Ədəbiyyat elminin böyük cəfakeşi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Ədəbiyyat tariximizdə adını yazdıran alimlər elə də çox deyil. Bu sırada Əkrəm Cəfərovun öz yeri vardır.

 

Əkrəm Səftər oğlu Cəfərov 5 may 1905-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. Etnik tatdır. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyub. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darülmüəllimin"ə daxil olub. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyib.

 O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış edib. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilib. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə daxil olub, 1932-ci ildə oranı bitirib. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanılıb və aspiranturaya qəbul edilib.

Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olub. O, M. Qorki adına Ədəbiyyat institutu, Moskva vilayəti axşam və qiyabi pedaqoji institutlarında da ümumi dilçilik fənnini tədris edib.1935-ci ildə aspiranturanı bitirərək Moskvada iki ilə yaxın elmi işçi vəzifəsində çalışıb.

1937-ci ildə Bakıya qayıdan Ə. Cəfər əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunda, sonra isə Azərbaycan Dövlət Universitetində kafedra müdiri olub. Ə. Cəfər Azərbaycan ədəbi dilinin tədqiqi sahəsində səmərəli fəaliyyət göstərmişdir. O, 1941-ci ildə "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələri" adlı namizədlik dissertasiyasını müdafiə edib

1969-cu ildə isə "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu ərəb, fars, türk, tacik və özbək əruzları ilə müqayisədə" adlı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək filoloji elmlər doktoru adı alıb. Ə. Cəfər "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarını və bir çox elmi tədqiqat əsərlərinin və məqalələrin müəllifidir.

 

"Azərbaycan dilinin izahlı lüğəti"nin çapa hazırlanmasında onun da böyük əməyi vardır. O bir şərqşünas alim kimi bir sıra beynəlxalq simpoziumların və konfransların iştirakçısı olub. 1954-cü ildən Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, sonra isə Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.

Görkəmli alim 1991-ciilavqustun 18-də Bakıdavəfatedib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.