014-cü ildə Rusiya Yazıçılar İttifaqının S. Yesenin adına "Qızıl payız" medalına və diplomuna layiq görülüb

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.