Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam dəyərli, "Ədəbiyyat və İncəsənət" portalının poeziyasevər izləyiciləri, bu gün də Ruhun pıçıltısı rubrikasında görüşünüzə Sizi düşündürən, ruhunuzu sərxoş edən, qəlbinizə məlhəm olan şeirlərlə gəlmişik.
Beləliklə, qonağımız-dəyərli Sakit İlkin poeziyasından gözəl şeirləri Sizə təqdim edirik.
AZƏRBAYCAN BAYRAĞI
İlham alır varlığım şöhrətindən, şanından..
Uğrunda gör nə qədər igid keçmiş canından...
Rənginə rəng qatmısan şəhidlərin qanınnan...
Dostlarına məlhəmsən,düşməninə göz dağı...
AZƏRBAYCAN BAYRAĞI!!!
Baxma gündüzdür, gecə, hər anımda dalğalan
Yaralıyam, ya sağam, hər halımda dalğalan...
Göyçəmdə, Dərbəndimdə, Borçalımda dalğalan
Zirvəsində gözləyir səni SAVALAN DAĞI...
AZƏRBAYCAN BAYRAĞI...
Çox sevir səni Laçın, Kəlbəcər, Şuşa, Ağdam
Füzuliynən Qubadlım, Xocalıynan Zəngilan
Xankəndim,Xocavəndim, Cəbrayılım..bağrı qan...
Başım üstə dalğalanan, dolanaq QARABAĞI...
AZƏRBAYCAN BAYRAĞI...
Canım sevgilim VƏTƏN, yarana qurban sənin...
Yad əlində utanan qalana qurban sənin
Neçə şəhid balan var....balana qurban sənin
Dalğalan QARABAĞDA...dəhşətə gəlsin yağı..
AZƏRBAYCAN BAYRAĞI...
****
Payız doğulmuşam, xəzəllər ayı...
Aparıb çıxardı yaz hara, məni?
Ay mələk donunda gələn əzrayıl,
Hara aparırsan, yaz, hara məni?
Baş-başa qoymuşam dərd ilə dərdi,
Çox gözlər gözünü dərdə zillədi....
İçimdə gülərüz dərd əzizlədim,
Saldı əziz dərdim azara, məni...
Öləndə göz yaşı tökərmi barı,
Güneyin gülləri, quzeyin qarı?
Sizi çox sevirəm el adamları,
Necə qoyacağsız məzara, məni?
***
Sinəmiz nişan yeridir,
Sancılan nizə ağlayır...
Sağkən bizi ağladanlar,
Öləndə bizə ağlayır?!
Mənimləydi tuş, neçəsi
Adıma qoy quş, keçəsi...
Uzun olur qış gecəsi,
Gecə gündüzə ağlayır.
Vətən həm sizin, həm bizim,
Sürünürük dizin, dizin...
Anası ölsün bu düzün,
Əyrilər düzə ağlayır...
“Ədəbiyyat və incəsənət”
(17.08.2026)


