İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hadisə, əhvalat və vəziyyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılması Zeynal Xəlil şeirinə həzn bir romantika, təbii obrazlılıq, estetik, müasir ruh gətirib.
Bu gün Azərbaycan SSR əməkdar incəsənət xadimi Zeynal Xəlilin anım günüdür.
O, 23 mart 1914cü ildə Rusiyada dünyaya göz açıb. On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S. Vurğun, M. Müşfiq, R. Rza, S. Rüstəm, M. Rahim, O. Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayıb. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-cı ildə nəşr olunub.
Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: Yəhərləyin atları, 416, Döyüşçünün vəsiyyəti və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması, yazıb. Düşüncələr, E‘tibar, Arzular, İki dünya, Bənövşə, Şe‘rlər, Sevdiyim rəng, "Günəş, dəniz və insan" və s. şe‘r kitablarının, Ulduzlar mənzum romanın müəllifidir.
İntiqam, Qatır Məmməd, Gənc ustalar, Ata yolu pyesləri var. Qatır Məmməd'in motivləri əsasında eyniadlı film çəkilib. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və b.-dan tərcümələr edib.
XX əsr Azərbaycan poeziyasının 70-ci illərə qədər davam edən ədəbi-bədii mərhələləri ilə bilavasitə bağlı olan, sürətlə inkişaf edən milli şeirimizin bir sıra forma və məzmun xüsusiyyətlərini özünün bədii sənət nümunələrində əks etdirən Zeynal Xəlilin ədəbi irsində xalq ədəbiyyatına, klassik irsə, ümumən ədəbi-bədii ənənələrə qayğı, diqqət, sədaqətlə yanaşı müasir həyatın aktual və qabarıq hadisələrinə, "tarix-insan-tale", milli ruh, milli zövq məsələlərinə təbii, orijinal bir münasibət olub.
Buna görə də Zeynal Xəlilin ədəbi-bədii yaradıcılığı Azərbaycan milli poeziyasının qırx illik inkişaf mərhələlərini öyrənmək, tədqiq etmək baxımından nümunəvi poetik mənbələrdən sayılır. XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrini yaradanlardan biri də Zeynal Xəlil olub
Əsərləri
1. Əsərləri, 2 cilddə
2. Əsrim, taleyim mənim
3. Стихи о горной тропинке
"Şərəf nişanı" ordeni və medallarla təltif olunub.
Şair 11 avqust 1973-cü ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.08.2026)


