Xarici ədəbiyyat - Sofia Skleidanın şeirləri Featured

Həyat Şəmi, İstanbuldan.

“Ədəbiyyat və incəsənət”

 

Sofia Skleida Azərbaycan oxucusu üçün yeni imzadır. Onu aprelin 23-də İstanbulda keçirilən Qalata İşığı Şeir Festivalında tanıdım. Sofia çox dərin, səmimi, mehriban və həssas qəlbli bir qadındır.

 

Afinada anadan olan Sofia Afina Universitetinin Fəlsəfə fakültəsini bitirib. Pedaqogika və böyüklərin təhsili ixtisası üzrə magistr təhsilini başa vurduqdan sonra Müqayisəli Pedaqogika sahəsində doktorluq dərəcəsi alıb. Daha sonra elmi axtarışlarını Teologiya sahəsində davam etdirərək bu istiqamətdə tədqiqatlarını tamamlayıb.

Onun qələmindən çıxan 22 nəşr olunmuş kitaba şeir məcmuələri, mənzum hekayələr, pəri nağılları və elmi vəsaitlər daxildir. Sofianın əsərləri ingilis, italyan, ispan, rumın, alban və benqal dilləri də daxil olmaqla, dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Sofia hazırda Afina Zakinf Mədəniyyət Mərkəzində mədəniyyət işləri üzrə sədr müavini vəzifəsində çalışır. O, həmçinin Yunanıstan Ədəbiyyat Yazarları Cəmiyyətinin və Ümumyunan Ədəbiyyat Yazarları Birliyinin fəal üzvüdür.

Şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün tərcümə etdim.

 

 

TALE

 

Ürək qalalar qurmaz

görünməz qalalar...

fatehləri, adil insanları,

ədalətsizləri, asiləri

intriqaçıları,

qəsdçiləri bilməz, tanımaz...

Tək bildiyi soylu cəngavərlərdir...

Ürək onları ağ atlı oğlan kimi görər.

Günahsız və saf...

Gəlib sevdalarının hədiyələriylə,

şəfqət və yaxşılıqlarıyla,

müqəddəs qatran qoxusunu

və ətirləri saçmaq üçün

sevgini taclandıracaqlar.

Və elə saflaşacaqlar ki,

onun zəifliklərindən,

ehtiraslarından və

səhvlərindən ancaq sevgi və

əfv mesajları şıxacaq.

 

 

 

ANA VƏTƏN

 

Torpaq işıqdır,

bir əfsanə kimi…

Xəfif  bəzəklər havada uçuşur,

Günəş işığı ətirli dadları işləmədə

və Delfi antik şəhərinin mənzərəsi

əbədiyyətə bürünmədə. 

 

Xatirələrim yer alır –

məndəki uşaqlıq müşahidəm…

Bazar günlərinin qayğısız qışları,

gəncliyimin hörüklü saçları,

yeniyetmə gülüşləri,

həyatımın musiqili döngələri,

fikrimin xəyal dənizləri,

saf və gözəl anlar,

yay gözləntiləri…

Sən varsan, sən dirənirsən,

sən buraxırsan

və təslim olursan.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.